Körpələrini
ana südü ilə bəsləmək istəyən anaları ən çox maraqlandığı mövzu məhz
südartıran ərzaqlar və əmizdirmə dövründə düzgün qidalanma
vərdişləridir. Əmizdirən analar adətən südlərinin miqdarını artırmaq
üçün yüksək kalorili yeməklərə üz tutmağa və lazımından artıq miqdarda
qida qəbul etməyə başlayırlar. Süd ehtiyatlarını artırmaq, ana-bala
köpünü azaltmaq, əmizdirən müddət daxilində nəinki kökəlməmək hətta
özünüzə və körpənizə xələl gətirməməklə istədiyiniz qədər arıqlamaq, ən
əsası isə sağlamlığınızı möhkəmləndirmək üçün analarımıza bir neçə sadə
məsləhətlərimiz var.
-Suyu
bədəniniz tələb edən miqdarda qəbul edin. Son araşdırmalar (L.B.
Dusdieker et al. "Effect of supplemental fluids on human milk
production”) göstərir ki, bədənin tələb etdiyindən artıq mayenin qəbul
etməsi südün keyfiyyətinə mənfi təsir göstərə bilir. Mayenin normadan az
qəbul edilməsi də süd ehtiyatında problemlərə səbəb ola bilər. Gün
ərzində 6-8 stəkan su kifayətdir.
-Aclıq
hissi gələndə yeyin. Peyğəmbərimiz (sallalahu əleyhi va səlləm)
buyurur: "Heç bir insan mədəsindən daha təhlükəli bir qab
doldurmamışdır. Halbuki, insana onu ayaq üstə saxlaya biləcək bir neçə
loğma kifayətdir. Əgər bir kimsə mütləq çox yemək istəyirsə mədəsinin
üçdə birini yeməyə, üç də birini içməyə, üç də birini də nəfəsinə
ayırsın!” (Tirmizi).
Yüksək
kalorili və ifrat miqdarda yemək heç də südün artmasının zamini deyil.
Süfrədən xəfif aclıq hissi ilə durun. Əgər yemək qəbulundan sonra
özünüzü ağır və tənbəl hiss edirsinizsə, deməli lazım olan miqdardan
qat-qat artıq yemisiniz. Bu halda yeməyinizin miqdarını tədricən
azaltmaqla özünüzü həm sağlam həm də güclü hiss edəcəksiniz.
-Sağlam
və evdə hazırlanan yeməklərə üstünlük verin. İfrat şəkildə emal olunmuş
ərzaqlar (ağ un, ağ şəkər və s.), hazır qida məmulatları
(yarımfabrikatlar, şirniyyat və.s ) və qida əlavələrindən (ketçup,
mayonez və s.) maksimum dərəcədə yayınmağa çalışın.
-Təbii
məhsullara üstünlük verin. Meyvə- tərəvəzləri, paxlalı və dənliləri
fəal şəkildə yeməklərinizdə istifadə edin. Çoxsaylı emaldan keçən
ərzaqları daha az emal olunmuş şəkildə (məsələn ağ unu kəpəkli unla, ağ
şəkəri qəhvəyi şəkərlə, ağ düyünü qonur düyü ilə əvəz edərək) qəbul
edin. Süni yolla bəslənmiş və ya becərilmiş məhsullara təbii alternativ
axtarın. Bəzi zərərli kimyəvi maddələr ana südü vasitəsilə körpəyə
ötürülə bilər.
-Kaffein
və alkoqollu içkilərdən, tütün məmulatlarından çəkinin (Maureen Minchin
"Breastfeeding Matters” və Australia National Health and Medical
Research Counsil məlumatlarına görə). Kola, şokolad, qəhvə, ifrat
miqdarda qara çay , enerji içkilər və hətta az miqdarda spirtli içki
südün miqdarına və keyfiyyətinə mənfi təsir göstərir.
-Rasionunuzda
fitoestrogenlərin miqdarına nəzarət edin. Bəzi təbii məhsullar (adaçayı
otu, nanə, cəfəri, ətotu, soya) fitoetrogenlə zəngin olduğundan südün
müəyyən miqdarda azalmasına səbəb ola bilər ("The Breastfeeding Mother’s
Guide to Making More Milk” Diana West, Lisa Marasco). Qidanızdan onları
tam kəsməyə ehtiyac yoxdur sadəcə kəmiyyətinə nəzarət etməklə onlardan
faydalanmaq olar.
-Fərdi
həssaslıq. Əgər hər hansısa ərzaqların qəbulu sizə köp və allergiya
verirsə onlardan az miqdarda istifadə etmyə calışın. Ümumilikdə isə
istənilən qida məhsullarından istifadə edə bilərsiniz.