Bir cüt qanad (6-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 622
Səs ver:
(səs: 0)
“ Bir restorana gedib normal insanlar kimi yemək yeyəcəyimizi düşünmüşdüm.” Yaşadığım xəyalqırıqlığı sözlərlə ifadə oluna bilməzdi.
Emmanuel mənim istəyimə uyğun olaraq ( ən azından istəyimi nəzərə aldığı üçün ona bir təşəkkür borclu idim) sifariş etdiyi bol pendirli pizzadan bir dilim götürüb qarşımdakı boşqabıma qoydu. “ Nuş olsun.” – acıq verərcəsinə gülümsədi.
Heç nə deməyib mədəmin qurultularını kəsmək üçün bir diş götürdüm. Üzərindən bir qurtum cola içdikdən sonra “ bu divarlar arasında qalmaqdan ağlımı itirib yenidən qaçdığım dəlixanada yatmalı olacam.” – dedim.
Kresloda oturub qollarını başının arxasına qoydu. “ Buna görə də mələklərin nə dediklərini anlamağa çalışmalısan. Cənnət bıçağının yerini dediyin an sərbəstsən. Bunu sən də bilirsən.”
Əlimdəki dilimi boşqaba qoydum. “ O lənətə gəlmiş mələyin nə dediyini anlamadığım halda, o bıcağın yerini necə deyə bilərəm axı?”
“ Bu sənin problemindir.” Çiynini çəkdi. “ Bəlkə bir gecəlik...”

“ Qətiyyən.”
“ Sadəcə bir gecəlik əylənməyə haqqım olduğunu düşünürəm.”
“ Heç vaxt.”
“ Həm sən də yanımda olacaqsan. Söz verirəm, heç nə olmamış geri qayıdacağıq. Xahiş edirəm...” Emmanuelin baxışlarında fikrindən imtina edəcəyinə dair heç bir işarə yox idi. “ Bir gecə...” Səsimi ola bildiyi qədər sakit, asta və yazıq bir formada çıxartdım. Ayaqlarına düşüb yalvarmamaq üçün özümü güclə saxlayırdım. Çünki həqiqətən də, yorulmuşdum. Bir park gəzintisini, bir də bu səhərki qaçış dərslərini nəzərə almasaq heç vaxt çölə çıxmamışdım. Əvvəl dəlixanada, indi isə bu evdə ilişib qalmışdım. “ Emmanuel?”
Emmanuel kreslodan qalxaraq “ amma o pizzanın hamısı
bitəcək və boşqab da yuyulacaq.” – dedi.
“ Bu razı olduğun mənasını verir?” Bəlkə yanlış başa düşərəm deyə bir də onun ağzından eşitmək istəyirdim, amma mələyin tərs-tərs atdığı baxış açıq-aşikar şansını çox da zorlama mesajını verirdi və buna görə heç nə demədən böyük sevinc hissilə pizzamı yeməyə davam etdim.
Boşqabı təmizlədikdən sonra yorğunluğu almaq üçün bir az mürgüləmək qərarına gəldim.
Otağa girib qapını örtdükdən sonra özümü çarpayının üzərinə atdım. Qollarımı və ayaqlarımı tam şəkildə açaraq üzümü yastığa basdırıb gözlərimi yumdum.

Yuxuda yenidən alovlara bürünmüş həmin evi gördüm. Ətrafında bir neçə insan yığışaraq yanğını söndürməyə çalışırdı, amma heç nə alınmırdı. Qızılı rəngdə saçları olan bir qız isə kənarda qıraqda balaca bacısını sinəsinə basaraq

ağlayırdı. Həmin qızı yalnızca arxadan görürdüm, amma bu mənə yetərli idi. O, deyəsən, mən idim. Qız arxaya tərəf başını çevirdiyi zaman görüntü ortadan yox oldu. Bu dəfə özümü qaranlıq bir yerdə tapdım. Bir yuxudan, daha doğrusu, bir kabusdan digərinə sürüklənmişdim. Otaqda məndən başqa biri daha var idi. Onun kimliyini görmək üçün qaranlıqda ona doğru yaxınlaşdığım zaman birdən səmadan üzərinə parlaq bir işıq düşdü. Gözlərimi qısaraq baxdığım bu parlaq işıqda seçə bildiyim yalnızca bir cüt ağ qanad oldu. Bir mələk qanadı. Bu Uriel olmalı idi. Yenidən nəsə deməyə başlamışdı. Axı bir insanın mələk dilini bilmədiyini anlamayacaq dərəcədə çətin olan nə idi axı?
“ Anlamıram.” – qışqırdım yox olan işığa doğru. “ Heç nə başa düşmürəm.” Səsim yenidən özümə qayıdaraq qulaqlarımda cingildədi.
Bir andaca bütün səslər kəsildi və bu dəfə gözümün önündə işarələr meydana gəlməyə başladı. İlk dəfə gördüyüm, yadda saxlaması belə çətin olan qəribə işarələr toplusu...

“ Qızılsaç?” Birinin dürtməsi ilə yuxudan oyandım. “ Çölə çıxmağı özün təklif etdin, amma indi...”
Dərhal yerimdən qalxdım, ağzımın suyunun üzümə yayıldığından ehtiyat edərək köynəyimin qolu ilə üzümü sildim. “ Nə?”
Əli ilə qapını göstərdi. “ Çölə çıxmağı deyirəm. Bir gecəlik...
Əyləncə... Tanış gəldi?”
“ Əlbəttə.” – məcburi bir təbəssümlə ona baxdım. Gördüklərimin təsirindən hələ çıxa bilməmişdim. Birinci gördüyüm yuxunun mənim keçmişimlə əlqasi olduğunu artıq öyrənmişdim. O yanan ev mənim evim ola bilərdi.

“ Yaxşısan?” Başımı yellədim. “ Clara kimdir?” “ Kim?”
“ Clara ” – təkrarladı. “ O adı düşünürdün.”
“ Tanrım, Emmanuel bunu etməməyi neçə dəfə deməliyəm
axı. Düşüncələrimdən əl çək !!!”
“ Amma bu yenə də sualıma cavab verməməyin üçün bir
bəhanə deyil. Clara kimdir?”
“ Bilmirəm.” – dedim. Nə də olsa, yalan danışmış sayılmırdım. O qızın mən olduğumu sadəcə saçlarına görə təxmin etmişdim. Ya bu sadəcə adi bir yuxu idisə? Mənimlə heç bir əlaqəsi olmayan bir kabus idisə? “ Yuxuda birinin həmin adı səsləndiyini eşitdim.”
“ Bəlkə də bu sənin adındır. Bəlkə də keçmişini xatırlamağa başlayırsan.”
“ Ola da bilər, olmaya da.”
“ Amma sənin arxanda olan təhlükəni unutma, Qızılsaç. Keçmişini, ailəni, dostlarını xatırlasan belə, onların yanına getməyin sevdiklərin üçün bir təhdiddən başqa heç nə deyil. İblislər səni əldə etmək üçün onları əllərində bir üstünlük olaraq istifadə edəcəklər.”
“ Urieli də gördüm.” – dedim. “ Mənə nəsə deməyə çalışırdı, amma anlamadım hər zamankı kimi. Sonra dediklərini səs olaraq deyil bir görüntü olaraq göndərməyə başladı. Və o anda sən məni oyandırdın.”
“ Bu da bir irəliləyişdir. Növbəti dəfə bütün gördüklərini yadında saxlamağa çalış və dərhal onları bir kağıza qeyd et. Beləcə, Cənnət bıçağının yerini müəyyən etmiş olarıq.” Çarpayımdan qalxıb qapıya yönəldi. “ Sözün əsl mənasında, əyləncə haqqı qazandın.” Otaqdan çıxarkən “ ancaq keçmişin haqqında dediklərimi unutma.” - əlavə etdi.

Otaqdan çıxan kimi arxasınca qapını örtüb dolaba yaxınlaşdım. Üzəri mavi və bənövşəyi rəngli kiçik çiçəklərlə bəzədilmiş paltarı çıxardaraq çarpayının üzərinə qoydum. Yenidən dolaba hücum edib qısa bir cins jilet tapdığım zaman Emmanuelə təşəkkür etdim. Bəlkə özündənrazı və axmaq biri ola bilərdi, amma bu qədər paltar seçimi üçün bir təşəkkürə layiq idi.
Paltarımı və ona uyğun olacağının düşündüyüm rahat bir ayaqqabı geyindim. Çünki darıxdırıcı günlərin ardından bütün gecəni yorulana qədər rəqs etmək fikrində idim. Buna görə də ayaqqabılar ən vacib amillərdən biriydi.
“ Qızılsaç?”
Emmanuelin çağırması ilə hər şeyin qaydasında olduğuna əmin olmaq üçün güzgüyə baxdım. Saçlarıma son bir toxunuşu edib jileti qoluma ataraq otaqdan çıxdım. Emmanuel öz sevimli qara cins şalvarlarından birini geyinmişdi. Hətta bəzən onun bundan başqa bir şalvarı olub-olmadığı mənim üçün maraqlı idi, çünki əynində başqasını görməmişdim. Nə yaxşı ki, bu dəfə köynəyində bir dəyişiklik edərək tünd boz rəngli olanı geyinmişdi. Əslində buna geyinmək demək olardısa... Çünki axırdan üç düymə istisna olmaqla hamısı açıq bir vəziyyətdə idi. Sanki, bu gecəki qızlar üçün o füsunkar bədəni ilə bir tələ hazırlamışdı, onun qucağına atılsınlar deyə. Tünd qəhvəyi rəngli qalın saçları isə hər dəfə olduğu kimi, iri alnını ortaya çıxardacaq dərəcədə geriyə daranmışdı.
Qapını açıb ilk öncə mənim keçməyim üçün yol verərkən qollarımı yuxarı qaldırıb “ bu gecə bizim gecəmiz” – qışqırdım, olduqca həyəcanlı bir səs tonu ilə. Amma Emmanuelin üz ifadəsini gördüyüm zaman qulaqlarımın dibinə yayılmış gülüşümü güclə yığışdırdım.

Maşına əyləşən kimi radioda ritmik mahnılar ovuna çıxaraq özümü hazırlamağa başladım. Mələk isə ara-sıra mənə baxıb gülümsəmək və başını bulamaqdan başqa heç nə etmirdi. Amma bu gecə mənə heç nə mane olan deyildi.
Hətta o və onun özündən başqa hər kəsdən narazı olan üz
ifadəsi belə !!!
Dayanacaqda boş yer tapıb saxlaması ilə maşından düşdük. Ətrafıma baxdığım zaman o qədər də maşın olmadığını gördüm. Bu iki ehtimal ağla gətirirdi. Ya bura o qədər də məşhur yer deyildi və az adam olmasının səbəbi bu idi, ya da içəridəkilərin çoxu maşınla deyildi. Mən ikinci ehtimalın olmasını düşünərək Emmanuelin yanı ilə addımlamağa başladım. Çünki çox insan, həddindən artıq əyləncə demək idi.
Qapının açılması ilə işıqların və ayın aydınlatdığı çöldən belə qaranlıq bir yerə daxil olduq. Yalnız divarlarda bərkidilmiş uzun qırmızı rəngli işıqların köməyi ilə pilləkanlardan yıxılmamaq üçün ehtiyatla addım ataraq aşağı düşdük. İçəri düşündüyümdən də böyük və izdihamlı idi.
Zəif işığın altında insanların arası ilə irəliləyib bara yaxınlaşdıq. Hündür stullardan birində əyləşdikdən sonra paltarımı düzəltdim. Emmanuel yanımda əyləşərək gözlərini ortalıqda oynayan insanlara zillədi. Sadəcə maraq üçün, yoxsa sırf təhlükəsizliyimiz üçün bu qədər diqqətlə baxdığını ayırd edə bilmədim. Əynində qara mayka, qulağında dəmir halqalı barmen bizə yaxınlaşdı.
“ Nə içirsiz?”
Emmanuelə baxaraq onun sifariş etməsini gözləsəm də, ondan bir səs çıxmadı. İlk olaraq soyuq bir kokteyl sifariş etdim. Nə də olsa, içki üçün qarşımda bütün gecə var idi. Barmen gözünü yanımdakına dikib onun da sifarişini

gözləməyə davam edirdi ki, dirsəyimlə Emmi vurdum və qarşılığında gözlərini insanlardan çəkməyi bacardı ən sonunda. “ Tekila.” – deməklə kifayətləndi və yenidən seyrə davam
etdi.
Çox keçmədən barmen hazırladığı kokteyli qarşıma qoydu. Ona təşəkkür edib bir qurtum aldım. Emmanuel isə tekilanı başına çəkib boş stəkanı yerə qoydu və işarə ilə birini daha sifariş etdi. Eyni sürətlə ikincisi və üçüncüsünü içdikdən sonra gözlərini birinə zillədi. Qarşımda duran iri oğlanın arxasından boylanıb Emmin kimə baxdığını görə bildim bir neçə cəhddən sonra.
Emmanuel əlini qaldırıb salamladıqdan sonra qadına göz vurdu. “ Əyləncənin dadını çıxart. Mən də buralarda olacam.” Qalxaraq həmin qıza doğru getməyə başladı.
“Çox uzaqlara getmə ki sonda səni tapmağım asan olsun.”
Heç nə demədim. Əslində əlimdə elə bir şans da yox idi. Çünki Emmanuel çoxdan oynayanların arasında yoxa çıxmışdı.
Oturduğum yerdəcə dayanıb gənclərin necə əyləndiklərinə tamaşa edirdim. Bəziləri ağzı qulaqlarının dibində dayanmadan rəqs edirdilər. Bəziləri bir qıraqda birlikdə gəldikləri, ya da buradaca tanış olduqları əks cinsin nümayəndəsi ilə gecələrini daha maraqlı keçirtməyə çalışırdılar. Bəziləri isə dayanmadan içkiləri bir-bir mədəsinə boşaldırdı. Ən əsası, hər kəs xoşbəxt görünürdü. İçlərində nə fırtınalar qopduğunu üzə vurmasalar belə, dünyada onlardan xoşbəxt biri yoxmuş kimi davranırdılar. Elə o zaman ağlıma bir oyun gəldi. Qəribə bir formada bu oyunun mənə doğma olduğunu və əvvəllər də eynisini etdiyimə dair içimə bir hiss qondu.
Bir içki sifariş etdim – spirtli bir içki və oyunuma başladım. Əlimi çənəmə dayayaraq insanların əslində kim olduqlarını

təxmin etməyə çalışdım. Məndən üç stul uzaqdakı sağımda içki içən qadın heç də buranın adamına bənzəmirdi. Buranın adamı deyərkən əyləncə adamı olmadığını nəzərdə tuturdum. Çünki başını içkidən qaldırmırdı. Düzdü, ara-sıra ətrafına baxaraq gülürdü. Daha doğrusu, buna çalışırdı. Onun bir problemi olduğunu düşündüm. Paltarına baxdım. Sadə idi. Qulağında, qolunda, ya da barmaqlarında heç bir bəzək əşyası yoxuydu. Və bəlkə də onun problemi elə məhz pul problemiydi. Bəlkə də kirayə qalırdı və heç bir iş tapa bilmədiyinə görə adi kirayə pulunu belə ödəyə bilmirdi. Sonra ortada bir-birinin ağızlarının içinə girərək bədənlərini bir-birinə sürtən iki gəncə baxdım. Oğlanın hərəkətlərində bu işdə peşəkar olduğu məlum idi. Ancaq qızın, böyük ehtimal ki, belə bir yerdə olması bir qırağa qalsın, gecənin bu saatında çöldə olmağı ilk dəfə idi. Sizi əmin edə bilərəm ki, ən çoxu bir saatın sonunda oğlanla birlikdə buradan ayrılıb gecəni birlikdə keçirdəcəklər və səhər açılan kimi oğlandan bir daha xəbər ala bilməyəcəkdi.
Növbəti təxmin üçün gözlərimlə insan ovuna çıxarkən birdən işıqlar söndü.
“ Bu gecənin xüsusi qonaqları üçün hazırsız?” Bir səs bürüdü ətrafı. Hər kəs qışqıraraq buna hazır olduqlarını deyərkən bir anlıq həyəcana qapılıb qonaqların kim olduğunu bilmədiyim halda mən də qışqırmağa başladım. “ Elə isə Gecənin Mələkləri...”
Mələk sözünü eşitdiyim zaman bədənimi ani bir titrəmə bürüdü və gözümün qarşısında yuxumda gördüyüm Uriel və mənə deməyə çalışdığı sözlər canlandı. Gözlərimi yumaraq dərindən nəfəs aldım.
Bu gecə yox.

Gözlərimi açdığım zaman içərinin hər saniyədə dəyişən rəngbərəng işıqlarla aydınlandığını gördüm. Gələn gitara səsi ilə səhnə işıqlandı. Ona kömək edən zərb alətlərinin səsi solistin hər kəsi salamlaması ilə daha da gücləndi. Çoxu qızlar olmaqla digərlərinin də alqışları altında daha da həvəslənən qrup başladıqları elə ilk saniyələrdə çox iddialı idilər. Bir andaca canlanan klub, gənc qrupun bu işi bacardıqlarını göstərirdi. Qızların qışqırıqlarına görə solistin adı Lucas olmalı idi. Çünki hər dəfə o ad eşidiləndə oğlanın üzündəki gülüş bir az daha artırdı.
Ətrafımda Emmanueli axtardım yenidən, ancaq tapa bilmədim. Məni burada yaddan çıxartmadığına ümid edərək bura niyə gəldiyimi xatırladım. Və oturduğum yerdən qalxaraq oynayanların arasında özümə güclə yer elədim. Tərli bədənlər arasında qolumu qaldıraraq özümü musiqinin ritminə təslim edərkən hər mahnının sonunda digərləri kimi mən də Lucasın adını qışqırırdım. Və hər dəfə yeni mahnının başlaması ilə özümdə yeni kəşf etdiyim hərəkətlərlə rəqsimə davam edirdim. Qaçış və üzərinə bir neçə saat davam edən rəqsin ardından ayaqlarım artıq sözümə qulaq asmırdı. Bir az daha ayaqüstə dayansaydım, elə oradaca yerə yıxılıb “ İLİN ƏN RƏZİL QIZI” adını alacaqdım. Buna görə sonrakı mahnıda artıq böyük təəssüf hissi ilə ayaqlarımı söyə-söyə yerimə keçib oturdum. Yorğunluğumu azaltmaq üçün bir içki daha sifariş etdim və bu sırada Emmanueli axtarmağa başladım təkrar olaraq. Ancaq ən küncdə qucağındakı həmin qızla bir-birilərini yeyib-
bitirdiklərini gördüyümdə dərhal baxışlarımı qaçırtdım.
Səfeh mələk....
Beynimin içində eşitdiyim gülüşün ardından Emmanuelin
səsi əks-səda verdi. “ Bunu səninlə də təkrarlaya bilərəm.”

Mənim onun kimi danışmaq bacarığım olmadığı üçün düşüncələrimi oxuduğunu bilərək “ bir də mələklərin heç nə hiss etmədiyini deyirdin” – dedim.
“ O hisslərin düşüncəsi belə kifayətdir.” Gözucu o tərəfə boylandığım zaman Emmanuel əsəblərimi yerindən oynadacaq bir şəkildə əl salladı, sanki, bir hünər iş görürmüş kimi.
İçkimi içərkən düşüncələrimin ətrafındakı o görünməz divarları hörməyə çalışsam da, yorğunluq, içki və səs-küy buna mane olurdu.
Bir daha onlar tərəfə baxmayacağıma özümə söz verərkən ayaqlarımın ağrısının keçməsini və yenidən ortalığa atılaraq qaldığım yerdən davam etməyi gözləyərkən “Gecənin Mələkləri”nin sağollaşdığını eşitməyim heç də ürəyimcə olmadı. Qrupu sadəcə bu gecə ilk dəfə görməyimə baxmayaraq onları sevmişdim. Əsas da Lucası. Qızların özlərini bu qədər həlak etmələri hədər yerə deyilmiş.
Bu düşüncələr arasında itərkən birdən biri gələrək düz yanımda oturdu. Başında bir papaq, gözündə isə iri qara bir eynək var idi. Belə bir yerdə hansı ağılsızın belə bir eynək taxdığını və ən əsası o qədər yer olarkən niyə məhz mənim yanımda oturduğunu düşünərkən oğlan eynəyini çıxartdı. “ Salam.”
Əvvəlcə onu tanımasam da, sonrada Lucas olduğunu anladım. Az öncə mahnılarında özümü itirdiyim həmin qrupun solisti olan Lucas. “ Salam.” Gülümsədim. “ Sən...”
İşarət barmağını dodaqlarına aparıb susmağımı işarə edərək ətrafına baxdı, arxasınca düşən polislərdən qaçan bir oğru kimi. “ Mən oradakı həmin adam deyiləm. Ən azından bir az başımın səs-küydən dincəlməyi üçün mənə bu yaxşılığı edə bilərsən?

Mənim kim olduğumu bildikləri halda üstümə hücum çəkəcəklər.”
“ Bunu niyə edim ki? Səni tanımıram.”
Bunu gözləmirmiş kimi dayandı. “ Haqlısan.” Düşündü. “ Bir içki sifariş etsəm, necə?”
Qarşımdakı boş stəkanı ona doğru itələdim. “ Çoxdan unutdum.” Əlini uzadaraq adını demək istəyirdi ki, sözünü yarıda kəsdim və uzatdığı əlini geri çevirməyib qarşılıq verdim. “ Altıncı hissim adının Lucas olduğunu deyir.” – səhnəni işarə etdim. Qrupun ifasından sonra səhnənin işıqları sönmüşdü , ancaq səsucaldanlardan mahnılar yenə də səslənməkdə idi.
Lucas səhnəyə baxıb güldü. “ Əlbəttə. Amma mənim səndə olan altıncı hissim yoxdu.” – havada dırnaq işarəsi tutdu.
Bunun qarşılığında adımı deməyim lazım idi, ancaq mənə belə maraqlı olan bu məsələ qarşısında Lucasa özümü necə təqdim edəcəyimi düşündüm. Birdən yuxum yadıma düşdü, daha doğrusu, yuxumdakı eşitdiyim həmin ad. “ Clara ” – dedim. “ Clara Pedersen.” Düşünmədiyim bir anda ağzımdan çıxan bu soyadın haradan gəldiyi üzərində düşünməyə başladım, ancaq bunu bir qırağa qoyaraq Lucasla söhbətə davam etdim. Nə də olsa, bu gecədən sonra bütün günü Emmanuelin evində keçirəcəyim `əyləncəli` saatların birində bu haqda düşünə bilərdim.
“ Xanım Pedersen.” – dedi düşüncəli bir səs tonu ilə.
“ Adınız və simanız mənə kimisə xatırladır, amma...”
Barmen Lucasın sifariş etdiyi içkiləri qarşımıza qoyarkən Lucasın sözü yarımçıq qaldı. Öz içkimi ovcumun içinə alıb “ orada möhtəşəm idin.” – dedim. Bunu sadəcə söz olsun deyə deməmişdim, çünki , həqiqətən də, möhtəşəm idi. Mahnı, ifa

tərzi, səsi, hərəkətləri ,sanki, yüz illər boyu bu işlə məşğulmuş kimi bir təəssürat yaradırdı insanda.
Gözlərini qaçıraraq gülümsədi. “ Təşəkkür edirəm. Amma gələcək yüz illər ərzində bununla məşğul olsam, bəlkə onda daha yaxşı ola bilərəm.”
“ İndi, sənin bəyənmədiyin bu ifanı nəzərə alsaq, yüz il sonrasını görmək üçün bir vampir qanı axtarışına çıxmalıyam.” “ Amma vampirlər sadəcə qorxu kitablardan çıxmış
uydurma bir məfhumdan başqa heç nə deyil...”
Çiynimi çəkdim və içkidən bir qurtum aldım. “ İnsan var olmayan bir şey haqqında necə fikir irəli sürə bilər ki?”
“ O zaman tək buynuzlu atların, pərilərin, şeytanların,
mələklərin də var olduğunu deyirsən?”
“ Digərləri bilmirəm, amma...” Ayağımı oturduğum stulun altındakı dəmirə qoyub bədənimi dikəltdim. Arxaya baxaraq Emmanueli axtardım, ancaq yenə də yoxa çıxmışdı. “...mələklərin var olduğuna inanıram.” – içkidən bir qurtum daha aldım. “ Şeytanların da...”
Lucas, sanki, üç yaşındakı bir uşağın gecələri anasının oxuduğu nağıldakı varlıqlardan birini gördüyü haqqında danışırmışam kimi mənə baxdı və cümləmi tamamlayan kimi güldü. Qısa müddətli bir gülüş idi, ancaq bu mənim də gülməyimə səbəb olmuşdu. “ Ah Clara, mənə Hogwarts`a da inandığını demə.” İçkisini bir dəfədə bitirdi. Yanında keçən bir qızın ona diqqətlə baxması ilə üzünü çevirən Lucas eynəyini düzəltdi.
“ Niyə də yox...”
Lucas qəh-qəhə çəkərək musiqinin səsini batıracaq bir şəkildə hündürdən gülümsədi. Bu ətrafımızdakıların bizə

baxması ilə nəticələndi, amma çox çəkmədən hər kəs yenidən
öz işinə geri döndü.
Barmenə bir içki daha sifariş etdim. Lucas qarşımdakı boş stəkanlara baxıb “ səncə, bir az surətlə getmirsənmi?” – soruşdu.
“ Zənn etmirəm...” Bu gecə bəlkə də mənim üçün sonuncusu olacaqdı, ən azından mələyin mənə nə göstərdiyini anlayıb bıçağın yerini tapdıqdan sonra içimdəki lənətə gəlmiş ruhu bir dəfəlik bədənimdən xaric edənə qədər. Çünki o zamana qədər yalnızca bu gecənin əvəzində bir daha Emmanuelə evdən çıxmaq barəsində söz açmayacağıma and içmişdim.
Başını yellədib eynəyini çıxartdı. “ Bütün qızlar üzərinə hücum edəcək.”
Lucas “ düşünmürəm.” – deyə güldü. “ Bir onlara bax, indi heç biri məni tanıyacaq halda deyil.” Gülərkən iri gözlərinin, demək olar ki, yoxa çıxdığının məhz o zaman fərqinə vardım.
“ Bəs biz niyə oturmuşuq?” İçimdən ayaqlarımdan bunu etdiyimə görə üzr istədim və üzrümü qəbul etdiklərinə ümid edərək ardınca məni yıxmamaq üçün onlara yalvardım.
“ Haqlısan.” Ayağa qalxaraq hündür stuldan düşməyim üçün mənə kömək etdi. Normalda buna ehtiyacım olmazdı, amma...
Təşəkkür, içkilər...
Ortalığa düşməmiz ilə yeni və olduqca ritmik mahnının səslənməsi bir oldu. Lucas dərhal peşəkarcasına rəqs etməyə başladı. İçimdən onun rəqsini bir videoya çəkib evdə boş vaxtlarımda baxaraq özümə uyğun bəlkə bir-iki yeni hərəkət öyrənmək keçdi, amma belə bir şərait olmadığına görə, bu düşüncənin üzərində daha çox dayanmaq mənasız idi.

Lucas qollarımdan tutaraq musiqiyə uyğun məni də özü ilə birlikdə hərkət etdirirdi. Arada qollarını açıb məni ətrafında fırlandırmaqdan da geri qalmırdı.
“ Qızılsaç?”
Lənət olsun !!! Tam da əyləncənin ən gözəl yerində.
“ Söyməyi sonraya saxlaya bilərsən. İndi mənə harada
olduğunu de. Səni tapa bilmirəm.”
Fikir vermədən oynamağa davam etdim. Digər tərəfdən də içkilərin artıq təsirini göstərməyini ətrafımdakı hər şeyin fırlanması ilə anladım. Ancaq bu, əyləncəmə bir son verə bilməzdi. Yıxılmamaq üçün Lucasın çiyinlərindən tutdum.
“ Qızılsaç?”
“ Canın Cəhənnəmə”
Sonra beynimdəki səslər kəsildi və Emmanuelin getdiyini düşünərək sevinməyə başlamışdım ki, birdən kobud bir əl qolumdan tutaraq məni geri çəkdi.
Tarazlığımı sabitləməyim çətin olsa da, bunu bacardım. “ Ağlını itirmisən?”
“ Bir cavab versəydin, ağlımı itirməzdim.” – dedi Emm.
Lucas bir anda qoruyucu geyimə bürünərək məni özünə çəkdi. “ Səni narahat edir?” – soruşdu məndən.
Emmanuel istehza ilə gülümsədi. “ Ona cavab ver. Səni narahat edirəmsə, gedə bilərəm və sən də... onlarla...” – deyərkən bir anda mənim izimdə olan iblisləri xatırladım, bütün bədənimdən bir elektrik keçmiş kimi titrədim.
“ Yaxşıyam.” – dedim sözlərin ağzımdan düzgün çıxmasına ümid edərək. İçkinin təsirindən danışığımı belə itirməyə başlayırdım. “ Hər şey qaydasındadır.”
Emmanuel məni çəkib Lucasın qolundan ayırdı və heç nə
demədən arxasınca sürüyərək klubdan çıxdı.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri