Bir cüt qanad (3-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 493
Səs ver:
(səs: 0)
Bir qoxu hiss edirdim. Yumurta qoxusu. O qədər gözəl idi ki bu qoxu, onu hiss etmək üçün yuxudan oyanmaq belə istəmirdim. Çünki bunun bir yuxu olduğunu bilirdim. Xəstəxanada dadsız-duzsuz və heç bir ləzzətli qoxusu olmayan yeməklərdən başqa heç nə vermədikləri halda bu yumurta həqiqət ola bilməzdi, düzdü?
Bir dəqiqə. Axı xatırladığım qədəri ilə gənc polislə birlikdə xəstəxanadan qaçmışdım, yoxsa o da mı bir yuxu idi? Yuxu olmasın...
“ Heç olmadığı qədər gerçək idi.” – bir səs eşitdim və bunun
yuxu olmadığını əminliklə deyə bilərdim.
Yenə həmin səs.
Tanrım, bu bir yuxu olsun.
“ Amma sən də bir qərar ver, yuxu olsun, ya olmasın?”
Göz qapaqlarımı qaldırıb tavana baxdım. Bu heç də tanış bir tavan deyildi. Başımı yana çevirərək ətrafıma baxdım. İri bir çarpayıda və təptəzə örütklərin arasında idim. Boz və qara rənglərin üstünlük təşkil etdiyi bu otağı ilk dəfə gördüyümə and içə bilərdim. Bir anlıq buranın həmin o xəstəxana otağı

olmadığı üçün sevinsəm də, harada olduğumu düşünməyim bu
sevincimin qarşısını alırdı.
Və bir də həmin qoxu var idi. Eyni yumurta qoxusu. Demək
ki, yuxu deyilmiş.
Üstümdəki örtüyü qaldıraraq çarpayıdan qalxdım. Özümü heç olmadığım qədər gümrah hiss edirdim. Qapını açaraq buranın hara olduğunu və bu ləzzətli yumurtanı kimin bişirdiyini öyrənmək üçün otaqdan çıxdım.
Qarşımda sadəcə iki kreslo və bir stolun olduğu zal var idi. Zalın sonunda isə açıq bir şəkildə mətbəx. Ətrafıma baxdım və heç kimi görməyincə addımlarımı surətləndirib qoxunun mənbəyini taqmaq üçün mətbəxə daxil oldum. Masanın üzərinə pendir, pomidor dilimləri, zeytun və çörək düzülmüşdü. Sobanın üzərində isə bişməkdə olan yumurtalar var idi. Həmin gəncin harada olduğunu düşünərkən az öncə çıxdığım otağın yanındakı qapı açıldı və yalnız cins şalvarı ilə çiynindəki dəsmala əllərini silərək çıxan həmin polisi gördüm.
“ Bu gün də bütün bu yeməkləri tək başıma yeyəcəyimdən qorxurdum.”
Yarıçılpaq bir şəkildə olduqca rahat hərəkət edərkən onun qüsursuz bədəninə daha çox baxa bilməyib gözlərimi qaçırtdım və üzümü digər tərəfə çevirdim. Bunu görən oğlan gülərək “ özünü saxlaya bilməyib üstümə atılacağından qorxursansa, sənə bir məsləhət, Qızılsaç – qorxularla yaşamaq heç də yaxşı deyil.” – dedi. “ Rahat ola bilərsən.”
Ona tərəf döndüyüm zaman artıq çılpaq bədəninin örtüldüyünü görüb dərindən nəfəs aldım. İlk dəfə xəstəxanda polislə gələrkən qorxumdan, həmin günün axşamı isə qaranlıqdan onu daha yaxşı görə bilməmişdim. Ancaq indi qarşımda dayanarkən belə bir seçimin olmadığını anladım.

Məndən uzun olduğunu pəncərədən tullanarkən məni qucağına aldığı zaman da anlamışdım, ancaq bu qədər olduğunu təxmin etmirdim. Enli alnı, iri çıxıntılı çənəsi və mavi gözləri “ ƏN YARAŞIQLI ÜÇ ADAM ” siyahısına liderlik etməsinə kifayət idi.
“ Yaxşısan?” Düz qarşımda dayanaraq əlini gözümün qarşısında yellədirdi.
Dərhal özümə gəldim. “ Mən...” Ancaq Emmanuelin üzündə
qəribə bir gülüş var idi.
Tanrım, yalvarıram bircə düşüncələrimi oxumuş olmasın.
Aramızda bir barmaq qədər məsafə qalana qədər mənə yaxınlaşdı. Bütün bədənimi buz kəsmişdi və hərəkət etmək bir yana qalsın, nəfəs almaqda belə çətinlik çəkirdim. Qulağıma “ belə düşündüyünə sevindim.” – deyə pıçıldadı və yanımdan keçərək sobanın qarşısında dayandı. “ Tam vaxtında.” – dedi. “ Biraz da gec gəlsəydim, yumurtalarla vidalaşmalı olacaqdıq.” Saçımı qulağımın ardına qoyaraq sakitcə hazırlanmış stolun arxasında əyləşdim. Emmanuel əlləri ilə - sözün əsl mənasında, əlləri ilə - isti tavanı götürüb masaya qoydu. Üzündə əlinin yanmasına dair bir ifadə tapmağa çalışsam da, heç nə əldə edə bilmədim. Gənc polis masanın üzərindəki stəkanlara çay süzərkən tavanın isti olub-olmamasını yoxlamaq üçün əlimi uzatdım və ani bir toxunma qışqırmağıma səbəb oldu. Dərhal barmağıma baxdım və qızardığını gördüm, halbuki,
Emmanueldə bunların heç birinin olduğunu görməmişdim.
Çayları süzərək əyləşdi. “ Nuş olsun,” – dedi və tavadakı
yumurtadan bir qədər boşqabına qoydu.
Ani bir hərəkətlə onun əlini tutaraq baxdım. Heç nə olmamışdı. “ Axı bu necə... Sən... Tanrım, mən, həqiqətən də, dəliyəm. Çünki bunların başqa cür izahı ola bilməz.”

Barmağımla saymağa başladım. “ Düşüncələrimi oxuyursan, beynimin içərisinə girib danışa bilirsən, dördüncü mərtəbədən tullanaraq sağ qalırsan və sanki, soyuqmuş kimi qaynar bir tavanı sadəcə əllərinlə tutursan.” Qəbul edirəm, sonuncu bir az qəribə səslənə bilər, amma yenə də haqlı idim. Bütün bunları bir insanın etməsi mümkünsüz idi.
“ Əvvəl də dediyim kimi dəli deyilsən.” – deyib bıçaqla kəsdiyi yumurtanı çəngəlinə keçirdərək ağzına qoydu. Ehmalca onu çeynəyib qutardıqdan sonra “ ilk öncə yeməyini ye, iki gündür, yatırsan, əminəm ki, mədən artıq üsyan qaldırmaq üzrədir. Bitirdikdən sonra bütün suallarına cavab verəcəm.” – bildirdi.
İki gün?
Başı ilə təsdiqlədi. Yenə düşüncələrimi oxumuşdu. “ İlk öncə yeməyini bitir.”
Onunla razılaşdığımı göstərmək üçün çayımdan bir qurtum içdim. Yumurtanın dadını , az qala, unutmuşdum. Onun ləzzətli dadını daha yaxşı hiss etmək üçün asta bir şəkildə çeynəməyə başladım. Mədəmin artıq daha çox gözləmək niyyəti olmadığını çıxartdığı səslərdən bilmək mümkün idi, bunun üçün tez bir zamanda ağzımdakı tikəni uddum. Bütün masanın üstündəkiləri silib-süpürməklə məşğul olarkən oğlanın kimliyini də düşünmədən dayana bilmirdim.
Bir insan bütün bunları edə bilərdimi? Əlbəttə, yox. Onda bütün bunlar onun bir insan olmadığını göstərirdi. O zaman nə idi? Bir cadugər? Bir vampir? Bir mələk? Bir ruh? Başqa nə ola bilərdi ki?
Suallarıma tez cavab tapmaq üçün yeməyi bir neçə dəqiqənin içərisində bitirmişdim. Emmanuelin də qutarmasını gözləyərkən bir stəkan çay süzərək kreslolardan birində

əyləşdim. Əslində bir pəncərə qırağında durub çölü seyr etmək istərdim, ancaq ətrafda pəncərədən əsər-əlamət yox idi.
Masanın üzərindəkiləri təmizlədikdən sonra əlləri cibində mətbəxdən çıxdı.
“ İndi başlaya bilərik?” – dedim.
“ Başlaya bilərik?” Üzündə pis bir gülümsəmə yarandı. “ Belə bir fikrin var idisə, öncədən də deyə bilərdin.”
“ Tanrım... Suallarıma cavab verməyi nəzərdə tuturdum.” “ Əlbəttə.”
“ İlk olaraq...” – deyib vermək istədiyim bütün sualların siyahısını hazırladım beynimdə. Hansıları ön sıralara qoyacağımı bilmirdim, çünki bütün suallar mənim üçün vacib idi. Hər birinə cavab tapmalı idim. “ Mənim kim olduğumu bilirsən?” – soruşdum. “ Ya da yox, ilk öncə niyə məni xilas etdiyini de.” Kreslodan qalxaraq ortalıqda gəzməyə başladım. Həyəcanım məni öz əsirinə çevirmişdi. “ Ən yaxşısı, mənim düşüncələrimi necə oxuduğundan başla. Bir dəqiqə, sən kimsən? Məncə, bu sualdan başla. Ya da...”
“ Ah, Qızılsaç sən hər zaman belə səbirsizsən? Nə də olsa, vaxtımız boldur.” Qolumdan tutaraq kresloda oturmağımı işarə etdi. “ Otur və dinlə. Mən sənə hər şeyi danışacam.”
Kresloda oturdum. Üzümə düşən qızılı saçlarımı arxaya atarkən əynimdə hələ də xəstəxanadan qalma paltarların olduğunun fərqinə vardım. Ancaq indi bunu düşünməyin sırası deyildi.
“ Hazırsan? Yerində yaxşı otur, çünki kim olduğumu açıqlayacam.” Əsəbi bir halda başımı tərpətdim. “ Mən bir mələyəm.” – dedi, sanki, gündəlik hava xəbərləri haqqında məlumat verirmiş kimi adi bir səs tonu ilə.
“ Nə?” Eşitdiyim düz ola bilərdimi ki? Bir mələk?

“ Bəli, eşitdiyin doğrudur. Mən bir mələyəm.”
“ Tanrım, məni sınağa çəkməkdən yorulmadınmı? İlk öncə heç nədən xəbərsiz və keçmişimi xatırlamadan bir parkda oyandırdın, susdum, daha sonra bir dəlixanaya yatızdırdın, yenə də susdum, amma bu lap ağ oldu ki !!!” Bunları ürəyimdə demək istədim, ancaq onsuz da qarşımdakının bunları eşədəciyini bilərək hündür səslə söylədim. Və məhz bu anda vəziyyətin ciddiliyini anladım. Bəzi sözlər və fikirlər yüksək səslə deyilərkən insana daha qəribə gələ bilərmiş. Üzümü qarşımdakına çevirdim. “ Mənimlə zarafat edirsənsə, heç yaxşı vaxt seçməmisən.” Ancaq Emmanuelin üz ifadəsində bunun zarafat olduğuna dair heç bir işarə yox idi. “ Zarafat etmirsən, düzdü?” Sakitcə başını iki tərəfə hərəkət etdirdi. “ Axı bu necə ola bilər? Bir mələk, hə? Bəs... Bəs sənin qanadların?” Heç qanadların yeri idi?!
“ Qanadlar bu dünyada görünməzdirlər, Qızılsaç.” “ Məndən nə istəyirsən?”
“ Bura bir Baş Mələk tərəfindən göndərilmişəm.” “ Michael, Raphael kimi?”
“ Uriel” – dedi sakitcə. “ Səni harada tapacağımı mənə
deyən məhz O idi.”
“ Axı niyə? Bunun bir səbəbi olmalıdı, ya yox?” Bütün bunlara inana bilmirdim. Qarşımda bir mələk dayanmışdı. Milyardlarla insanın əl açaraq dua etdiyi Tanrının yaratdığı mələklərdən biri ilə söhbət edirdim. Özümü necə hiss edəcəyimi bilmirdim. İçimdə daha çox təəccüb qarışığı qorxu qığılcımları baş qaldırmışdı. Ancaq bir mələyin yanında nədən və kimdən qorxduğumu özüm də bilmirdim. Axı mələklər Tanrının köməkçiləri və dünyanı qoruyan varlıqlardır, bu halda indi ən təhlükəsiz yerdə olan mən olmalı deyildimmi?

“ Sənin bu vəziyyətdə olmağının əsas səbəbi Urieldir.” “ Anlamadım? Bir mələk bunu niyə etsin ki?”
“ Baş mələklər bəzən Tanrıdan icazəsiz yer üzünə enərlər. Bilirsən, mələk bədəni insanın hiss etdiyi heç nəyi hiss etmir – nə aclıq, nə yorğunluq, nə ağrı. Bunlarla bərabər mələklər sevgi, ehtiras və şəhvət kimi insan övladının ağlını başından alan hisslərdən də uzaqdırlar. Ancaq bəzən bunları yaşamaq istəyirlər. Sadəcə bir dəfə belə olsa, insan kimi bütün bu hisslərin dadına baxmaq fikrinə düşürlər.”
“ Seçdikləri bir bədənə yerləşərək həmin bədəndə yaşamağa başlayırlar.” – dedim səsim titrəməsinə qarşı çıxa bilməyərək. “ Və bu dəfə də onun hədəfi mən idim.” Bu ki qorxuncdur - bədəninin başqası tərəfindən ələ keçirilməsi, onun idarəsinin sənin əlində olmaması, içərilərdə bir yerdə çırpındığın halda heç nə edə bilməməyin.
“ Bu dəfə də Onun hədəfi sən idin.” – təkrarladı, sanki,
bunu bir dəfə eşitməyim azmış kimi.
Bunu qəbul etməyim heç də asan olacağa bənzəmirdi. Bir tərəfim artıq bu qədərin kifayət olduğunu desə də, digər tərəfim hər şeyi öyrənmək istəyirdi. Özümü daha pis hiss etməmək üçün azadlıq uğrunda mübarizə aparan göz yaşlarıma bu sevinci yaşatdım.
Emmanuel yerindən qalxaraq yanıma gəldi. “ Yaxşısan?”
“ Səncə, yaxşı olmaya bilərəm?” – dedim istehzalı gülüş ilə. “ Bədənim şəhvət və ehtiras həsrəti ilə alışıb-yanan bir mələk tərəfindən ələ keçirilib. Tanrım, nələr etdiyini xəyal belə edə bilmirəm.”
“ Bədənini tərk edərkən hər şeyi əvvəlki vəziyyətinə qaytarıb. Yəni, nə demək istədiyimi anlayırsan? Hər şeyi.”

“ Onu gördüyün zaman dərin minnətdarlığımı çatdırarsan.” Başımı əllərim arasında alaraq aşağı saldım. “ Necə gün? Necə gün bədənimə sahib idi?”
Bir az tərəddüd etdikdən sonra cavab verdi. “ Bir ay.”
“ Tanrım, bir ay?” Əgər dəli deyildimsə də, bunlardan, bütün bu eşitdiklərimdən sonra dəli olmağım artıq dəqiqləşmək üzrə idi.
Göz yaşlarım axmağa davam edərkən hər yer üzərimə doğru
gəlməyə başlamışdı.
“ Bütün bunlar mənə çox ağır gəldi.” – qəbul etdim.
“ Sadəcə bir az havaya ehtiyacım var. Çölə çıxmaq istəyirəm.” “ Bu heç yaxşı fikir deyil.”
“ Çölə çıxmalıyam!!!”
Emm dayandı və dərindən nəfəs alaraq “ yaxşı, amma mən də səninlə gələcəm.” – dedi.
Ona tərs bir baxış ataraq buna ehtiyac olmadığını deməyə çalışsam da, Emmanuel öz fikrindən dönmədi.
Qapıya doğru addımlayarkən “ qəbul edirəm, bu paltarda çox cazibədar görünürsən, ancaq belə bir halda camaat arasına çıxmağı məsləhət görməzdim.” – səsləndi arxadan. Əynimə baxarkən hələ də o lənətə gəlmiş dəlixana paltarının içərisində olduğumu gördüm.
“ Amma bundan başqa heç nəyim yoxdur.”
“ Məncə, dolaba baxmamış bu haqda heç nə demə.”
Geri dönüb mələyin yanından keçərək otağa daxil oldum. Dolabı açdığım zaman qarşımda asılqana keçirilmiş bir neçə müxtəlif geyim gördüm – paltarlar, cins şalvarlar, köynəklər. Aşağıda isə bir neçə cüt ayaqqabı var idi. Bunları, böyük ehtimalla, mən yuxuda olarkən almışdı, ancaq ölçülərimi necə

bilirdi? Əlbəttə, bir mələk üçün bunu bilmək elə də çətin olmamalıydı.
Dolabdan göy rəngdə cins şalvar və ona uyğun bir köynək çıxartdım. Otağın qapısını örtüb paltarımı dəyişdim. Dolabın güzgüsündə özümə baxaraq saçlarımı səliqəyə saldım. Rahat olmaq üçün ketlərdən birini götürüb otaqdan çıxdım. Məni gözləyən Emmanuelə “ bunlar üçün çox sağ ol.” – dedikdən sonra “ indi gedə bilərik?” - əlavə etdim.
“ Xanımlar öndən.”
Qapını açaraq çölə ilk addımımı atdığım zaman sərin bir yaz havası üzümə vurdu. Çoxdandır, buna həsrət qalan mən, yerimdən tərpənmədən bir neçə dəfə dərindən nəfəs aldım. Təmiz hava çox yaxşı təsir bağışlamışdı.
Emmanuel bir neçə addım irəlidə dayanıb arxaya dönərək səsləndi. “ Gəlirsən, Qızılsaç?”
Ona çatmaq üçün addımlarımın sürətini artırdım. Bir neçə dəqiqəyə iri bir parka daxil olduq. Uşaqlarını gəzdirən valideynlər, dostları ilə söhbətə çıxan gənclər, bir-birinə sarılan sevgililərlə dolu idi ətraf. Ən qəribəsi isə bilirsiniz, nə idi? Bir mələklə onların yanından keçirdim, ancaq heç biri dönüb bizə baxmırdı. Aralarında bir mələyin olduğundan xəbərsiz idilər.
Digər bir qəribə hal isə mənim də bir zamanlar onlar kimi olmağım idi. Bir zamanlar mən də hər hansısa bir dostumla, rəfiqəmlə, ya da əgər var idisə, sevgilimlə belə bir parka gəlib saatlarla gəzərdim. İndi isə onlardan geriyə sadəcə böyük bir boşluqdan başqa heç nə qalmayıb. Heç birini və heç nəyi xatırlamıram - keçmiş həyatıma dair heç nə.
İrəlidəki boş skamyalardan birində əyləşdim. Emmanuel
dayanmadan ətrafa nəzərat edirdi, sanki, kimdənsə, ya da

nədənsə gizlənməyə çalışırdı. Mələklər də nədənsə narahat ola
bilirmişlər.
“ İndi necəsən?” – soruşdu Emmanuel. Yanımda oturaraq
ayağını ayağının üzərinə aşırdı.
“ Qaldığımız yerdən davam edə bilərik?”
“ Əgər özünü yaxşı hiss edirsənsə...” – dayandı və bunun lehinə bir işarə gözləyərək gözlərini üzümə zillədi. Mavi səma altında gözləri inanılmaz dərəcədə valehedici idi.
“ Mən hələ də məndən nə istədiyini başa düşməmişəm.”
“ Mələklər ələ keçirdiyi insan bədənini tərk edərkən geridə heç nə buraxmırlar.”
“ Bədəni əvvəlki formasına saldıqlarını demişdin.”
“ Bu elə deyil.” – dedi. “ Mələk insan bədənini öz istəyi ilə tərk etdiyi zaman hər şey əvvəlki axarı ilə davam edir. Amma məcburən o bədəni tərk etdiklərində isə özlərindən geriyə nələrsə qalır.”
“ İzah etsən?”
“ Başa düşməyəcəyini bilirdim.” Əlini tünd qəhvəyi qalın saçları arasında gəzdirib arxaya boylandı. “ Uriel, bədənini istəmədən tərk edib, bu səbəbdən bədənində həmin mələkdən hissəciklər qalır.” Yenə də başa düşməmişdim ki, bunu üz ifadəmlə göstərməyə çalışdım. “ Əlində bir şüşə qırılır və ondan yalnızca biri çox dərinə bataraq orada qalır. Səni incitmir, ancaq orada olduğunu bilirsən.”
“ Urielin ruhundan hissələrin mənim bədənimdə olduğunu
deyirsən?”
“ Tamamilə doğrudur, Urielin ruhundan bir hissə sənin bədənindədir.”
“ Yəni?”

“ Yəni, o ruhu bədənindən çıxartmaq üçün göndərilmişəm.”
– cavabladı , sanki, bütün bunlar çox normalmış kimi. “ Necə?”
“ Sadəcə eşitdiyin pıçıltıları dinləyərək bunun üçün bizə lazım olacaqların yerini deməklə.”
“ Pıçıltılar? Axı heç nə başa düşmürəm.”
“ Əlbəttə, Qızılsaç. Onlar mələk dilindədirlər. Urielin ruhu bədənində olduğu üçün ancaq səninlə əlaqə qura bilir və əgər onları diqqətlə dinləsən sənə yol göstərəcək.”
“ Deyək ki, dinlədim və nə dediklərini anladım. Bəs bizə lazım olanlar nədir?”
“Cənnət bıçağı...”
“ Bir bıçaqdan söhbət açmamışdın.”
“ İndi açdım.” – dedi özündən razı halda çiyinlərini çəkib. “ Bu bıçaq tam olaraq nə işə yarayır?”
“ Bədənindəki ruhu çıxartmağa.” – cavabladı.
Bədənimə soyuq bir üşütmə daxil oldu. “ Onu necə çıxartmağı düşünürsən?”
“ Qorxma, canım. Qolundan bıçaq ilə iynənin ucu boyda bir kəsik açmağımız kifayətdir.”
“ Çox sağ ol, çox rahatladım.”
Bıçaq və mələyin ruhu? Necə də mükəmməl bir ikili.
“ Və hazır yadıma düşmüşkən, düşüncələrimi dinləməyi
dayandır. Bu heç də nəzakətli hərəkət deyil.” “ Nəzakətli olmaq istədiyimi kim söylədi?” “ Emmanuel !!!”
Əllərini təslim olan kimi yuxarı qaldırıb çiyinlərini çəkdi. Bütün bunlara inanmağım gəlmirdi. Hələ də bir yuxuda olduğumu və tibb bacısının səsi ilə dəlixana otağında oyanacağımı zənn edirdim.

“ Mələklərin insanların bədənini ələ keçirdiklərini dedi, bəs sən? Yəni bu yaraşıqlı bədən mənim kimi bir qurbana aiddir?”
“ Yaraşıqlı?” – gülümsədi Emm. “ Əslində bu mənim bədənimdir.”
“ Onda belə çıxır ki, sən insani hisslərin heç birini yaşamırsan? Aclıq, yorğunluq, ağrı...” Mən bunları sayarkən Emmanuel başını hər dəfəsində iki tərəfə yellədirdi. “ Bu ki heç də pis səslənmir.”
“ İnan mənə, bu heç də düşündüyün kimi deyil. Əgər belə olsaydı, bir Baş mələk məhz bu hissləri yaşamaq üçün Tanrının icazəsi olmadan bir insanı ələ keçirdərdimi?”
Emmanuel yenidən boylanaraq ətrafa baxmağa başladı. “ Nəsə axtarırsan?”
“ Bizi qorumağa çalışıram.” – deyib susmağımı işarə etdi.
Ayağa qalxaraq dörd bir yanına baxdı. “ Bundan.”
Emmanuelin baxdığı istiqaməti çevrilən zaman bizə doğru beş nəfərin gəldiyini gördüm. Üz ifadələrindən heç dost olmağa can atmadıqları aşkar idi.
“ Onlar kimdir?”
“ Bu sualı yadında saxla. Amma indi...” Qolumdan tutaraq dartmağa başladı. “ Qaç, Qızılsaç.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri