Doğuşun başladığını bildirən 9 əlamət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9 183
Səs ver:
(səs: 2)
Hər bir hamilə qadın səbirsizliklə övladının dünyaya gəlməsini gözləyir. Hamilə qadın bir qədər diqqətli olsa orqanizmindəki dəyişikliklərə əsasən doğuşun yaxınlaşdığını müşahidə edə bilər.
Hamiləliyin son həftələrində qadında hormonal dəyişimlik baş verir. Cift qanunauyğun şəkildə qocalır, nəticədə onun ifraz etdiyi progesteron hormonunun miqdarı azalır, digər qadın hormonu estrogen əksinə çoxalır. Progesteron bütün hamiləlik boyu dölün saxlanmasına xidmət edir. Estrogen isə əksinə doğuşa hazırlığı təmin edir Qanda estrogenin miqdarı maksimum səviyyəyə çatdıqda beyinə doğuşun başlaması haqqında siqnallar gedəcəkdir. Qadın orqanizmində baş verən dəyişikliklər həm də qadının doğuş yollarını doğuşa hazırlayır. Bu, körpənin minimum zədə ilə doğulmasını təmin edir. Tibbi ədəbiyyata əsasən bu əlamətlər 38-39 həftədə görünür. Bir çox qadınlarda bu əlamətlər doğuşa 1-2 gün qalmış müşahidə olunur. Əgər bu sizin ikinci doğuşunuzdursa, doğuşa hazırlıq əlamətləri doğuşa lap az qalmış başlayacaqdır.
Doğuşun 9 əlaməti
1. "Qarnın enməsi" - el arasında doğuşun yaxınlaşdığını göstərən əlamət kimi qəbul edilir. Bu, hamiləliyin sonuna yaxın qadının anatomik dəyişikliyi ilə izah olunur. Əgər uşaq ana bətnində  baş aşağı dayanıbsa, doğuşa yaxın o bir az da enir. Tibbi dildə desək, o kiçik çanağa yerləşir. Uşaqlığın yuxarı hissəsi bir qədər aşağı enir, ağciyər və mədəyə daha az təzyiq edir. Ona görə də bu əlamət qadınların diqqətindən qaçmır; axı onlar bu zaman daha rahat nəfəs alırlar. Bəzən göbək bayıra çıxır, qarnın dərisi daha çox dartılır.
2. Döl kisəsinin uşaqlıq divarından ayrılması nəticəsində cinsi yollardan gələn axıntının çoxalması baş verir. Bu əlamət bəzən anaları narahat edir. Çünki onlar dölyanı mayenin axmasına görə narahat olurlar. Bunu müəyyən etmək üçün ekspress test istifadə edə bilərsiniz. O, axıntıda amniotik mayenin olub olmadığını müəyyən etməyə kömək edir.
3. Uşaqlıq boynunun dəyişməsi. Bu dəyişiklik qadında heç bir dəyişkənliyə səbəb olmur. Bunu yalnız həkim müayinə zamanı müəyyən edə bilər. Ancaq yəqin ki, qadınlara maraqlı olar deyə məlumat veririk. Qadının uşaqlıq boynu əvvəlcə 4 sm ölçüdə, hər iki tərəfdən 2 dar dəlikdən ibarət idisə, doğuşa yaxın o tamamilə fərqlənir. Daxili hissədən uşağın başı yerləşən hissə geniş açılır. Xaricə açılan hissə isə bir barmaq ölçüsündə cəmisi 1-2 sm olur. Bu zaman döl qişaları infeksiyalara daha yaxın və asan yoluxma ehtimalı olur. Ona görə doğuşa yaxın qadına vanna qəbul etmək məsləhət görülmür. Gündəlik duş qəbul etmək və cinsi orqanların yuyulması ilə kifayətlənmək lazımdır.
4. Əgər siz tez-tez çəkilirsinizsə, doğuşa yaxın çəkinizin 1-1,5 kq azaldığını müşahidə edəcəksiniz. Bu şişkin toxumaların azalması nəticəsində baş verir. Ayaqlarınıza diqqət edin: əgər corablarınızın rezini əvvəllər ayağınızda iz qoyurdusa, indi bu izlər yoxdur. Deməli, doğuş vaxtınız uzaqda deyil.
5. Selikli tıxacın xaric olunması. Bu tıxacın nə olması haqqında təsəvvürə malik olmaq lazımdır. Bu selik yığıntısı gündəlik axıntıdan bir qədər fərqlənir. O, 2-3 ml, şəffaf, bəzən də azca qan izi olan selikdir. Əgər siz çox qanlı və ya çox miqdarda duru maye müşahidə edirsinizsə, həkimə müraciət etməlisiniz.
6. Görkəmin dəyişməsi. Uşaqlığın enməsi nəticəsində bədənin ağırlıq mərkəzi dəyişilir. Qadın sanki qürurlu görünüş alır, baş isə bir qədər arxaya yönələ bilər. Bu yeriş "ördək yerişi" adlanır.
7. Sidiyə getmənin çoxalması, böyük bayırın zəifləməsi. Səbəb uşağın kiçik çanaq orqanlarına təzyiq etməsidir. Bəzi mütəxəssislərin fikrincə, böyük bayırın zəifləməsi qanda estrogenin maksimum həddə çatdığı üçün baş verir. Ona görə bu əlamət doğuşun daha dəqiq əlamətidir.
8. Hazırlıq sancılarının çoxalması. Əsl doğuş sancılarından fərqli olaraq bu sancılar müntəzəm deyil, ağrılı deyil və davametmə müddəti fərqlidir. Bununla çətin bir iş üçün uşaqlıq əzələləri "məşq edir".
9. Qarnın aşağısında və beldə narahatlıq. Bu zaman kəskin ağrılardan yox, dartıcı, üzücü ağrılardan söhbət gedir. Təbii ki, bağların dartılması ilə belə ağrılar olmalıdır. Əgər birinci doğuş deyilsə, bu ağrılar olmaya da bilər.
İlk dəfə doğanlarda olan əlamətlər
Yuxarıda sadalanan əlamətlər subyektiv xarakter daşıyır və ilk hamiləliyini yaşayan qadınlar bu əlamətləri naxoşluq kimi qəbul edə bilərlər. İlk dəfə doğan qadınlarda bu əlamətlər doğuşa bir ya iki həftə qalmış əmələ gələ bilər. Belə qadınlar doğuş sancıları ilə tanış olmadıqları üçün hazırlıq sancılarını əsl doğuş sancıları ilə səhv sala bilərlər. Ümumilikdə ilk dəfə doğan qadınlarda bu əlamətlərin əksəriyyəti sezilmədən keçir.
Təkrar doğanlarda olan əlamətlər
Təkrar doğan qadınlarda anatomik fərq ondadır ki, uşaqlıq boynu daha geniş keçidə malikdir və hormonal dəyişikliyə daha çox reaksiya verir. Ona görə də doğuş əlamətləri daha erkən dövrdə başlayır və daha nəzərəçarpan olur. Hazırlıq sancıları daha tez narahat edir, bəlkə də ona görə ki, ikinci hamiləlikdə qadın onu ayırd edə bilir. Təkrar doğan qadınlarda doğuş əlamətləri 1-2 həftə əvvəl yox, doğuşdan bilavastə əvvəl biruzə verə bilər. Ona görə də qadın özü diqqətli olmalı, orqanizmindəki dəyişikliyə əsasən doğuşun vaxtını müəyyən etməlidir.

Ülviyyə Səid
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 9 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri