Bir cüt qanad (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 591
Səs ver:
(səs: 0)
Bütün günün ardından ağzıma bir tikə belə yemək atmadığımı xatırladım. Düzü, bunda mədəmin yeni bəstələdiyi möhtəşəm musiqinin rolu əvəzsiz idi. Emmanuelin duş qəbul etmək üçün hamama girməsindən sonra mətbəxə keçdim. Əlimi mətbəx masasının üzərində gəzdirərək düşüncəli bir şəkildə soyuducuya yaxınlaşdım. Aclıq duyğusu olmayan birinin soyuducunu nələrlə doldurğunu fikirləşərək, onu açarkən üzümə vuran işığı altında ağzına qədər dolu soyuducuya baxdım. Deyəsən, hansısa markete girmiş və qarşısına çıxan hər ərzaqdan ən azı bir dənə səbətinə əlavə etmişdi. Əgər nəyin dadlı, nəyin dadsız, ya da nəyin yeməli olub-olmadığını bilməsəydim, böyük ehtimalla, mən də eyniylə bunu edərdim.
Mənim yerimə kim olsaydı, bu qədər çeşidin qarşılığında gözəl və növbənöv ləzzətli yeməklər hazırlayardı. Ancaq bununla məşğul olmaq istəmirdim. Əlimi uzadaraq ən öndəki balıq konservlərindən birini götürdüm. Mətbəx dolabları arasında keçirdiyim uzun və çətin axtarış nəticəsində bir qazan taparaq çıxartdım. Qazı yandıraraq qazanı üzərinə qoydum və mələyin bir konserv açan alətinin olduğuna ümid edərək yeni

bir axtarışa başladım. Ancaq hər zaman istədiyimizi əldə etmədiyimiz kimi, bu işdən məğlubiyyətlə ayrılıb ilk çəkməcədən bıçağı götürdüm. Əlimi kəsməməyə diqqət edərək konservi açdım və qızmaqda olan qazanın içərisində boşaltdıqdan sonra qapağını örtdüm. Bir az isinənə qədər boşqabımı hazırlayıb soyuducudan dəmir qutudakı içkilərdən birini çıxardaraq bir neçə qurtum içdim. Qazandakı konservi qaba boşaldıb masanın arxasında əyləşdim. O qədər acmışdım ki, arada nəfəs almağı belə unudurdum.
Boşqabımdakı yemək azalarkən mədəmin dolması ilə xatırlamadığım keçmişimə aid düşüncələr yenidən məni ələ keçirməyə başlamışdı. Bunun daha nə qədər davam edəcəyini də bilmirdim. Və yenidən hər şeyin yadıma düşməsi üçün nələr etməli olduğumu da...
Yeməyimə davam edərkən hamamın qapısının açıldığını gördüm. İçərini bürüyən isti duman mələyin arxasında astaca hərəkət edirdi. Üstündə belinə boş bir şəkildə doladığı dəsmaldan başqa heç nə yox idi. Hamamdan – arxasından gələn işıqla bədənindəki qüsursuz əzələ yığını birləşincə bir heykəltaraşın bütün illərini üzərində keçirərək yaratdığı möhtəşəm heykəlin görüntüsü ortaya çıxmışdı. Baxışlarımı ondan çəkməkdə özümlə inanılmaz dərəcədə güclü bir mübarizə aparsam da, gözlərim mənə qarşı çıxırdı. Ağzımdakı tikəni udarkən birdən boğulduğumun fərqinə vardım və dərhal öskürməyə başladım.
“ Yavaş.” – səsləndi Emmanuel. “ Mənim üçün ölməyə ehtiyac yoxdur.” Sinəsinin əzələlərini tərpədərkən içkini başıma çəkdim. “ Bunlara yaşayaraq sahib ola bilərsən, ölərək deyil.”

Axır ki, boğulmaqdan qurtularaq “ canın cəhənnəmə.” –
deyə bilmişdim.
Emmanuel dodağının yalnız bir hissəsini qaldırmaqla kifayətləndiyi gülümsəməsini üzündən əksik etməyərək sözdə mənim olan otağa girdi. Qapını örtərkən “ birdən fikrini dəyişdirərsən deyə, qapını arxadan bağlamıram” – dedi.
Gözlərimin önündə o füsunkar görüntüsü canlanarkən yeməyimi necə bitirdiyimi bilmədim. Bir insan bu qədərmi mükəmməl ola bilər? Əlbəttə, o axı bir mələk idi. İnsanların mələklərin danışa-danışa bitirə bilmədikləri gözəlliklərindən bəhs etmələri, demək ki, yersiz deyilmiş. Bir də qadın mələklərin necə göründüyünü düşündüm. Yəqin ki, məhz bu səbəbdən mələklər insanların gözünə görünmürdülər.
Çirkli qabı yuduqdan sonra Emmanuelin otaqdan çıxmasını gözlədim. Qara cins və gözlərinin gözəlliyini önə çıxardan açıq mavi rəngli köynəyi ilə otaqdan çıxarkən yerimdən tərpənib otağa daxil oldum. Emmanuelin yanından keçərkən bədəninin ətrafa yaydığı nanə qoxusunu içimə çəkdim.
Otağa girib təzə geyimlər götürdüm və içəridə yeni dəsmal olmasını diləyərək hamama girdim. Xəstəxanada sular soyuq olduğu üçün çimmək əvəzinə sadəcə islanmış dəsmal ilə özümü təmizləyirdim. Buna görə isti suyun bədənimdə yaratdığı hissi, demək olar ki, unutmuşdum.
Hamamdan çıxanda Emmanueldən fərqli olaraq əynimdə bütün paltarlarım var idi. Birinin qarşısına çılpaq çıxmaq niyyətində deyildim. Hələ o adam qolunu başının altında qoyub divanda uzanan özündən razı səfeh idisə, bu heç mümkün bir hal deyildi.
“ Haqqımda düşündüyün o bütün gözəl fikirləri eşitdim.” –
dedi.

“ Çox sağ ol.” – qarşılıq verdim. “ Onları bir də dilə gətirmək əziyyətindən məni xilas etdin.”
“ Hər nəysə.” Yarışlara hazırlanan atlet kimi cəld bir hərəkət ilə uzandığı yerdən qalxdı. “ Hazırlaş, səhər açılan kimi ilk iş, sənə özünü müdafiə etməyi öyrədəcəm.”
“ Özümü müdafiə etmək? Bunun sənin işin olduğunu zənn edirdim.”
“ Bax, Qızılsaç.” Atdığı bir neçə uzun addımdan sonra düz qarşımda dayandı. “ Bu gün gördüklərin qısa bir zamanda yenidən təkrarlana bilər. Düzü, yerimizi demək üçün onlardan geriyə heç nə qalmadı, amma yenə də.” Qolumu kobud əlləri arasına alaraq havada salladı. Biləklərim ağrımağa başlasa da, onun qarşısında aciz olduğumu göstərən deyildim. “ Sənə döyüşməyi öyrədəcəm və bu qolların sadəcə bəzək üçün olmadığını görəcəksən. Gələn dəfə sadəcə beş nəfərlə kifayətlənməyə bilərlər.”
Qolumu əlləri arasından çəkdim. Üzümdə yaratdığıma inandığım ciddi bir ifadə ilə ona baxdıqdan sonra otağa geri qayıtdım.
“ Və düşüncələri gizlətməyi də öyrədəcəm.” – deyə səslənməsiylə diqqətimi üzərinə çəkməyi bacarmışdı.
Örtdüyüm qapını yenidən açaraq otaqdan çıxdım. “ Düşüncələrimi gizlətmək?” Başını tərpətdi. “ Bunun mümkün olduğunu hələ indi deyirsən?”
Çiyinlərini çəkdi. “ Düşüncələrini oxumaq olduqca əyləncəlidir.” Qaşlarını dayanmadan oynatmağa başladı. Əlimdə imkan olsaydı, onları bir tük belə qalmayana qədər yolub buraxardım. “ Bilirsən, arada çox darıxıram.”
“ Canın cəhənnəmə, Emmanuel.” Başqa nə deyəcəyimi tapa bilmədim. “ İlk öncə bundan başlayacayıq.”

Bir komandirdən əmr alan əsgər kimi əlini başına yaxınlaşdırıb ayaqlarını birləşdirdi. “ Baş üstə, kapitan Qızılsaç.” Və bir saniyə belə keçmədən irişməyə başladı.


“ Harasa gedəcəyimizi bilmirdim.” Hələ günəş yenicə öz işini görməyə başlamışdı ki, Emmanuel başımın üstündən dayanıb məni kabuslarla dolu yuxudan oyandırmışdı. Kabus deyirəm, çünki bütün günü gördüyüm yanğın və kəsilməyən qışqırtılar olmuşdu. İndi isə mənə dünən bəhs etdiyi özümü müdafiə dərslərini evdə almayacığımızı deyərək hazırlanmağımı istəmişdi. Dolabın içində gördüyüm bel çantasına tərimi silmək üçün iri dəsmal, soyuq olar deyə bir jaket doldurarkən “ çölə çıxmaq təhülkəli deyilmi?” – səsləndim Emmanuelə.
“ Sual verməyi dayandır, işini gör. Mən də maşını hazırlayım.”
“ Maşının olduğunu da bilmirdim.” – deməyimin ardından eşidilən qapı səsi onun artıq çıxdığını göstərirdi. “ Əlbəttə, onun haqqında bilmədiyim çox şey var.” Öz-özümə danışarkən çantanı artıq hazırlamışdım. Soyuducudan bir –iki şüşə su götürüb çantaya qoyduqdan sonra əynimdəki olduqca rahat şort və mayka ilə evdən çıxdım.
Günəşin ilk şüaları ətrafı isitməyə yeni başlamışdı. Sərin hava bədənimin çılpaq hissələrində kiçik bir titrəməyə səbəb oldu. Emmanuelin harada olduğunu öyrənmək üçün binaların arasından boylansam da, heç nə görə bilmədim. İblislərin hər yerdə ola bilmə ehtimalını gözardı edərək binaların arasından əsas yola çıxmaq üçün addımladım. Amma sola dönərək

üzərimə doğru gələn qara rəngli BMW markalı maşın istəmədən bir neçə addım geriləməmə səbəb oldu. Arxaya boylanaraq nə qədər müddətə evə girə biləcəyimi hesablamağa başlamışdım ki, siqnal səsinin ardından Emmanuel başını pəncərədən çıxartdı. Belə qısa bir müddətdə bu maşını haradan tapdığı düşüncəsi ilə ön oturacağa oturdum.
Çantamı arxaya tullayərkən “ maşını bəyəndin?” – soruşdu. Maşını arxaya verərək binaların arasından əsas yola çıxan kimi sürəti artırdı.
Kəmərimi taxaraq “ həm də çox.” – qəbul etdim maşının içinə müştəri gözü ilə baxdıqdan sonra. “ Mələklərin maşına ehtiyacı olduğunu bilmirdim. Yəni, istədikləri yerə qanad çırpması ilə havaya qalxıb bir quş tək səmalarda süzülərək gedə biləcəklərini düşünmüşdüm.”
İşıqforda saxlamaq üçün maşının sürətini azaltdı. “ Gedəcəyimiz yerə qədər qucağımda səmada süzülməyə razısansa, mən hazır.”
Yanaqlarımdan başlayaraq bütün bədənimə hakim olmağa özünə söz verən qızartı və istiliyin qarşısında udqunaraq söhbəti dərhal dəyişdim. “ Hara gedirik?” Emmanuel gözünü yoldan çəkərək mənə baxdı, deyəsən, üzümdə , həqiqətən də, bir qızartı meydana gəlmişdi, çünki gülümsəməsinin başqa cür izahı ola bilməzdi.
Nəhayət, maşın sürdüyünü xatırlayaraq mavi gözlərini yenidən yola çevirdi. “ Sənin bacarıqsızlıqların üzündən evin darmadağın olunmasına göz yuma bilməzdim. Ona görə heç kimə və heç nəyə ziyan verməyəcəyin bir yerə gedirik.” Maşınların arası ilə işıq surətiylə keçərkən radionu işə saldı.
Radioda səslənən həzin musiqi sədaları altında içimdə, daha
doğrusu, beynimdə, sanki, nələrsə hərəkət etməyə başlamışdı.

Elə bil, rəsmin parçalanmış hissələri tabloda öz yerlərini tapmaq üçün çalışırdılar. İlk gözümün qarşısında canlanan isə həmin yanğın olmuşdu – bütün gecəni məni yatmağa qoymayan həmin yanğın. Başımı pəncərəyə söykənərək daha çoxu xatırlamaq üçün gözlərimi yenicə yummuşdum ki, maşın dayandı.
“ Bura maşında yatmağın üçün gəldiyimizi düşünmürsən, düzdü?”
Başımı pəncərədən ayırıb maşından düşdüm. Günəş şüasını buraxmayacaq dərəcədə bir-birinə sıx yerləşmiş hündür şam ağaclarının əhatəsində idik. Təmiz və nəmli qoxunu ciyərlərimə çəkdim. Otların, meşə çiçəklərinin və şamların yarpaqlarının üzərindəki şeh hələ də qalmaqdaydı. Və bir də dayanmadan ötən quşların səsi var idi. Yerimdə fırlanaraq ağaclara baxdım. Üzərində kiçik bir sincabın sıçrayaraq digər budağa tullanmasını görəndə üzümdə bir təbəssüm yarandı. Keçmişimi xatırlamasam da, həyatımda ilk dəfə idi ki, canlı olaraq bir sincab gördüyümdən əmin idim.
Emmanuel maşından çantamı götürərək yerə qoydu və əynindəki jaketin zəncirbəndini açaraq çıxartdı. Qollarını başının üzərinə qaldıraraq artıq isinmə hərəkətlərinə çoxdan başlamışdı.
“ Qızılsaç?”
Meşənin nağıllar aləminə bənzəyən füsunkar görüntüsündən gözümü çəkdim.
“ Hazırsan?” Başımı tərpətdim. “ Elə isə bütün əzələlərini əbədi yuxudan oyatmaq üçün kiçik hərəkətlərlə başlayaq.”
Onun yanında duraraq ayaqlarımı eyniylə onun kimi çiyin bərabərində açdım. Belimi dik tutaraq qollarımı başımın üzərinə qaldırdım. Ardınca önə doğru uzatdıqdan sonra təyyarə

kimi yanlara açdım. Bunları bir neçə dəfə təkrarladıqca qol əzələlərim get-gedə ağırlaşmağa başlayırdı. Emamnuelin də dediyi kimi, qollarım bəzək rolunu oynamağı, deyəsən, çox sevirdilər.
“ Dərindən nəfəs al. Yeni bir hərəkətə keçirik.”
Meşənin havasını içimə çəkib üç dəfə dərindən nəfəs aldım. Önə doğru əyilərək barmaqlarımı çarpaz bir şəkildə ayaquclarıma çatdırmaq üçün inanılmaz dərəcədə çətin bir mübarizəyə başladım. Yan gözlə Emmanuelə baxdığımda onun bunun öhdəsindən çox asanlıqla gəldiyini gördüm. Sahib olduğu bədən qurluşuna baxılsa, bu heç də qəribə bir hal deyildi. Xəbər belə etmədən başqa bir hərəkətə başladı. Nəfəs almadan eyniylə onun kimi əllərimi başımın arxasında birləşdirərək oturub-qalxdım. Sayı itirməmək üçün Emmanuel yüksək səslə hesab aparırdı. Ona çatdığımızda sadəcə yarım dəqiqə istirahət üçün vaxt verərək yenidən saymağa başladı. Ancaq bu dəfə o sadəcə dayanaraq baxmaqla kifayətlənmişdi. Səbəbini soruşduqda isə bütün bunların heç birinə ehtiyacı olmadığını demişdi ki, bunun üzərinə deyəcək heç bir sözüm yox idi.
“ Əsas məsələlərə nə vaxt keçəcəyik?”
Emmanuel üzündəki heç nə hiss olunmayan soyuq ifadə ilə maşına söykənərək mənə baxdı. Amma mən onun əksinə az qalsın, it kimi dilimi çölə çıxardaraq nəfəs almağa başlayacaqdım. Bu son hərəkət məni daha çox yormuşdu.
Çantanı açaraq içindən bir şüşə su çıxardıb mənə tulladı. Havada tutmağımla qapağını açıb başıma çəkməyim bir oldu. Bütün şüşəni boşaltdıqdan sonra yerə tullamaq istəsəm də, gözlərimin önündə təbiəti çirkləndirməyin yazısı peyda oldu və onu çantama qoymaq üçün Emmanuelə geri qaytardım.

“ Hər şey sırası ilə, Qızılsaç.” – dedi və dəsmalı mənə uzatdı. Başlamağımız heç bəlkə də bir saat deyildi, amma bütün bədənim tər içində idi. “ İndi səni sürətləndirmək vaxtıdır.”
“ Döyüşməyi öyrədəcəksən, ya yox? Əsas da düşüncələrimi gizlətməyi?”
“ Əlbəttə, gözəlim. Amma qaçmaq ən önəmlisidir.” Cibindən telefonu çıxartdı. “ Bəzən şərait elə gətirir ki, döyüşmək sənin həyatının sonu ola bilər, ancaq qaçmaqla vəziyyətdən çıxa bilərsən.” Yanımdan keçərək arxası mənə tərəf dayandı. “ Yüz metr məsafəni nə qədər müddətə qaça bildiyini öyrənəcəyik indi.”
“ Yanımızda ölçü bandı gətirdiyimizi xatırlamıram.”
“ Mən də səninlə qaçacam. Sadəcə məni izləməyin kifayətdir.” Yorğunluqdan çökmüş çiyinlərimi geriyə verdim və üç dəfə dərindən nəfəs aldım. “ Üç deyərkən... Bir... İki ... Üç ...” – deyən kimi meşənin içinə doğru qaçmağa başladı və bunun bir işarət olduğunu qəbul edərək ardınca getdim.
Emmanuel inanılmaz bir surətdə ağacların arasında yoxa çıxarkən onu itirməmək üçün sürətimi artırmağa çalışdım. Təbii ki, bu heç də mümkün bir hala bənzəmirdi. Həm bir qızın mələyə çata biləcəyini mənə düşündürən nə idi ki?
Bütün beynimdəki düşüncələrdən azad olaraq Emmanuelə çatmaq üçün gücü ayaqlarıma verdim. Lənətə gəlmiş təbiət qüvvələri də mənim əksimə sürətimi azaltmaq üçün əllərindən gələni əsirgəmirdilər. Üzümə vuran sərin külək yığmaq üçün on dəqiqəmi xərclədiyim saçlarımı darmadağın etmişdi. Bu da ara-sıra önümü görmək üçün saçlarımı üzümdən çəkməyimə səbəb olurdu, mən hər nə qədər ayaqlarımdan başqa heç bir əzələ kütləsinə işlətməməkdə qərarlı olsam da. Sola doğru

sürətimi azaltmadan dönərkən ağacın budaqları qolumda əmələ
gətirdiyi cızıqlarla bir sənət əsəri yaratmışdı.
Artıq nə qədər qaçdığımdan xəbərsiz idim, lakin belimdən aşağıya doğru dayanmadan süzülən tər damcıları bunun heç də qısa bir müddət olmadığından xəbər verirdi. Bir anda Emmanueli gördüyüm zaman ona çatdığıma dair üzümdə bir qələbə sevinci yaranmışdı. Amma yanılmışdım. Çünki Emmanuel hərəkət etmirdi. Sadəcə dayanaraq ona çatmağımı gözləyirdi.
Nəhayət, çatdığımda bir anlıq zaman anlayışını itirdim. Çünki həmin an hər şey mənə görə sadəcə nəfəs almaqdan ibarət idi. Döş qəfəsimdən çıxmaq üçün can atan ürəyimin mənə meydan oxuyan döyüntülərini yavaşlatmaq üçün bir neçə dəfə dərindən nəfəs aldım. Əllərim belimdə iki qat olmuş bədənimi düzəldərək gözümü örtən saç telimi geriyə atdım.
“ Bütün günü burada gözləyəcəyimi düşünmüşdüm, amma yaxşı iş çıxartdın.” – dedi Emmanuel bir əlini ağaca dayayaraq. Ayaqüstə durmaq üçün gözümlə dayaq axtarışına çıxdım və bir neçə addım uzaqlıqdakı iri ağacın gövdəsinə söykəndim. Əsən xəfif yeli tuta bilmək üçün başımı yuxarıya qaldırdım.
Nəfəsimin ritmini tənzimlədikdən sonra “ çox sağ ol,” – cavab verdim.
“ İki yüz metr məsafəni əlli səkkiz saniyə... Usain Bolt
olmadığın müddətcə heç də pis nəticə deyil.”
“ Mələklər də Olimpiya oyunları ilə maraqlanırmış.” Gülməyə çalışsam da, davam edən təngnəfəslik buna mane olurdu. “ Bu qədər kifayətdir?”
“ Nə?”
“ Qaçış. Bu qədər kifayətdirsə, düşüncələrimi gizlətməyi
öyrənməyə başlaya bilərik?”

“ Düşüncələrini gizlətməyi nəyə görə bu qədər çox
istəyirsən?”
“ Qoy, bir fikirləşim...” İşarət barmağımı gicgahıma
yerləşdirdim. “ Əlbəttə, sənin onları oxumamağın üçün.”
Emmanuel küknarın yarpaqlarından birini qıraraq dişlərinin arasına qoydu. “ Yoxsa mənə qarşı olan hisslərini öyrənəcəyimdən qorxursan?”
“ Tanrım, sənə qarşı nələrsə hiss etdiyimi anladığım həmin saniyə boğazıma bir ip bağlayıb özümü hündür bir yerdən asacağıma əmin ola bilərsən.”
“ Bu qədər iddialı bir şəkildə danışmağını məsləhət görməzdim.”
“ Bir mələkdən məsləhət almayacaq qədər çox şey yaşadığımı düşünürəm.” – dedim.
“ Amma hal-hazırda mənim məsləhətimlə burada olduğunu unutma.” – deyib daha çox əsəblərimlə oynamaq üçün özünün o iki yaşlı inadcıl uşaq libasına büründü. Ağzımı açıb onu tərsləmək istəyirdim ki, irəli atılaraq “ elə isə dövrə vurmaq üçün ayaqlarını işə sal.” – yanımdan keçdi. Mənə tərəf dönərək arxa-arxaya qaçmağa başladı və “ unutma, qaçmaq ən vacibidir.” - əlavə edər-etməz yenidən özünü düzəldib hərəkətə başladı.
Dərindən bir köks ötürüb əlimdən başqa heç nə gəlmədiyini qəbul etdim ki, son zamanlar bunu çox tez-tez təkrarladığımın həmin an fərqinə vardım.
Əllərimi dizlərimə qoyub nəfəs aldım və önə atılaraq yenicə istirahət etməyə başlayan ayaqlarımı bundan məhrum etdim. Əgər danışa bilsəydilər, məni dayanmadan söyəcəklərindən əmin idim. İçimdən onlardan üzr istəyərək qaçmağa davam

edərkən uzaqdan görünən Emmanuel gülərək “ ayaqlarından üzr istəmək? Ah, Qızılsaç...” – qışqırdı.
“ Elə buna görə öyrənmək istəyirəm.” – dedim öz-özümə və bir az daha qərarlı bir şəkildə Emmanuelə çatmaq üçün cəhd göstərdim.
Önümə çıxan kəsilmiş iri kötüyün ətrafından fırlanmağı düşünsəm də, bununla daha çox zaman itirəcəkdim, ona görə də bir az aşağı əyilərək üzərindən tullandım. Yerə düşərkən səndələsəm də, özümü dərhal tarazlaşdırıb qaçışıma davam etdim. Hər ani dönüşlərin ardından budaqlara sürtünən qollarımdakı cızıqların sayı hər keçən saniyə artmağa davam edərkən nəfəsimin kəsildiyinin fərqinə varırdım. Dərimin ağrıdan göynəməsi və ayaqlarımın artıq çıxartmağa başladıqları üsyan olan-qalan diqqətimi dağıdaraq yavaşlamağıma gətirib çıxartmışdı. Ancaq sonda o mələyin üzündəki məni ələ salan gülümsəməni görməmək üçün dişlərimi sıxaraq çətinliklə də olsa, davam etdim.
Sanki, sirkdə qaçan heyvanlara baxan izləyicilər kimi olduqca əyləncəli görünən Emmanuelin yanına haldan düşmüş bir vəziyyətdə çatdım. Yenidən bir ağaca söykənərək dərindən nəfəs aldıqdan sonra özümə gəlməyə başladım. Növbəti su şüşəsini boşaldıb çantama – digər boş şüşənin yanına qoydum. “ Bu qədər kifayətdir?”
Əllərini sinəsində qovuşduraraq mavi gözlərindəki qəribə bir parıltı ilə gülümsədi. “ Məncə, kifayətdir.”
Soyuq torpağın üzərində oturub ayaqlarımı uzatdım. “ Başqa nəyisə unutmursan?”
Emmanuel bir az düşündükdən sonra “ əlbəttə, bir afərin öpüşünə layiqsən.” – deyə mənə doğru gələrkən əlimi irəli uzadaraq onu dayandırdım.

“ Düşüncələrimi gizlətməyi nəzərdə tuturam.”
Şalvarın ayaqlarını yuxarı qaldırıb yanımda oturdu. Qollarını arxaya uzadaraq onlara söykənib “ o məsələ...” – sözü uzatdı.
Başımı tərpətdim. “ Bəli, o məsələ.” Bir anda gözüm ayaqlarıma sataşdığı zaman budaqların qollarımda yaratdığı tablonun eynisini ayaqlarımda da gördüyüm üçün onlara təşəkkür etdim. “ Mən hazıram.”
“ Əminəm ki, eləsən, Qızılsaç. Amma bunun üçün bir az rahat və sərbəst olmaq lazımdır ki, döş qəfəsinin hərəkət sürətini nəzərə alaraq bir az daha istirahət etməli olduğunu məsləhət görərdim.”
Üzümə düşən kiçik bir saç telimi geriyə üfürdüm. “ Yaxşı.
Sadəcə on dəqiqə.”
Ciyərlərim dolana qədər təmiz havanı içimə çəkdim. Ona verdiyim on dəqiqəlik vaxtı minimuma endirmək üçün artıq fəaliyyətə başlamışdım. Gözlərimi yumub yorğunluğumu üzərimdən atmağa çalışdım. Ancaq bunu edən kimi gözümün qarşısında gecə gördüyüm kabuslar peyda olmağa başladı – alovlar içərisində qalan bir ev və çarəsiz qışqırıqlar. Bunun yaxşı fikir olmadığını anlayıb dərhal gözlərimi açdım.
Emmanuel yerindən qalxıb əllərinin torpağını təmizləmək üçün bir-birinə çırpdı. Asta addımlarla var-gəl etməyə başladı. Bu dəqiqələrin tez keçməsi və məni narahat edən kabuslarla yanaşı, rahat buraxmayan pıçıltılardan beynimi təmizləmək üçün vacib olmasa belə, mənə maraqlı gələn suallarıma cavab almaq qərarına gəldim.
“ Uça bilirsən?” – birbaşa mətləbə keçmişdim. “ Nə?”

“ Qanadların bu dünyada görünmədiyini demişdin, amma onlar var, düzdü? Yəni qanadların var və bu halda səmaya qalxıb uça bilərsən.”
Başını bulayıb güldü. “ O ancaq nağıllarda olur, gözəlim. Mələklər mənim kimi insan vücuduna bürünmədiyi halda istədiyi zaman istədiyi yerdə ola bilər, lakin öz insan halını alması buna mane olur.”
“ İnsan vücudunda ölümcül bir yara alsan bəs?”
“ Yenidən sağalacam.” – dedi. “ Mələklər ölməz.”
“ Ürəyindən yaralansan da?” Başını iki yana tərpətdi. “ Bir qılıncla başın kəsilsə də?” Yenidən başını yellədi. “ Yaxşı. Axırıncı sualım. Mələklər...” Bunun axmaqca bir sual olduğunu bilərək səsimin tonunu aşağı saldım.“ ...şey... ayaqyoluna da getmir?”
Bunu eşidən kimi Emmanuel ucsuz-bucaqsız meşədə əks- səda verən bir qəh-qəhə çəkdi. “ Sənin bu suallarını sevirəm.” – yenidən gülməyinə davam etdi. “ Görürəm, artıq hazırsan.”
Yerimdən qalxmaq üçün Emmanuel əlini uzatdı və etiraz etmədən əlindən tutaraq ayağa durdum. “ Hazıram.”
“ Elə isə başlayaq.” Aramızda bir addım məsafə qalana qədər yaxınlaşdı. Sonra kobud əlləri ilə çiyinlərimdən tutub xəfifcə sıxdı. “ Gözlərini yum.” – deyərkən buna tərəddüd etdim və bunu görən mələk “ istəsəm, gözlərin açıq halda da səni öpə bilərəm.” – öz fikrincə, məni sakitləşdirməyə çalışdı, ancaq bu narahatlığımı artırmaqdan başqa heç bir işə yaramadı. Amma bunu öyrənmək istəyirdimsə, onun dediklərini də etməli idim.
Gözlərimi yumdum.
“ İndi səni narahat edən hər şeydən beynini təmizlə.”

Bunun heç də səsləndiyi kimi sadə bir iş olmadığını, etməyə başladığım ilk saniyədə anladım. Kabus və pıçıltılardan xilas olmağa çalışaraq onları beynimdə yaratdığım gizli bir depoda zəbt etməyə başladım. Bacardığımı düşündüyüm an başımı tərpətdim.
“ Dediklərimi xəyal etməyə başla.” Dərindən nəfəs alıb özümü hazırladım. “ Qaranlıq bir otaqda olduğunu düşün. Sadəcə iri bir çarpayının olduğu bir otaq. Sonra həmin çarpayıda məni çılpaq halda təsəvvür et.”
NƏ?
Emmanuelin gülüş səsini eşidənə qədər bunun həqiqət olduğunu zənn etmişdim. Gözümü açmadan dizimlə ona bir zərbə endirdim, bunun bir mələyə təsir etməyəcəyini bilərək.
Emmanuel gülüşünü saxlayıb ciddi bir səslə “ yaxşı, yaxşı,
bu bir zarafat idi, amma qəbul et ki, bu sənin xoş...” “ Emmanuel !!!”
Etdiyim xəbərdarlığın ardından mələk cümləsini tamamlamaqdan imtina etdi. Çiyinlərimi yenidən sıxaraq bu dəfə ciddi olacağına ümid edərək sözə başlamasını gözlədim. “ Gözlərinin önündə açıq bir sahə təsəvvür et. Mavi səmanın altımı, ucsuz-bucaqsız səhramı, yoxsa qaranlıq bir yermi, fərq etmir. Necə istəyirsənsə, düşün.” Qaranlıq bir yer xəyal etdim. “ İndi orada özünü təsəvvür et. Xəyal etdiyin yerdə səndən başqa heç kim yoxdu. Yalnızca sən və sənin düşüncələrin mövcuddur. Bundan sonra dörd bir yanında keçilməsi çətin olan hündür bir hasar çək. Elə bir hasar olsun ki, içəridə qaldığın halda ətrafda nə olduğunu görə biləsən, ancaq kənardan baxanlar isə həmin hasardan başqa heç nə görməsinlər.” Çiynimdən tutduğu əllərini çəkərək bir addım geriyə getdi. “ Dediklərimi edə bildin?”

Gözlərimi açıb “ deyəsən” - cavab verdim.
“ Elə isə sınayaq. Ətrafında hasarların çəkildiyindən əmin olduqdan sonra bir şey düşün və mən onu oxumağa çalışacam.” Yenidən beynimdə qaranlıq bir otaqda tək başıma dayandığımı düşündüm. Ardından sürətlə ucalan bir hasarlar hörməyə başladım ətrafımda. Kifayət qədər hündür olduğunu zənn etdiyimdən sonra ətrafıma baxdım. Hasarın xaricini görə bilirdim və güman edirdim ki, kənarda olanlar isə məndən
fərqli olaraq hasardan başqa heç nə görə bilmir.
Təşəkkürlər, Emmanuel.
“ Dəyməz, Qızılsaç, amma bir az daha çalışmaq lazımdır.”
Bacara bilməmişdim. Düşüncələrimi gizlədə bilməmişdim.
Üz ifadəmin dəyişdiyini görən mələk “ ilk cəhdən uğurlu ola bilməməyin normaldır.” – dedi. “ Bir neçə dəfə təkrarladıqdan sonra bunun öhdəsindən gələcəyinə əminəm. Və gəlməlisən də. Çünki mənim kimi o iblislər də düşüncələrini oxuya bilər.”
“ Bu günlük kifayətdir. Həm mədəndəki orkestr fəaliyyətə başlayıb, məncə, onların ağzını yummağın vaxtıdır.”
Çantamı yerdən götürərək maşına qoydum və yerimdə əyləşdim. “ Sabah yenidən gəlib qaldığımız yerdən davam edərik.”
Emmanuel maşını işə salıb meşə yolundan çıxdı. “ Əlbəttə, hələ sənə bir neçə döyüş hərəkətləri də öyrədəcəm. Ancaq indi bu gün etdiklərinə görə mükafatlanmaq vaxtıdır.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri