Həsrətindəyəm (30-cu bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 4 212
Səs ver:
(səs: 1)
Gəlib çatdıq. Artıq axşam düşmüşdü.

Küçədə darvazanın önündə xeyli maşın dayanmışdı. Ayaq basmağa yer yox idi. Həyətə keçəndə tünlükdən gözlərim qaraldı. Qohum-əqrəba, tanış-biliş, hər kəs – az qala rayonun yarısı burada idi. Evə keçəndə qayınanamı tanımağa çətinlik çəkdim. Üzü cırmaq-cırmaq idi, başını sarımışdı. Ağlamaqdan rəngi pörtmüşdü, gözləri qızarmışdı. Ərini görməsi ilə:

– Əli, hanı Elşad? Hardadır balam? Niyə özünlə gətirmədin? – deyib fəryad etdi. – Balamın başına nə iş gəldi?! Niyə dinib, bir söz demirsən?!

Ağlaşma qopdu. Qayınanamın gözü mənə sataşanda ona elə bil od vurdular. Bir az da alışıb tüstüləndi:

– Yedin oğlumun başını?! Səni görüm heç sağ gəlməyəydin. O güllə sənə dəyəydi, oğluma yox! Səni görüm heç üzün gülməsin!

Məni hönkürtü tutdu. Elnarə ilə Nazilə yanıma gəldilər. Hər ikisi mənə sarılıb ağlaşdılar. Qohumlar yerbəyerdən qayınanama səslənib, onu sakitləşdirməyə çalışsalar da, onun mənə nifrəti o qədər böyükdü ki, yüz il bundan sonra da keçən deyildi. Heç kimi dinləməyib, kin-küdurətlə ərinə səsini ucaltdı:

– Niyə gətirmisən bunu mənim üstümə?! Baxıb odlanım?! Mənə lazımdır bu?! Mən səndən oğlumu istəyirəm, bu həyasızı yox!

Qadınlar ona təkrar irad tutdular:

– Mənsumə, bəsdir! Ayıbdır. Nəvəni götür qucağına. Oğlunun ciyərparasıdır, ona sarıl.

Lakin deyilən sözlərin bir faydası yox idi.

– Oğlumu məndən alan həyasızın dünyaya gətirdiyi uşaq da mənə lazım deyil! – Qayınanam səsini bozartdı.

Bu vaxt qayınatam səbrinə hakim ola bilməyib təmkinini pozdu. Hiddətlə arvadına bağırdı:

– Bəsdir! Partlayır ürəyim! Tab gətirə bilmirəm! Qoy yerə bu hikkəni! Biryolluq qəbul elə artıq, balası var! Ailəsidir! Sənin bu düşmənçiliyin, bu danışıqların oğlumu didərgin elədi evindən, elindən-obasından! Əlimdən getdi oğlum! İndi heç meyitini də tapa bilmirəm ki, məzarı ilə ovundurum özümü! Bir balaca toxtaqlıq tapam! Bəsdir də! İçərimə vurub susmaqdan parça-parçadır ürəyim! Bəs eləmir sənə? Bəs eləmir?! Daha nə istəyirsən?

Qadınların bu sözlərdən sonra bir ağızdan hönkürtü ilə ağlaması varlığımı silkələdi.

Qayınatam getməzdən əvvəl xəbərdarlığını etdi:

– İnşallah, Elşaddan bir xəbər tutaram, inşallah, balasına görə rəhm edər Allah! Amma bunu bil ki, o, qayıtsa da, qayıtmasa da bu uşaqların evi buradır. Onların başından bir tük əskik olsa, özündən küs!

O, bunu deyib, evdən çıxdı. Qayınanam qanlı-qanlı məni süzdü. Sonra saçını-başını yola-yola ağı deyib ağladı.

Elşadın qohumları bir-bir gəlib mənə sarılaraq səbirli olmağı diləyirdilər. Bu anlarda heç kəs göz yaşlarını saxlaya bilmirdi.

Səs-küydən qorxub çığıran Hüseyni sakitləşdirmək üçün bir vaxtlar Elşadla mənə məxsus olan otağa keçdim. Qapını açıb içəri girəndə onunla burada keçirdiyim günlər gözlərim önündə canlandı. Məni yenidən ağlamaq tutdu.

Hüseyni taxtın üstünə qoyub, özüm də yanında oturdum. Bu vaxt Elşadın əmisi qızı Nazilə içəri gəldi. Nə halda olduğumu görüb, məni qucaqladı:

– Allahdan ümidini üzmə! Rəhm edər, inşallah! İnamlı ol! Bir də gördün bir möcüzə baş verdi! O qədər olub ki, belə hadisələr. Allah bu balacaya bağışlasın Elşadı!

Gəlinin sözləri ürəyimə az da olsa ümid işığı səpdi. O, mehribancasına bizi süzüb, baxışlarıyla Hüseyni göstərdi, ağlamaqdan qızarmış gözləri təbəssümlə qıyıldı.

– Gözlərini səndən alıb. Amma eynən Elşadın özüdür. Necə də bənzəyir. Allah atasını buna çox görməsin! İnşallah, şad xəbərlə gələr əmim!

Mənim yanaqlarıma süzülən göz yaşlarımı silən Nazilə qayğıkeş bir rəftarla:

– Ağlama, gözəlim. Bax, görərsən, yaxşı olacaq hər şey! Sən yaxşı tərəfini düşün, ürəyinə pis heç nə gətirmə! Ümidini qətiyyən itirmə! Allah böyükdür, rəhm edəndir. İnşallah, qardaşıma rəhm edər! – dedi.

Mən ona sarılaraq daha da kövrəldim:

– Yaxşı ki, varsan! Gözəl ürəyin var olsun, bacım! Yaxşı ki, ümid verən bu sözlərin var!

Nazilə saçlarımı sığalladı. Üzümdən öpüb dedi:

– Yoldan gəlmisən. Elnarəyə dedim, indicə yemək hazırlayır səninçün. Keçək mətbəxə, bir tikə də olsa, ye. Uşağı da yedirt.

Mən iştaham olmadığını söylədim və ondan bacıma zəng vurmaq üçün mobil telefonunu istədim:

– Bilsinlər ki, gəlmişəm, rayondayam.

– Bu nə sözdür, Mələyim, buyur. – Nazilə dərhal telefonunu mənə uzatdı. – Mən çıxıram, sən rahat danış. Amma sonra mütləq gəl, çaydan-çörəkdən ye.

O, əyilib Hüseynin üzündən öpərək otağı tərk elədi.

İllər əvvəl atam məni Nasosnıdan götürüb evə qaytarandan sonra Elşadın evə zəng vurub mənimlə əlaqə yaratmaq istədiyini biləndə ev telefonunu xətdən ayırıb nömrəni biryolluq ləğv etdirmişdi. Buna görə də evə zəng vurmağa ehtiyac yox idi.

Artıq 2 il idi ki, bacım hərbi komissarlıqda işə düzəlmişdi. Və işindən dolayı zərurət yarandığı üçün özünə telefon almalı olmuşdu. Yalnız bundan sonra o, Elşadın telefonuna zəng vurub mənimlə danışmaq imkanı tapmışdı. Beləcə zəngləşir, bir-birimizdən xəbər tuturduq.

Atam bu illər ərzində hələ də məni dindirib-danışdırmırdı. Anam və bacım mənimlə ondan gizlin əlaqə yaradırdılar.

Alt-üst olmuş bir əhvalla qəm-qüssə içində bacıma zəng vurdum. Uzun çağırışdan sonra o, zəngə cavab verdi.

Mən qəhərdən boğula-boğula :

– Bacı… – deyib, ona səsləndim.

– Mələk?! – Bacım heyrəti və həyəcanı bir-birinə qarışmış halda dərhal mənə səsləndi. – Neçə gündür haradasız, ay qız? Bu kimin nömrəsidir? Heç bilirsən Elşada nə qədər zəng vurmuşam? Çağırır, amma cavab vermir.

Bunu duyanda hönkürdüm.

– Mələk!.. Yaxşısan?

Cavab verə bilmədim. Səssiz-sədasız göz yaşı tökürdüm. Bacımın biz sarıdan narahatlığı səsinə də sirayət etmişdi. Həyəcanla deyirdi:

– Orada vəziyyətin dəyişməsi ilə bağlı bizə telefonoqrama gəlmişdi. Evdə bildirmədim, amma narahat idim sizə görə. Sonra xəbərlərdə göstərdilər. Anagil o zaman xəbər tutdular. De görüm yaxşısız, Elşad, uşaq, özün? Dillən, ürəyim partladı!

– Elşad itkin düşüb, Leyla. Bilmirəm sağdır, ya… – Şəhid olub deməyə dilim gəlmədi, sözümün ardını gətirə bilməyib yanıqlı-yanıqlı hönkürdüm. – Bacın bu dəfə həqiqətən bədbəxt oldu, Leyla! Sənə ehtiyacım var, bacı. Çox pisəm! Kaş yanımda olaydın, kaş sənə sarılaydım. Tab gətirə bilmirəm bu dərdə. Bacarmıram!

– Sən nə danışırsan, ay qız?! İtkin düşüb nədir? Hardasan sən? – Leylanın səsi titrədi.

Özümü toplayıb, gözümün yaşını silə-silə dedim:

– Rayondayam.

– İlahi, özün kömək ol! – Leyla dərindən ah çəkdi. Sonra mənə toxtaqlıq vermək istədi. – Yəqin bir anlaşılmazlıq olub. Əminəm ki, düşündüyümüz kimi olmayacaq. İnşallah, Elşad barədə yaxşı xəbər alarıq. Qorxutma özünü. Həyəcanlanma. Uşağı düşün, özünü ələ al.

Başıma gələn müsibətlərdən xəbərsiz olan bacımın bu sözlərinə məni təkrar ağlamaq tutdu. O isə məni sakitləşdirməyə çalışdı. Ürək-dirək verdi.

Bir qədər sonra mətbəxə keçib Hüseynin yeməyini hazırlamağa başladım. Bu vaxt bir nəfərin mətbəxə keçdiyini gördüm. Salamsız-kəlamsız masanın arxasına keçib oturdu. Zəhmli-zabitəli baxışları canıma qorxu saldı. Bütün diqqəti ilə altdan-altdan məni süzdüyünü gördüm. Üzündəki ifadə, davranışları ilk baxışdan məndə müsbət hisslər oyatmadı. Sıxıla-sıxıla öz işimi görməyə başladım. Nazilə mənə yaxınlaşıb qulağıma pıçıldadı:

– Tanıdın bu kimdir?

– Yooxx. – Mən oğrun baxışlarla yenə həmin adamı süzdüm.

– Zeynaldır də. Elşadın qardaşı. Bir aydır çıxıb həbsxanadan.

Mən heyrətlə Naziləyə baxdım. Deməli, bu mənim qaynım idi. Allahın bir salamını da vermədi, nəinki məni gördüyünə sevinə.

İlahi, Elşadla, İlkinlə bunun arasında dəryalar qədər fərq vardı. Heç elə bil bir atanın, ananın övladları deyildilər.

– Şəklini də görməmişdin?

– Yoox. – Çiyinlərimi çəkdim. Lakin marağımı boğa bilməyib, pıçıldadım. – Bəs o bilir mənim kim olduğumu?

– Niyə bilmir ki. – Nazilə narazılıqla gözlərini süzdürdü. – Qanacağı bura qədərdir. Dindirməsə, dinmə.

Əslində onun mənə zillənən qanlı baxışlarından anlamalıydım bunu. Məni bu evdə istəməyənin biri də artmışdı.

Bu vaxt Nazilənin 13 yaşlı qızı Fidan Hüseyni qucağında mətbəxə gətirdi. Hüseyn birdən-birə düşdüyü yad mühitdə hədsiz narahat olmuşdu. Sakit olmurdu. Durmadan ağlayırdı. Nazilə Hüseyni Fidandan alıb, sakitləşmədiyini görəndə mənə verdi.

– Sən sakit elə, mən hazırlayaram. Bizi tanımır deyə dayanmır.

Mən Hüseyni sakit etməyə çalışarkən gözüm bir ara Zeynala sataşdı. O, özünü qəribə aparırdı. Qollarını ovuşdurur, yerində vurnuxurdu. Əsəbiliklə tez-tez saçlarını daraqlayırdı. Üşüyən adamlar təki çənəsi titrəyirdi. Onun bu davranışlarından özümü birtəhər hiss elədim. Açığı, narahat oldum. Nazilə mənim əhvalımı görüb, pıçıldadı:

– Hmm… Gəlib də təbi. Özündə deyil. Yıxdı əmimin evini.

– Necə yəni? Anlamadım.

– İynənin təbi!

Mən gözlərim heyrətdən böyümüş halda Naziləni süzdüm.

– Bəs niyə gəlib gizlənib burda? Allah vurmuş! Elşada gələn bəla buna gələydi də. Əmimin də canı qurtaraydı. – Nazilə təəssüflə əmisi oğlunu süzdü.

Bu vaxt Zeynalın qəzəbli səsinə diksindim:

– Kəs o küçüyün səsini! Baş-qulağım getdi!

Hüseynə belə deməsi qəlbimə necə toxundusa, özü də belə kövrək, belə həssas bir vaxtımızda, məni ağlamaq tutdu. Özümü kimsəsiz, müdafiəsiz hiss elədim.

Nazilə əlimdən tutdu:

– Fikir vermə. Özündə deyil.

Zeynal mənim ağladığımı görəndə daha da çoşdu:

– Azz… Pisniyyət itlər kimi nə ulayırsan qulağımın dibində? Demirəm küçüyünün səsini kəs?! – Bunu deyib hiddətlə ayağa qalxdı. Masanın üstündəki qəndqabını götürdü. – Bu saat bunu geyindirəcəm təpənə! Səsini kəs! Utanmır, hələ bir gözümüzün qabağında da fır-fır fırlanır!

– Zeynal. – Nazilə təəssüflə ona baxdı. – Gəlininizdir e, bu qız sizin. Adam var evdə. Ayıbdır! Qardaşına belə hörmət qoyursan?

– Sən öz işinlə məşğul ol! Mənə ədəb-ərkan öyrətmə! – Zeynal Naziləyə üzünü bozartdı.

Mən Hüseyn qucağımda dərhal mətbəxdən çıxıb otağımıza qayıtdım. Xeyli sakitləşə bilmədim. Gözümün yaşını tökə-tökə Hüseyni yedizdirirdim ki, Nazilə Elnarə ilə birlikdə yanıma gəldi. Hər ikisi məyus ifadə ilə gözlərini üzümə zillədi. Nazilə:

– Sən ona fikir vermə, – dedi. – Nə dediyini heç özü də bilmir. Ağlı çıxıb başından.

– Nazı düz deyir, Mələk. – Elnarə yanağımı sığalladı. – Ürəyinə salma onun sözlərini, gözəlim. Hamı bilir onun dərdi nədir. Heç kim ona əhəmiyyət vermir, görürsən ki. Özünü hamının gözündən salıb. Ağlama. Bu gözlərinə göz yaşı heç yaraşmır. O da elə bədbəxtdir də.

Baxışlarımı qaldırıb daxilimi saran bir qorxu, izah etməyə çəkindiyim bir narahatlıqla Naziləni süzdüm.

– Qala bilərsən bu gecə mənim yanımda? Qal da, xahiş edirəm.

Elnarə mənim fikrimi təsdiqlədi.

– Haqlıdır qız, qalsan yaxşı olar. İki addımlıq yoldur sizlə bunların arası. Etibar evdədir də. Əminin evidir.

Nazilə razılaşdı. Məni arxayın etdi:

– Baş üstə, sən necə istəyirsən, elə olsun. Uşaqları evə yola salım, atasına tapşırıb, gələcəm. Narahat olma.

Rahat oldum.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri