Nəzərinizə çatdıraq ki, əlavə qidalar yalnız körpənin 6-aylığından sonra
onun pəhrizinə əlavə oluna bilər. Yeni qidaların əlavə edilməsi prosesi
tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində
problemlər yaranmasın.
Südlü düyü sıyığı balqabaqla
2 x. qaşığı düyü, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən
hazırlanır),1 stəkan su, 1/2 ç.q. şəkər tozu, 1/2 ç. q. kərə yağı,
balqabaqın bir dilimi.
Balqabaq yuyulur, xırda tikələrə doğranılır və suda vam odda hazır
olana qədər bağlı qabda bişirin. Düyu yuyulur, üzərinə isti süd əlavə
olunur və yarıbışmiş vəziyyətə çatdırılır. Sonra düyüyə ələkdən sıxılmış
bişmiş balqabaq əlavə olunur və sıyıq hazır olana qədər bağlı qabda
bişirilir. Hazır sıyığa kərə yağı əlavə olunur.
Düyü sıyığı
2-3 x. q. düyü, 1 stəkan su, 1/2 stəkan süd (uşaqlar üçün olan xüsusi
quru süddən hazırlanır), 1/2 ç. q. şəkər tozu, 1/2 ç.q. kərə yağı.
Düyü yuyulur, yumşaq olana qədər bişirilir. Düyü ələkdən sıxılır, isti
süd əlavə olunur, qarışdırılır. Sonra sıyığa şəkər tozu əlavə olunur və
2-3 dəqidə ərzində qatılaşana qədər bişirilir. Sonra sıyıq oddan
götürülür və ona kərə yağı əlavə olunur.
Manna yarması əriklə
1 x.q. manna yarması, 1 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən
hazırlanır), 1/2 ç.q. şəkər tozu, 2 dənə ərik, 1/2 ç.q. kərə yağı.
Əriklər yuyulur, qadığı soyulur, çəyirdəyi çıxarılır. Alınan kütlə şəkər
tozu ilə yaxşı qarışdırılır. Manna yarmasından və süddən qatı sıyıq
bişirilir. Hazır sıyığa ərik əlavə olunur, vam odda bir qədər
qaynadılır. Sonra sıyıq oddan götürülür və ona kərə yağı əlavə olunur.
Balqabaq və alma püresi
Balqanbağın balaca dılımı, 1 dənə orta alma, 1/2 ç.q. kərə yağı.
Balqabaq və alma yuyulur, təmizlənir və doğranılır. Balqabaq bağlı qabda
az miqdarda suda yumşaq olana qədər bişirilir. Sonra alma əlavə olunur
və yenə təxminən 10 dəq. ərzində bişirilir. Bişmiş alma və balqabaq
ələkdən əzilir, bir qədər su əlavə olunur və vam odda bir neçə dəqiqə
ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.
Kök və alma püresi
1 dənə orta kök, 1 dənə orta alma, 1/2 ç.q. şəkər tozu, 1/2 stəkan süd
(uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 1/2 ç.q. kərə yağı, 1
ç.q. buğda unu.
Kök yaxşı yuyulur, hazır olana qədər bişirilir, təmizlənir və ələkdən
əzilir. Alma yuyulur, təmizlənir, sürtgəcdən keçirilir. Un südlə
qarışdırılır və 3 dəq. ərzində qaynadılır. Sonra həmin qaba kök, alma
və şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır və vam odda bir neçə
dəqiqə ərzində bişirilir. Hazır püreyə kərə yağı əlavə olunur.