Sənə yazmadım, Səni yazdım (10-cu bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 395
Səs ver:
(səs: 0)
İstər şirin, istər acı olsun,
xatirə insana həmişə əzab verir.
F.Dostoyevski

Günlər, aylar keçirdi. Atabəy birinci çağırışdan əsgərlikdən saxlanıldı, dayısıgil gəlib danışdılar, ailə vəziyyətlərinin
çətin olduğu üçün növbəti çağırışa qədər izin aldılar, həqiqətdə də evin bütün yükü onun üzərindəydi, anasına baxmaq, atasıgilə lazım olanı göndərmək, bir sözlə, gənc yaşda evin kişisi olmuşdu. Səmrayla tez-tez görüşə bilməsə də
hər gün danışırdılar. Atabəyin ad günü yaxınlaşırdı. Səmra
Atabəyə bir neçə gün əvvəl köynək almışdı. Ad günündə, həmişə görüşdükləri parkda verəcəkdi, səhər tezdən mesaj yazdı:
– Ad günün mübarək!
3 dəqiqə keçməmiş zəng gəldi:
– Çox sağ ol diqqətin üçün, neynirsən?
– Səni təbrik edirəm, xoşbəxt ol, – bir az sakit durub, –
xoşbəxt ol mənlə, – dedi.
– Bax əsl xoşbəxtlik elə sənlədi.
– Bu gün görüşə bilərik? İşdə deyilsən?
– Bu gün izin aldım, özümə istirahət verirəm, anam da
gedib nənəmin yanına, evdə təkəm.
– Anan niyə gedib ki?
– Nənəm bir az ağrıyır.
– Ciddi nəsə yoxdu ki?
– Yox, elə ciddi problemi yoxdu. Deyirəm bəlkə dərsdən
sonra vaxtın olsa gəlim universitetə, görüşək?
Səmra bir az düşünüb:
– Mən sənə xəbər edəcəm imkan olan kimi, – deyib sağollaşdı.
Atabəylə telefon danışığından sonra Səmra tələsik hazırlaşmağa başladı, ona aldığı hədiyyəni götürüb evdən çıxdı, ağılsız, ya ağıllı, artıq qərarı vermişdi, universitetə
getməyəcəkdi, Atabəygilə gedib ona sürpriz edəcəkdi, taksi ünvana yaxınlaşdıqca həyəcan Səmranı boğurdu, birdən
anası yadına düşdü, bayaqkı həyəcanının yerini qorxu aldı,
“anam bilsə...” düşündüyü yerdə sürücünün çatdıq səsi
gəldi, taksidən düşən kimi heç bir tərəfə baxmadan bloka girib, pilləkəni tez-tez çıxıb qapını döyməyə başladı,
2 dəqiqə keçməmiş qapı açıldı, gözlərinə inana bilməyən
Atabəy çaşqın halda:
– Sənsən? İnanmıram gözümə, yuxudu?
– Bilmirəm, bilmirəm həqiqətdi, yoxsa yuxu, – o, təbəssümlə çiynini çəkdi.
– Gəl içəri xoş gəlmisən, – özünü itirmiş Atabəy bilmirdi
nə desin, – bəs niyə xəbər etmədin gələcəyini?
– Belə şeylərə sürpriz deyirlər. Mən də istədim... – ardınca deməyə söz tapa bilməyib sakit durdu, qəribədi, o,
heç vaxt Atabəydən bu qədər utanmamışdı, həyəcan onu elə
sıxırdı ki, “gərək gəlməyəydim, niyə gəldim axı” düşünməyə başlamışdı ki, Atabəy onu fikrindən ayırdı.
– Gəl sənə çay hazırlayım, içərsən?
– Hə, içərəm.
– Qoy görüm nə tapıram sənə, – Atabəy soyuducudan
mürəbbə çıxarıb stola qoyub gülümsünərək dedi: – bu, doğrudan da sürpriz oldu, hələ də inana bilmirəm, mən elə bilirdim heç evimizin harda olduğunu bilmirsən.
– Mən olam sənin evini bilməyim, – deyib Səmra gülümsündü. – Oğlanlar həmişə belə olur, qızları özləri kimi
bilirlər, amma ən məlumatsız qız belə məlumatlı oğlandan
çox bilir. – Çay içə-içə söhbət edərkən, Səmranın həyəcanı
özü də bilmədən yoxa çıxmışdı.
Səmra təmirsiz ikiotaqlı evi gözdən keçirir, hər şeyin
səliqəli, təmiz olması onun nəzərindən qaçmırdı, hər yan
çox sadə əşyalardan ibarət idi. Ev Səmragilin evləri ilə
müqayisədə olduqca kasıb idi. Atabəyin geyimi, davranışı,
əsas da qəlbi elə zəngin idi ki, Səmra heç vaxt Atabəyin
belə bir evdə yaşayacağını ağlına gətirməzdi, “görünür, insanın kasıblığının ilkin göstəricisi onun yaşadığı evdir” –
Səmra öz-özünə düşündü.
– Sənə hədiyyəmi göstərim, bilmirəm bəyənəcəksənmi?!
– deyib o əlindəki paketi Atabəya uzatdı.
– Çox sağ ol, əziyyət çəkibsən, bir də ki, niyə bəyənmirəm,
– deyərək bir qədər utanmış halda Atabəy Səmranın əlindən
bağlamanı aldı.
– Sənin otağın hansıdı? – Səmra soruşdu.
– Mənim deyəndə ki, qardaşımla ikimizindi, istəyirsən
baxmaq?
– Hə, çox, – Səmra maraqla dilləndi.
Onlar mətbəxdən yataq otağına keçdilər, iki çarpayısı
olan bu otaqda üstündə notbuk, kitablarla dolu olan kiçik
masa varıydı. Səmra tez stola yaxınlaşıb onlara baxaraq:
– Demək dərslərini burda oxuyursan?
Atabəy ona cavab vermədən həzin bir musiqi qoydu notbukda, Səmraya baxaraq:
– Rəqs etmək istəyərsən? – deyəndə cavabında heç
nə söyləmədən gülümsünən Səmranı qolları arasına alıb
rəqsə başladı... Atabəyin xoşbəxtliyi, xoşbəxtliyin belə
üzərindəydi... Bir insanın xoşbəxtliyi başqa bir insandan
ancaq bu qədər asılı olarmış.
Səmra da xoşbəxt idi. Bir də ki, xoşbəxtlik təktərəfli bir
şey deyil ki, xoşbəxt olan mütləq yanındakını da xoşbəxt
edir. Və sevginin doğurduğu xoşbəxt anlardan heç biri, sevdiyinin sənin yanında xoşbəxt olduğunu hiss etməkdən üstün deyil. Bu an Atabəyin ona pıçıltıyla “səni çox sevirəm”
deməsi Səmranınsa əminliklə “bilirəm” söyləməsi sevgidən
doğan bütün zövqlərdən incə idi. Və hər ikisi bilmirdi ki,
sonralar, illər keçdikcə həyatın ən xoşbəxt, ən kədərli anlarını xatırlayanda məhz bu an, bir-birlərinə möhkəmcə sarılıb rəqs etdiyi an, onlar üçün xoşbəxt anların ən xoşbəxti
olacaqdı. Məgər kimsə həyatının ən xoş gününü yaşayanda,
məhz o günün həyatının qızıl anı olduğunu bilirmi?!
Onlar bu an nə qədər xoşbəxt olsalar da bu xoşbəxtliyi
tamlığı ilə anlamırdılar, hələ daha xoşbəxt anların gələcəyinə
inanırdılar. İnsanın sevgiyə münasibəti həyata olan kimidi... İnsan nikbin olur... çox şey umur, çox şey gözləyir
həyatdan, elə sevgidən də...
Elə rəqs bitən kimi, Atabəyin telefonu zəng çaldı, ad
günü üçün qardaşı və atası təbrik edirdilər. Onun sevincdən
gözləri parladı, üzünü elə bir ifadə aldı ki, Səmra bu ifadəni
birinci dəfəydi ki, onun üzündə görürdü. Hər kəsə, eyni
zamanda Səmraya mərd, məğrur təsir bağışlayan üz sanki uşaqlaşmışdı, onun istənilən vəziyyətdə özünü kişi kimi
aparmasına öyrəşmişdi Səmra. Yalnız bu an Səmra dərk
etdi ki, Atabəy də hamı kimi ata istəyir, onun da hamı kimi
ehtiyacı varıydı ata qayğısına, və ehtiyacı olan şey onun ən
təbii haqqıydı. Sadəcə, kişilik məktəbində öyrəndikləri ona
imkan verməmişdi ki, o, sevdiyi qızla atasından ayrı qalmasının əzabını paylaşsın. İlk dəfə olaraq onun Atabəyə ürəyi
ağrıdı, heç vaxt ona qarşı belə hiss keçirməmişdi Səmra. Bu
ona duyduğu sevgidən fərqli mərhəmət qarışıq bir məhəbbət
idi. Atabəy telefonla danışmaq üçün mətbəxə keçəndən sonra, Səmra otağı daha diqqətlə nəzərdən keçirməyə başladı.
Otaqda iki çarpayı, üstündə 5-6 dəftər olan kiçik yazı stolu, içində çoxlu kitablar olan sadə balaca kitab rəfi varıydı. Kitab rəfi balaca olsa da içindəki kitablar çox sıx və səliqə ilə
yerləşdirilmişdi. Mütaliəni çox sevdiyindən o, kitab rəfinə
yaxınlaşıb burdakı kitablara baxmağa başladı, çoxusu şeir
kitabı olan bu kitabların bəziləri yerli şairləriniydi, onların
içində Səmranın ən çox sevdiyi şairlər varıydı. Səmra kitablara maraqla baxaraq “axı kimin ola bilər bu kitablar”
düşündü, bildiyi qədərilə Atabəyin valideynləri ali təhsilli
deyildilər, anasının evdar qadın, atasının sürücü olduğunu
bilirdi, yəqin qardaşı Raminindi, Səmra kitabların Atabəyin
olmadığına hamıdan çox əminiydi, çünki o, Atabəyin yanında nə vaxt şeirdən söhbət açmışdısa Atabəyə maraqsız
gəlmişdi, Səmra ona hansısa şeri xoşladığını deyəndə o, hər
dəfə ona yarızarafat, yarıciddi “bu şerin mahnısı yoxdu?”
– deyə soruşardı, ya da mən sənə daha gözəlini yazaram
deyərdi, amma heç vaxt yazmazdı. Elə bu səbəbdən də
əlindəki kitabların sahibi o ola bilməzdi... Bu düşüncələr
içində Səmra saatına baxdı, 20 dəqiqə idi ki, Atabəy telefonla danışırdı. Bu zaman o, ətrafa baxıb yazı stolunun
üstündəki dəftərdən bir vərəq cırıb içərisinə böyük hərflərlə
“DARIXDIM” yazdı, və mətbəxə keçib səssiz-səmirsiz
telefonla danışan Atabəyə baxıb əlindəki yazını düz onun
gözü qabağına tutdu. Bunu görən Atabəy xoşbəxt bir təbəssümlə ona baxdı, elə bir-iki dəqiqə keçməmiş atasıgil onunla sağollaşdı. Atabəy Səmranın əlindəki kağızı əlinə götürüb uca səslə darıxdım oxudu və Səmranın əlindən tutub
özünə möhkəm sıxaraq: “elə xoşbəxtəm ki, həyatda ən
çox istədiyim insanlar məni təbrik edir” pıçıldadı, sonra
Səmraya bunu yadigar saxlayacam deyib əlindəki “DARIXDIM” yazılan kağız parçasını götürüb səliqə ilə cibinə
qoydu. Onlar yenidən Atabəyin otağına keçdilər. Səmra bayaqdan onu maraqlandıran sualı ona verəndə ki, bu kitablar
kimindi, cavab onu çox təəccübləndirdi. Sən demə kitablar
Atabəyin anasının imiş, o, Gəncə Dövlət Universitetinin
Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib sonra həmin
ixtisas üzrə magistraturaya qəbul olub, oxuduğu müddət
təhsilini yarımçıq qoyub Atabəyin atası ilə evlənib. Atası
işləməsinin əleyhinə olduğundan evdə heç vaxt iş adı tutulmayıb. Bunu eşidən Səmra:
– Bəs nə əcəb anan razılaşıb, yəni bu qədər zaman sərf
et, oxu, axırda işləməyə qoymasınlar, məncə, hər qadın razılaşmaz, – deyib maraqla Atabəyə baxdı.
Atabəy çiyinlərini çəkərək çox adi tərzdə:
– Ailə hər şeydən önəmli deyilmi? Bir də ki, neyləyir
işləyib, elə bizə baxıb, bu bəsdi.
Cavab Səmranı qane etməmişdi. O başa düşürdü ki,
Atabəylə nə qədər yaxın olsa da heç vaxt belə mövzulara
toxunmayıblar.
Elə bu vaxt qapı döyüldü. Atabəy qapıya gedəndə Səmranın ürəyi döyündü, o istəmirdi ki, Atabəyin anasıyla qarşılaşsın, yavaşca “kaş ki, Sara xala olmasın” pıçıldasa da,
Atabəylə qapı ağzındakı söhbətindən bildi ki, odur. Sara
xoşsifət, gülərüzlü, adi ev qadınıydı, əlində tort otağa girib:
– Xoş gəlmisən, qızım, – deyib utancından qıpqırmızı
qızaran Səmranı öpdü.
Səmra görüşüb tələsik:
– Elə mən də gedirdim, – desə də Sara xala təkidlə:
– Heç yerə qoymaram, Atabəyin ad gününə tort almışam, gedək çay içək, sonra gedərsən.
Səmra nə qədər utansa da hörmətsizlik olmasın deyə qalmağa razılaşdı. Atabəy tortu kəsə-kəsə anasına:
– Nənəmi niyə tək qoydun bəs? – deyəndə:
Gördüm əhvalı, şükür, düzəlir, mən də gəldim, – sonra
da üzünü Səmraya tutub danışmağa başladı:
– İnan, Səmra, qızım, bütün gün fikrim Atabəyin yanında
olub, ilk dəfədi ki, onu ad günündə tək qoymuşam, amma
biz tək qoysaq da, Allah səni kimi bir mələk göndərib onu
təbrik etməyə.
Sara xalanın danışığından, səsindəki istilikdən Səmra
hiss edirdi ki, Atabəy ona hər şeyi danışıb, və hər şey də
onun ürəyindəndi, bir anlıq Atabəyi qısqandı, ürəyindən keçirdi ki, kaş ki, mən də anamla bax beləcə yaxın olaydım,
kaş ki, anam mənim əzizimə, sevdiyimə bax belə mehribanlıqla yanaşaydı.
Tortla çay içəndə Atabəy anasına:
– Səmra sənin kitablarına baxıb çox bəyənib, – dedi.
Səmranın da şeir sevdiyini eşidəndə Sara xalanın lap gözləri
güldü:
– Onda gedək, qızım, çayını iç, gedək bir dəfə də mənimlə baxaq, – sonra Atabəyi göstərib dedi: – O, şeir sevmir, məndə də əsas şeir kitablarıdı. Atabəy mənə oxşamayıb
o barədə.
Atabəy də cavabında gülümsünüb dedi:
– Şeir sevən gəlib, gedin ürəyiniz istəyən qədər oxuyun.
Onlar kitab rəfinin qarşısına keçdilər. Atabəy anasıyla
Səmranın aralarındakı ilk uyğun cəhətin olmasına sevinirdi, sevgilisi ilə anasının kitablara elə başları qarışdı ki,
Atabəyin otaqda varlığı yaddan çıxmışdı, bu şəkildə yaddan çıxma isə Atabəyə ancaq zövq verə bilərdi.
Sara üzünü Səmraya tutub şirin-şirin danışırdı:
– Bu kitabları tələbəlik illərində almışam, bütün günü
oxuyurduq. Hələ universitetdə oxuyarkən bir müəllimimiz varıydı, deyirdi ki, şeri, musiqini, bir də yağışı sevməyəndən
yaxşılıq gözləmə.
Söhbətin bu yerində Atabəy anasının sözünü kəsib
Səmraya mənalı baxaraq təbəssümlə:
– Yox, mən yağışı sevirəm, – dedi, o utanmasaydı “biz
yağışı sevirik” deyərdi.
Sara oğluna baxıb gülərək:
– Hə, onda səndən də pislik gözləmək olmaz, – deyib,
sonra əlinə Lermontovun kitabını alıb:
– Qızım, heç oxumusan Lermontovdan?
– Yox, oxumamışam, – deyib Saranın ona uzatdığı kitabı alıb baxdı, kitab Azərbaycan dilindəydi, ancaq ingiliscə
içində bir sətir yazılmışdı “my hear is grey but not with
years”(saçlarım ağarmışdı, lakin qocalıqdan deyil) Səmranın kitabın içində yazılanı oxuduğunu görən Atabəy dedi:
Anamın köhnə adətidi, oxuduğu kitablardan ən sevdiyi
fikirləri, ya da şeir parçalarını kitabın içinə yazır.
– Bu kimin sözləridi, Lermontovun? Səmra maraqla soruşdu.
– Yox, Bayronundu, onlar ikisi də sevdiyim şairlərdi, o
üzdən yazmışam.
Səmra marağını gizlətmədən növbəti sualını verdi:
– Siz ingilis dilini bilirsiz?
– Əvvəllər yaxşı bilirdim, tələbəlik vaxtları şeirlər,
hekayələr oxuyurdum, amma indi heç istifadə etmirəm,
hərdən uşaqların dərslərinə kömək edəndə yada düşür, –
deyərək Atabəyə təbəssümlə baxan anası onu da əlavə etdi
ki: – hərçənd artıq uşaqların da ehtiyacı qalmayıb.
Söhbət əsnasında Səmra bayaqdan onu maraqlandıran
sualı axır ki, verdi:

Müəllif:Dilşad Talıbova
[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri