20 yanvar - tariximizin faciə və şərəf səhifəsi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1999
Səs ver:
(səs: 0)
1988-ci il idi. Tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran, əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərliyindəki və xarici ölkələrdəki lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb öz ərazilərinə qatmaq istəyirdilər. Bu məkrli planı həyata keçirmək üçün ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisini zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər.

Təbii ki, ermənilərin hərəkətləri xalqın böyük qəzəbinə səbəb oldu. Bakıda və bölgələrdə etiraz dalğaları baş qaldırdı. Xalq mitinqlərə çıxaraq mərkəzi hakimiyyətdən Dağlıq Qarabağda Azərbaycanın hüquqlarını bərpa etməyi, qanunlara tabe olmayan erməniləri cəzalandırmağı tələb edirdi.

Lakin mərkəzi hakimiyyət açıq-aydın birtərəfli mövqe tuturdu. Respublikanın başında əyləşən o vaxtkı rəhbərlər də gözləmə mövqeyində durur, lazımi qətiyyət göstərmirdilər. Beləliklə, Azərbaycan xalqının torpaqlarımızın bütövlüyü uğrunda başladığı mübarizə həm də milli-azadlıq hərəkatı xarakteri almağa başladı. Kütləvi aksiyalar ara vermirdi. Bakının küçə və meydanlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi, Azərbaycanda müstəqil dövlət qurulması şüarları altında möhtəşəm mitinqlər keçirilirdi.

Bundan qorxuya düşən mərkəzi hakimiyyət Azərbaycana qoşun yeritmək və xalqın milli-azadlıq mübarizəsini qan dənizində boğmaq üçün məqam gözləyirdi. 1990-cı ilin yanvarında hadisələr daha gərgin məcraya yönəldi. Bakıya qoşun yeridiləcəyi barədə söhbətlər səngimək bilmirdi. Yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar - tələbələr, ziyalılar, sıravi vətəndaşlar Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, canlı sipər qurmuşdular. Bu, mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə həyəcanlı xəbərlər insanları çəkindirmirdi, əksinə sıralar daha da sıxlaşırdt.

Həmin gecə dəhşətli hadisələr baş verdi. İlk növbədə televiziyanın enerji bloku partladıldı. Beləliklə, bütün respublika informasiya blokadasına alındı. Gecəyarısı şəhərə hücum çəkən ən müasir silahlarla silahlanmış qoşunlar əliyalın insanları güllə yağışına tutdular. Onlar heç kəsə aman vermir, qarşılarına çıxan hər kəsi amansızlıqla qətlə yetirirdilər, ağır döyüş texnikasını, yük və minik avtomobillərini insanların üstünə sürürdülər. O gecə Bakı özü boyda qan dənizinə çevrildi. Qoca tarix yaşamamışdı belə vəhşəti, qəddarlığı.

Qanlı 20 Yanvar faciəsi 131 nəfər soydaşımızın həyatına son qoydu, 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı, yaralandı. Fəqət 20 Yanvar tariximizin yalnız faciə deyil, həm şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu. Eyni zamanda faciə xalqın özünə inamını artırdı, insanların həmrəyliyi daha da möhkəmləndi. Respublikada imperiyanın, kommunist rejiminin süqutunu tezləşdirən milli-azadlıq mübarizəsinin yeni dalğası başlandı. Bu, böyük keçmişi olan xalqın istilaya, qırmızı imperiyaya yönələn qəzəb, nifrət dalğası idi və daha onun qarşısını kəsmək mümkün deyildi. Çox keçmədi ki, yumruq kimi birləşən xalqın kükrəyən qəzəbi zəfər çaldı. Gücə, silahsursata arxalanan nəhəng imperiya süquta uğradı. 1991-ci il oktyabrın 18- də Azərbaycan Respublikasının parlamenti müstəqillik haqqında Konstitusiya Aktı qəbul etdi və ilk əvvəl Türkiyə, Pakistan, daha sonra isə dünyanın digər iri dövlətləri respublikamızın müstəqilliyini tanıdı.

Azərbaycanın qanlı 20 Yanvardan keçən müstəqillik yolu dönməzdir. Müstəqilliyi şirin bir nemət kimi dadan xalqımız bu yolda inamlı addımlar atır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri