Uşağa oyuncaq alarkən nələrə diqqət edilməlidir?

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 978
Səs ver:
(səs: 2)
Bütün uşaqlar oyuncaqları sevir və gördüklərinin hamısını əldə etməyə çalışırlar. Bir çox valideynlər də məhz uşaqlarının istəyini nəzərə alaraq və yaxud öz zövqlərini əsas götürərək uşağa gözlərinə xoş gələn oyuncaqları alırlar. Oyuncağın uşağın yaşına uyğun olub-olmaması, psixologiyasına, inkişafına necə təsir edib-etməməsi isə bir çox valideynləri düşündürmür. Hətta oyuncağın üstündə 3+ yazılsa belə, valideynlər "nə fərqi var?” – deyib bu oyuncaqları hətta balaca uşaqlara da alırlar.

Amma mütəxəssislər uşaqların həyatında oyuncaqların böyük rolunun olduğunu bildirir və valideynlərin oyuncaqlarla bağlı diqqətli olmalarını tövsiyə edirlər. Uşaq psixoloqu Narınc Rüstəmova qəzetimizə açıqlamasında bildirdi ki, uşaqların psixo-fizioloji inkişafında oyuncaqların rolu əvəzolunmazdır. Əgər uşaq oyuncaqla oynaya bilmirsə, bu onun inkişafında problemin olduğunun göstəricisidir. Ona görə də valideynlər oyuncaq seçimində diqqətli olmalıdırlar: "Oyuncaqların üzərində bəzən 3 yaşdan böyük olanlar üçün yazılsa da, onu balaca uşağa da alırlar. Valideyn uşağın həmin oyuncağa ağzını vurmayacağını, zəhərlənməyəcəyini düşünür. Sırf tibbi nöqteyi-nəzərdən baxır. Amma uşağın psixo-fizioloji inkişafını da nəzərə almalıdır. Uşaqlarda oyuncaqlarla oynamağa maraq 3 yaşından sonra formalaşmağa başlayır. Məşhur italyan pedaqoqu deyir ki, oyuncaq uşaqların ən ciddi məsuliyyətidir. Onlar oyuncağa böyük dəyər verirlər, oynayarkən ünsiyyət tələbatları, sosial bacarıqları formalaşır”.

Oyuncaqların rəng seçimi düzgün olmalıdır
Psixoloqun sözlərinə görə, oyuncaqların rəng seçimi də əhəmiyyətlidir. Açıq rəngli olanlardan istifadə edilməməsi yaxşıdır: "1-1,5 yaş dönəmlərində uşaqlar hər şeyi ağızları ilə hiss edirlər. Bu dönəmdə rezin əşyalar istifadə edilsə, yaxşı olar. Səsli oyuncaqlar da bu dönəmlərdə yaxşıdır. Uşaqların yatağının üstündə çox zaman səsli oyuncaqlar olur. Bu oyuncaqlar xüsusilə 4 rəngdən ibarət olmalıdır. Qırmızı, sarı, mavi, yaşıl rənglərin ahəngi olmalıdır. Çünki uşaqlar 3 yaşına qədər bu rəngləri tanıyırlar və reaksiya göstərirlər. Almaniyada bununla bağlı araşdırma aparılıb. Uşaqların bir qismi ağ və daha sadə rənglərlə bəzədilmiş oyuncaqlar olan otaqda, bir qismi isə 4 rəngin ahəngi ilə bəzədilən otaqda böyüdülüb. Ağ rəngli otaqda böyüyən uşaqların inkişafında geriləmələrin olduğu təsdiq edilib”.

Uşaqlar 5 yaşına qədər oyuncaqlara inanır
N.Rüstəmova deyir ki, 1,5 yaşdan sonra uşaqlara yerə ata biləcəyi toplar, səs çıxaran hərəkətli oyuncaqlar verilməlidir. 3 yaşdan sonra gəlincik, yumşaq oyuncaqlar vermək məsləhətdir: "Bu dövrdə uşaqlar anasında gördüyü rəftarı tətbiq etməyə başlayır. Balaca uşağa baxaraq ana olmağa çalışır. İki oyuncağı danışdıraraq evdə ünsiyyətə necə girməsini onların üzərində təmas quraraq öyrənir. Uşaqlar bəzi vərdişləri oyuncaqlarla təmas quraraq öyrənir. Uşaqlar 5 yaşına qədər oyuncaqlara inanır. Əşyanın arxasında duran insanı görmür. Uşaqların problemləri üzərində nümunəvi terapiyalar aparmaq olur. Yalan danışması, dəcəlliyi, ana-atasını həddindən çox sevməsi, anasına düşkün olması ilə bağlı maraqlı səhnəciklər hazırlanmalıdır. Bunlar da uşaqlarda oyun fəaliyyətinə yaxşı təsir göstərir”.

Əcaib oyuncaqlardan uzaq durun
Psixoloq deyir ki, uşaqlara oyuncaq alarkən əcaib məxluqlardan, naməlum obrazda olan oyuncaqlardan uzaq durmaq lazımdır. Çünki uşaqlarda təxəyyül yüksək olduğu üçün oyuncaqda gördüyünü tətbiq etməyə başlayır: "Çünki oyuncağın qılıncı varsa, uşaq da qılınc istəyəcək. Nədənsə qılınc düzəldib, qarşı tərəfə şiddət göstərməyə çalışacaq. Oyuncaqda qəribə dişlər, buynuz, üç göz kimi qəribəliklər varsa, 5 yaşına qədər uşaq psixikasına ciddi təsir göstərir. Həm şiddətə yönəlikdir, həm də uşaq özünə və ətrafına xətər yetirir. Çünki onun daxilində olan aqressiya üzə çıxmağa başlayır. Silah oyuncaqları alarkən isə xətəryetirici olanlardan uzaq durmaq lazımdır. Bu oyuncaqlardan istifadə zamanı isə öldürmək, vurmaq deyil, doğru yöndə silahın məqsədi aşılanmalıdır”.

Psixoloq cizgi filmi seçiminin də düzgün aparılmasının vacibliyini vurğuladı: "Uşaqların izlədikləri cizgi filmləri də onların oyuncaq seçimində böyük rol oynayır. Çünki uşaq izlədiyi cizgi filminin qəhrəmanının oyuncaqlarına üstünlük verir. Bir az böyük yaşlarda isə onun çantası, geyimləri, ayaqqabısını istəyir. Valideynlər doğru cizgi filmi seçməlidirlər ki, uşaqlar da onlara pərəstiş etsinlər”.

Oyuncaqla çox oynayan uşağın insanlarla ünsiyyəti gözəl olur

N.Rüstəmova deyir ki, oyuncaq alarkən taxta olana üstünlük vermək, kauçuk oyuncaqlardan uzaq durmaq lazımdır. 2 yaşdan sonra kiçik motor deyilən əl bacarıqlarını inkişaf etdirən oyuncaqlar məqsədəuyğundur. Böyük pullar xərcləmədən də uşaqlarda bu bacarıqları inkişaf etdirən oyunlar qurmaq olar: "Evdə noxud, lobyalardan da uşaqlar üçün müxtəlif oyunlar təşkil etmək olar. Uşaqların etdikləri hərəkətdə, özünə xidmət etməsində oyuncaqların rolu böyükdür. Uşaqlarda motor bacarıqlar inkişaf etməlidir. Çünki sinir ucları əlin içində, dodaqda və ayağın altındadır. Bunun üçün də valideynlər çalışmalıdır ki, uşaqları böyük və kiçik motor bacarıqları inkişaf etdirən oyuncaqlara üstünlük versinlər”.

Psixoloq deyir ki, uşaqlar oyuncaqlardan tez bezir, sındırıb atırlar. Lakin 3 yaşına qədər bu, normaldır: "Çünki uşaq dünyanı kəşf etmək istəyir. 3 yaşından sonra uşaq oyuncağını sındırmamalı, 2-3 ay onlarla oynamalıdır. Ona görə valideyn uşağa oyuncaqla necə oynamalı olduğunu öyrətməlidir. Oyuncağı uşağa alıb verməklə iş bitmir. Oyuncaqlarına səliqəli yanaşan uşaq bağçada, məktəbdə də ünsiyyətcil olur. Oyuncaqlara aqressiv yanaşanlar heç kimlə yola getmir”.

N.Rüstəmova onu da bildirdi ki, 5-6 yaşına qədər oyunlar uşaqlar üçün böyük rol oynayır. Ondan sonra isə oyuncaqlarla sağollaşıb, real həyata üz tuturlar. Oyuncaqla çox oynayan uşağın insanlarla ünsiyyəti gözəl olur.

Keyfiyyətsiz oyuncaqlar uşaqları tədricən zəhərləyir

Pediatr Kəmalə Əmrahova deyir ki, oyuncaq uşaqlar üçün bir aləmdir. Uşağın ilk oyuncağı onun öz əlindədir. Uşaq ona baxır, onunla oynayır. 6-8 həftə ona başqa oyuncaq lazım deyil: "Buna görə də fikir vermək lazımdır ki, uşaq əllərini həmişə sərbəst hərəkət etdirə bilsin. Uşaqlara oyuncaq seçərkən yaşına uyğunluğunu və inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Ömrünün ilk ilində oyuncaq uşağın davranışı, müşahidəsi, dinləməsi, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin oyuncaq rəngləri fərqləndirməyə, əşyaların formasını və materialını müəyyən etməyə, uşağın nitqinin formalaşmasına kömək edir”.

Həkimin sözlərinə görə, Çin istehsalı olan oyuncaqlar mənəviyyatı korlamaqla yanaşı, uşaqların sağlamlığı üçün də ciddi təhlükədir. Ucuz, kimyəvi maddələrdən hazırlanmış oyuncaqlarla təmasda olan uşaqlarda tədricən zəhərlənmə baş verir. Normal oyuncaqlar aldıqda belə, onları uşağa təqdim edərkən valideyn onun işləmə mexanizmini, onunla necə rəftar etməyi də öyrətməlidir: "Belə ki, uşaq oyuncağı müəyyən müddət valideyninin əlində görəndə onda da həmin oyuncağa qarşı maraq yaranır. Çünki uşaqlar böyüklərdə gördüklərini əldə etməyə can atırlar. Oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsi ilə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir”.

Hansı yaşda hansı oyuncağı vermək olar?

K.Əmrahova uşaqlara hansı yaşda oyuncaq verilə biləcəyi haqda da danışdı. Bildirdi ki, yeni doğulan uşaqlar sadəcə olaraq qara və ağ rəngi ayırd edə bilir və 20 santimetrdən uzağı görə bilmirlər. Uşağın çarpayısının kənarına qoyulan və asılan rəngli, yumşaq parçadan olan oyuncaqlar idealdır: "Yumşaq və azca səs çıxaran, əl vurunca xışıltısı gələn oyuncaqlar da uşağın marağını çəkəcək. 3-cü ayda uşaqlar hələ oyuncaqları əllərində uzun müddət saxlaya bilməz, çünki onların əl əzələlərinin inkişafı buna imkan vermir. Lakin uşaq artıq oyuncaqları götürməyə can atmağa başlayacaq. Buna görə də bu ayda uşağın yatağının üsdündəki oyuncaqları yumşaq və ya rezindən etmək lazımdır. Həmçinin bu ayda uşaqlar ətrafı əlləri ilə öyrənir desək, yanılmarıq, hər şeyə toxunmağı sevir. Buna görə də ona müxdəlif formalı oyuncaqlar vermək olar. 4-5-ci aylarda uşağın başının üstündə fırlanan oyuncaqlar onu qıcıqlandırmağa başlayacaq. Çünki həmin oyuncaqları tutmaq istəyəcək. Əli çatmayanda isə narahat olmağa başlayacaq. Bu zaman ən məsləhətlisi o olardı ki, həmin oyuncaqları uşağın yanına qoyasınız və istədiyi zaman onunla oynaya bilsin. Bu aydan etibarən uşaq asanca oyuncağa tərəf əyilir, onu götürür və hətta dadına da baxır”.

Pediatr deyir ki, 7-12 ayında isə artıq uşaqlar hərəkət etməyə başlayırlar. Bu aylarda uşaqlar üçün cürbəcür fiqurlu gəlinciklər və toplar almaq lazımdır. Uşağa rəngli taxta kubiklər və plastik kütlədən hazırlanmış içiboş cürbəcür qutular, qısa dəstəkli taxta qaşıq, alüminium qab-qacaq da vermək olar: "1 yaşındakı uşaqlar artıq yeriməyə başlayır və kəlmələr söyləyirlər. 1-2 yaşda uşaqlar üçün uyğun oyuncaqlar alınmalıdır. Rəsmli nağıl kitabları uyğundur. Bu rəsmli kitablar vasitəsilə uşaqlarınıza nağıllar öyrədə bilərsiniz, uşağınızın inkişafına bu kitablar çox kömək olacaq. Daha sonra bez və plastik oyuncaqlar vermək olar. 2-3 yaşlarında uşaqlar sürətli şəkildə danışmağı, hoppanmağı, harasa dırmaşmağı öyrənirlər. Etdikləri hər fiziki hərəkətdən zövq alırlar. Bu yaşda uşaqlar üçün uyğun oyuncaqlar- balaca maşınlar, heyvan fiqurları ola bilər”.
Həkim deyir ki, 3-6 yaşlarında uşaqlar çox diqqətli olurlar. Ətrafındakı hər şeyi kəşf edirlər. Daha çox danışaraq öz valideynlərinə suallar verirlər. Bu uşaqlar üçün uyğun oyuncaqlar iri parçalı mozaikalar, musiqi alətləri, kitablar, karandaşlar və rəsm dəftəri, plastilinlər, 3 təkərli velosipedlər ola bilər. 6-9 yaş arası isə onların məktəb vaxtıdır. Zehinləri yaxşı işləyir və hər şeyi tez qavrayırlar. Bu yaşda uşaqlara fiziki inkişaf üçün idman alətləri, 2 təkərli velosiped almaq lazımdır. Özləri də əl işləri düzəldə bilərlər”.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri