Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini narahat edən
ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə
ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox
eşitdikləri suallar isə " Uşaq gecəni necə yatır?", "Uşaq gecə neçə dəfə
oyanır?" "Uşağın yuxusu necədir?" suallarıdır. Cavablardan asılı
olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş
valideynlər "məsləhətlər atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir
qisminin məsləhəti "Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaq!",
"Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın", digər qisminin isə
məsləhəti "Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!",
"Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş
istəməsin!" olur.
Bu məsləhətlərin öz-özlüyündə yanlış olmalarına aydınlıq gətirmədən,
sadə bir suala nəzər yetirək - "Həqiqətənmi, uşaqlar körpə yaşlarından
bütün gecəni yatmalıdırlar?" Cavab qısaca olar, "Xeyr"-dir. Elmi
araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar
üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən, uşaqlar həyatlarının
ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan
körpələrin isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu
halların baş verməsi nəinki normaldır, hətta körpələrin sağlamlığı üçün
önəmlidir.
Qeyd edək ki, körpələrin mədəsi çox kiçikdir - yenicə doğulmuşun
mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o
deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez
əmizdirilməyə və ya yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir.
Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan
körpələrin "beşik ölüm" və ya Qəfil Körpə Ölüm Sindromu riski daha
çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək
yatdırmaq qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri
analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu, onlara
mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik
ədəbiyyatlarının uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən,
bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə
oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki
körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər.
Əgər onlar oyanırlarsa, demək buna səbəblər var:
Körpəyə isti və ya soyuqdur.
Körpə acdır.
Körpənin bezi dəyişdirilməlidir.
Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi
körpələrdə ciddi stressə səbəb olur ki, bu da onların beyin inkişafına
mane olur.
O ki qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və
dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə
mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin
unutmamalıdırlar ki, süni qida ilə bəslənən körpələr ana südü ilə
bəslənilənlərə nisbətdə daha çox qaz, mədə sancıları və həzm problemləri
yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik,
araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun
və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12
aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum
olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması, hətta bu
aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i
bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü
ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul
edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən
uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da oyana bilirlər. Bunu aclıq
ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və
diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa,
demək, buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib
və ciddidir.