"Behişt anaların ayağı altındadır" (Məhəmməd Peyğəmbər) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 861
Səs ver:
(səs: 0)
Ana! Ən müqəddəs variıq, ən gözəl insan! Müqəddəslərin müqəddəsi, paklığın ən uca zirvəsi! Dünyada ana məhəbbətindən təmiz və müqəddəs bir məhəbbət yoxdur. Hər cür məhəbbət, hər cür istək və bağlılıq ana məhəbbəti qarşısında ya zəif, ya da təmənnalı məhəbbət kimi görünür.

Ana ürəyi elə bir dibi görünməyən dərinlikdir ki, burada həmişə bağışlanmağa yer tapılır. Ana əlləri elə bir müqəddəsliyə malikdir ki, tənbeh üçün bizə dəyən silləsi də sığal qədər nəvazişli görünür. Ana qucağı elə bir nəvaziş hopmuş beşikdir ki, bu beşiyin şirinliyini bütün bəşəriyyət dadmış və duymuşdur. Ana dili elə bir həzin zümzümədir ki, bu dilin laylası bütün qanımıza, iliyimizə yerimiş, insanlığın başlanğıcı olmuşdur. Ana südü elə bir ilahi əfsuna malik cövhərdir ki, hər birimizin ətinə, canına hopmuş, bizə qadir qüvvət vermişdir.

Hər dəfə ana məhəbbətindən söz düşəndə gözlərim qarşısında böyük sənətkarımız Cəfər Cabbarlının ana sevgisindən titrəyən kövrək misraları canlanır:

Ana! Ana! O adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əlilə bəla bəhrinə yuvarlansam,
Yenə hesab edərəm bəzmi-istirahətdir.

Doğrudan da, əsl səcdə yeri ananın önündə, ayaqları altındadır. Dünyanın cənnəti də, behişti də buradadır.

Ana! Sevinci min ömrə bəs edən, sevgisi ümman olan, kədərini gilə-gilə qəlbinə axıdıb övladına gülərüz görünməyə, onu kədərləndirməyə çalışan ecazkar bir insan! Dözümünə, cəsarətinə, övlada bağlılığına və məhəbbətinə bəzən heyrətlənmişik onun. Bəzən sözün əsl mənasında qibtə etmişik ondakı saflığa, müqəddəsliyə, həsəd aparmışıq ondakı dözümə, iradəyə. Bircə kəlmə xeyir-duası yolumuza nur çiləyib, arzularımızı çiçək açdırıb, əlinin nəvazişində ömrümüzün ən bəxtəvər çağlarını, məsum dövrünü yaşamışıq. Bütün məhrumiyyətlərimizə, dəcəllik və nöqsanlarımıza sinə gərib, dözüb, bizi xoşbəxt və bəxtiyar görmək naminə bizim analarımız - qüdsiyyət mələkləri!

Anaların bir amalı olur: övladının fərəhini, sevincini görmək, onu xoşbəxtliyə çatdırmaq. Yadıma yazıçı Ə.Məmmədxanlının «Buz heykəl» hekayəsi düşür. Övladını yaşatmaq üçün canını qurban verən, onu istiləyib özünü «buz heykələ çevirən» ananın müqəddəsliyi, ürək dünyası o qədər məharətlə verilmişdir ki, bu müqəddəslik, saflıq qarşısında diz çökmək, səcdə qılmaq istəyirsən. Eşq olsun bu müqəddəs varlığa! Eşq olsun anaların müqəddəsliyinə!

Biz ana müqəddəsliyinin parçaları, zərrələriyik. Biz ana məhəbbətinin borclularıyıq. Ana müqəddəsliyi ülvi, ana məhəbbəti bəşəri, ana laylası isə saflıq, pak duyğular himnidir.

Ay ana, lazımsan sən bizə hər an,
Həyatın müqəddəs qanununa bax!
Südəmər körpə də dil açan zaman-
«Ana! Ana!» - deyir hər şeydən qabaq!..

Ana müqəddəsliyi qarşısında biz həmişə acizik və bu müqəddəslik bizim səcdəgahımız, and yerimizdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri