Saçların
keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin
vasitələrlə burulması və ya düzləşdirilməsi isə bu prosesi daha da
sürətləndirir.
Saç
ustası Kəmalə Zeynalovanın sözlərinə görə, saçın tökülməsi təbii
prosesdir: \"Bəzən xanımlar bir-iki teli daraqda qalan kimi həyəcan
keçirir, saçlarının töküləcəyini düşünürlər. Gün ərzində 50 tükün
tökülməsi adi haldır. Bu halda həyəcan keçirməyə ehtiyac yoxdur. Əgər
saçlar çox tökülürsə, bu halda narahat olmağa dəyər. Saçlar normadan çox
tökülməyə başlayanda hər dəfə saça daraqla çəkəndə darağın üstündə
qalır, yastığın üzərinə tökülür\" deyən K.Zeynalova əlavə edib ki,
saçlar müxtəlif səbəblərə görə tökülə bilər. Onun sözlərinə görə, pis
qidalanmaq, maddələr mübadiləsinin pozulması, genetik faktorlar, çəkinin
kəskin aşağı düşməsi, dərman qəbulu, hormonal pozğunluqlar, yuxusuzluq,
depressiya, stress və ruh düşkünlüyü, yanlış qulluq, saçların tez-tez
rənglənməsi, fenlərdən istifadə saçların tökülməsinə səbəb olur.
Xanımlar
saçlarının tökülməsini istəmirlərsə, həyat tərzinə fikir verməlidirlər.
Belə ki, düzgün qidalanmadıqda, siqaret çəkdikdə və spirtli içki
içdikdə saçlar tökülməyə başlayır və insan səhhətində tədricən ciddi
problemlər yaranır. Bununla yanaşı, saçlara düzgün qulluq da vacibdir.
\"Çalışın ki, saçlarınızı yuyanda şampunu yaxşı yaxalayasınız. Saçı
qurutduqdan sonra ehtiyatla daramaq lazımdır. Yaş saçı isə daramaq
məsləhət deyil. Belə ki, bu zaman saçlar asanlıqla qırılır. Saçı
qurudarkən də dəsmalla çox sürtmək onların qırılmağına, gözəlliyinin və
parıltısının itməsinə gətirib çıxarır. Kimyəvi yolla saçların burulması,
düzləşdirilməsi və rənglənməsi isə saçların qənimidir. Bu proseslərdən
sonra saçlar gözəlliyinin və sayının yarısını itirir\".
Saçların
gözəlliyini bərpa etmək üçün saç ustası bir-iki məsləhət də verib:
\"Yatmazdan əvvəl başın dərisini masaj edin. Bunun üçün xüsusi masaj
daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını
yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək.
Unutmayın ki, daraqları vaxtaşırı sabunla yumaq lazımdır. Darağı
başqasına vermək və ya başqasının darağı ilə saçı daramaq da düzgün
deyil. Belə etdikdə, müxtəlif dəri xəstəliklərinə yoluxa bilərsiniz.
Səliqəsiz adamın darağını istifadə etdikdə isə saça bit də düşə
bilər\".
Müntəzəm
olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin
saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə
üstünlük verilməlidir. \"Ən yaxşısı - təbii maskalar düzəltməkdir. Həm
də təbii yolla düzələn maskalar daha effektiv olur. Saça parıltı və
gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan
maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun yağını, 1
yumurta sarısını, 1 çay qaşığı limon suyunu qarışdırıb saçın dibinə
sürtüb 1-2 saat saxlayıb yuyun. Saçın tökülməsinin qarşısını almaq
üçünsə, 1 litr qaynadılmış suya 2 xörək qaşığı bal əlavə edib başın
dərisinə massaj edərək sürtmək olar. Aloye bitkisinin suyu da saç
tökülməsinə qarşı çox effektivdir. Aloyenin suyunu hər gün başın
dərisinə çəkib, üstündən xüsusi yuyunmaq üçün olan papaq geyinib bir
saat saxlayın.
Ümumiyyətlə,
saç üçün nəzərdə tutulan maskaların əksəriyyətində yumurta sarısı var.
Belə ki, saçın sağlamlığı üçün yumurta sarısı ilə olan maskalar çox
xeyirlidir. 2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak və gənəgərçək
yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara
çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun.
Xardalın əlavə olunması ilə hazırlanan maskalar da saça çox xeyirlidir. 1
yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib
yarımsaat saxlayın\".
Saçın
yaxalanması üçün bitkilərdən dəmləmələr də istifadə etmək olar. Bunun
üçün çobanyastığı, gicitkan bitkilərini dəmləmək olar. Saça qulluq üçün
ən rahat üsul isə şampunlara meyvə və badam yağının əlavə olunmasıdır.
\"Lakin nəzərinizdə saxlayın ki, maskalaırn tərkibini tez-tez dəyişmək
olmaz. Maska ilə müalicə isə 12-15 dəfə üçün nəzərdə tutulmalıdır. Bir
müddət fasilə verəndən sonra isə yenidən başlamaq olar\".
Həmsöhbətimizin
sözlərinə görə, düzgün qidalanmadan saça maska çəkməklə saçın
tökülməsinin qarşısını almaq mümkün deyil. Belə ki, nə yeyiriksə, o,
nəinki saçımızda, həm də dərimizdə və əhvalımızda da əks olunur. Bu
səbəbdən də, daha çox meyvə, tərəvəz, göyərti, ağartı məhsullarını
yemək, cəld yeməklər, süni qida və içkilərdən uzaq durmaq lazımdır.
Ümumiyyətlə, saçın parlaqlığı və uzunluğu üçün vitaminlər çox
əhəmiyyətlidir. Pəhriz saxladıqda isə saç yaxşı qidalana bilmir və
gözəlliyini itirir.
Müsahibimiz
əlavə edib ki, bəzən saçların tökülməsi ciddi xəstəliyə də işarə ola
bilər: \"Əgər saçların tökülməsinin qarşısını almaq olmursa, həkimə
müraciət etmək lazımdır. Həm də unutmayın ki, bizim zahiri görünüşümüz
daxilimizi də əks etdirir. Odur ki, pis fikirlərdən, bədbinlikdən və
stresdən uzaq durmağa çalışın\".