Aşıq Ələsgərin "Yaylaq" şeirində Azərbaycanın füsunkar təbiətinin təsviri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3426
Səs ver:
(səs: 0)
Qədim Azərbaycan torpağı Göyçə mahalının Ağkilsə kəndində yazıb yaradan qüdrətli sənətkar Aşıq Ələsgər aşıq-saz sənətini ucaldaraq yüksək zirvəyə qaldırmışdır. Aşıq şeirinin bütün janrlarında qələminin gücünü sınayan Aşıq Ələsgər dərin məna tutumuna malik, bir-birindən gözəl gəraylı, qoşma, təcnis, cığalı təcnis, müxəmməs nümunələri yaratmışdır. Onun yaradıcılığında təbiət mövzusu xüsusi yer tutur. O, doğma yurdun təbiətinin gözəlliyindən ilham almış və başı qarlı dağları, yayda sərin yaylaqları, durna gözlü bulaqları, güllü-çiçəkli, al-əlvan çəmənləri sonsuz bir məhəbbətlə tərənnüm etmişdir.

Aşıq Ələsgərin təbiət mövzusunda qələmə aldığı şeirlərdən biri də «Yaylaq» adlanır. Ustad aşıq yaylağın timsalında doğma Azərbaycan təbiətinə dərin məhəbbətini şirin poetik dillə, rəngarəng bədii vasitələrlə ifadə etmişdir. Şeirin əvvəlində yaylağı gözəllər seyrəngahına bənzədən aşıq ona üz tutaraq qəlbinin dərinliklərindən gələn ən xoş, ən səmimi arzularını bildirir:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürgüzar ol, yaylaq!

Şeirdə aşığın dərin nisgili, həsrəti hiss olunur. Ancaq ustad sənətkar keçirdiyi iztirabları birbaşa ifadə etmir, hisslərini oxucuya bədii ifadə vasitələri ilə çatdırır və bununla da şeirin təsir gücünü daha da artırır.

Aşıq Ələsgərin nisgili başadüşüləndir. O, dəfələrlə erməni-müsəlman qarşıdurmasının şahidi olmuşdur. Ermənilərin xalqımıza qarşı düşmən münasibəti bəsləmələri, azərbaycanlıları öz doğma torpaqlarından zorla çıxarmaq üçün məkrli planlar hazırlamaları bütün varlığı ilə böyüyüb boyabaşa çatdığı doğma yerlərə bağlı olan aşığın qəlbində dərin narahatlıq yaradır. Dədə-babalarımızın at oynatdıqları, hər yay köç etdikləri yaylaq el sənətkarları üçün çox əzizdir. Bu yerlərin itirilməsi təhlükəsi Aşıq Ələsgərdə dərin nisgil oyadır, yurd həsrəti onun varlığını təlatümə gətirir.

Bülbül gülün həsrətində qaldığı, «meyli güldə olduğu» kimi, Aşıq Ələsgərin də gözü yaylağın siyah telində qalıb. Gözəllik aşiqi olan aşıq yaylağı özünə məhrəm, doğma, arxa sanır və ona üz tutaraq deyir.

Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəxmar ol, yaylaq!

Şeir təsirli sonluqla tamamlanır. Aşıq yaylağı, buradakı gözəlliyi görəndən bəri «sinəsinin qəm dəftəri» olduğunu söyləyir.

Təzadlı mənzərədir, deyilmi? Həmişə təbiətin gözəlliyindən ilham alaraq şeirlər yazan aşıq yaylağın füsunkar gözəlliyi önündə sevinmək əvəzinə təsirlənir, onun qəlbini kədər bürüyür. Dədə Ələsgər yad əllərin bu gözəlliyə toxunub onu poza biləcəyindən narahatdır. Aşıq şeiri belə tamamlayır:

Öldür Aşıq Ələsgəri,
Özün günahkar ol, yaylaq!

Bu iki misranın məna yükü çox böyükdür. Aşıq burada əslində yaylağı günahlandırmaq istəmir, əksinə təbiətə vurğunluğunu ifadə edərək yaylaqda, gözəlliklər qoynunda ölümə də hazır olduğunu büruzə verir.

Oynaq, şirin dillə qələmə alınan şeir asan oxunur və onu oxuduqca göz önündə yurd yerlərinin, ana təbiətin gözəllikləri canlanır. Aşıq gəraylıda özünün daxili aləmini, gərgin emosional-psixoloji durumunu ifadə etməklə yanaşı, həm də sanki əlinə firça alaraq yaylağın təkrarsız mənzərəsini tabloya köçürmüşdür.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri