Yenidoğulanlarda ilk 3-4 ay qaz sancılarına çox təsadüf edilir. Bu
sancılar onu yuxudan oyadır, ağlamasına, narahatlığına səbəb olur. Qaz
sancıları ilə bağlı materialımız olub. Lakin bu dəfə sırf gənc
valideynlərin xahişi ilə körpəni bu sancılardan xilas etməyin
yollarından ətraflı şəkildə danışacağıq.
Qaz sancılarını necə azaltmalı?
Körpələrdə qaz sancısını artıran
inkarolunmaz faktlardan biri də siqaret tüstüsüdür. Odur ki, körpə olan
evdə birmənalı olaraq, siqaret çəkilməməlidir! Süd verən analar kafein
tərkibli içki və qidalardan (qəhvə, çay, kola, şokolad və s.) uzaq
durmalı, soğan, sarımsaq, süd və süd məhsulları, ədviyyatlı yeməklər,
brokkoli kimi məhsulları ya azaltmalı, ya da lazım gəlsə tamamilə
rasionlarından çıxartmalıdırlar. Bununla da körpədə qaz sancıları
azalmırsa, o zaman digər üsullara əl ata bilərsiniz. Musiqi – qaz sancısından qıvrılan
balacaya musiqi dinlətmək çox faydalı ola bilər. Musiqi onu
rahatladacaq, əbəs yerə deyilməyib ki, musiqi ruhun qidasıdır. Həmçinin
ürək döyüntülərini diskə yazıb, onu da körpəyə dinlətmək yaxşı olar. Bu
zaman o, özünü ana bətnindəki kimi tam təhlükəsiz hiss edərək,
sakitləşəcək. Laylay və ya mahnı oxumaq – 9 ay
bətndə yaşayan balaca ana səsini tanıyır, onu eşidər-eşitməz sakitləşir.
Odur ki, problemin bir həlli kimi psixoloqlar anaların körpəyə ya
laylay, ya da sadəcə mahnı oxumasını tövsiyə edirlər. Qucağa götürmək – ağlayan uşağı
qucağa götürmək onda hələ balacalıqdan özünəgüvənlik, əminlik oyadar.
Yəni ki, arxamda dayanacaq biri varmış kimi... Bu səbəbdən də qaz
sancısı çəkən uşağı valideynlərin, xüsusilə də ananın qucağına alması,
əzizləməsi, isti ədyala bükməsi onu xeyli rahatlaşdıra bilər. Yağla masaj – Körpəni üzüüstə
qoyun, kürək-bel nahiyəsini yüngülcə masaj edin. Daha sonra qarnını ilıq
günəbaxan yağı ilə kompres və ya masaj edə bilərsiniz. Körpəni rahatlamaq – bəzi uşaqlar
arabada gəzərkən, bəziləri maşında səfərə çıxarkən rahatlaşır. Siz də
övladınızın nə xoşladığını mütləq bilməlisiniz. Sancı zamanı onu tətbiq
etmək narahatlığını aradan götürməyə kömək edər.