Xəyalımdakı dünyamı sevirdim, ta ki... (4-cü bölüm FİNAL)

Şərhlər: 7
Baxılıb: 3 641
Səs ver:
(səs: 0)
Budur, Aras onu gözləyir, üzü-gözü tamam şişdir, dünən geydiyi paltarlar hələ də əynində idi. Zuhanı, Arası görən kimi ağlamaq tutdu. Aras "ağlama, balaca, hər şey düzələcək" dedi və onu qucaqladı.

Maşına əyləşdilər, heç biri danışmırdı. Zuha əlləri ilə oynayırdı, Aras fikirli halda bayıra baxırdı. Aras üzünü Zuhaya çevirdi:

- Zuha, bilirsən, ailəm necə əsəbiləşib? Əmin atama ağzına gələni deyib. Sizinkilər əvvəldən narazı imiş. Bəs, dedin gəlin, razıdırlar.Çox səhv elədiniz...
- Biz nə etdik ki? Atan əmimin xətrinə dəyib.
- Of, Zuha, of... Onsuz da sən heç vaxt özündə səhv görmürsən. Nə isə, mübahisə vaxtı deyil. Sən nə düşünürsən?
- Nə haqda, ayrılmağımı?
- Ay Allah, yox yox... Hər şeyi ayrılmağa bağlamaqla bu günə saldın axırımızı. Ayrılmaq yoxdu. Səni öldürərəm, amma ayrılmaram. Qoy, bir az keçsin, hamının əsəbi sakitləşsin, sənə söz verirəm hər şey düzələcək.
- Aras, mənə görə ailəni atarsan?
-Dəlisən? Bu nə gic sualdı? Yox, heç vaxt! Hər kəsin öz yeri var. Amma ayrılığı ağlına da gətirmə...

Beləliklə, gizlin görüşürdülər. Amma heç də Arasın dediyi kimi olmadı. Mələk tez-tez Arası pisləyir, ondan yaxşı canlarını qurtardığını deyirdi. Arasla görüşdüyünü, ancaq, Albina bilirdi...
Novruz bayramı ərəfəsi idi. Anasıgil şirniyyat hazırlayırdılar. Zuha evə gəldi, içəri girər-girməz Mələk unlu əlləri ilə bir şillə çəkdi. Zuha nə oldugunu anlamamiş, Mələk:
-Ay ləçər, o zibillə görüşürsən? Haram olsun sənə çəkdiyim əziyyət, yetimçə...
Zuha Albinanin üzünə baxdı. Daha kimə güvənəcəkdi. Albina başınıl aşağı saldı. Çox pis olmuşdu. Təsadüfən Elviranın yanında ağzından qaçırmışdı, o da həmin dəqiqə anasına danışmışdı. Albina nə qədər yalvarsa da, Elvira etmişdi edəcəyini... Neçə gün Zuha bacılarını danışdırmadı.

Artıq, evdə olanda Arasa zəng etməməyini tapşırmışdı. Beləcə, bir aydan çox vaxt keçdi. Aprelin 25-i tanımadığı nömrədən zəng gəldi. "Bu kimdir görəsən?"

- Alo?
- Alo, Zuhadır mı? Qalın səsli qadının əsəbi hiss olunurdu...
- Bəli, kim idi? Tanıma....-heç sözünü axıracan bitirə bilmədi.
-Qulaq as, qızım, Hicran xanımdır (Arasın anası). Mən səni həmişə yaxşı qız bilmişəm. Amma görürəm ki, səndə nə utanma var, nə arlanma...
- Mən nə etmişəm ki?
- Eh, kəs səsini, qulaq as. Əl çək də oğlumdan, ay balam. Ailən də istəmir, onsuz da. Nə yapışıb qalmısan, özünüz istəmədiniz də. Yaxşı ki, alınmadı. Arasın xətri üçün gəlmişdim. Bir də o qapıya ayaq basmarıq. Arasdan sənə ər olmaz, səndən də bizə gəlin. Get, bala, özünüzə bab adam tapın. İnşallah gələn ay Arasa nişan aparırıq. Allah səni də xoşbəxt eləsin...

Zuha əlində telefon quruyub qalmışdı. Bu nə demek idi? Amma bundan da çətinlərini görüb həyatında, buna da dözərdi.
Çox keçmədi Aras özü zəng elədi. Səsini eşidən kimi Zuhanı ağlamaq tutdu. Çətinliklə Arasa olanları danışdı. Aras çox əsəbi idi, anası onunla da danışmışdı.
- Zuha, sabah görüşək. Mən nə edəcəyimi yaxşi bilirəm. Ağlama, nə istəyirlər desinlər. Biz bir olandan sonra... Ayrılmağı ağlına da gətirmə...

*****

...Təəssüf ki, Zuha da bir çox insanlar kimi əvvəllər nə qədər xoşbəxt olduğunu bədbəxtliyə düşdüyü zaman anlamışdı. Gecəni çox narahat yatdı. Səhərə kimi anlaşılmaz yuxular görür, səksənir, yenidən yuxuya gedirdi.

Bu gün 14:00-a kimi işlədi. Aras da işdən tez gəlmişdi. Zuha çox narahat olmasına baxmayaraq Aras çox sakit görünürdü. Maşına əyləşdilər:

- Zuha, mən axşam çox düşündüm. Qərarımı vermişəm. İstəməzdim belə olsun.

Qızın bütün bədəni əsirdi, içəri isti idi, amma o titrəyirdi...

- Aras?
- Qulaq as, gəl, indi çıxaq gedək. Bibimlə də danışmışam, Sumqayıta gedərik, onlara. Axşam ikimiz də zəng edib, evdə deyərik. Bir az hirslənib axırda barışacaqlar.

- Dəli olmusan sən?
- Hə, dəli olmuşam. Söz-söhbətdən bezmişəm. Gecə anamla da danışdım .Sənə zəng elədiyinə görə... Nə deyirsən?
- Yox, yox mən qorxuram...
- Nədən?
- Mən qaça bilmərəm.
- Söz verirəm, yaxşı olacaq. Sən elə bilirsən, mən qacmaq istəyirəm? Sadəcə bezmişəm. Sən də olmasan baş götürüb bu xarabadan gedərəm.
- Bəs anam?
- Bir az hirslənib barışacaq. Qorxma, ilk qaçan biz deyilik... Aaa, sən evlilikdən qorxursan? Onsuz da bilirəm bacarıqsızın birisən. Məni hər gün işə ikixətli forma ilə, ac yola salacaqsan? deyən Aras ortamı yumşaltmağa çalışırdı.

- Aras, mən qaça bilmərəm?
- Niyə, niyə?
- Anamı elə qoyub gedə bilmərəm. Bağışla!
Aras əsəblə maşını işə saldı. Çox əsəbi idi. Heç vaxt onu belə görməmişdi. Onu qorxudurdu.
- Aras, dəli olmusan? Mən heç yerə getmirəm.
- .....
- Aras, saxla. Mən düşürəm.
- ....
- Səninlə deyiləm, ay başdan xarab?
- ....
- Xəstəsən sən, dayan deyirəm.

Aras maşını saxladı. Zuhaya baxdı.
- Məni sevirsən?
- O, nə sözdür, əlbəttə!
- Mənə görə ailəni atarsan?
- Bu nə gic sualdı. Yox əlbəttə. Mən anamı heç kimə dəyişmərəm.
- Ya indi mənimlə çıxıb gedərsən, susdu, eşidəcəyi cavab onu qorxudurdu.
- Ya da?
- Ya da düş get.
- Aras, dəli olmusan sən. Düş get nədi?
- İki yol arasında qalmaqdan bezmişəm. Başa düşürsən...?

Heç vaxt Arası bu qədər dərdli görməmişdi. Dodaqları əsirdi:
- Ya indi məni sevdiyini sübut edib gedərsən, ya da ki, düş get!
- Mən çox sevirəm səni. Amma bilirsən, anamı ata bilmərəm. Nə olar, belə şərt qoyma.
- Of, dedim də mən...
- Mən evə gedirəm, axşam sənə yazacam.
- Əgər indi mənimlə getməsən, and içirəm ki, qurtaracaq .Qərar sənindir.

Çox yaxşı tanıyırdı onu. Belə ciddi şeylə zarafat etməzdi. Dediyini edəcəkdi. İndi nə etsin? Qəlbi ilə beyni arasında qalmışdı. Heç vaxt özünü Arassız təsəvvür etmirdi, ən xırda xəyalı, arzusu, bütün planları Arasla qurulmuşdu. Bəs anası? Dul qalanda 23 yaşı vardı. Amma atmadı qızlarını. Ərə gedə bilərdi, hələ çox gənc idi. O vaxt anası onu bir kişiyə dəyişməmişdi. Bəs, indi o anasını bir kişi üçün necə dəyişsin? Arası tanıdığı kimi anasını da tanıyırdı. Heç vaxt bağışlamazdı. Yox, yox heç vaxt... Ən son görmək istəyəcəyi şey idi, onu ağlar qoymaq. "Aras mənsiz qala bilməz, bir az kecsin barışar"...

- Aras, mən gədə bilmərəm. Getməyəcəm!
- Düş maşından. Sən məni bir az da olsun sevməmisən. Qurtardı, Zuha. Bu gün bağlandı bu kitab. Mən səni yox, sən məni yari yolda qoydun. Çəkdiklərimin qat-qatını çəkəsən. Hər şeyin olsun, amma gözün sevgimdə qalsın həmişə.

Zuha eşitdiklərinə inana bilmirdi. Necə yəni? Ayrılıq? Quruyub qalmışdı.
Aras maşından endi, qapını açdı, Zuhanın qolundan yapışıb yerə dartdı.

- İnşallah bir də səni görmərəm...

Maşını işə saldı, sürətlə və uzaqlaşdı. Təkərlərin çıxardığı o səs uzun müddət qulaqlarından getmədi. Sonuncu dəfə ona baxa bilmədi, axı, necə icazə verdiki Aras getsin? Niyə danışmadı? Sözlər tikan kimi boğazına ilişib qalmışdı. İndi istədiyi tək bir şey vardı, anasını bərk-bərk qucaqlamaq...

Evə gəldi, açar özündə olsa da, qapını döydü. Mələk açdı. Qızının pis olduğunu görməmək mümkün deyildi.

- Nə olub sənə, ay qız, yenə meyidə dönmüsən?
- Ana... - sözünü tamamlaya bilmədi, qəhər boğurdu onu, ağlamağa başladı.

Ruqəyyə xanım səsə gəldi: "Vay, başıma xeyir, bu qız əməlli-başlı dəli olub.

Yatmaq istəyirdi. Yatsın bu kabus bitsin. Səhər oyananda düzələcək hər şey. Aras mənsiz qala bilməz. Hələ də ayrılığı dərk edə bilmirdi. Telefonu səssizə qoydu, səhət Arasın mesajı ilə oyanacağını ümid edirdi.
Səhər oyandığında Arasdan nə bir zəng, nə də mesaj vardı... "Küsüb axi. Mən özüm ona zəng edərəm". Böyük ümidlə Arasın nömrəsini yığdı. Bir-iki çağırışdan sonra Aras telefonu açdı.

- Aras, sabahın xeyir?
- ......
- Necəsən, əsəbin keçibmi?
- ....
- Aras, niyə danışmırsan?
- Məni birdə narahat eləmə...!

*****

...Hər şey belə bitməməli idi. İki düşmən kimi ayrılmamalı idik. Ara bir zəng edib "necesən?" deyə bilməli idik. "Bu gün çox darıxdım, çıxıb gəzək" deyəcək qədər dost olmalı idik. Məsələn, ad günlərimizdə, bayramlarımızda, bir-birimizi təbrik etməli idik. Düzdür, mən heç sevmirəm bayramları. Amma sənə bildirməzdim. Sırf, səninlə danışmaq üçün bayramını təbrik edərdim.

Bir-birimiz üçün yad kimi qalmamalı idik. Kimsə "bizi" soruşanda "bu haqda danışmaq istəmirəm" əvəzinə, "yaxşıdır, danışırıq arada" deyə bilməli idik. Bu qədər yad olmamalı idik...

Tam 8 ay Zuha Arası bir dəfə də olsun görmədi. Bir- iki dəfə maşını aptekin qarşısında gördü (əvvəl Aras boynuna almasa da, sonda etiraf etmişdi). İlk vaxtlar bir-birinə gizlin zəng edirdilər. Hətta, Zuha gizli zəng edib, səsini yazıb, sonralar qulaq asırdı darıxanda...

Ayrılığın ilk günləri çox çətin olur. Canından can çıxmış kimi. Ruhu getmiş yeriyən cəsəd kimi. Oğlanları bilmirəm, amma qızlar bütün heyflərini saçlarından alırlar. Heç həftə tamam olmamış Zuha yolunu gözəllik mərkəzindən saldı. Dəyişiklik həmişə yaxşıdır. Saçları Arasın çox xoşuna gəlirdi. Hər dəfə də saçlarını açıb tökməsini xahiş edirdi. Bir yerdən başlamaq lazımdır, unutmaq üçün... Zuha da öz saçlarından başladı unutmağa. Aynaya baxdığında "oy, necə çirkinəm?" - getdi saçlar...

İyulun ortaları idi. İşdə olarkən anası zəng elədi, evə gəlməsini dedi, qonaqları varmış. İcazə aldı, evə getdi. İçəri girəndə anlamışdı, anasının nənəsinin arzusu - Yusifin elçiləri. Nədənsə, heç əsəbiləşmədi və onu gülmək tutdu. Anası bərk əsəbləşdi:

- Ayıbdı, nəyə gülürsən?

Bəlkə də, bilərsiniz, insanlar ən yaxınlarını itirəndə vecsiz olurlar. Heç xoşlamırdı Yusifi, özündən razının biri idi. Amma bacısını yaxşı tanıyırdı, gözəl münasibətləri vardı. Artıq bəlli idi, qonaqların niyyəti. Bilirdi ki, anası necə tərsdi. Evlənmək istəmədiyini deyəndə Mələk onu yola gətirməyə başladı:

- Qızım, mən demirəm ki, bu gün evlən, sadəcə, tanı. Qohumumuzdu yaxşı oğlandır...

Elvira da bir tərəfdən sıxışdırırdı bacısını, "Sən indi rədd eləsən mənim də ailəmdə problem olacaq, sənə görə. Evlən də gül kimi oğlandır". Bircə Albina başa düşürdü onu "Çalış ki, öz sevdiyinlə evlənəsən, Zuha, Arasla alınmadı, o demek deyil ki, həyat bitdi. Sən yenə sevəcəksən. Ay anam, ay bacım, etmə dedi. Kiminsə yeri rahat olacaq deyə özünü bədbəxt eləmə".

Və budur, anası artıq qərar verib ki, sabah Yusiflə görüşsünlər. Razılaşdı. Bilirdi nə edəcəyini. Ən yaxın rəfiqələrini köməyə çağırdı, Gülgəzlə Laləyə sabah onunla gəlmələrini xahiş elədi. Təbii ki, Gülgəzdən təpki gəldi:

- Ay qız, dəlisən, bizim nə işimiz var?
- Of, Gülü gəl də. Lalə, sən də gəl.

Görüşdə Yusif təkcə Zuhanı gözləyərkən rəfiqələrini də qarşısında görəndə üzü dəyişmişdi:
- Maşallah, hara gedirsiz?
- Sənlə görüşə gəlmişik də, Yusif qaqaş, deyən Gülgəzi gülmək tutmuşdu.
- Zuha tək gələ bilmirdi?
- Yox, Yusif, anam dedi ki, tək getmə...
- Mən adam yeyən zadam?

Yusif çox sıxırdı ,incidirdi adamı. Darıxdırıcı aurası vardı. Münasibətdə hakimiyyəti əlinə almağa çalışsa da, Zuha heç bir dediyini eləmirdi. Bir müddət sonra Mələk, onlara zəng edib qızının istəmədiyini demişdi. Elvira bacısından incisə də, Albina çox şad idi.

Bir ay sonra Yusif, Zuhagilin qonşusuna elçi gəlib nişan elədilər.
Təbii ki, zaman keçdikcə ayrılıq yarası sağalırdı, amma o demək deyil ki, unutmuşdu Arası. Yox əlbəttə, sadəcə əvvəlki kimi canı yanmırdı. Bəzi gecələr çox darıxırdı, ağlayırdı, səhər isə heç nə olmamış kimi gülərək həyatına davam edirdi. Üsyan edə bilməzdi, axı, bəzi "ağzıgöyçəklər" pessimist deyərdilər...

Tam 8 ay Arasdan heç bir xəbər çıxmadı.

Dekabrın əvvəli idi, dumanlı nəmli hava vardı. İşə gecikirdi. Tez- tez dayanacağa sarı yeriyirdi. Çatdı və avtobusu gözləməyə başladı. Yeni tanış olanda Arasın ona kömək eləmək istədiyi dayanacaq... Ondan başqa bir-iki nəfər də vardı.
Sanki hiss edirdi nəyisə. Anidən geriyə çevrildi. Budur, forma geymiş bir oğlan gülərək ona yaxınlaşır. Nələr hiss etdiyini heç mən də bilmirəm. Daha əvvəl heç hiss etmədiyi sızıltı vardı içində. Qəlbinin lap dərinliyində. Elə inanılmaz sancı idi ki... Bilmirdi, gülsün ya ağlasın?!

Aras uzaqdan onu adı ilə çağırıb salam verən zaman, "Zuha" dedi... İnana bilirsiniz, adı ilə... Bu səsi nə qədər arzulayıb?! Yaxınlaşdı, əlini sıxdı. Boğazı düyünləndi, təəccüblə Arasın üzünə baxdı. Elə tanış idi ki, bu üz, bu baxış, bu qədər vaxtdan sonra. Necə izah edim?!

Aras, Zuha üçün "ən doğma yad" idi, o gün, "ən doğma yad..."

*****

...Xatirələrin qarşındakı insandan daha dəyərli olduğunu görəndə, anlayırsan ki, hər şey bitib...

"Aras qarşımda durub. Elə bu gün səhər ən böyük arzum idi, heç olmasa, bir dəfə görüm onu. Canım yanırdı, yox, yox, sevgi deyil idi hiss etdiklərim..

Mən işə gecikirdim, Arasla çox söhbət edə bilmədim. Elə həmin axşam mənə zəng elədi:
- Zuha, sənə çox əsəbləşmişdim, məni tərk elədiyin üçün. Bir müddət sonra nişanlandım.
- Sən nişanlısan?
- Qulaq as, yox. Həqiqətən, çox yaxşı qız idi. Məni də çox sevirdi, mənim üçün hər şey etməyə hazır idi. Mən də özümə söz verdim ki, səni tamam ağlımdan çıxaracam.
- Bəs çıxardın mı?
- Səncə? Sən xəstəlik kimisən, xəbərin var? O, qızı çox incitdim mən. Özümdən asılı olmayaraq hər şeyi səni xatırladırdı. Ona toxunanda, qucaqlayanda həmişə səni düşünürdüm. Amma qarşımda onu görəndə geri itələyirdim. Təkcə, o yox, bütün qadınlar səni xatırladır...
- Bəs qız necə oldu? İndi evlisiniz mi?
- Yox əşi, səndə... Hər dəfə belə edəndə inciyirdi məndən. Bir dəfə səbəbini soruşdu. Tanıyırsan da məni, hər şeyi dedim. Məni sevirdi, qəbul etdi. Amma sən etməzdin, ən pis günümdə atıb getdin. Nə isə, hə, sonra o, mənim üçün işgəncəyə çevrildi. Bir müddət sonra anladım ki, belə olmaz. Dedim ki, səni heç vaxt sevməyəcəm, amma evlənəcəm.

Düzü, özümə daha çox yazığım gəlirdi. Təsəvvür edirsən? Ömür boyu sevmədiyin qadınla yatağa girəcəksən, uşaq, ailə xətrinə yaşayacaqsan. Sonra özü mənə dedi ki, bezmişem. Məndə dedim bezmisənsə ayrılaq, mən həmişə belə olacağam, dəyişməyəcəm, səni hec vaxt sevməyəcəm. Evdə də dedim, söz-söhbətlər oldu. Sonra da atdım nişanı.O qıza qarşı vicdan borcum var.

- Çox pis oldum, yazıq qız, kaş ayrılmazdınız. Bəlkə, sevəcəkdin sonradan...
- Yox, daha sevmək mənlik deyil. Bundan sonra heç sənin özünü də sevə bilmərəm, - güldü...
- Başa düşürəm.
- Sən danış, görək, həyatında nə yenilik var?
- Məndə hər şey bildiyin kimi, çox yaxşıyam...

O gün sağollaşanda anladım ki, hər ikimizdə də sevgi bitib. Aras, mənə "səni cox istəyirəm" dedi. "Sevirəm" deyil də, "çox istəyirəm"...

Biz sonralar çox danışdıq, ad günlərində, bayramlarda. Aras hələ də mənim bayramları sevmədiyimi bilmir, hər bayram ilk o, məni təbrik edir. Aras mənim üçün ağrıdığım xatirə olmadı, mən ona başqa qadınla xoşbəxtlik arzulayacaq qədər cəsuram...

Bəlkə də, həyatım boyunca məni heç kim onun qədər sevməyəcək. Bəlkə də, heç kimin adi bir mesajı ilə bu qədər xoşbəxt olmayacam. Bəlkə də, onunla qurduğum xəyalları başqası ilə qura bilməyəcəm... Çünki daha yaxşıları olacaq həyatımda, mən bilirəm.

Mən insanları günahlandırmağı heç sevmirəm.
Bu hekayənin belə bitməsinə səbəb Arasın özü oldu. Mənim üçün vacib olan şeyləri o dərk etmirdi.

Arasın həyatında heç kim yoxdu, amma tez-tez danışırdıq əvvəllər, indi isə ancaq vacib günlərdə. Arası sevmirəm daha, heç vaxt da yenidən ona qayıtmayacam.

Düzdür, çox tez-tez xatırlayıram onu. Bir fərqimiz var, Aras heç vaxt sevməyəcəyini deyir. Mən isə çox sevəcəyimə əminəm. Hətta, elə çox ki, nəinki Arası, bütün keçmişi unutduracaq qədər çox sevəcəm...

Bu hekayə bir az da eşq acısı çəkənlər üçündür. Heç vaxt sizi tərk edən insanların ardından baxmayın, unutmayın ki, "at kimi gedən, it kimi qayıdar". Xoşbəxtliyinizi məhəbbətə bağlamayın. Qəlbinizi təmiz tutun, ən böyük xoşbəxtlik odur. Xırda detalları sevin, sizə nə qədər xırdaçı desələr belə, ancaq sizə dəyər verənləri sevin. Dünyanızı dördbucaqlı edib özünüzü küncə qoymayın, unutmayın, dünya dairəvidir, siz isə ən mərkəzdə. Dünyanızı öz ətrafınızda döndürün.

Bu da hekayəmin sonu, mənə görə bütün sonluqlar gözəl bitməlidi, əgər gözəl bitməyibsə, demək hələ son deyil...

SON...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri