Qasım bəy Zakirin lirikası - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 957
Səs ver:
(səs: 0)
XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirdir. Ədəbiyyatımız tarixində satirik üslubun yaranması onun adı ilə bağlıdır. Satiranın bir yaradıcılıq sahəsi kimi təşəkkül tapmasında və inkişafında Qasım bəy Zakirin mühüm rolu olmuşdur. Qasım bəy Zakir, hər şeydən əvvəl, incə ruhlu bir poetik şəxsiyyət, Füzuli və Vaqif şeiri ənənələrini davam və inkişaf etdirən görkəmli lirik şairdir. Onun zəngin ədəbi irsinin böyük bir qismini lirik şeirlər təşkil edir. Bu lirik şeirlərin bir hissəsi klassik şeir üslubunda yazılmış qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndlərdən, digər hissəsi isə heca vəznində yazılmış qoşma, gəraylı və təcnislərdən ibarətdir.

Qasım bəy Zakirin lirikasının bir hissəsi məhəbbət, qalan hissəsi isə ictimai mövzudadır. Onun məhəbbət mövzusunda yazılmış şeirlərinin əsasını insan gözəlliyinin, ülvi məhəbbət hisslərinin, insanın daxili-mənəvi aləminin tərənnümü təşkil edir. Bu əsərlərdə həyat sevgisi, mənalı və insani ömür təbliğ olunur.

Qasım bəy Zakirin gözəlliyə dair baxışları onun lirik qəhrəmanının dili ilə ifadə olunur. Bu lirikada insan gözəlliyini qiymətləndirən əsas surət Aşiqdir. Bu Aşiq özünün bir sıra xüsusiyyətlərinə görə sələflərindən seçilir. O, həyatın mənasını təmiz, saf məhəbbətdə, dərin insani duyğularda görən və yüksək dəyanətə malik olan bir şəxsdir. Məhəbbətdə yüksək vəfa və sədaqət nümayiş etdirir. Aşiq gecə-gündüz sevgilisinin xəyalı ilə yaşayır, ona səcdə etməyi, hətta Kəbə ziyarətindən üstün sayır:

Aşiqə məşuqun didarını görmək
Ziyadədır Kəbə ziyarətindən.

Zakirin lirik-romantik qəhrəmanı sevgi yolunda nə qədər əzab və iztirab çəkirsə də, bədbinləşmir, məşuqəsinin vüsalı onu ruhlandırır. Bu aşiq gündə yüz dəfə sevgilisinin başına dolanmağa hazırdır, hətta eşq oduna yanmaqda özünü pərvanədən daha cürətli və daha dözümlü sayır:

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq atəşinə,
Cürəti var isə, pərvanə gəlsin.

Zakir lirikasının böyük bir qismini onun gözəllərin təsvir və tərənnümünə həsr edilmiş şeirləri təşkil edir. Bu şeirlərdə təsvir olunan gözəllərin çoxu Zakirin özünün şəxsən gördüyü, tanıdığı gözəl qız və gəlinlərdir. Şair bu gözəlləri quru, cansız deyil, mənəvi keyfiyyətləri, özünün onlara bəslədiyi yüksək münasibəti, adət və ənənələri ilə birlikdə təsvir edir.

Zakir lirikasının ən yaxşı nümunələrindən biri «Durnalar» qoşmasıdır. Bu qoşmada lirik qəhrəmanın vətən sevgisi, qürbət sıxıntısı dərin bir səmimiyyətlə tərənnüm olunur. Bu qoşma həm də özünün ictimai məzmunu ilə fərqlənir:

Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar.
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!

Şair bu parçada «yırtıcılann» bir anlıq nəşə üçün durnaların səfini dağıdacağından qorxur, onlara yavaş-yavaş getməyi məsləhət görür. Çünki şairin özünü də məhz bu «yırtıcılar» elindən didərgin salmışlar.

Yüksək ideya-bədii məzmuna malik «Durnalar» qoşması formaca da qabil sənət əsəri, poetik yaradıcılıq nümunəsidir.

Zakir lirikası XIX əsr Azərbaycan həyatının, təbiət və insan gözəlliyinin ən parlaq dəyər ölçüsü, qiymətləndirmə meyarıdır. Onun lirik əsərləri həssas və incə qəlbli bir insanın könül duyğuları, qəlb çırpıntılarıdır. Məhz buna görədir ki, bu lirik şeirlər heç zaman öz təravətini itirmir, oxucular tərəfindən sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri