Quyuya salsan da, yaxşılığı, bil yenə qayıdacaq, o itən deyil - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 353
Səs ver:
(səs: 1)
Yaxşılıq barədə söhbətimə belə bir rəvayətlə başlamaq istyirəm: Rəvayətə görə, xeyir və şər xislətli iki qonşu olur. Şər xislətli qonşu daim pis əməllər törədir, qonşusuna ziyan vurur. Xeyir xislətli qonşu isə onun ziyankarlığını həmişə təmkinlə qarşılayır, qonşu ilə mübahisəyə çıxmır, onun vurdugu ziyanın yerini doldurur. Ondan bunun səbəbini soruşduqda isə belə cavab verir: Qonşu öz pisliyindən qalmır, mən nə üçün xeyirxahlığımdan əl çəkməliyəm? Bu ibrətamiz nəsihətdə nə qədər böyük hikmət var. insan saflaşır, pisliklərdən uzaq olmağa çalışır, belə nəsihətlərə qulaq asdıqda.

Yaxşılıq insana xas olan müsbət keyfiyyətlərdən biridir, kamillik nümunəsidir. Xeyirxah əməli ilə başqalarının işinə yarayan, köməyinə çatan şəxs ilk növbədə öz həyatını mənalandırır. Böyük alim Nəsirəddin Tusi yazırdı: «Xeyirə həsr edilməmiş həyatı mənasız və hədərə getmiş hesab et».

İsti havalarda yol gedərkən qarşımıza çıxan ağacların kölgəsində ayaq saxlayıb nəfəsimizi dəririk, yol üstündəki bulağın suyundan içib sərinlənirik. Bu zaman, təbii ki, qəlbimizdə bu qollu-budaqlı ağacı əkib, becərən bu bulağı tikib ərsəyə gətirən naməlum insana minnətdarlıq hissi baş qaldırır. Bax, xeyirxah işin nəticəsi budur. İllər ötsə də, savab əməl itmir, başqalarının ehtiyacını ödəyir, həyatını yüngülləşdirir.

Yaxşılıq etməyi özlərinə həyat amalı seçmiş insanlar bu yaxşılığın əvəzinin nə vaxt qayıdacağı barədə düşünmürlər. Həyatın dialektikası isə belədir. Bu dünyada heç nə itmir, yaxşılığın əvəzi mütləq qayıdır. Belə bir deyim də əbəs yerə yaranmayıb. Balığı at dəryaya, balıq bilməsə də, Xaliq biləcək.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin «Xeyir və Şer» mənzum hekayəsini xatırlayaq. Şair əsərin qəhrəmanlarına onların xarakterinə uyğun ad seçmişdir. Şər pisliklərin təmsilçisidir. Və sonda əməllərinə layiq aqibətlə üzləşir. Xeyirin qəlbi isə xeyirxahlıqla yoğrulmuşdur. Onun yeganə amalı rastlaşdığı insanlara yaxşılıq etməkdir. Müəllif qəhrəmanını sınağa çəkir. Şər su istəyən Xeyirin gözlərini çıxarır və səhrada tək-tənha qoyur. Lakin Xeyirin yaxşı əməlləri həyatda onun qarşısına çıxır. O, kürd qızının, kürdün təmənnasız yaxşılıqları sayəsində qurtulur və öz xeyirxahlığını davam etdirir.

Ədəbiyyatımız belə nümunələrlə zəngindir. Sevimli yazıçımız 5.5.Axundovun «Nurəddin» hekayəsində yazıçı yaxşılıqla yamanlığı, xeyirxahlıqla bədxahlığı üz-üzə qoymuşdur. Balaca Nurəddinin xeyirxah təbiətli atası Hacı Nəsir həyatda həmişə başqalarına təmənnasız yaxşılıqlar etmişdir. Atasının bu yaxşılıqları əsərin sonunda Nurəddinin qarşısına çıxır. Vaxtı ilə Hacı Nəsirin xeyirxahlığından bəhrələnən Rəhim və onun ömür-gün yoldaşı hər cür qayğı göstərərək fayton qəzasına düşmüş Nurəddini ölümün pəncəsindən xilas edirlər.

Həyatı yaxşı bilən, əsərlərini dərin müşahidələr əsasında qələmə alan 5.5.Axundov «Nurəddin» hekayəsini belə ibrətamiz sonluqla tamamlamaqla göstərmək istəmişdir ki, həyatda yaxşılıq heç vaxt itmir, o hansısa bir formada mütləq qayıdıb insanın qarşısına çıxır.

Hər şeyin zamana ehtiyacı var, deyiblər. Yaxşılıq da belədir. Bəzən onun öz təsdiqini tapması üçün uzun illər lazım gəlir. Əməlləri insan humanistliyinin zirvəsində dayana biləcək görkəmli xeyriyyəçi H.Z.Tağıyevin adının çəkilməsi on illər boyu yasaq edilmişdi. Lakin zaman hər şeyi yerbəyer etdi, kimin kim olduğunu təsdiqlədi. Bu gün vaxtı ilə milyonlarını xalqının inkişafı yolunda xərcləyən H.Z.Tağıyevin xatirəsi insanların qəlbində yaşayır.

Yaxşılıq haqqında mütaliə etdiyim kitablar, bu barədə böyüklərdən aldığım nəsihətlər mənim də əqidəmdə özünə möhkəm yer edib. Mən yaxşılıq etməyi, dara düşən insanlara təmənnasız kömək əli uzatmağı özümə həyat amalı seçmişəm.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri