Uşağın boşanma şokundan qorunmasının yolları

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 312
Səs ver:
(səs: 3)
Bəzi uşaqların normal, bəzilərinin isə dərin kədər hissi ilə qəbul etdiyi boşanma əslində bütün uşaqları dərindən sarsıdır.

Ailə valideynlərin, uşaqların və bacı-qardaşlar arasındakı münasibətlərdən ibarət kiçik birlik kimi tanınır. Evlilik vasitəsilə böyüyən və genişlənən bu birlik ailəyə uşağın gəlişi ilə daha da möhkəmlənir. Ailədə getdikcə artan məsuliyyət zamanla ər-arvad arasında konfliktlərin yaranmasına da səbəb olur. Əslində ata-ana olmaq çox ciddi hazırlıq tələb edən bir haldır. Çünki bu addımın heç bir şəkildə geri dönüşü yoxdur.

Uşağın fiziki və mənəvi olaraq sağlam böyüməsi üçün ailədə nizamlı həyat yaşanmalıdır. Ancaq valideynlər arasındakı mübahisələr, davalar uşaqları sözsüz psixoloji və dolayısı ilə fiziki cəhətdən xəstə etməyə zəmin yaradır. Təbii ki, ardı-arası kəsilməyən mübahisələr nəticəsində boşanmaq qaçılmaz qərara çevrilir.

Boşanma ən bəsit şəkildə ər-arvad arasında münasibətlərin sona çatması kimi tərif edilsə də, əslində bir ailənin parçalanması və birliyinin pozulmasıdır. Valideynlərin verdiyi bu qərar heç də uşaqlarda böyüklərdəki kimi qavranılmır. Mütəxəssislərin apardıqları araşdırma zamanı ayrı-ayrı yaş qrupuna aid uşaqların boşanmanı həm fərqli cür qavradıqları, həm də fərqli reaksiya verdiyi məlum olub.

Körpəlik dövrü kimi adlandırılan 0-2 yaş qrupuna aid olan uşaqlarda bu dövrdə ən çox rastlanan yuxu, qidalanma, həddindən çox ağlama kimi problemlər yalnız valideynlərin davranışları ilə öz qaydasına düşə bilər. Buna görə də bu dövrdə xüsusilə ananın bütün qayğı və sıxıntılarını hiss edən körpənin yanında mübahisə etməkdən çəkinmək lazımdır.

2 yaşdan 6 yaşa qədər davam edən məktəbəqədər dövrdə uşaq boşanmanın izlərini ən dərin şəkildə hiss edir. Bu yaş qrupuna aid uşaqlar özlərini günahlandıraraq valideynlərinin onu cəzalandırdıqları üçün boşandığı qənaətinə gəlirlər. Uşağa bu cür dərin psixoloji sarsıntılar yaşatmamaq üçün valideynlərin boşanma qərarını düzgün planlaşdırmaları mütləqdir. Valideynlər bu qərarı verdikdən sonra nəticəni birlikdə uşağa izah etməlidirlər. Çünki uşaq ailə birliyinin pozulduğu üçün deyil, özünün vəziyyətinin necə olacağı ilə bağlı şübhə və narahatçılığın üzüntüsünü yaşayır.

6 yaşdan sonra uşaq problemləri başa düşərək anlayış göstərsə də, zamanla valideynlərdən birinə düşmənçilik hissi bəsləyə bilər. Bu isə uzun müddət valideynlərlə uşağın ünsiyyətinə ciddi zərər verəcək. Bu səbəbdən valideynlər boşandıqdan sonra uşağın yanında bir-biri haqqında xoşagəlməz sözlər danışmamalıdırlar.

Əks tərəfə olan mənfi duyğular heç bir şəkildə uşağın yanında büruzə verilməməlidir.

Xüsusi ilə yetkinlik dövrünün başladığı 10-12 yaş dövründə boşanma qərarını uşağa demək çox çətin bir prosesdir. Yetkinlik dövrünün sıxıntılarını yaşayan uşaq valideynlərinin bu qərarını dərk etməyə çalışır. Bu dövrdə uşağın boşanma qərarını səssiz, heç bir reaksiya vermədən qəbul etməsi mümkünsüzdür. Araşdırmalar zamanı bu yaş qrupuna aid olan yeniyetmələr inboşanma qərarına olan qəzəbini dostlarına və ya müəllimlərinə yönləndirdikləri məlum olub.

Şübhəsiz bütün yaş qrupları üçün boşanma ağır və sarsıntılı bir prosesdir. Ailənin ən kiçik üzvinin bu qərarın təxiri üçün əlindən heç bir şey gələ bilməməsini hiss etməsi isə olduqca travmatikdir. Bu travmanının daha da böyüməməsi və qalıcı olmaması üçün valideynlər boşandıqdan sonra uşaqla bağlı məsələlərdə daima həmrəy olmalıdırlar. Boşanmaq uşağın məsuliyyətindən yaxa qurtarmaq kimi qəbul edilməməlidir. Uşaqlar boşanmanın yalnız ata və ana arasındakı şəxsi münasibətin bitirdiyini, özü ilə bağlı bütün münasibətlərin isə dəyişməz qaldığını hiss etməlidir. Ancaq bu cür boşanma uşaqda yüngül izlər buraxa bilər. Əks təqdirdə özünüz öz əlinizlə övladınızı qüsurlu şəxsiyyətə çevirərsiniz.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri