Həyatın ilk 3 ayı ərzində körpələrin əksəriyyəti çox ağlayır. Bu təbii haldır. Uşaq onun üçün yeni olan mühitə öyrəşir.
Bu öyrəşmə müəyyən vaxt tələb edir. Digər tərəfdən ana da bu müddət
ərzində uşağı anlamağa, onun nə istədiyini başa düşməyə öyrənir.
Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün
ziyanlı deyil. Müasir pediatriyada bu fikir yanlış sayılır.
Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal
inkişafına mane olur, hətta gələcəkdə onun xasiyyətinin formalaşmasına
təsir edir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına
daim reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, digər
insanların hisslərinə əhəmiyyət verməyən, həyata və insanlara çətinliklə
uyğunlaşan insanlar formalaşır.
Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, nəfəsalma
sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağ ciyərlərin
aşağı hissələrinin ventiləsiya prosesi (oksigenlə təchiz olunması)
pozulur. Bu isə pnevmoniya, pnevmoskleroz və s. kimi ağır ağ ciyər
pozulmaların riskini artırır.
Beləliklə, "uşaq ağlayanda onun ağciyərləri açılır" kimi iddia tam yanlışdır.
Əvvəllər belə hesab olunurdu ki, əgər ana uşağın ağlamağına dərhal
reaksiya verərsə, uşağın xasiyyəti korlanacaq, uşaq ərköyün böyüyəcək.
Lakin körpə uşaqlara bu aid deyil. Əksinə körpəni ananın laqeydliyi
korlaya bilər.
Bütün bu səbəbləri nəzərə alaraq ana uşağın ağlamağına dərhal reaksiya verməli, onun ehtiyacını ödəməlidir.
Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi arasında: körpə ana üçün
darıxır; körpə acdır; körpəni qarın köpü narahart edir (adətən 3-4
ayına kimi); körpəni nəm və çirkli əsgilər narahat edir; körpənin
dərisində problemlər var və bu ona diskomfort verir; körpəyə soyuqdur və
ya istidir; körpə yorulub, lakin yuxuya gedə bilmir.
Bundan əlavə havanın dəyişilməsi, havada təzyiqin artması, Gündə baş
verən dəyişikliklər sə körpəyə təsir edir. Ananın pis əhval-ruhiyyəsi,
ananın gərgin və əsəbi olması uşağa mənfi təsir edir və uşaq daha
narahat, ağlağan olur.
Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına
almalıdır, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir
(bişməcələr varsa - dəriyə xüsusi krem çəkin). Uşağı köp narahat edirsə,
ona masaj edin, qarının üzərinə isti əsgi qoyun (isti ütü ilə ütüləyin
və sonra qarnına qoyun), körpəni qarının üzərinə qoyun. Bu vasitələr
bağırsaq yelin daha tez və asan çıxmasına kömək edir.
Əmizdirmə uşağı sakitləşmək və yuxuya vermək üçün ən yaxşı vasitədir (ağlamağın səbəbindən asılı olmayaraq).
Bir çox uşaqları çimmə çox yaxşı sakitləşdirir.
Əgər bütün cəhdlərinizə baxmayaraq körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşin.