Çəhrayı zolaqlı varlıq (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 813
Səs ver:
(səs: 1)
Lalənin sarı, uzun saçları vardı. Sifəti bir qədər uzunsov, burnu dik idi. Yorğun baxışlı mavi gözləri isə ona çox yaraşırdı. Gözlərindəki nisgil və ürkəkliyi də asanlıqla hiss etmək olurdu.

Qız danışıb-eşidə bilmədiyindən, onunla dialoqumuz cib bloknotum vasitəsilə mümkün oldu. O, bloknotu dizinin üstünə qoyub, kiçik qələmlə mənim yazdığım sualları cavablandırır, mən isə onun xəttini çətinliklə də olsa oxumağı bacarırdım.

Laləni əsas mətləbə dolayı yolla gətirdim. Anası itgin düşəndə, onun cəmi altı yaşı var idi. Dörd il qabaq baş verənləri təfsilatı ilə nağıl etməsini istədikdə, azyaşlı bir uşaqdan çox şey tələb etdiyimi anladım, ancaq onun çox güclü hafizəsi vardı. Suallarımı demək olar ki, cavabsız qoymadı. İlk əvvəl, qızdan nənə-babası haqqında soruşdum. Mahirənin atası Pənah kişinin illər öncə vəfat etdiyini öyrənə bilsəm də, nənəsi Gülgəz xanımın sağ olub-olmaması haqqında bir məlumat əldə edə bilmədim. Lalənin dediyinə görə isə, onun dayısı və xalası yoxdur… Mahirə evin tək uşağı olduğundan, ata-anası ilə də əlaqə kəsildiyindən, Lalə demək olar ki, anasını tamamilə itirmiş və qadın sanki bilərəkdən, arxasında özünü qızına xatırladacaq heç bir iz qoymamışdı. Ona görə də, anasını onun yadına salmaq, ondan bəhs etmək, Lalə üçün çox ağır olacaqdı və mən də bunu anlayaraq, bu mövzuda onu yormaq istəmədim. Ancaq o, mənə xüsusi bir bilgi vermiş oldu. Lalə otaqdan çıxandan sonra, mən bloknotumdakı bu sonuncu cümləni oxuyurdum: "mama itməmişdən əvvəl atamla dalaşırdı. Atam mamanı döymüşdü. Biz də qonşuya getmişdik.”

Minarə xanım otağa çay gətirəndə, mən artıq tək idim və hələ də əlimdəki bloknota baxırdım.

- Lalə sizə kömək edə bildi?

- Hələ ki, bilmirəm. – bloknotu cibimə qoydum – Siz zəhmət olmasa, Mahirənin itgin düşməsi haqqında, Nərimanın elan verdiyi qəzeti tapıb, mənə gətirin.

- Gərək, axtaram… – qadın ayağa durub, otaqdan çıxdı…

Beş dəqiqə sonra, üzəri qat kəsmiş qəzet qarşımda idi. Dərhal sondan üçüncü səhifəni açıb, elan köşəsinə baxmağa başladım. Yazıda önəmli bir bilgi olmadığından, xüsusi bir qeyd aparmağa ehtiyac qalmadı.

"Q. rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonunun T. kənd sakini Təhməzov Nəriman rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Təhməzova Mahirə Pənah qızı, 1996-cı il iyul ayının 25-i, saat 09:00 radələrində yaşadığı evdən naməlum istiqamətdə çıxıb və bir daha geri qayıtmayıb.

Təhməzova Mahirə evdən çıxan zaman əynində çəhrayı zolaqları olan paltar və qara rəngli yastıdaban ayaqqabı olub. Onun xarakterik əlamətləri aşağıdakılardır:

Sarışın, boyu 165 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi-mavi, uzun sarı saçları, boğazında qara rəngli xalı var.

Təhməzova Mahirəni görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan aşağıdakı nömrələrə zəng vuraraq, bu barədə ailə üzvlərinə və yaxınlarına xəbər vermələri xahiş olunur: … ”

- Siz, hansısa qərara gələ bilirsiniz? – Minarə xanım maraqla mənə və qəzetə baxaraq soruşdu – Əvvəlki fikrinizi dəyişməmisiniz ki?

- Bilmirəm… – dalğın halda dedim – Vəziyyət çox qarışıqdır və burada çox maraqlı rəqəmlər var. Mahirə 1996-cı il, iyul ayının 25-də itgin düşür. Bir ay sonra siz evlənirsiniz. Siz evlənəndən sonra, Nəriman bağda səslər eşitməyə başlayır və qorxur. 1997-ci ilin may ayında Nigar dünyaya gəlir. Təxminən bu vaxtlarda, daha dəqiq desək, iyun ayında, yoldaşınız həyətdə ilk dəfə Mahirənin ruhunu görür.

- Siz artıq Mahirənin ruhuna inanırsınız?

- Xahiş edirəm, hələ ki, mənə sual verməyin. – deyib ayağa qalxdım – Deməli, belə… Bir ay sonra isə, Nəriman o varlığı evdə görür və qorxudan huşunu itirir. Daha sonra o, müalicə alır, ancaq sağalmır. Nəhayət, MirHəmidin qəbuluna yazılırsız və o, bir gün sizdən ölüm qoxusu gəldiyini iddia edir və iki gün sonra, 1998-ci ilin iyul ayının 23-ü qızınız Nigar vəfat edir. Düz bir il sonra isə, yəni 1999-cu il iyul ayının 23-də də, həyat yoldaşınız bənzər şəkildə dünyasını dəyişir. Bütün bunlar axı, nə deməkdir?!

- Mən sizə lap əvvəldən deyirəm ki, burada başqa izlər axtarıb, yolu azmaq lazım deyil.

- Yaxşı, tutaq ki, sizlə razılaşdım. – yenidən divanda əyləşdim – Bəs, sizin konkret fikriniz nədir?

- Bu ölümlərə bais olan Mahirədir. – qadın qəti şəkildə dedi – Ya özüdür, ya da ruhudur. Mən buna əminəm.

- Bu əminlik sizdə haradandır? – Minarə xanımın uşaq fikirlərini dinləmək ürəyimcə olmasa da, davam etməyi məsləhət bildim – Bəlkə çəhrayı zolaqlı məxluq Nərimanın gözünə görünürmüş?

- Xeyr, onu mən də görə bilərdim, amma o, gecələr peyda olurmuş. Mən həmişə tez və ağır yatıram. Nərimanın isə, yuxu problemi vardı. O, hamı yatandan sonra, gecə lampasını yandıraraq uzun müddət ya kitab oxuyar, ya da işi ilə əlaqədar nə isə yazıb-pozardı.

- Çox istərdim ki, sizə inanım, amma alınmır. Sanki qarşımı nə isə kəsir. – təəssüflə qadına baxdım – Bu qədər ağır cinayətləri bir ruhun etdiyini düşünmək, sadəcə gülməlidir.

- Bəs, onda bunu necə izah edək? Bu qətlləri ancaq Mahirə edə bilərdi. O isə ölüb…

- Axı, onun öldüyü rəsmən təsdiqini tapmayıb…

- Bəs, meşəbəyinin tapdığı?! Bu təsdiq deyil? Həm də Mahirənin bizdən qisas aldığı açıq-aydın göz qabağındadır.

- O meşəbəyi bu kənddə yaşayır?

- Hə, Nəriman onun haqqında bir dəfə nə isə danışmışdı. Deyəsən, meşədə kişinin üstünə ağac düşmüşdü. Bərk yaralanmışdı, amma sonra bilmədim nə oldu…

- Mən mütləq onunla danışmalıyam, amma kəndinizi elə də tanımıram. Siz də mənimlə gələ bilərsiniz?

Qadın sadəcə başını tərpətdi və mətbəxə keçib, iki-üç dəqiqə sonra qayıtdı.

Mənzilin qapısını açarla bağlayarkən, mən dayanıb, onu gözləyirdim.

- Bayaq bir söz işlətdiniz, – öz səsimi özüm güclə eşidirdim– amma mən fikir vermədim. Mahirənin sizdən qisas aldığının açıq-aydın göz qabağında olduğunu dediniz…

- Hə, dedim. – Minarə xanım çevrilib mənə baxdı – Lalənin toxunulmaz qalması, sizə də təəccüblü görünmürmü? İki il dalbadal eyni gündə, həm həyat yoldaşım, həm də bir yaşlı qızım vəfat etdi, amma… – qadın bu an, diksindi. Sanki ona elə gəldi ki, Lalə hər şeyi eşidir. Çevrilib qıza baxdı və çox asta səslə əlavə etdi – Amma Lalənin burnu da qanamadı. Bu gün isə artıq, iyul ayının 20-dir. Üç gündən sonra, növbə mənimdirmi?

Kənd yolu ilə addımlayarkən, Minarə xanımın bu son sualını beynimdən ata bilmirdim. Bəlkə, hamı haqlı idi, bir tək mən yanlış düşünürdüm?! Qadının sözlərində az da olsa həqiqət var idi. Onun bu qədər həyəcan və qorxu keçirməsində də kifayət qədər əsası vardı. Ömrünün sonuna üç gün qaldığını güman edən şəxs, ancaq bu cür davrana, bu cür düşünə bilərdi.

Meşəbəyinin evini tapmaqda elə də çətinlik çəkmədik. Laləni Minarənin rəfiqəsinin evinə qoyduqdan sonra, qarşımıza ilk çıxan cavan bir oğlan, evin yerini tanıdığını söylədi və yol boyu bizə bələdçilik etdi. Oğlana təşəkkür edərkən, artıq ünvana varmışdıq. Salman kişinin mənzili böyük bir həyətin düz axırında yerləşirdi. Həyət, meşəbəyinin səliqəli şəkildə bir küncə yığdığı ağac qol-budaqları ilə dolu idi. Minarə xanımın dediyinə görə, Salman, meşədən topladığı qurumuş ağac budaqlarını, təmənnasız şəkildə kənd camaatına paylayarmış. Ancaq son illər səhhətində yaşadığı problem, onun bu xeyirxaq əməlindən daşınmasına səbəb olmuşdu.

Bizi, elə həyətdəcə ilk olaraq kiçik bir qız qarşıladı. Ünvanı dəqiqləşdirdikdən sonra, uşaq evə qaçdı və az sonra orta yaşlı bir kişi qapıdan çıxdı. Onun xarici görünüşü tipik bir kənd adamını xatırladırdı. Zəhmətkeş cizgilər, yorğunluqdan əsər-əlaməti olmayan dik baxışlar və kifayət qədər sağlam, eyni zamanda da möhkəm bir bədən quruluşu… "Yox, Salman bu deyil” – öz-özümə dedim və elə həmin an, kişi Minarə xanımı başı ilə salamlayaraq mənə əl uzatdı. Onun həm də çox kobud və iri əlləri vardı.

- Xoş gəlmisiniz. – qalın səs tonu ilə sözə birinci o başladı – Buyurun. Qızım dedi ki, atamı axtarmısınız…

- Bəli, bizə Salman dayı lazımdır. – tələsik cavab verdim – Ondan bir-iki şey soruşmaq istəyirəm.

- Buyurun, eşidirəm…

- Yox, əgər mümükündürsə, mən atanızla danışmalıyam. Təbii ki, əgər mümkündürsə…

- Xeyr, bu mümkün deyil. – həmsöhbətim deyəsən, ünsiyyəti heç sevmirdi – Nə soruşacaqdı­nız?

- Salman dayı bir neçə il öncə, itgin düşmüş Mahirə adlı qadının itgin düşən vaxt əynində olduğu paltarından bir parçasını meşədə tapıbmış… Mən bağlanmış həmin cinayət işini araşdırıram. – ev yiyəsi bunları eşidərkən, bir anda üz cizgiləri dəyişdi – Hər halda xəbəriniz var.

Qarşımdakı, söhbətə uyuşmayan şəxs, sualıma cavab vermək əvəzinə bir qədər susdu və nəhayət, gözləmədiyim şəkildə qapıya sarı çevrildi.

- Keçin içəri… – asta səslə dedi.

Beş dəqiqə sonra biz, yumşaq divanda əyləşmişdik. Bu köhnə və uçuq-sökük kənd evinin çox qəribə bir başağrıdan aurası vardı. Bəlkə də bu, elə içəri girən kimi əhvalımı korlayan, kəskin dərman qoxusunun təsirindən irəli gəlirdi. Hər nə idisə, başım bərk ağrımağa başlamışdı, ancaq başqa çarə yox idi. Sakitcə ev sahibinin gəlməsini gözləyirdik. Cavan bir gəlin, süfrəyə çay gətirərək, bizimlə salamlaşmadan otaqdan çıxdıqdan sonra, bayaqkı şəxs otağa daxil oldu və qarşımızdakı çox köhnə qoltuqda əyləşdi.

- Sizi eşidirəm. – o, bayaqkı səs tonu ilə danışmırdı – Nə sualınız varsa, soruşun…

- Axı, mən atanızla danışmalıyam. – bir daha təkrarlayası oldum – O, evdə deyil?

- Evdədir, amma… – kişi duruxub, siqaretini yandırdı – Görürəm ki, xəbəriniz yoxdur. Atam xəstədir. Vəziyyəti heç yaxşı deyil. – bir qədər susub, sanki çətinliklə əlavə etdi – Danışa bilmir…

- Anladım… – təəssüf hissi ilə dedim – Allah şəfasını versin. Çoxdan olub bu hadisə?

- Siz onun başına gələnləri bilirsiniz? – kişi heyrətlə mənə baxdı – Bəs bayaqdan məni niyə danışdırırsız?

- Bəli, bu haqda eşitmişəm, amma vəziyyətinin bu qədər pis olduğunu bilmirdim. Hadisə necə baş verib?

- Atam bir günə yaxın, meşədə huşsuz vəziyyətdə qalıb. – kişi sanki olanları ilk dəfə idi kiməsə danışırdı – Üstünə ağac budağı düşmüşdü. Bərk yaralanmışdı. Onu mən gedib tapdım. Elə bilirdim, artıq ölüb, amma atam möhkəm kişi idi. Yazığın indiki halını görəndə dəhşətə gəlirəm. Əvvəlki adamdan əsər-əlamət qalmayıb.

- Deməli bu hadisə, Salman dayı Mahirənin paltarını tapandan sonra baş verib?!

- Hə, ondan təxminən üç-dörd gün sonra.

- Atanız paltarı tapandan sonra, qadının cəsədini də axtarmağa cəhd göstərmişdi?

- Hə, o… – həmsöhbətim bu an, elə bil birdən ayıldı – Siz bunları hardan bilirsiz?

- Bilmirəm. Sadəcə təxmin edirəm.

- Axı, atamın üzərinə düşən ağacla, itgin düşmüş o qadının nə əlaqəsi var?

- Təbii ki, elə bir real əlaqə yoxdur, – çayımdan bir qurtum aldım – amma mən də məhz o əlaqəni axtarmaq istəyirəm.

- Mən sizin nə demək istədiyinizi anlamıram.

- Adınız necə oldu?

- Süleyman.

- Mənim də adım Nicatdır… Süleyman bəy, iş orasındadır ki, həmin itgin düşən qadının cəsədi ortada yoxdur. Yəni onun öldüyünü təsdiqləyən, sadəcə atanızın tapdığı əski parçasıdır. Bu qədər… Ona görə də biz, mümkün ola biləcək bütün variantları nəzərdən keçiririk.

Süleyman heç bir söz demədən, gözünü bir nöqtəyə zilləyib, susmuşdu. Sanki o, hər şeyi anlamışdı, ancaq mən adım qədər əmin idim ki, o, hələ də mənim nə demək istədiyimi tam olaraq dərk etməyib.

- Atanızın üzərinə düşən budaq… – söhbətin səmtini dəyişərək soruşdum – Yadınızdadır?

- Hə, böyük bir budaq idi. Kişinin başını bərk yaralamışdı.

- Atanız həqiqətən o budağın qopub düşdüyü ağacın altında idi?

- Doğrusu, buna fikir verməmişdim… Yəni, həmin an onu düşünəcək halda deyildim.

- Anlayıram… Bəlkə o, yaralanmamışdan əvvəl, meşədə daha nə isə görüb? Salman dayı indi heç danışa bilmir?

- Nəinki danışmaq, o, hətta yaddaşının da bir hissəsini itirmişdi. Bir ara vəziyyəti yaxşı idi, amma sonra evimizə girən bir oğru, onu bərk qorxutdu. Ondan sonra, o, daha da çəkingən oldu. Evdə tək qala bilmirdi. Elə bu günün özünə kimi də mən, gecələr onun yanında yatıram. Tək yatmağa da qorxur.

- Oğru onun otağına girmişdi?

- Görünür, hə… Kişi qışqıranda, biz onun səsinə ayıldıq. O, özündə güc tapıb qışqırmağı bacarmışdı.

- Bəs, hardan bildiniz ki, evinizə oğru girib?

- Biz yan otaqdan atamın otağına keçəndə, o, əli ilə dəhlizi göstərdi. – Süleyman qaşlarını çatıb, dəhlizə işarə etdi – Mən tez ora qaçdım. Pəncərə açıq idi. Həyətə baxanda isə, bir nəfərin qaçdığını gördüm.

- Kişi idi, qadın? – dərhal soruşdum.

- Hər halda qadın olmazdı, amma görə bilmədim. Gecə idi. Qaranlıqda onu görməyim mümkün deyildi. O, ağacların arası ilə qaçırdı. Mən sadəcə həyətdəki qaçış səsindən, atamın haqlı olduğunu anlamışdım.

Süleyman daha nə isə demək istədi, amma həyat yoldaşı çayları təzələmək üçün yenidən otağa daxil oldu. Qadın yeni çayları süfrəyə gətirənə kimi bir kəlmə də kəsmədik. Odur ki, otağın qapısı arxadan bağlanana qədər gözlədim.

- Oğru evinizdən nə aparmışdı? – nəhayət, asta səslə soruşdum.

- Allah köməyin olsun. – Süleyman gülərək dedi – Nəyimiz var ki, nə də aparsın… – o, daha da ürəkdən güldü – Heç nə… Heç nə aparmamışdı…

- Əgər oğru bir evə girirsə, mütləq aparmaq üçün nə isə tapır. – qətiyyətim, kişinin üzünü ciddiləşdirdi – Məsələ isə burasındadır ki, sizin evinizə girən oğru olmayıb…

- Başa düşmədim. – o, üzünü turşutdu – Bəs, kim olub?

- Məni, atanızı yaralı halda tapdığınız yerə apara bilərsiz?

Süleyman təklifimlə dərhal razılaşdı. Üçümüz evdən çıxarkən, artıq hava qaralmağa başlayırdı. Uzun yolu piyada gedəcəyimizi bilirdik. Odur ki, bir qədər də cəld olaraq, meşəyə vaxtından tez çatmağı bacardıq, ancaq burada da az vaxt itirmədik. Süleyman lazım olan yeri xeyli axtardı. Bundan istifadə edərək, mən də yan-yörədə nə isə bir iz, nə isə bir nişan axtarmağa başladım. Lakin diqqətimi cəlb edə biləcək xüsusi bir şey qarşıma çıxmadı. Süleymanın isə, atasını yaralı halda tapdığı yer, onun yaxınlığındakı böyük bir ağac kötüyü sayəsində yadına düşdü.

- Təxminən buralar idi. – kişi sevincək halda dedi – O böyük kötüyü görməsəydim, yadıma düşməyəcəkdi.

Həmin yerə yaxınlaşdım. Xeyli vaxt keçdiyindən, bütün ola biləcək izlər də silinmişdi. "Frans Kafka haqlıdır. Doğrudan da, təbiət izlərə qarşı çıxır” – deyə düşündüm və anladım ki, burada artıq vaxt itirmək lazım deyil.

- Gedək… – əhvalım tamamilə korlandığından, əlavə bir şey danışmaq istəmirdim. Odur ki, bunu anlayan yol yoldaşlarım da, heç bir kəlmə söyləmədən mənimlə razılaşdılar. Gəldiyimiz yolla geri qayıdanda, artıq hava kifayət qədər qaralmışdı. Xüsusən də meşənin qaranlığı, bu rəngi daha da tündləşdirirdi. Süleyman ehtiyat üçün götürdüyü fənəri yandırarkən, mən işıqda qolumdakı saata baxsam da, əqrəbləri tam görə bilmədim. Odur ki, işığı qoluma salmasını xahiş etdim. Saat yeddinin yarısı idi. Kişi fənəri kənara çəkərkən isə, yerdə ani olaraq gözümə nə isə göründü…

- Fənəri mənə verin. – deyib, heç Süleymanı gözləmədən, onu kişinin əlindən aldım və bir qədər onlardan ayrılıb, işığı yerə salaraq gördüklərimi izləməyə başladım. "Demək, dahilər də səhv edir… – təəccüblə az öncəki fikrimi təkzib etdim – Təbiət də, hər an izin qarşısında aciz ola bilər…” – gördüklərim asanlıqla məni bu qənaətə gətirdi. Bu, artıq təsadüf ola bilməzdi, hər şey aydın idi, ancaq burada baş verənləri və ya baş verəcəkləri Süleymanın bilməsini istəmədiyimdən, yenidən geri qayıtmağa məcbur oldum.

- Fənər məndə qalsın. – tələsik şəkildə dedim – Siz isə hər ikiniz kəndə qayıdın…

- Yox. – Minarə xanım dərhal sərt reaksiya verdi – Mən də burada qalıram.

Nə isə demək istəsəm də, susdum, çünki qadını buna məcbur edə bilməzdim. Hər halda onu tanımadığı bir kişi ilə gecənin zülmət qaranlığında tək buraxmaq, düzgün olmazdı.

- Mən getmirəm. – qadının çarəsiz səsi aydınca duyulurdu – Sizi tək qoya bilmərəm.

Sonuncu söz, sanki qəfildən məni silkələdi. Qadından belə bir münasibət gözləməsəm də, bu sözləri eşitmək çox xoş idi. "O, məni cəmi bir gündür tanıyır, amma davranışında, mənə güvənə biləcək qədər əmindir.” – deyə düşündüm. Bu etibarı özüm qazanmışdım. Odur ki, ürəyimdə özüm-özümü təbrik edib, bu məsələyə aydınlıq gətirməyi bacardım. Süleymanı güclə də olsa, fənərsiz halda kəndə yola salmağa müvəffəq oldum. O, özündən çox, bizdən nigaran idi, lakin mən onu əmin etdim ki, biz kəndin yolunu rahatlıqla tapacağıq.

Minarə xanım, Süleyman gözdən itənədək gözlədi. O, nə baş verdiyini anlamadığından, elə bil danışmağa da qorxurdu.

- Siz onu niyə yola saldınız? – nəhayət, qadın asta səslə soruşdu – Nə baş verdi? Siz nə gördünüz?

- Bura baxın… – işığı bayaq gördüyüm yerə saldım – Daşı görürsünüz?

- Görürəm. Burda nə var ki?

- İndi buna baxın. – işığı bir neçə metr qabağa saldım – Daha bir daş… Bir az da gəlin… Buyurun, daha biri… Bu da digər daş…

- Yəni bu… – o, ancaq indi nə baş verdiyini anladı – Bunu kimsə edib?

- Hər halda… – deyib, əks istiqamətdə getməyə başladım – Meşənin bu yerində yerə basdırılan daş, nəzərimdən yayına bilməzdi. Kimsə yolu itirməmək üçün yerə iz salıb, amma izdən görünür ki, yolumuz elə də qısa olmayacaq. Bəlkə sizi evə ötürüm? Qorxa bilərsiniz…

- Əhəmiyyəti yoxdur. – qadın yenidən razılaşmadı – Siz bütün bu fədakarlığı mənə görə edirsiniz. Ona görə də, siz burda təhlükə ilə üz-üzə qalarkən, mən evdə rahat otura bilmərəm.

- Necə istəyirsiniz… – gülümsəyərək dedim. Hər halda, qadının qaranlıqda məni görmədiyinə əmin idim.

Yol boyu irəliləyərkən, hava qaranlıq olduğundan, biri-birindən aralı yerləşən daş parçalarını tapmaqda çətinlik çəkirdik. Onların arasında təxminən dörd-altı metr məsafə qoyulmuşdu və yerdəki yarpaq və kol-kos da izi axtarmağımıza mane olurdu. Zülmət qaranlıqda isə istiqaməti tapmaq, asan iş deyildi. Hətta ara-bir bəzi daşların arasındakı məsafə fərqinin daha da böyük olduğuna təsadüf edirdik və bəzən itirdiyimiz izin davamını da təsadüfən tapırdıq. Hər halda bunu izi itirmək üçün etməmişdilər. Böyük ehtimalla daşlar təsadüfən yerindən tərpənmişdi. Bəzən isə, çox kiçik daş parçalarına rast gəlirdik. Bax bu, izi itirə bilmək üçün çox ideal variant idi. Çünki bu hadisədən xəbəri olmayan bir şəxsin buradan keçərkən, yerdəki bu kiçik daşlara fikir verməyəcəyini arxayınlıqla güman etmək olardı. Üstəlik də üzərimizdə cəmi bir fənərin olması, işimizi daha da çətinləşdirirdi. Ancaq buna baxmayaraq, artıq bir saata yaxın idi ki, bu daşların izinə düşmüşdük. Meşənin sıx ağaclı hissəsini keçərkən, Minarə xanım geriyə qayıtmaq istədiyini söyləsə də, mən israr etdim. Nədənsə əmin idim ki, biz istədiyimizi tapa biləcəyik, lakin az sonra iz yox oldu və qarşımıza çıxan dərin bir çuxur, məni də ümidsizləşdirdi.

- Bu, çuxur işlərimizi korladı. – kənarda yerə yıxılmış o qədər də kiçik olmayan bir ağacın üstündə oturdum – Belə getsə, gecəni burada keçirəsi olacağıq.

- Niyə? – Minarə xanım təəccüblə soruşdu – Məgər qayıda bilmərik?

- Qayıda bilərik, amma əziyyətimizə heyfim gəlir.

- Bəs, nə edək? – o, yanımda əyləşdi – Çuxurun kənarlarını diqqətlə yoxladıq. Hər yerə baxdıq, amma heç nə yoxdur.

- Haqlısınız… – razılaşmağa məcbur idim – Bəlkə də iz var, sadəcə biz tapa bilmirik. Hava işıqlaşan kimi hər şey aydın olacaq.

- Nicat bəy, məni səhv başa düşməyin, amma mən gecəni burada qala bilmərəm. Mən çox qorxuram. – onun səsi titrəyirdi – İlk dəfədir meşəyə gəlmişəm. Onsuz da qaranlıqdan qorxanam. Üstəlik də buranın vahiməsi… Vəhşi bir heyvan hər an qarşımıza çıxa bilər. Üstümüzdə isə, fənərdən başqa heç nə yoxdur. Nə isə baş versə, özümüzü qoruya bilməyəcəyik. Qaçmaq da mümkün olmayacaq, çünki kənddən çox uzaqlaşmışıq. Gəlin, nə qədər ki, gec deyil, qayıdaq… Sabah səhər gəlib baxarsınız. Həm də işıqlı havada izi daha rahat tapa bilərsiniz.

- Sabah üçün mənim başqa planlarım var. – asta səslə dedim – Axı, nəyə görə belə olmalı idi?! – əsəbiliklə ayağa qalxdım – Niyə bu lənətə gəlmiş çuxur bizim qarşımızı kəsdi?! Mən az qala adım qədər əmin idim ki, bu iz, bizi axtardığımız yerə aparacaq.

Minarə xanım heç bir söz demədi və mən onu tək qoyub, çuxura tərəf getdim. Az sonra, qadın da mənə yaxınlaşdı.

- Bəlkə izin davamı, bu çalanın içindən keçir? – qadın çarəsiz halda soruşdu – Yəni ola bilər ki, digər daşlar onun içində basdırılıb. Yox, amma elə olsaydı, çuxurdan sonra, o iz davam edərdi.

- Bir dəqiqə, – çevrilib Minarə xanıma baxdım – siz nə dediniz?

- Nə dedim ki?

- Əgər çuxurun içindən keçsəydi, o iz davam edərdi…

- Hə, elədir. Axı, biz onun ətrafını yaxşıca yoxladıq. Heç nə yox idi. – qadın bu an mənim cəld hərəkətimdən diksindi – Nicat bəy, hara gedirsiz?

Mən Minarə xanımın sualına məhəl qoymadan, çuxurun içinə düşdüm. Qadın da mənim ardımca gəlirdi. Bura çox vahiməli idi. Hər an hansısa bir yatmış heyvanı ayaqlaya bilərdim. Yer ağac qol budaqları, hündür kol-koslarla dolu idi. Fənərin işığını ayağımın altına salaraq irəliləyirdim. Həyəcandan, qadının qaranlıqda arxamca gəlməsinin belə fərqinə varmırdım. Elə bu vaxt Minarə xanım qışqıraraq yıxıldı. Çevrilib, cəld ona yaxınlaşdım.

- Axı, siz niyə bura gəldiniz? – əsəbi şəkildə dedim – Məni gözləsəniz yaxşı olardı.

- Xeyr, siz məni gözləməli idiniz. Nəzərə almalı idiniz ki, mən qaranlıqda yeriyirəm. Həm də tək qalsam, qorxacaqdım. – o, fənərin işığında, dizindəki qana baxdı – Uf, ayağım bərk əzildi…

- Bu nədi belə? – işığı, çuxurun bitən hissəsinə saldım.

- Nəyi deyirsiz? – qadın da çevrilib baxdı və qorxudan içini çəkib, diksindi – Nicat bəy, gəlin gedək. Bu, hansısa heyvanın yuvasıdır. – Minarə xanım lap mənə yaxınlaşıb, qolumdan tutmuşdu – İşığı da söndürün. Xahiş edirəm. Mən çox qorxuram…

- Xanım, sakit olun. – fənərin işığında gördüyümüz yerə yaxınlaşaraq dedim – Diqqətlə baxın… Hələ heç bir heyvanın şüuru o dərəcədə inkişaf etməyib ki, yuvasına qapı qoysun.

Çuxurun bu hissəsi yuxarıdan baxanda görünmürdü. Odur ki, onu görmək üçün mütləq buraya düşmək lazım idi. Artıq biz həmin yerə lap yaxınlaşmışdıq. Onun giriş hissəsi o qədər də kiçik deyildi və ağac qol-budağı ilə yarıqapalı şəkildə bağlanmışdı.

- Orada kimsə var. – asta səslə dedim və qadının, qolumu daha da bərk tutub sıxdığını hiss etdim – Mən açıb, içəri baxmalıyam.

- Hə, açın, açın… – Minarə xanım gülümsədi – Zarafat edirsiz, hə?

- Yox, tam ciddiyəm. Mən mütləq ora baxmalıyam.

- Kaş mən gəlməyəydim… – qadın ağlamsındı – Birdən yaxınlaşdınız, işığı içəri saldınız və bir canavarın sizə baxdığını gördünüz. Onda?

- Onu deyim ki, heç də yaxşı zarafat deyil. – gülümsünərək dedim – Minarə xanım, siz bir şeyi unudursunuz. Biz buraya təsadüfən düşməmişik. Bizi bura bir iz gətirdi. Doğrudur, bu, hansısa bir heyvanın yuvasına bənzəyir, amma bir şey dəqiqdir. Orada insan yaşayır…

- Yaxşı, onda gedin baxın, amma inciməyin mən buradan uzaqlaşıram…

- Olsun. – gülərək qadına baxdım – Elə ən doğrusu da budur…

Minarə xanımın bir qədər kənara çəkilməsini səbrlə gözlədim. Əvvəlcə işığı qoluma tutdum. Saat on birə on beş dəqiqə qaldığını göstərirdi. Daha sonra, asta şəkildə yuvaya yaxınlaşdım. Yuvanın girişini örtən "qapı”ya toxunduqda, daha da əmin oldum ki, burada kimsə yaşayır. Çünki "qapı” rolunu oynayan ağac qol-budaqları, çox səliqəli şəkildə biri-birinə bağlanmışdı və kənardan şübhə doğura biləcək heç nə nəzərə çarpmırdı. Qapını ehmalla götürüb, kənara qoydum. "Fənərin işığı həmin insanın üzünə düşəndə, görəsən nə baş verəcək?!” – deyə işığı içəriyə salmamışdan əvvəl, keçirdiyim dəhşətli həyəcanı hiss etdim və fənəri yandırdım. Ürəyim, sanki yerindən çıxacaqmış kimi döyünməyə başladı. Qarşılaşdığım mənzərə məni daha da vahiməyə salmışdı. Çünki mən fərziyyəmdə yanılmamışdım. Bu sığınacağın içi, mən düşündüyümdən də böyük idi. Küncdə yerə düzülmüş qalın taxtalar üzərinə karton salınmışdı. Böyük ehtimalla bura, həmin insanın yatağı idi. Ortada isə ocaq qalamaq üçün nəzərdə tutulduğu güman edilən daşlar dairəvi şəkildə yerə basdırılmışdı, yanında da dəmir bir qab, hisdən tamamilə qaralmış çaydan və bir fincan vardı. Fənəri içəriyə gəzdirməyə davam etdim və digər küncdə plastik vedrədə su olduğunu gördüm. Nəhayət, içəri keçməyə qərar verdim, çünki orada heç kim yox idi. Ancaq, keçirdiyim dəhşətli qorxu və vahimə hissi, tez bir zamanda məni, buradan çıxmağa vadar edirdi. Həm də həmin insanın hər an bura qayıtmaq ehtimalı böyük olduğundan, daha burada qala bilməzdim. Cəld şəkildə içəridən çıxıb, qapını əvvəlki tək yerinə qoydum. Minarə xanım, dərhal mənə sarı gəldi.

- Nə gördünüz? – deyə maraqla soruşdu.

- Yaxınlaşdım, işığı içəri saldım və bir canavarın mənə baxdığını gördüm. – deyib, gülümsədim.

- Heç də gülməli deyil. – qadın bir qədər aşağı çöməldi – Nə gördünüz ki? İçəri boş idi, hə?

- Gəlin, özünüz görün… – yenidən asta addımlarla yaxınlaşıb qapını bir kənarə qoyaraq, işığı yandırdım – Baxın…

Minarə xanımın necə həyəcan keçirdiyini açıq-aşkar hiss edirdim. O, kəsik-kəsik nəfəs alaraq, sanki nə isə deməyə çalışır, lakin söz tapa bilmirdi.

- İlahi, axı bu necə ola bilər?! – qadın titrək səslə dedi və cəld əlimdən tutdu – Nicat bəy, gedək buradan. Yalvarıram sizə… O qadın hər an gələ bilər. Bizi burada görsə, ikimizi də öldürəcək. – o, keçirdiyi stressdən ağlamağa başladı – Siz haqlı çıxdınız… O, həqiqətən ölməyibmiş… Odur… Mahirədir…

- Minarə xanım, sakit olun. Bilsəydim ki, belə qorxacaqsınız, heç sizə göstərməzdim. Axı, hələ ki, tam əmin olmaq mümkün deyil. Burada başqa bir insan da gizlənə bilər.

- İçəridəki fincanı mənə gətirə bilərsiz?

Mən səbəbi soruşmadan, çevrilib sığınacağa daxil oldum və fincanı götürüb, çıxdım. Minarə xanım, fənərin işığında fincanı əlinə alarkən, halı daha da pərişan oldu.

- Odur, Nicat bəy, odur… – qadın ağlayaraq, onu mənə qaytardı – Mahirədir…

- Niyə bu qədər əmin oldunuz? – fənərin işığını əlimə tutdum – Fincan?

- Hə, o… – qadın əlimdəkinə işarə etdi – Mən Nərimangilə gələndə, onların evində, eyni ilə, bu fincandan beş ədəd var idi. İndi onlardan ikisi qalıb. Onları sizə göstərərəm. – Minarə xanım fincanı yenidən əlinə aldı – Yəqin ki, bilmiş olarsınız… Adətən onlar altı ədəd olurlar. Mən isə sadəcə düşünmüşdüm ki, yəqin biri sınıb.

- Bu, artıq təsadüf ola bilməz…

- Doğrudur. – qadın razılaşdı – Siz içəriyə işığı salan kimi, o fincanın üzərindəki qırmızı rəng diqqətimi çəkdi. Sonradan evimizdəki, üzərində çiyələk şəkli olan o fincanlar yadıma düşdü.

- Ancaq bunun üzərində toz var. – ehtiyatla fincanı əlimə aldım – Görünür, Mahirə daha burada yaşamır, amma o, hələ də gizlənirsə, demək hər an buraya gələ bilər.

- Xahiş edirəm, gedək… Nicat bəy, xahiş edirəm… Mən çox qorxuram…

Fincanı yerinə qoyaraq, hər şeyi əvvəlki vəziyyətinə salıb, şübhə doğura biləcək heç bir iz saxlamadan oranı tərk etdik. Minarə xanım, əlimdən tutsa da, çuxuru çətinliklə çıxa bildi. Onun sol ayağındakı yara hələ də bərk ağrıyırdı. Ona görə də bu, bizim üçün əlavə problem idi. Çünki yolu geriyə qayıtmaq üçün, yenidən həmin izi axtarmağa məcbur idik. Çətinliklə də olsa, bunu bacarırdıq, amma indi bayaqkı yol, sanki daha da uzun görünürdü. Ümumiyyətlə, insan məqsədinə çatacağını güman edəndə, istənilən maneəni aşmağa müvəffəq olur və bu vaxt əlavə güc gəlir, ikinci nəfəs açılır, uğura gedən yol isə qısalır…

Yazar: Kamil
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri