Həsrətindəyəm (18-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 11
Baxılıb: 5 251
Səs ver:
(səs: 1)
Qayınanam hələ də İlkinlə söhbət etməkdə ikən birdən evin qapısı zərblə açıldı. Elşad ildırım sürətiylə birbaşa mətbəxə keçdi. Mətbəx şkafının siyirməsini hirslə özünə sarı çəkdi. Oradan bıçaqlardan birini götürərək tez-tələsik çıxdı. O qədər əsəbi və gərgin idi ki, qəzəbdən gözünü qan tutmuşdu, mətbəxdə məni də görmədi. Zəhmi məni necə basmışdısa yerimdəcə ölmüşdüm sanki.

İlkin yerindən hövlnak qalxıb həyəcanla:

– Nə olub, qaqa, hara gedirsən? – soruşdu.

Elşad suala cavab vermədən evdən çıxdı.

Anası da, İlkin də onun gödəkcəsinin qoluna bıçaq keçirdiyini görmüşdülər. Odur ki, qayınanam özünə əl qatdı:

– Vayy! Başıma daş düşdü! İlkin, get mane ol! Evim yıxıldı! – deyib, şüvən qopardı. İlkini tələsdirdi.

İlkin özünü itirmiş halda evdən necə çıxdığını belə bilmədi. O, ayaqqabılarını geyinənə kimi Elşad həyətdən çıxdı. Darvazanın qapısını elə zərblə çırpdı ki, darvaza yerində bir xeyli titrədi.

Mən rəngim qaçmış halda, yarpaq kimi əsə-əsə salona gələndə qayınanam məni görüb, özündən çıxdı:

– Bu evə gəldiyin günə daş düşəydi! Yıxıldı evim! – deyə mənə bağırdı.

Mən ağlaya-ağlaya otağıma yüyürdüm. İçəri keçib, Allahı köməyimə çağıra-çağıra ölümünü gözləyən qurbanlıq kimi titrəməyə başladım.

***

İlkin küçəyə çıxanda Elşadın maşını sürətlə uzaqlaşmaqda idi. Yolun kənarında müştəri gözləyən taksilərdən birinə dərhal əl elədi. Taksi tezliklə onun yanında dayandı. İlkin maşına əyləşən kimi sürücüyə həyəcanla ilk sualı bu oldu:

– İndicə buradan uzaqlaşan qara “Kia”nı gördün?

– Gördüm.

– Sür onun dalınca! Gözdən itirməyək! Tez ol! – İlkin sürücünü tələsdirdi. – Tez! Tez!

Sürücü vaxt itirmədən maşını yerindən tərpətdi. Sürəti artırıb, gözünü yoldan çəkmədən bütün diqqətiylə maşınların arasında ona nişan verilən maşını aradı.

İlkin həyəcandan özünü ələ ala bilmirdi. Təlaş içində əliylə üzünü ovuşdurub:

– Bir az bərk sür də, qurban olum… – Az qala yalvardı. – Tələs!

– Sən deyəsən məni zibilə salmaq istəyirsən, əmioğlu… – Sürücü narazılıqla başını buladı. İlkin əsəblə dilləndi:

– Axx… Elşad, axx!.. Gedib bir iş törədəcək, ağılsız!

Bir qədər getdikdən sonra onlar irəlidə Sabirin Elşadın maşınına əyləşdiyini gördülər.

– Budur? – Sürücü baxışlarıyla Elşadın maşınını göstərdi.

İlkini elə bil cərəyan vurdu.

– Sabir?!

Sonra birdən sanki ayıldı. Sürücüyə:

– Sür arxasınca! – dedi. Sürücü onun dediyi kimi etdi.

***

Sabir maşına əyləşib qapını örtdü.

– Xoş gördük! – Görüşmək üçün əlini Elşada uzatdı. Əli havada qaldı.

Elşad qaşqabaqlı halda maşını dərhal yerindən tərpətdi.

– Qanın qaradır deyəsən! – Sabir özünü sındırmayıb gülümsündü.

– Bişərəfin biri beynimi çöndərib! Onun qanını içəcəm! – deyə Elşad qaşlarını düyünləyib sınayıcı nəzərlərlə Sabirə baxdı. Sabir bu baxışlardan sıxılan kimi oldu. Amma tez özünü toplayıb, məcburi gülümsədi.

– Əşi, hər yoldan ötənə fikir vermə…

Elşadın acı istehzayla dodağı qaçdı. Bir qədər sonra Sabir narahat olmağa başladı.

– Hara gedirik, qohum? Sən rayondan çıxdın.

– Məsləhətli bir yerə! – Elşad gözünü yoldan çəkmədən sürəti bir az da artırdı. Sonra əlini uzadıb bardaçokun qapağını açdı. Oradan telefon nömrələrinin siyahısı olan kağızı götürüb Sabirə uzatdı.

– Bax gör, tanış gəlir? – Bardaçokun qapağını qəsdən örtmədi. Sabir kağızı əlinə alanda gözü bardaçokun içərisindəki bıçağa sataşdı. Rəngi saraldı. Yaman yerdə axşamladığını indi anladı. Maşına mindiyinə peşman olsa da artıq gec idi. Kağıza baxıb, öz nömrəsini görəndə isə ikinci zərbəni aldı.

– Nə oldu? – Elşad gözucu qanlı-qanlı ona baxdı.

Sabirin səsi çıxmadı. Elşad özü də bilmədi nə vaxt əl atıb hirslə onun yaxasından yapışdı. Bir əli rulda, bir gözü yolda olsa da onu özünə doğru çəkib, dişlərini bir-birinə sıxdı.

– Ayə, oğraşş! Sən mənə sataşırsan?! Kimsən sən?! Cındırr! Kimsən, cavab verrrr! – hiddətlə bağırdı.

– Qohum… – Sabir yazıq-yazıq zarıdı.

– Kəs! Mənim biqeyrət qohumum ola bilməz! Kəs!

Elşad bir xeyli yol qət etdikdən sonra maşını çöllükdə – əkin sahələrinin yanında saxladı. Burada heç kəs gözə dəymirdi. Yolun hər iki tərəfi pambıq sahəsi idi. Maşın dayanan kimi Sabir maşından enib qaçmağa başladı. Elşad bıcağı bardaçokdan götürüb vaxt itirmədən onun dalınca götürüldü.

***

İlkin taksi ilə bura çatanda qardaşının maşınını bir az irəlidə gördü. Pulu oturacağa atıb, təlaşla maşından endi. Taksi sürücüsünə əlinin işarəsiylə:

– Sən get, – dedi.

Sürücü başını pəncərədən çıxarıb soruşdu:

– Əminsən?

– Get, get, gözləmə.

Taksi sürücüsü maşını dalın-dalın sürüb oradan uzaqlaşdı.

İlkin başını itirmişdi. Təşviş içində Elşadın maşınına tərəf qaçdı. Maşının ön qapıları açıq qalmışdı. Burda kimsə yox idi. İlkini bir az da həyəcan götürdü.

– Elşad! – deyə qardaşını səslədi. Lakin səsinə səs verən olmadı. O, iki əlli başını tutub, irəliyə doğru qaçmağa başladı. Bir qədər getmişdi ki, böyürtkən kollarının sonunda onları görüb dayandı.

Elşad Sabiri ölümünə yumruqlayırdı. Sabirin sifəti qandan tanınmaz hala düşmüşdü.

– Danış, əclaf… danışşşş! – Elşad ona bir yumruq daha ilişdirdi. Ürəyi soyumadı, birini də ardınca. Sabir inildədi. Amma Elşad əl çəkmədi. Sinəsinin üstündə oturub bıçağı onun boğazına dirədi. Bıçağın iti üzünü xirtdəyində hiss edən Sabirin gözləri qorxudan böyüdü. Elşadın əlinin altında çapalayıb yalvarmağa başladı:

– Bir qələtdir eləmişəm, Elşad! Mən etdim, sən etmə, balalarım var!

– Nə qələt elədiyini, darıxma, onsuz da sənə yedirəcəm! De görüm, mənim evimin telefon nömrəsi səndə hardandır! Kim verib sənə o nömrəni?! – Danışması üçün bıçağı bir az da irəli basdı. – Dilləənnn!

Sabir xırıldadı. Baxışlarıyla kənarda dayanıb duyduqlarına sarsılan İlkinə yalvardı. Kömək istədi. İlkin təəssüf içində ona baxdı.

– Tfu sənə! Biqeyrət!

Elşadın qəzəbli səsi Sabirin canına yenidən vəlvələ saldı. Elşad səbri tükənmiş halda ona bağırdı:

– Səni çox gözləyəcəm?! Nə qədər ki, ölünü-dirini bir-birinə qatmamışam, dillən!

Sabir ayrı yolu qalmadığını anlayıb, etiraf etməyə başladı:

– Atamın qəbrinə and olsun, Elşad. Mənim sənin arvadınla heç bir münasibətim yoxdur! Heç üzünü də görməmişəm ki, görsəm tanıyam! Kimin qızıdır, onu da bilmirəm! Mənə nə deyilibsə, onu da eləmişəm! Sadəcə zəng vurmuşam, vəssalam! Zəngimə də cavab verən olmayıb.

– Bu dəqiqə göndərirəm səni də atanın yanına, alçaq! Kim verib sənə nömrəni?! Dillənnn!

Sabir güclə nəfəs ala-ala Elşadla İlkini süzüb dilləndi:

– Anan verib nömrəni mənə!

İlkin yerindən sıçrayıb Sabirə bir təpik ilişdirdi. Hiddətlə bağırdı:

– Anamın adını ağzına alma, əclaf! Özünü təmizə çıxarmaq üçün anama şər atırsan?!

Elşad əlinin bir hərəkəti ilə İlkini geri itələyib qəzəblə Sabirin üzünə baxdı. Sabir can hövlüylə tez-tələsik dediklərini təsdiqlədi:

– Əgər yalan deyirəmsə, balalarımın üzünə həsrət qalım! Mənsumə xala verib mənə nömrəni! – Elşadın üzündəki gərgin ifadəni izləyə-izləyə əlavə etdi. – Bizə gəlmişdi… Dedi ki, Elşad qız gətirib evə. Ailəmizə yaraşmayan bir ailənin qızıdır. Elşada söz başa sala bilmirik. Atası ürəyinə vurub, səsini çıxarmır, xəstə düşüb. Kömək elə, rədd eləyək, getsin. Yalvarıb-yaxardı. Ağlayıb, gözünün yaşını tökdü. Dedi onu Elşadın gözündən sal, mükafatın mənlikdir! – Sabir sözünün sonunda özünü qınadı. – Əllərim qırılaydı…

Elşadı elə bil don vurmuşdu. Sarsılmış halda Sabirin gözünün içinə baxır, eşitdiyi sözdən qulaqları uğuldayırdı. Yatsaydı yuxusuna da girməzdi ki, ona bu pisliyi edən anası olar. Qeyri-ixtiyari dünən axşam anasının mətbəxdə ona dediklərini xatırladı:

“…Ondan sənə arvad olan deyil! Özünü bilə-bilə bədbəxt eləmə! Çox sözü açıb deyə bilmirəm, səsimi çıxarmıram ki, qonşular bilməsin. Sənin evdən çıxmağını gözləyir. Telefonu güdür! Gözü orda-burdadır! İlkini görsün, özünü quzu kimi aparır. Buna görə İlkin onu müdafiə edir də. Gözündə imam, peyğəmbər balasıdır. Mən sənin ananam, düşmənin deyiləm, ay bala. Adın ağızlarda hallanar, rüsvay olarsan! Nə qədər ki, bu qız sənin əlini qana bulamayıb, boşa getsin! Ziyanın yarısından qayıtmaq da xeyirdir. Onsuz da məcburi gətirmişdin, razı deyildi. Qulağı səsdədir ki, ona çıx get deyəsən. Rədd elə getsin! Biabır olarıq! Sənin də qismətin belə imiş, anan ölsün! Öləydi anan, bu gününü görməyəydi!..”

Demək, hər şeyi əvvəlcədən gözə alıb planlaşdıran anası dünən axşam Elşadla bu söhbəti etməklə özünü sığortalayırmış…

Düşündüklərinin təsiri ilə Elşadı tər basmışdı. Sinəsi təlatümlə qalxıb enirdi. İlkinin səsinə özünə gəldi:

– Burax, rədd olub getsin!

Elşad keçirdiyi gərginliklə özü də hiss etmədən bıçağı Sabirin boğazına çəkmişdi. Bunu görəndə İlkin Elşadı zorla Sabirdən ayırıb kənara çəkdi.

– Elşad, özünə gəl! – Qollarından yapışıb, onu möhkəmcə silkələdi. – Belə şərəfsizə görə türməyə düşməyə dəyər? Lazımdır sənə?! Ailən necə olacaq? Burax getsin!

Bıçaq dərin kəsməsə də Sabiri qan yuyub aparırdı. O, əliylə kəsilmiş nahiyəni tutub sıxmış, ufuldayırdı. Barmaqlarının arasından qan süzülürdü. Qorxudan böyümüş gözləriylə Elşada baxırdı.

Elşad onu saran əsəbdən özünə hakim ola bilmədi. Yenidən Sabirin üstünə hücum çəkdi. Yumruq zərbəsiylə onu dalbadal vurub, hiddətlə bağırdı:

– Yoox, belə asanlıqla çıxıb gedə bilməz! Onda bu millət mənə nə ad verər! – Yaxasından tutub onu silkələyə-silkələyə: – Səni rayonun mərkəzində lüt gəzdirməsəm… – deyib, amiranə bir səslə tələb etdi. – Soyun, oğraşş! Soyunn!

Sabir bunu duyanda canının ağrısını unudub, Elşadın əlinə-ayağına düşdü:

– Səni and verirəm Allaha, məni öldür, amma bunu eləmə! Gərək ondan sonra mən özümü asım, yaşamayım!

İlkin qardaşını fikrindən daşındırmaq üçün əlindən gələni etməyə çalışdı:

– Ağlını başına yığ. Bu alçağa heç nə olmayacaq. Onsuz da ləyaqətini, şərəfini itirib. Belə etməklə sən özünü, o qızı rüsvay edəcəksən! Bilirsən, onda camaat nə fikirləşəcək? Fikirləşəcək ki, arvadıyla bir yerdə tutub, belə əvəz çıxır!

Sabir az qala inlədi:

– Burax məni, çıxıb gedim. And içirəm ki, bu söhbət mənimlə qəbrə gedəcək! Əgər haradasa, kimdənsə bir kəlmə eşitsən, qanımı sənə halal eləyirəm! Bir səhvdir elədim, məni balalarıma bağışla!

Uzun cəhddən sonra İlkin, nəhayət, Elşadı Sabirdən ayıra bildi. Qoluna girib güc-bəla ilə maşına tərəf apardı. Ona maşını sürməyə icazə verməyib, özü sükan arxasına keçdi. Maşını işə salıb, bir göz qırpımında oradan uzaqlaşdı.

Yol boyu bir gözü onunla yanaşı oturmuş Elşadı, onun üzündəki ifadəni izləyirdi. Elşad özündə deyildi. Heç cür sakitləşə bilmirdi. Düşündükcə ağlı başından çıxırdı. Gərginlikdən əli-ayağı əsirdi. Tez-tez əliylə əsəbi şəkildə üzünü ovuşdururdu.

İlkin bunu gördükcə narahatlığı bir az da artır, nə edəcəyini bilmirdi. Dözməyib dilləndi:

– Elşad, qaqa, birbaşa sürürəm xəstəxanaya. Sən heç yaxşı görünmürsən. Gedək həkimə, iynə vursunlar, sakitləş.

– Lazım deyil! – Elşadın gərgin səsi eşidildi. O, siqaret çıxarıb alışdırdı. Şüşəni aşağı endirib, əsəbiliklə sümürməyə başladı.

Havası çatmırdı. Boğulurdu…

1 SAAT SONRA.

Elşad yenə içki sifariş vermişdi. Durmadan içirdi. İlkinin iradına rəğmən içirdi.

İlkin onu tək qoymamaq üçün yanından ayrılmaq istəməmişdi. Qardaşının halını-vəziyyətini ürək ağrısıyla süzüb, tab gətirmədi:

– Bəsdir özünə belə zülm elədin! Gələndən içirsən, bəsdir! – Qədəhi Elşadın əlindən almaq istədi.

– Qarışma! – İlkinin əlini hirslə geri itələyən Elşad düyünlənmiş qaşlarının altından zəhmli-zabitəli baxışlarını məchul bir nöqtəyə zilləyib, davam elədi. – Öz işinlə məşğul ol! – Bunu deyib, qədəhi başına çəkdi.

İlkin xahişdən israra keçdi:

– Qurban olum, qaqa, dur gedək evə!

– Mən ora getsəm, o evə od vuracam! Özümü güclə saxlamışam ki, bunu eləməyim!

İlkin deməyə söz tapmayıb susdu. Başını aşağı saldı.

Bir qədər sükutdan sonra Elşadın acı istehza ilə dodağı qaçdı:

– Mənə çatmır e… Nə qədər baş sındırıram, yenə də dərk edə bilmirəm. Çatmır mənə! Özünü ana adlandıran bir kəs balasına bunu necə eləyə bilər? Bu insan mənə düşməndir?

– Elşad…

– Sözümü kəsmə! – Elşad qardaşına üzünü bozartdı. Sonra haqsızlığa üsyan edən bir tövrlə: – Pis oğul olmuşam? Naxələflik eləmişəm? Nə vaxt sözləri yerə düşüb? Nəyi deyiblər etməmişəm? Mən onlara bir kəlmə qəti söz dedim ki, sevmədiyim bir qızla evlənə bilmərəm! Vəssalam! Mən… Mən sizə namusumu etibar etmişdim, İlkin!..

– Elşad… qaqa… – İlkin əzab içində qardaşının qolunu sıxdı.

– Gecəni orada rahat yatırdım ki, nə qədər düşmən gözüylə baxsalar da, ata-anam var yanında, qardaşım var! Axırı da bu! – Elşad qədəhi yenidən doldurub başına çəkdi. – “Ailəmizə yaraşmayan!” – Sabirdən duyduğu sözü kefli-kefli öz-özünə təkrarlayıb acı təbəssüm etdi. – İlkin… Sənin bu heç kimi bəyənməyən anan bizim ailəni nümunəvi ailə hesab edir. Qardaşım iynə vurub, mal alıb-mal satıb girib içəri… Mən silah gücünə qız qaçırtmışam. Zorla özümə arvad eləmişəm… Atam arvadın qorxusundan səsini çıxarmır… Anan da ki, belə vəziyyətdə öhdəsinə düşəni elədi. Ailəmizə yaraşanı! Öz marağı, məqsədi üçün camaatın balasını şərlədi!

(Ardı var)

Müəllif Firuzə Davudqızı
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 5 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri