İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" əsərində Natəvan obrazının təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 518
Səs ver:
(səs: 0)
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də İlyas Əfəndiyevdir. Onun psixoloji dramları, həyatın real hadisələrinə, ən aktual məsələlərə həsr olunmuş romanları həmişə diqqət mərkəzindədir. Bütün həyatı boyu dramaturgiya və bədii nəsr sahəsində qələm çalmış İ.Əfəndiyev ədəbi nəsrimizin və dramaturgiyamızın inkişafında böyük rol oynamış, ədəbiyyatımızın yeni mövzu, bəşəri məzmun və maraqlı obrazlarla zənginləşdirmişdir.

İlyas Əfəndiyev yaradıcılığa gənc yaşlarından başlamış, «Kənddən məktublar» adlı birinci kitabını 1939-cu ildə çap etdirmişdir. Onun tarixi səpkidə yazdığı bir neçə əsəri vardır ki, bunlardan biri də «Xurşidbanu Natəvan» dramıdır. Əsər ilk dəfə 1985-ci ildə «Azərbaycan» jurnalının 11-ci sayında çap olunmuşdur. İki hissədən, on beş şəkildən ibarət olan «Xurşidbanu Natəvan» pyesi, adından göründüyü kimi Qarabağ xanı Mehdiqulu xanın qızı, məşhur şairə Xurşidbanu Natəvana həsr edilmişdir.

Əsərin əsas qəhrəmanı Xurşidbanu Natəvandır. Biz Natəvanla ilk dəfə Tiflisdə, Qafqaz canişiliyində tanış olur, onun canişinlə söhbətinin şahidi olur, xalqı təmsil edən bu qeyrətli və təəssübkeş qızın davranış və ləyaqətini görür, alqışlayırıq.

Canişin gənc şairəni xan qızına layiq bir hörmət və diqqətlə qəbul edır. Natəvanın ötkəmliyi, qətiyyətli danışığı canişini bir tərəfdən təəccübləndirirsə, digər tərəfdən onu bu gənc qızla hörmət və nəzakətlə davranmağa məcbur edir. Bu epizodla müəllif demək isləyir ki, özünə qiymət qoymayana heç kəs qiymət qoymaz. Xalq da, onun nümayəndəsi də özünü məhz belə aparmalıdır. Natəvanın imperiya nümayəndəsi ilə davranışı Azərbaycan xalqının qətiyyət və ləyaqətinin təzahürüdür.

Natəvanın ilk məhəbbətinin başlanğıcı da bu görüşdən meydana çıxır. Dağıstanlı əsilzadə olan gənc knyaz Xasayla qarşılıqlı əsaslanan izdivacın ömrü az olsa da, Natəvanın xarakter bütövlüyünü, insanpərvərliyini və humanistliyini göstərir. Xasay xan əmisinin Dağıstana qayıtmaq tələbi qarşısında aciz qalanda Natəvan, ayrılıq nə qədər çətin olsa da, Xasayın getməsini məsləhət bilir, ayrılığa haqq qazandırır: «Mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm!»

Pyesdə Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. iranın şahlıq quruluşunun əsarətində müəyyən Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da əsərdə diqqət mərkəzindədir. Qafqaz canişininin «Eşitdiyimə görə, siz həm də gözəl şairəsiniz» sözləri xan qızının şairlik şöhrətindən xəbər verir.

«Xurşidbanu Natəvan» pyesi tarixi mövzuda yazılsa da, müasir həyatımızla səsləşən qiymətlı bir əsərdir. Məhz buna görədir ki, pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, yüksək qiymətləndirilmişdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri