Oğuzların düşmənlə mübarizədə göstərdikləri qəhrəmanlıqların təsvi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 153
Səs ver:
(səs: 0)
Xalqımızın soykökünün əsasında oğuz türkləri dayanır. Tarixi mənbələrdə oğuzlar çətinliklərdən qorxmayan, kafir düşmənə kəskin nifrət bəsləyən, Vətəni dərin məhəbbətlə sevən, yurdun təəssübünü çəkən, elin, obanın hörmətini döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlarla qazanan cəsur insanlar kimi təsvir olunurlar. Yaşı 1300 ildən artıq olan «Kitabi-Dədə Qorqud» dastanının boylarında oğuzların torpaq, ar-namus uğrunda düşmənə qarşı apardıqları mübarizələrdə göstərdikləri igidliklər geniş əks olunmuşdur. Oğuzlarda adətdir: yetkinlik yaşına çatan gənc ov ovlamayınca, qılınc tutmayınca, düşmənə bilək göstərməyincə ona ad verilməz. Babalarının, atalarının şücaətlərinə həsəd aparan gənc də çalışar ki, bu şərəfə mümkün qədər tez nail olsun. Bu cəhətdən «Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da təsvir edilən səhnələr çox maraqlıdır. Ulaş oğlu Qazan kef məclisində sağına-soluna baxdıqda «haqqın alıb ad qazanan» qardaşı Qaragünəni və dayısı Aruzu görüb çox sevinir, qarşısına baxdıqda isə «yurduna bir mükafat almayan» oğlu Uruzu görüb pərt olur.
Atasının sözləri Uruzun qanını coşdurur və o, döyüş meydanlarında şücaətlər göstərmək üçün zəruri sayılan vərdişlərə yiyələnməkdən ötrü hər cür çətinliyə dözməyə hazır olduğunu dilə gətirir. Oğlunun cəsarətini görən Qazan xan kef məclisini yarımçıq qoyub Uruzu «ox atdığı, qılınc çalıb baş kəsdiyi» yerləri göstərməyə aparır. Beləcə, ata və oğul yaraqlanıb atlanırlar.
Düşmən qabağından çəkilmək oğuzların xarakterinə yad xüsusiyyətdir. Qarşısında düşmən görən Qazan xan nəinki qorxmur, əksinə daha da cuşa gəlir. O, qeyri-bərabər döyüşdə qara donlu kafirin gözünə qaranlıq çökdürür, hayqırıb at sürür, irəli gedib qılınc çalır. Atasının igidliyi Uruz üçün bir nümunədir. «Oğul qılınc qurşanar ata qeyrəti üçün» düşüncəsi ilə yaşayan Uruz Qazan xanı döyüş meydanında tək qoymur, başının dəstəsi ilə ilk döyüşə atılır və təcrübəsiz olsa da, düşmənə xeyli itki verir.
Oğuzlar üçün şərəf, ləyaqət, ad-san hər şeydən üstündür. Təsadüfı deyildir ki, satqın bəylərin fitvası ilə oğlunun döyüşlərdən vahiməyə düşərək qaçdığını güman edən Qazan xan geri qayıdıb Uruzu tikə-tikə doğrayacağını dilə gətirir. Dastanın boylarını oxuduqca digər oğuz bəylərinin qəhrəmanlığı barədə də geniş təsəvvür yaranır. Uruzu əsirlikdən azad etmək üçün döyüşlərdə Qazan xana köməyə gələn oğuz bəylərinin hər biri ad-san sahibidirlər. Dəli Donbaz dəmir qapı Dərbəndi alıb, Qəflət Qoca oğlu Şirşəmsəddin altmış min kafirə qan qusdurub, Beyrək Bayburd hasarından sıçrayıb aşıb...
Xalqın təmsilçisi Qaraca Çobanın düşmənlə təkbətək döyüşdə göstərdiyi şücaət oğuzların igidliyinə yaxşı nümunədir. Oğuzların yurdunu talamağa gələn düşmən hiylə işlədib onu ələ almaq istəyir. Ancaq Qaraca Çoban oğuzların mərdliyinə sadiq qalır, xəyanətkarlıq etmir, sürüsündəki qoyunları, keçiləri sapanda qoyub atır, yağıların sıralarına xeyli itki verir.
«Kitabi-Dədə Qorqud» dastanında oğuz qadınları yalnız ana kimi deyil, həm də silahdaş kimi təsvir olunurlar. Oğuz qızları, gəlinləri də yeri gələndə silah götürür, döyüş meydanlarında igidlərə dayaq dururlar. Bu cəhətdən Burla xatun obrazı çox səciyyəvidir. O, yaralı ərinin köməyinə çatır, döyüş meydanına atılır, «kafirin qara bayrağını» qılınclayıb yerə salır.
Oğuzların döyüş meydanlarında göstərdikləri igidliklər bizdə haqlı qürur hissi doğurur. Biz əcdadlarımızın oturuş-duruşu, adət-ənənələri ilə fəxr edir və uca səslə deyirik: «Biz oğuz nəslindənik!»
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri