Dərya ilə tanış olduğumuz bir aydır. Bu müddət ərzində hər gün görüşə bilməsək də, mütləq zəngləşirik. Atamın qorxusundan cəmi üç dəfə gəzməyə çıxmışıq. Onda da yarı ürəyim evdə qalıb. İndi Dəryasız darıxıram. O mənimçün ən əziz, doğma bir adama çevrilib. İnstitutda mühazirələr zamanı tez-tez yadıma düşür. Evə gələndə də həmişə qulağım səsdə olur. Elə bilirəm bu dəqiqə arxadan onun səsini eşidəcəyəm: "Könül!..” deyə məni çağıracaq. Fəzilə diliyanmış, bizi kinoda gördüyünü fakültəmizdə qızların çoxuna danışıb. Eh!.. Qoy hamıya yaysın! Əvvəl-axır hər şey aşkara çıxacaq. Sevmək cinayət sayılsaydı, gərək bütün bəşəriyyət mühakimə olunaydı!