Bir cüt qanad (7-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 614
Səs ver:
(səs: 0)
“ Hey...” Çiynimdən dəyən zərbə ilə yerimdə silkələndim. “ Ayağa qalx.” Yenidən bir zərbə dəydi, ancaq bu dəfə o qədər də güclü deyildi. Yuxudan ayıldım. Amma hər an yenidən yuxuya getməyə hazır olaraq gözlərimi açmadım. Əslində istəsəm belə, bunu etməyim o qədər də asan iş kimi görünmürdü, başımın ağrısı isə bunun ən başlıca səbəbi idi.
Birdən üstümdəki yorğan qollarımın arasında sərt bir şəkildə çəkilərək götürüldü. Ancaq gözlərimi yenə də açmadım. Bədənimə təmas edən sərin bir hava ilə titrədim və ayaqlarımı sinəmə doğru çəkərək deyindim. “ Get başımdan.”
“ Elə şey yoxdur, içkilərlə dolu partilər kralıçası.” Emmanuel səhərlər lap dözülməz olurdu. Ancaq bunu hər dəfə sübut etməsinə ehtiyac yox idi ki... “ Üçə qədər sayıram və yataqdan qalxmadığın təqdirdə gözünü hamamda soyuq suyun altında açacaqsan.”
“ Canın Cəhənnəmə...” – dedim və yerimi rahatlayaraq gözlərimi otağa düşən gün işığına meydan oxuyurcasına bərk sıxdım.
“ Bir...” Tərpənmədim. “ İki...” Başımı səsinin daha az gəlməsi üçün yastığın altına saldım. “ Sonra demə ki,

xəbərdarlıq etmədim.” Onu çarpayımın başında əlləri cibində dayandığını təxmin edirdim. “ Və... üç...” – dedi. Ardınca çarpayımın cırıltısı Emmanuelin üzərinə çıxdığını bəyan etdi. “ Məndən günah getdi, Qızılsaç.” Bir qolunun bədənimlə döşəyimin arasına girərək məni qaldırdığını hiss etdiyim anda gözlərimi açdım.
“ Məni yerə qoy və otaqdan çıx. Bu gün çarpayıdan qalxmağı düşünmürəm.” Səsim, sanki, quyunun dibindən gəlirmiş kimi güclə eşidilirdi.
“ Son bir şans.” – dedi. “ Səni yerə qoyacam və sən də paltarını geyinib otaqdan çıxacaqsan.”
Başımı iki yana salladım. “ Başım çox pis ağrıyır.”
“ Bu ki əladı, soyuq suyun bütün ağrını götürəcəyinə əminəm.” Qollarında mənlə çarpayıdan qalxdı. Mən hələ də bunun bir zarafat olduğunu düşünürdüm və Emmanuelin məni yerimə qoyacağını gözləyirdim. Ta ki otaqdan çıxana qədər...
Göz qapaqlarımı aralayıb qarşımdakı hamamın qapısını gördüyüm zaman bütünlüklə yuxudan oyandım. Emm zarafat etmirdi. “ Məni aşağı endir.” – qışqırdım. Az öncəki ilə müqayisədə səsimin bu qədər hündürdən çıxdığına inana bilmədim.
“ Zarafat etməyimi anlamağın bir az zaman aldı, amma olsun, əsas odur ki, bunu anladın.” Qucağında çapalasam da, məni əhatə edən dəmir qolları arasından çıxa bilmədim.
“ Emmanuel !!!!”
Elə bil onunla deyilsən. Mələk yavaşca əyilərək məni hamamın buz kimi soyuq döşəməsinin üzərinə qoydu və mən ayağa qalxmağa çalışarkən birdən suyu açdı. Başımdan aşağı tökülən, döşəmədən belə soyuq olan suyun təsirindən göz bəbəklərim böyüdü. Qışqırıb Emmanueli söyüş atəşinə tutarkən

suyun altından kənara çıxdım. Bunu bacardığım qədər tez etməyimə baxmayaraq başdan ayağa suyun içindəydim. “ Lənətə gələsən...”
“ Çox cazibədar görünürsən.” Gülərək göz vurdu. “ Səni belə daha çox izləmək istərdim, amma zamanımız yoxdur. Ən yaxşısı mən sənə dəsmal və paltar gətirim, sən isə duş qəbul edib tez bir zamanda hazır ol.”
Çox keçmədən dəsmal və paltarla içəri girən axmaq əlindəkiləri üstümə tullayıb son xəbərdarlığını edərək çıxdı. Ağlımdan minlərlə işgəncə və ölüm üsulları keçirsəm də, bir mələyi öldürməyin və cəzalandırmağın mümkün olmadığını xatırladım. Duş qəbul etdikdən sonra hamamdan çıxdım, ancaq evdə məndən başqa heç kim yox idi. Bundan istifadə edərək bir tikə rahat səhər yeməyi üçün vaxt itirmədən mətbəxə keçdim. Bir anda baş ağrılarımın keçdiyinin fərqinə vardığım zaman çox sevindim və bunun üçün Emmə təşəkkür belə etməyi düşünsəm də, bunu dərhal ağlımdan çıxartdım.
Yeməyi yeyib masanı yığışdırdım. Otağıma keçərkən “ çantanı hazırla. Çöldə səni gözləyirəm.” – mələyin səsini eşitdim. “ Bu dəfə daha çox su götür.”
Bu gün onun mənə özümü müdafiə etməyi öyrədəcəyini gec də olsa, xatırladım. Dünənin yorğunluğunun böyük bir hissəsini soyuq duş alıb aparsa da, yenə də özümü tam gümrah hiss etmirdim. Dünənki gecənin nə qədərini xatırladığımı düşünərək şort və maykamı əynimə keçirdim. Son xatırladığım Lucas adlı “ Gecənin Mələkləri”in solisti ilə içki içərək söhbət etdiyimiz an idi. Ondan sonrası isə o qədər də yadımda deyildi, sadəcə qısa-qısa görüntülər var idi. Amma daha dəqiq Emmdən soruşmaq qərarına gəldim. Çantama dəsmal və bir mayka daha qoyduqdan sonra bir neçə şüşə su yerləşdirib evdən çıxdım.

Maşına minib binaların arasından uzaqlaşdıq. “ Dünən gecə hansı sonluqla bitdi?”
Emmanuel güldü və mavi gözləri ortaya çıxdı. “ Nə, yoxsa heç nə xatırlamırsan? Əslində bu sənin tərəfdən baxanda yaxşı bir haldı. O son etdiyini mən etsəydim, inan ki, heç ömrümün sonuna qədər xatırlamaq istəməzdim.”
“ Son etdiyim?” Üzümün qızardığını görməsəm də,
yaratdığı istiliyi hiss edirdim.
“ Sadəcə utancverici...” Təəssüf hissi keçirərək başını
tərpətdi.
Tanrım... “ Axı nə etmişəm?”
“ Rəqsin ortasında o oğlanın üzərində əllərini gəzdirib
yavaş-yavaş aşağı əyilərək...”
“ Anladım... Sus...” Bunu etmiş ola bilməzdim...Bir anda maşının qapısını açıb özümü çölə atmaq istəsəm də, etmədim. Nə də olsa, can şirin şeydi.
“ Çox iyrənc görünürdün.” Gözünü yoldan çəkib mənə ciddi baxışlarla baxdı. Oturacağa daha çox sıxıldım. O an mümkün olsaydı, kiçilərək gözdən itməyi belə ağlımdan keçirdim. Emmanuelin üz ifadəsi bir andaca dəyişdi və qəh-qəhə ilə gülməyə başladı. Hər saniyə daha da artan gülüş səsləri arasında “ az öncəki üz ifadəni görməliydin.” – dedi və məni ələ salaraq gülməyə davam etdi.
“ O dediyin olmamışdı, düzdü?” Emm gülərək başını iki yana salladı. Tanrım, necə də axmağam...
“ Həm də çox, Qızılsaç.” Emmanuelin dayanmayan gülüşünü basdırmaq üçün radionu işə salaraq ilk çıxan mahnının səsini sona qədər artırdım.
Emm maşını yenidən əvvəlki yerdə saxladı. Maşından çantam ilə birlikdə düşüb təmiz havanı cəkdikdən sonra

mələyin göstərişi ilə qaçışa başladım. Bir neçə dəqiqənin ardından istirahət üçün dayandığım zaman quruyan boğazımı islatdım.
“ Hazırsansa, döyüş hərəkətlərinə başlayaq.” Başımla təsdiqlədim. “ Elə isə ilk qayda... ” – dedi. Enli kürəyini dikləşdirib əllərini ağacların arasından vuran günəş şüasının parıldatdığı saçlarının arasında gəzdirdi. “ İlk qayda qaçmaqdır. Məhz bu bir neçə gündə dayanmadan qaçdığımızın səbəbi də bu idi - səni sürətləndirmək.” Əllərini arxasında birləşdirib ətrafımda asta addımlarla dövrə vurdu. “ Düşmənlə üz-üzə gəldiyin zaman ilk olaraq ətrafına göz gəzdir. Bir tərəfdən düşmənə necə qalib gələcəyini düşünərkən, digər tərəfdən də işlər düşündüyü kimi getməsə, oradan qaçmağın yolunu axtar.” Düz qarşımda dayandı. İki barmağını birləşdirib gicgahıma vurdu astaca. “ Bunu o kiçik ağlında qiymətli bir əmanət kimi saxla.”
“ İkinci qayda - günəş ya da onun kimi hər hansısa bir işıq mənbəyini arxanda saxla. Gözünə düşərək diqqətini yayındıra bilər.” Bir az dayandı və yenidən məsləhətlərinə davam etdi. “ Və ayağını hər zaman yerə bərk bas. Bu sənin özündən əmin olduğunu göstərməklə yanaşı, ayağının sürüşərək yıxılmağının da qarşısını alacaq.” Qarşıma keçdi və sağ ayağını bir qədər irəli qoyaraq döyüş formasını aldı. Əllərini havaya qaldırıb başına yaxınlaşdırdı. Eynisini edərək önündə dayandım. “ Bir sonrakı maddə...” – dedi. “ Əsas olan vurduğun zərbələrin sayı deyil, gücüdür. On zərbə ilə qarşındakında sadəcə qıdıqlanma halı yarada da bilərsən, bir zərbə ilə onu yerə yıxa da bilərsən.” “ Əllərin hər zaman yuxarıda olsun, dirsəklərini və çənəni isə bacardığın qədər sabit saxla. Beləcə qarşındakının vura biləcəyi yerlər azalmış olacaq. Dizlərini elə tut ki, sağa- sola

hərəkət edə biləsən.” Qollarımı göstərdiyi kimi yuxarı qaldırıb başımı nisbətən aşağı saldım. “ Və çalış, ilk zərbəni sən endirəsən, bu ona qarşı bir üstünlük qazandıracaq. İblislər mələklərdən fərqli olaraq ağrını hiss edə bilirlər, insanlardan güclü olasalar bele. Və bir də ölümsüz.”
“ O halda bunun nə önəmi var ki?”
“ Yaxşı qulaq assaydın, bunu anlayardın. İblisləri zərbələrlə təsirsiz bir hala sala bilərsən. Aldığı yaralar sağalana qədər yerindən tərpənə bilməyəcək və sən də o sırada canını xilas edə biləcəksən. Başa düşdün?” Başımı tərpətdim. “ Ayaq zərbələrini unutma. Əsas da qarın boşluğuna. Və qarşındakı iblis bir kişidirsə, hara zərbə endirəcəyini yaxşı bilirsən.” Gülümsəyərək qollarını açıb döyüş vəziyyətini aldı yenidən. “ Əgər dediklərimi nəzəri cəhətdən az da olsa, anlaya bildinsə, o zaman sıra bir az praktikaya gəlsin.” Başını yana əyərək əllərini qorumaq üçün yuxarı tutdu və üzündə meydan oxuyan bir ifadə ilə mənə baxdı.
Növbəti məsləhət gözləyərkən bir anda qolumdan dəyən yumruqla geri səndələdim.
“ Hər zaman hər şeyə hazır ol.” – dedi mən ağrıyan qoluma
nəvaziş göstərərkən.
Qolumun bir neçə dəqiqə sonra göyərəcəyinə and içə bilərdim, lakin indi düşündüyüm bu deyildi. O ağılsız mələyə dərsini vermək üçün belimi dikləşdirdim. Ayaqlarımı və qollarımı hazır vəziyyətə gətirib illər boyu bəlkə də sadəcə üşüyərkən yumulan əllərimi bir yumruq şəklində bərk sıxdım. Sağ qolumla başına bir zərbə endirmək üçün ilk hərəkətimi etdim. Lakin Emmanuel dərhal asan bir şəkildə onu dəf etdi. Dayanmadan soldan bir zərbə daha endirdim və bədənimin yalnızca əllərimdən ibarət olmadığını gec də olsa, xatırlayıb

ayaqlarımı da işə saldım. Böyrünə endirəcəyim inanılmaz dərəcədə güclü ayaq zərbəmdən bir addım sola getməklə yayınmağı bacardı və bu, ayağımın boşa getməsi ilə az qalsın, yıxılmağıma səbəb olacaqdı. Bundan istifadə edən Emm dərhal sağ qolumu tutub, sanki, hər an qıracaqmış kimi arxaya doğru bükdü. “ Çox səbirsizsən, Qızılsaç.” – fısıldadı qulağıma və qolumu buraxaraq məni irəli itələdi.
Bükülmüş qolumu əvvəlki vəziyyətinə qaytarmağım bir neçə saniyəmi əlimdən aldı. Emmanuel hər fürsəti dəyərləndirərək bir yumruq atdı, amma az əvvəl onun etdiyi kimi qolumu yuxarı qaldırıb dirsəyimlə yumruqdan qorundum. Başqa bir zərbə atacağını gözləyərkən Emmanuel dayanıb bir neçə addım geriyə getdi.
“ Bu qədər?”
“ Yox, təbii ki, sadəcə çox səbirsizsən və gücündən istifadə edə bilmirsən. Zərbələrin yavaş olmaqla yanaşı, zəifdi.”
“ Bu mənim bir qız olmağım və həyatımda bəlkə də ilk dəfədir ki, bunları öyrənməyimlə əlaqəli ola bilər?” Maşına tərəf gedib dəsmalı götürdüm. Alnımdan axan təri sildikdən sonra bir qurtum su içdim.
“ Ola bilər, amma bir mələk ruhuna - ən azından mələk ruhundan geridə qalanlara, sahib olduğunu unudursan.” – dedi. “ Bu səni bir insandan daha güclü və daha sürətli edə bilər. Ona görə özünə inanaraq hərəkət etməlisən.” Qollarını tam irəli uzadıb ovuclarını açdı. “ Bu ovuclarımı səni bu hala salan Uriel olaraq düşün və yumruqlamağa başla.”
“ Böyük məmnuniyyətlə.” Bir gün bunu , həqiqətən də, o lənətə gəlmiş mələyə edəcəyimi xəyal edərək gülümsədim. Yumruqlarımı sıxdım və dərindən nəfəs alıb-verdim. İlk yumruğu ovcuna vurub nəsə deməsini gözləyərək gözümü ona

dikdim. “ Nə baxırsan? Davam elə.” Ovucların içində beynimdə yaratdığım Urielin üzünü xəyal edib növbəti yumruğumu atdım. Dayanmadan vurduğum yumruqlarım Emmanuelin üzündəki ifadənin azacıq belə dəyişməsinə səbəb olmamışdı. Əgər onun ağrı hiss etmədəyini bilməsəydim, zərbələrimin zəifliyindən şikayətlənəcəkdim. “ Daha sərt.” Emmin qışqırması şikayətlənməm üçün həmin səbəbi verdi. “ Qarşındakı Urieldir. Sənə bunu edən. Sənin bədənini ələ keçirən, keçmişini unutduran, ailəndən ayrı salan həmin Baş mələk.” Onun dedikləri qulaqlarımdan daxil olaraq yanan alov topası kimi beynimə doğru yol alıb bütün hüceyrələrimin bağırmasına gətirib çıxartmışdı. Yumruq sürətlərimin artıdığının fərqində idim. Emmanuelin bu zərbələrə dayana bilməyib kiçik addımlarla geri getdiyini də görürdüm, lakin gözümün önünə bir pərdə çəkilmişdi, elə bil. Hansı ki həmin mələkdən mənə etdiklərinin hesabını aldığım anların görüntüləri ilə canlanan bir pərdə.
Bir anda Baş mələklə bağlı hər şey darmadağın oldu. Gözümün qarşısına gördüyüm kabuslar gəldi. Sönmək bilməyən alovlara qərq olmuş evin ətrafında toplaşanların qulaqbatırıcı qışqırıq səsləri. İnsanların fəryadları. Və qıraqda oturub balaca bir uşağı qucaqlayan qızın ağlayışı.
“ Qızılsaç... Qızılsaç...” Bu səs mənə tanış idi. “ QIZILSAÇ
! ”
Üzümə vuran sərin meşə yeli ilə özümə gəldim. Baxışlarımı
səs gələn tərəfə döndərən zaman Emmanueli gördüm. Torpağın üzərində yerə sərilmiş, mən isə bir əlimlə sinəsində yapışıb digər əlimlə havada ona endirmək üçün hazır şəkildə gözləyən yumruğumu sıxmışdım. Ən qəribəsi isə gözünün altı göyərmiş,

dodağı partlamış, axan qan isə burnundan süzülən qana
qarışmışdı. Tələsik əlimi yaxasından çəkib ayağa qalxdım.
Dirsəyini yerə qoyub yana doğru dikələrək “ axır ki...” – dedi Emm. “ Sadəcə bəxtim gətirib ki, ağrı hiss etmirəm.”
“ Bağışla... mən... mən...” Dilim həyəcandan və daha çox da utancdan topuq vurdu. Əlim-ayağım, sanki, ən azı on metr uzanıb bir-birinə dolanmışdı. Çantamın üzərindəki dəsmalı götürüb su ilə islatdıqdan sonra Emmanuelin yanına qayıtdım. Əyilərək dizimi yerə qoydum və əlimlə başını qaldıraraq üzündəki qanı silməyə başladım. “ Mən bilmədim... Bunu necə etdiyimi...”
Ola bildiyim qədər incə bir şəkildə silməyə davam edərkən əlimi tutub “ heç bir ağrı yoxdur.” – dedi üzümdəki pərişan ifadəni görərək. “ Və çox keçməz ki, üzüm əvvəlki vəziyyətinə qayıdar.” Əlimi buraxdı və mən yenidən üzünü təmizləyərək qaldığım yerdən davam etdim. “ Düşündüyüm qədər sürətli və güclü olduğunu isbat etmiş oldun.” Hələ də bu hala necə gəldiyimi, Emmanuel kimi birini necə yerə yıxdığımı və bu azmış, kimi onun üz-gözünü əzilmiş pomidora necə çevirdiyimi anlamırdım. Deyəsən, içimdəki ruhdan geri qalanlar məni, sözün əsl mənasında, dəyişibmiş.
“ Emmanuel, mən...”
Emmanuel qəfl əli ilə ağzımı tutub yerindən sıçrayaraq ayağa qalxdı. Səssiz olmağımı işarə edərək qolumdan tutub iri və bol budaqlı bir ağacın altına gətirdiyi zaman qolunu belimə doladı. Məni özünə sıxaraq yerindən havaya doğru atıldı və ağacın ən hündür budaqlarından birinin üzərində dayandı. “ Nə baş ....” Yenidən sözümü kəsib səssiz qalmağımı deyib aşağı baxdı. Nə olduğunu anlamağa çalışaraq aşağı boylandığım

zaman iki nəfərin az öncə durduğumuz yerə doğru yaxınlaşdığını gördüm.
Papaqlı olan digərinin qolundan vurub pis bir şəkildə güldü. “ Birlikdə olmaq üçün yer yoxmuş kimi meşəyə üz tutan gənclər.” Maşına yaxınlaşıb pəncərədən içəri baxdı. “ Burada yoxdular.”
İlk ağlıma gələn gözlərinə baxmaq oldu, lakin dayandığımız
yer və hündürlük buna qarşı çıxmışdı.
Digəri əllərini bir-birinə sürtdü. “ Görünür, işlərini təbiət qoynunda davam etdirmək istəyirlər.”
Papaqlı cibindən bir bıçaq çıxartdı. “ Onlara bir surpriz hazırlayaq. Nə deyirsən?”
“ Soruşmaqla xətrimə dəyirsən.” – cavabladı və cibindən öz bıcağını çıxartdı. Aşağı əyilərək bıçağı maşının təkərinə batırarkən digəri maşının üzərində iri cızıqlar yaratmağa başlamışdı.
Emmanuel heç təsəvvür belə edə bilməyəcəyim dərəcədə sakit dayanmışdı, ya da elə görünürdü.
“ Uşaq kimi oynamağı bitirdizsə, gedək.” Səs gələn tərəfə boylandığımız zaman daha altı nəfərin olduğunu gördük. Onların kim olduğunu və haradan çıxdığını öyrənmək üçün Emmin üzünə baxdım. Deyəsən, o, məndən fərqli olaraq digərlərinin də burada olduğunu bilirdi.
Papaqlı olan həvəssiz bir şəkildə bıçağı cibinə qoydu. Digəri isə ikinci təkəri də partlatdıqdan sonra ayağa qalxıb onu gözləyənlərə qoşularaq buradan uzaqlaşdı. Ardından bir neçə dəqiqə daha ağacın üzərində gözlədikdən sonra aşağı endik.
“ Onlar kim idi?” – deyə soruşdum ilk olaraq.

Emmanuel səssizcə maşına yaxınlaşıb təkərlərinə, sonra isə üzərindəki cızıqlara baxdı. “ İblislər.” –deyə cavab verərkən bir anlıq nəfəsim kəsildi. Onlara bu qədər yaxın olmaqdan nifrət edirdim. “ Deyəsən, yola qədər yeriməli olacağıq.”

“ Təmir servisinə zəng et, maşını götürmək üçün birilərini göndərsinlər.”

“ Mələklərin telefona ehtiyacları olmur.”

“ Elə isə o qeyri-adi güclərinlə maşını təmir et.”

Emmanuel mənə göz süzdürərək “ yola qədər gedib oradan bir maşından bizi aparmasını xahiş edərik. Sonra isə servisə gedib maşını götürmələrini deyərəm.” - əlavə etdi.
Dəsmalı çantamın içərisinə yerləşdirib çiynimə asdım. Emmanuel maşını bağlayıb yola doğru irəlilədi. Günəş artıq çoxdan öz taxtına çıxarkən meşə də canlanmağa başlamışdı. Dələlər bir ağacdan digərinə tullanır, dovşanlar bizi gördükcə gizlənməyə bir yer axtarırdı. Quşların səsi ilə ağacdələnin taqqıltısı insanın içinə böyük bir hüzur toxumları səpirdi. Əvvəl də belə bir arzum var idi, ya yox, bilmirəm, amma burada kiçik bir evim olmasını istərdim. Ağaclarla əhatə olunmuş kiçik taxtadan bir ev...
“ Bir neçə həftədən sonra təklikdən dəliyə dönərsən.” – dedi Emmanuel məndən bir neçə addım qabaqda gedərkən.
“ Əsas sən düşüncələrimi oxumağı tərgitməsən, tez bir zamanda dəliyə dönəcəm.”
“ Sənə öyrətdiklərimi təkrarlayıb fikirlərini gizlətməyi
öyrənsən, mən də onları oxuya bilmərəm.”

“ Bunu etmədiyimi düşünürsənsə, yanılırsan. Bu barədə düşünmədiyim bir dəqiqəm belə yoxdur. Lakin alınmır.”
“ Demək, bir az daha çalışmalısan. Unutma ki, mən oxuya bilirəmsə, iblislər də oxuya bilər və bu əlimizdəki Cənnət bıçağını tapmaq şansımızı itirməyimizlə nəticələnə bilər.”
“ Elə olduğu halda da, mən içimdəki ruh qırıntılarından
azad ola bilməyəcəm.”
“ Tamamilə doğrudur, Qızılsaç.”
Düşüncələrimi gizlətmək üçün beynimdə yenidən o daş divarları inşa edərkən Emmanuel bir maşın saxlatmağı bacarmışdı. Yol boyu sürücü ilə danışan Emmin səsinə qulaq vermədən düşüncələrimə qərq olmuş bir vəziyyətdə arxada oturdum. Yuxularımı, Urielin mənə göstərməyə çalışdığı rəsmləri, düşüncələrimi gizlətməyi, iblisləri və onlardan qorunmağım üçün aldığım dərsləri düşündüm. Və bir də bütün bunlardan nə zaman xilas olaraq keçmiş həyatıma dönüb normal biri kimi yaşayacağımı da...

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri