Başın
dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə
də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir
prosesdir.
Əgər
siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən
saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar
olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100
sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır.
Bununla eyni bir zamanda yeni tüklər də inkişaf etməyə başlayır –
onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha
sürətli olur.
Əgər
siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz,
mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz.
Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də
ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola
bilər.
Saçların
tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri - irsi meyllik,
immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri,
diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin
müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi,
vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün
qidalanma və s. ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən
(skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır
həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi
sürətlənə bilər.
Bir
çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə,
hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal
fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
Şübhəsiz
ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir
xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur: müvafiq
tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi
burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
Saçların
tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə
qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.)
uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul
edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi
də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz
etməyin mümkün olduğunu öyrənin.
Saçların
tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti
tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət
keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı
tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq
toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun
bərpa edilməsi də mümkün olmur. Saçların
davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin
irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün
saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün
müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların
güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır.
Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq,
dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması
da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da
normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər
hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə
təyin olunur. Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər
qısaltmalı olacaqsınız – bu, baş dərisini oksigenlə kifayət qədər təmin
etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də
asanlaşdırır.
Həkim
tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə
başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış
dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal
saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik
ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və
müalicəni əvəz edə bilməz.