Ailədə uşaq tərbiyəsinin Azərbaycan modeli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 712
Səs ver:
(səs: 1)
Azərbaycan xalqının özünəməxsus mütərəqqi uşaq tərbiyəsi üsulları var ki, dünyanın heç bir yerində bunlar yoxdur. Olsa belə, Azərbaycandakı qədər dolğun, mükəmməl və bir-birini tamamlaya biləcək səviyyədə özünü göstərmir. Çünki Azərbaycan ailələrində uşağın tərbiyə olunması üsulları o qədər zəngin, spesifik xüsusiyyətlərə malikdir ki, bunlar saymaqla qurtarası deyil. Məhz bunun nəticəsidir ki, bir sıra Qərb ölkələrində Azərbaycan xalqının mütərəqqi uşaq tərbiyə üsullarına bir növ qibtə ilə yanaşırlar.
Həmçinin, bizdən bir çox hallarda örnək götürürlər. Məsələ ondadır ki, Azərbaycan ailələrində valideynlərin uşaqların təlim-tərbiyəsində xüsusi rolu var. Həmin rol ondan ibarətdir ki, valideynlər mümkün olduğu qədər uşaqları zərərli vərdişlərdən uzaq tutmağa çalışır. Məsələn, bütün valideynlər çalışır ki, övladları siqaret çəkməsi, spirtli içki içməsin, qumar oynamasın, oğurluqla məşğul olmasın, yalan danışmasın, böyük-kiçik yeri bilsin, nizam-intizamdan kənara çıxmasın və s. Bir növ, bütün bu deyilənlər uşaq tərbiyəsinin başlıca kredosuna çevrilib. Digər tərəfdən, Azərbaycan ailələrində uşaqlar tərbiyə olunarkən valideynə bağlılıq xüsusi önəm kəsb edir. Yəni valideyn yaşa dolub əldən düşəndən sonra övlad onun qulluğunda durmağı özünə mənəvi borc sayır. O cümlədən, uşaq yetkinlik yaşına çatıb evlənəndə mütləq valideynlə məsləhətləşib qərar verir. Bu da nəticə etibarilə yanlış nəticələrin baş verməsinin qarşısını alır. Yaxud da uşaq böyüyüb evlənsə belə, bu heç də o demək deyil ki, ataya-anaya diqqət azalmalıdır. Sadalanan bu xüsusiyyətlərin bir çoxu Avropa ölkələrində yoxdur. Onlar üçün valideyni ahıl yaşında qocalar evinə qoymaq adi bir şeydir. Bunun kökü də həmin ölkələrin özünəməxsus uşaq tərbiyəsindən qaynaqlanır. İş ondadır ki, Avropa dövlətlərində əksər hallarda uşaqların sərbəst böyüməsinə daha çox üstünlük verilir ki, bu da bir sıra hallarda ciddi sosial fəsadlarla müşayiət olunur. Məsələn, cavanların narkotikə qurşanması, əyyaşlığın vüsət alması məhz aşırı sərbəstlikdən qaynaqlanır. Etirəf etmək lazımdır ki, son yüz ildə Azərbaycan xalqının mütərəqqi uşaq tərbiyəsi üsullarında deqradasiya halları da bu və ya digər dərəcədə özünü göstərir. Bütün bunlara rəğmən, xalqımızın mütərəqqi uşaq tərbiyə üsullarını dünyaya yaymaq istiqamətində iş aparılmasına ehtiyac var. Ona görə ki, həqiqətən də xalqımızın uşaq tərbiyəsi vasitələri nəcib keyfiyyətlərə malikdir.
Sabiq millət vəkili, tanınmış jurnalist Aynur Camalqızının sözlərinə görə, valideynin öz övladını zərərli vərdişlərdən uzaq tutmağa çalışması Azərbaycanda ailə tərbiyəsinə xas olan mühüm xüsusiyyətlərdən biridir: "Digər millətlərlə müqayisədə, Azərbaycan xalqında bu metod daha güclüdür. Azərbaycan insanı daha çox istəyir ki, öz övladını qayğı ilə əhatə etsin, daim diqqətdə saxlasın, hərəkətlərinə nəzarət etsin. Bizim ailə tərbiyəmizdə bu sadalananlar xüsusi çəkiyə malikdir. Bu bir yandan yaxşıdır, digər yandan pis. Yaxşıdır ona görə ki, bu, valideyinin öz övladının təlib-tərbiyəsinə ciddi nəzarət etməsinin göstəricisidir. Ancaq digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bəzən bu nəzarət aşırı həddə olur. Yəni valideyn çalışır ki, övladının hər işinə qarışsın. Bu da bəzən müəyyən xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Təbii ki, müəyyən bir yaş həddindən sonra valideynin aşırı qayğıkeşliyi insana mane olmağa başlayır. Bütün bunlara rəğmən, Azərbaycan ailələrində formalaşan uşaq tərbiyəsi ənənələrini çox yüksək qiymətləndirirəm. Biz, ümumiyyətlə, ailəcanlı, övladcanlı bir millətik. Öz övladlarımızı səhvlərdən, yanlış yollardan çəkindirmək üçün bütün imkanlarımızı səfərbər etməyə çalışırıq. Etiraf etməliyik ki, əksər hallarda buna nail oluruq. Məsələn, azyaşlı uşaqların siqaret çəkməsi və yaxud da digər zərərli alışqanlıqlara meyl göstərməsi, təbii ki, uşaqların daha çox nəzarətdən kənarda qalmasından irəli gəlir. O üzdən hesab edirəm ki, valideynlər övladları ilə kiçik yaşlardan dost olmağı bacarmalıdır. Bunu edə bilsələr, o zaman vaxtında uşaqların zərərli vərdişlərə meyl etməsinin qarşısını almış olacaqlar. Deməyim odur ki, zamanında onlara səhv yolla düz yolu göstərsinlər. Eyni zamanda, uşaqlara seçim imkanı versinlər ki, onlar düzgün yolu seçə bilsinlər. Bu baxımdan düşünürəm ki, xalqımızın özünəməxsus ailə tərbiyəsini qiymətləndirməklə yanaşı, uşaqların sərbəst seçim etmək, düşünmək imkanlarını da əllərindən almaq lazım deyil. Çünki biz robot deyil, gələcəyin normal, yetkin vətəndaşlarını böyüdürük. Düşünürəm ki, valideynlər bu məqamı yaddan çıxarmamalıdır. Mütərəqqi ailə tərbiyəsi ənənələrimizi dünyaya yaymaq üçün, düşünmürəm ki, xüsusi olaraq nəsə etməliyik. Sadəcə olaraq gözəl nümunələr, örnəklər ortaya qoymaq lazımdır ki, digər xalqlar da lazım gəldikdə bundan bəhrələnsin. Məsələn, avropalılarda çox bəyəndiyim bir xüsusiyyət var ki, onu qeyd etmək istəyirəm. Avropalılar hər həftə sonu kilsəyə gedir, yaşlı valideynlərinə baş çəkir. Düşünürəm ki, bunun özü çox gözəl ənənədir. Hesab edirəm ki, biz də çox gözəl nümunələr ortaya qoyub onları özümüzə cəlb edə bilərik. Ötən illər ərzində ailə tərbiyəsilə bağlı bir sıra ənənələrimiz artıq deqradasiyaya uğrayıb. Məsələn, əvvəllər valideynlər nə oğlanın, nə qızın xəbəri olmadan bir-birilə razılaşıb övladlarını evləndirirdi. Fikrimcə, keçmişdə qalan bu ənənələri indiki dövrdə təqdir etmək doğru deyil. Ona görə də bütün yaxşı keyfiyyətləri əsas götürüb, uşaqların tərbiyəsində uğurla tətbiq etməliyik. O cümlədən, başqa xalqlarda olan yaxşı keyfiyyətlərdən örnək götürməkdən belə çəkinməməliyik. Bütün bunları kompleks şəkildə inkişaf etdirə bilsək, o zaman dünya dövlətlərinə də örnək sayıla biləcək yeniliklərə imza atmış olacağıq".
Tanınmış ziyalı Xalid Əlimirzəyevin sözlərinə görə, dünyada dini, etnik kimlik nöqteyi-nəzərindən müxtəlif tərbiyə üsulları mövcuddur: "O cümlədən, Azərbaycan ailələrində də özünəməxsus tərbiyə üsulları var. Nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və İslam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların ailədə çox fərqli tərbiyə metodları ortaya çıxır. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Bu yöndə yaxşı cəhətlər də var, kəsirli cəhətlər də. Tərbiyəmizdə kəsirli cəhət ondan ibarətdir ki, uşaqlarımızı bir sıra hallarda sərbəst böyüməyə qoymuruq. Hesab edirəm ki, bu cür stereotiplərdən uzaqlaşmaq lazımdır. Ona görə ki, bu, uşaqların sərbəst düşünməsinə və mütərəqqi təşəbbüslərlə çıxış etməsinə mane olur. Bəzən bu o həddə gəlib çatır ki, müəyyən mənfi fəsadlara gətirib çıxarır. Ancaq bununla bərabər, danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyilənlər yoxdur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Qloballaşan dünyada bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək asan məsələ deyil. Bizdə humanizm, insanpərvərlik ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, uşaqların tərbiyəsinə müsbət mənada çox yaxşı təsir göstərir. Valideynlər çalışır ki, övladları xeyirxah, istedadlı, cəmiyyətə faydalı olsun. Əlbəttə ki, bu nəcib xüsusiyyətləri dünyaya yaymaqdan ötrü təbliğatımıza xüsusi fikir verməliyik. Xarici dövlətlərdə keçirilən konfranslarda, görüşlərdə, ümumən mətbuatda ailə dəyərlərimizi təbliğ etməliyik, Həmçinin, dünya miqyasında keçirilən mötəbər tədbirlərdə ailə tərbiyəmizə xas olan müsbət cəhətləri önə çəkməliyik. Bu minvalla bizim millətin, xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə durduğunu, hansı cəhətdən mütərəqqi, qabaqcıl olduğunu dünyaya çatdıra bilərik.
Digər tərəfdən, mütərəqqi övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən ayrı təsəvvür etmək olmaz. Bunlar bir-birilə sıx bağlıdır. Sözügedən mütərəqqi övlad tərbiyəsi dəyərlərin yazılı və elektron KİV-lərdə geniş təbliğ olunmasına ehtiyac var. Xüsusilə də televiziyalar vasitəsilə. Övlad tərbiyəsilə bağlı bir sıra dəyərlərimizdə illər boyu bir aşınma olub ki, onun günahı özümüzdədir. Telekanallarda elə verilişlər efirə verilir ki, bu, illərlə formalaşan ailə tərbiyəmizə kökündən zərbə vurur. Unutmaq olmaz ki, Azərbaycan xalqına məxsus olan nəcib tərbiyəvi dəyərlər bir gündə formalaşmayıb. Əxlaqazidd verilişlərin efirdə mütəmadi yayımlanması zərərli vərdişlərin yaranmasına yol açır ki, bu da nəticə etibarilə gənclərin tərbiyəsini pozur. Ona görə də həddən ziyadə ifrata varan və açıq-saçıqlığı özündə əks etdirən proqramlara məhdudiyyət qoyulmalıdır. Bunlara xüsusi nəzarət olmalıdır. Senzuranın olmaması o demək deyil ki, kim nə istədi etməlidir. Elə əxlaq normaları, prinsiplər var ki, kimliyindən asılı olmayaraq, hamı həmin qaydalara hörmət etməlidir. Həmin normaları pozmaq gənclərin tərbiyəsini pozmaq deməkdir. Gənclərin tərbiyəsi pozularsa, əxlaqi dəyərlərimiz də əsaslı dərəcədə zədələnəcək".

Vidadi Ordahallı
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri