Körpə və rəsm çəkmə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 193
Səs ver:
(səs: 0)
Uşaqlarınıza hələ çox erkən dövründən rəsm çəkməyi öyrədin. Bunun həm onun inkişafındakı rolu danılmazdır, həm də körpənin çəkdiyi "cızma-qaralar” onun nə düşündüyündən, hiss etdiyindən, bir sözlə, psixologiyasından xəbər verir.

Təbii ki, ana olaraq hər şeyi balacanıza öyrətdiyiniz kimi rəsm çəkməyi də siz ona başa salmalı, bu gözəl və faydalı məşğuliyyət ilə körpənizi tanış etməlisiniz. Əvvəlcə onun üçün gözəl rəsm albomu, rəngli karandaş və qələmlər alın, daha sonra onları balacaya tanıdıb, nəyə yararlı olduğunu izah edin.

9-cu aydan başlayın
Ən sadə elementlərdən başlayın: səmanın mavi, günəşin sarı, yarpağın yaşıl olması kimi… Körpənizi təsviri incəsənətlə hələ 9 ayından tanış edə bilərsiniz. Bu elə bir vaxtdır ki, o artıq oturur və əlində əşya saxlamağı bacarır. Odur ki, rəngli karandaşları qarşısına tökün və iri albom vərəqlərini ixtiyarına buraxın, görün nələr çəkəcək?!

Mütəxəssislər bildirirlər ki, 9 ayından körpəni bu sənətlə tanış etməkdə məqsəd heç də hamısını Salvador Dali etmək deyil. Sadəcə rəsm körpələrə rəngləri, nəyin hansı rəngdə olmasını anladır, zaman-zaman bu onları dünyanı dərk etməkdə köməklərinə çatır. Həmçinin təsviri incəsənət balacanın əqli inkişafına çox müsbət təsir göstərir.

Valideynlərə məsləhət:
Körpələrinizə boyalar alarkən onun hipoallergiya xüsusiyyətinin olmasına fikir verməlisiniz. İri bankalarda allergiyalı uşaqlar üçün xüsusi boyalar satılır ki, onlardan almaq tövsiyə olunur. Çünki körpə əlini həmin bankaya basıb, sonra da ağzına apara bilər. Bu zaman həmin boya körpənin sağlamlığına heç bir mənfi təsir göstərməməlidir.

Vatman – sizin almağınız lazım olacaq ikinci əsas məsələ bu kağızdır! Yaxşı olar ki, balaca döşəmənin üstündə əyləşərək öz rəsm əsərini çəksin. Əgər döşəməyə xalça sərilibsə, o zaman stolun üzərində etməsi məsləhətdir.

Əvvəlcə balacanızı rəsm dərsinə hazırlaşdırın: Onun əşyalarını yerləşdirin, əynini dəyişdirin və ilk tapşırıq kimi hər hansı gülü rəngləməyi öhdəsinə buraxın. Əgər o, bunu tam yerinə yetirərsə, demək, qələbəsinin şərəfinə siz də onu mükafatlandırmalısınız. Hədiyyə kimi ona sevdiyi meyvə və ya peçenyeni verə bilərsiniz.

Gələn dəfə bir yox, iki gül çəkin və ona izah etdikdən sonra boya seçib rəngləməsinə təkan verin. Unutmayın, balacalar valideynlərinin hərəkətlərini təkrarlayırlar. Nə etsəniz, onu da edəcəklər…

Təbii ki, körpə bu işlə yenicə tanış olub. O, əllərini boyaya batıracaq, hətta dadına baxmaq istəyəcək, ətrafı və üstünü bulaşdıracaq. Lakin səbirli olun. O, belə etməklə təsviri incəsənətlə tanış olur, bu sahəni dərk edir. Siz sadəcə izah edin ki, boyalar yeyilmir, o rəsmin rənglənməsi üçündür.

Sonda onu da qeyd edək ki, zamanla körpəniz rəngləri də tanıyacaq, nəyi hansı rənglə rəngləməyin lazım olduğunu biləcək.

Bir daha vurğulayırıq ki, məqsəd heç də bütün balacaları gələcəyin rəssamı kimi yetişdirmək yox, onların əqli inkişafına təkan verib, dünyanın rəngarəng olduğunu aşılamaqdır. Nə zaman balacanın "mız-mız”, həvəssiz olduğunu görsəniz, "Rəsm dərsi”ni sona çatdırmağın zamanı olduğunu bilin.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri