Qarabağ düşmən tapdağında qalmayacaq - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1363
Səs ver:
(səs: 0)
Qarabağ! Azərbaycanın dilbər guşəsi, milli iftixarımız Üzeyirin, Xan Şuşinskinin, Natavanın yurdu, milli təsdiqimiz muğamın beşiyi, hər birimizin cismən və ruhən bağlı olduğumuz məkan. Neçə illərdir ki, Qarabağ bizə, biz onun başı qarlı, dumanlı dağlarına, yamyaşıl meşələrinə həsrətlə baxırıq. Şuşa qalasını, isa bulağını, Cıdır düzünü, Xarı bülbülü nisgillə yad edirik. Neçə illərdir ki, Qarabağ bizdən ayrı düşüb, babalarımızın at oynatdıqları yurd yerlərinə ayaq basa bilmirik.

Xain qonşularımız ermənilərin 1988-ci ildə başladıqları elan olunmamış müharibədə Azərbaycan təkləndi, ermənilər rus ordusunun, digər xarici qüvvələrin dəstəyi sayəsində Dağlıq Qarabağı və ona bitişik 7 rayonu zəbt etdilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Müharibə 20 min azərbaycanlının həyatına son qoymuşdur. Döyüşlərdə 100 min soydaşımız yaralanmış, 50 min nəfər müxtəlif dərəcədə bədən xəsarəti alaraq əlil olmuşdur.

Müharibənin respublikamıza vurduğu ziyanın, dağıntıların miqyası ölçüyəgəlməzdir. Hərbi təcavüz ölkəmizin 17 min kvadrat kilometr məhsuldar torpaqlarının işğalının, 900 yaşayış məntəqəsinin, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 kilometr avtomobil yollarının dağılmasına səbəb olmuşdur.

Müharibədən mədəni irsimiz daha artıq dərəcədə ziyan çəkmişdir. Ermənilər işğal altında qalan ərazilərdəki 22 muzeyi, 4 rəsm qalereyasını, 9 sarayı qarət etmiş və dağıtmışlar. Tarixi əhəmiyyət daşıyan 40 min muzey eksponatı və sərvəti talan olunmuş, 44 məbəd və 9 məscid təhqirə məruz qalmışdır. Dağıdılmış 927 kitabxanada 4,6 milyon kitab və nadir əlyazma məhv edilib... Bu siyahı çox uzundur. Dağıntıya məruz qalan, yandırılan sərvətlər tək Azərbaycanın deyil, bütün bəşər sivilizasiyasının misilsiz mədəniyyət nümunələri idi. Təxmini hesablamalara görə, müharibədə Azərbaycana 60 milyard ABŞ dolları həcmində ziyan dəymişdir. Xalqımızın məruz qaldığı mənəvi-psixoloji zərbə isə daha ağır olmuşdur.

Alınan məlumatlara görə, hazırda ermənilər işğal altındakı ərazilərimizdə təbiətə vəhşicəsinə ziyan vururlar, meşələrdəki qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermənistana daşınır, torpaqlarımızda gizli şəkildə narkotik bitkilər əkilib becərilir, terrorçu dəstələr hazırlanır.

Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini mütləq alacaq, Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq! Bu nida hər bir azərbaycanlının qəlbinin sədasıdır. Məlumdur ki, hazırda münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqlar aparılır. Bu danışıqlarda Amerika Birləşmiş Ştatlan, Fransa, Rusiya kimi iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə ermənilərin zorla zəbt etdikləri torpaqların qeyd-şərtsiz geri qaytarılması barədə 4 qətnamə qəbul etmişdir. Azərbaycan dövləti torpaqlarımızda yenidən müharibə başlamasını, qan tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Biz heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmürük, eyni zamanda öz torpaqlarımızın bir qarışının da düşmən tapdağında qalmasına imkan verməyəcəyik.

Lakin ermənilər hər vəchlə sülh danışıqlarını yubatmağa çalışır, BMTnin çıxartdığı qətnamələri yerinə yetirməkdən yayınırlar. Ermənilərin tutduqları belə qeyri-ciddi mövqenin sonu yoxdur. Sülh danışıqları baş tutmayacağı təqdirdə xalqımız bir nəfər kimi ayağa qalxıb torpaqlarımızı mənfur düşməndən azad etməyə hazırdır. Indi bizim düşməni torpaqlarımızdan vurub atmağa qadir olan ordumuz formalaşıb. Ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycanın silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəmlənməsi, kadr hazırlığının daha da yaxşılaşması deməkdir.

Nizami ordumuzun möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə nifrətin artması, yekdil əhvali-ruhiyyənin yaranması onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərində zəfər yürüşünə çıxacağı, üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb. O gün mütləq gələcək!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri