Gözəllik salonlarının çirkinlikləri! [ARAŞDIRMA]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 792
Səs ver:
(səs: 1)

Paytaxtda gözəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar. Təbii ki, bu salonlarda xidmətlər də, onların qiymətləri də müxtəlifdir. Hətta bəzi kosmetik prosedurlar ümumiyyətlə astronomik qiymətədir və hər xanım da onlardan yararlana bilməz. Bunları bir neçə salonda keçirdiyimiz sorğu zamanı da müşahidə etdik.

Salonlarda qiymətlər "ceyran belindədir”

"Beauty first” gözəllik salonu Bakının mərkəzində yerləşən məşhur salonlardan biridir. Salon özünün bir neçə tanınmış ustası və yüksək xidmətləri ilə tanınıb. Məşhur ustalardan söz düşmüşkən, şəhərin bir çox tanınmış salonlarında olduğu kimi, bu salonun adlı-sanlı ustaları adətən ulduzlara və varlı şəxslərə şəxsən xidmət göstərir. Burada qiymətlər belədir: saçın kəsilməsi – 15 manat, saç açılması – uzun 20, qısa – 15, saç düzümü – 20, saçların rənglənməsi – 30, refle – 40-50, makiyaj – 30 manatdan başlayaraq, manikür -10, pedikür -20, toy makiyajı – 70 manatdan, toy saç düzümü – 100 manatdan, qaş, dodaq, gözlərin tatuajı – 50 manatdan başlayır. Bu salonda daimi müştərilərə güzəştlər var.


"Afrodita” gözəllik salonunda qiymətlər belədir: saçın kəsilməsi – 5-10, saç düzümü – 6 manat, saçların rənglənməsi (saçların uzunluğundan və boyanın keyfiyyətindən asılı olaraq) – 30 manatdan 40 manatadək, refle (saçların uzunluğundan, rəngindən və boyanın keyfiyyətindən asılı olaraq) – 40-60 manat, makiyaj – 10-15 manat, manikur – 5 manat, pedikür – 6-8 manat, toy makiyajı – 20-30 manat, toy saç düzümü – 80-90 manatdır.
"Grace” gözəllik salonunda saç kəsimi -15, saç düzümü – 10, saçların rənglənməsi – 50, refle – 100, manikür – 8, pedikür – 12, gündəlik makiyaj – 30, toy makiyajı – 80, toy saç düzümü – 120 manatdır.
"Madam Rosha” gözəllik salonu şəhərin mərkəzində yerləşir. Qiymətlər ortadır. Servis dəsti klassikdir. Burada manikür-pedikür -15, saç kəsimi və düzümü – minimum 10 manat, saç düzümü – 4-5, dodağın və qaşların tatuajı – 20, massaj (sağlamlaşdırıcı, nöqtə, idmansayağı, tonusu qaldıran, köpüklü) – 30 dəqiqəsi 10 manatdır.
"Lady” gözəllik salonunda saç kəsimi, boyanması və açılması 40 manata başa gəlir. "Türkstar” salonunda saç kəsimi və açılmasını türk ustalar 20 manat, yerli ustalar isə 15 manata edir.


Ümumiyyətlə, gözəllik salonlarında standart qiymətlər yoxdur. Metronun "Gənclik” stansiyasının yaxınlığındakı "Madam Rosha” salonunda usta işləyən Göyçək xanımın sözlərinə görə, onlarda qiymətlər elə də yüksək deyil, buna görə də müştəri sarıdan korluq çəkmirlər: "Üzün təmizlənməsi, qaşın alınması 7-10, saçın ”ukladka”sı 5 manatdır”.
Qeyd edək ki, Bakıda elə gözəllik salonu var ki, orada qiymətlər "ceyran belindədir”. Amma həmin salonların daimi müştəriləri var. Məsələn, "Bella-2″ salonunda təkcə saçın yığılmasına görə 80-100 manat xərcləməlisən. Hələ digər xidmətlərin qiymətlərindən danışmırıq. Yəni ”Bella-2″-nin maddi imkanı yaxşı olan müştəriləri bir dəfə bu salona girib-çıxanda 200-300 manat xərcləməyə xəsislik etmir.
Paytaxtətrafı qəsəbələrdə olan salonların əksəriyyəti müxtəlif qadın adları ilə adlandırılıb. Onlardakı qiymətlər də mərkəzdəki salonlara çox yaxındır. Salonların hamısının qiymətini birləşdirib sizi ümumi qiymətlərlə tanış edirik. Belə ki, saç düzümü – 4-5, saçların kəsilməsi – 4, düzüm və kəsilmə – 7, saçların boyanması – 4-5, saçların rənginin açılması – 20-30, saçların uzadılması 150-200, saçların burulması – 10, dırnaqların jellə örtülməsi – 20, dırnaqların uzadılması – 50 (korreksiyası -25, pirsinqi – 5, pedikür 8-10, əllərin epilyasiyası – 8, ayaqların epilyasiyası – 10-15, üzün epilyasiyası – 6, qarının epilyasiyası – 5, bel epilyasiyası – 5, qoltuq altının epilyasiyası -5, müalicəvi massaj (1 saat) -10, arıqlamaq üçün massaj – 15 manatdır. Əlavə edək ki, şəhərin bütün salonlarında daimi müştərilər üçün güzəştlər edilir.


Gözəllik qurbansız ötüşmür, amma…

Onu da bildirək ki, Bakıdakı gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir. Məsələn, alətlər pis sterilizə edilir, onlardan düzgün istifadə olunmur, təmizliyə riayət edilmir, işçilər tibbi yoxlamadan keçmir və s. Belə hallar gözəllik salonlarına gələn müştərilər üçün təhlükə mənbəyidir, onlardan kimsə bu obyektlərdə hansısa xəstəliyə yoluxa bilər. Əvvəllər belə hadisələrin dəfələrlə baş verdiyini unutmayaq.
Baş çəkdiyimiz salonlarda bir dəsmalla bütün müştərilərin başının qurulandığını, heç bir dezinfeksiya olmadan daraq və qayçı ilə onlarla qadının saçının kəsildiyinin də şahidi olduq. Həmçinin köhnə avadanlıqlar, aylarla yuyulmayan salfetlər, heç bir sterilizə edilməyən qayçı və daraqlar, döşəmədə saç kəsiklərinin olması salon işçilərini narahat etmir. Avropa ölkələrində müştəriyə birdəfəlik salfet və dəsmallarla xidmət göstərilir. Bizdə isə dəsmalları su ilə yaxalamaq ən yüksək xidmət hesab olunur. Bir sözlə, bu salonlarda gigiyenik qaydalara riayət olunmaması, istifadə olunan alətlərin sterilizə və dezinfeksiya edilməməsi sözügedən obyektləri real təhlükə mənbəyinə çevirib.


Amma bəzi salonlarda bu ittihamlarla razılaşmırlar. Hərçənd ki, onların dediklərində etiraflar da var. Məsələn, "Aydan” gözəllik salonunun manikur ustası alətlərinin arada bir sterilizə olunduğunu deyir: "Qışda müştərilərimiz nisbətən az olur. Ancaq bizə gələnlərin əksəriyyəti digər salonlarda sterilizə avadanlığı olmadığı üçün oranın xidmətindən imtina etdiklərini söyləyir. Elə müştərilər də var ki, buna qətiyyən əhəmiyyət vermir”.
"Amaliya” gözəllik salonunun saç ustası Rəfiqə xanım deyir ki, qadınlar salonun xidmətlərindən istifadə edərkən diqqətli olmalıdır: "Manikür-pedikür, tatu, pirsinq, qulaq deşilməsi və s. dəri tamlığının pozulması, qanama ilə əlaqədar olan prosedurlar zamanı daha təhlükəli xəstəliklərə yoluxma riski var. Ona görə də alətlər mütləq dezinfeksiya edilməlidir. Onları spirtlə silmək, suda qaynatmaq da təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün mütləq şəkildə xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır və hər yerdə satılır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur”.


Bu problemlə bağlı müraciət etdiyimiz Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Yeni Müsavat”a açıqlamasında məsələyə ciddi yanaşıldığını və diqqət mərkəzində olduğunu bildirdi: "Müvafiq şöbələrimiz gözəllik salonlarında daim geniş monitorinqlər aparır. Artıq nöqsanlar da aşkarlamışıq. Araşdırmalar zamanı salonlarda alətlərin sterilizasiyası və dezinfeksiyası aparılmadığı, işçilərin sağlamlıq barədə arayışlarının olmaması faktları üzə çıxıb. Nəticə olaraq həmin salonların fəaliyyəti dayandırılıb və fiziki şəxslər cəzalandırılıb. Hazırda paytaxt və bölgələrdə yoxlamalar davam etdirilir.


Problemlərdən sığortalanmaq üçün müştərilər özləri də diqqətli olmalı, salon əməkdaşlarından sağlamlıq kağızı və alətləri sterilizə etməyi tələb etməlidir. Qeyri-peşəkarların çalışdığı salonların xidmətlərindən istifadə etmək məsləhət görülmür. Tatu, pirsinq, qulaq deşilməsi, manikür, pedikür və s. kimi selikli qişanın və dəri örtüyünün zədələnməsi ilə bağlı digər manipulyasiyalar mütləq şəkildə bu alətlərlə həyata keçirilməlidir. Buna görə də kosmetik prosedurların tam steril alətlərlə həyata keçirilməsinə əmin olmadıqda xidmətlərdən istifadə etmək olmaz”.
Bizdən yazıb təhlükənin miqyasını göstərmək idi, əziz xanımlar. Sizə çirkin üzü olmayan gözəllik arzulayırıq. Ancaq unutmayın ki, ən yaxşı gözəllik sağlamlıqdır.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri