Odlar yurdu - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 411
Səs ver:
(səs: 0)
Azərbaycan! Odlar yurdu! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan, sözü qalan «qoca Şərqin qapısı», Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Cəfərlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan,

Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
«Azərbaycan!» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Ana vətənim! Azərbaycanım! Sən alovlardan, odlardan keçdin. Odlar diyarı kimi tarixə düşdün. Sənin hər qarış torpağında, hər daşında Babək vüqarı, Nəsimi mətanəti, Koroğlu mərdliyi, Nəbi qoçaqlığı görünür.
Doğma diyarım! Niyə sənin adına Odlar diyarı deyilir? Bəlkə, bu, Koroğlunun misri qılıncından qopan oddur, qığılcımdır, atəşdir?! Bəlkə bu, Kərəmin çəkdiyi «ah»ın odudur, alova dönüb sinənə hopmuşdur?! Bəlkə, övladlarının məhəbbəti günəş kimi alovlu olduğu üçün adına «Odlar yurdu» deyirlər?.. Soyuqluq, soyuqqanlılıq yaddır bizim diyara, bizim torpağa. Azərbaycan diyarında sevib-sevilənləri heç bir atəş yandırmaz. Bu diyarda doğulanlar zülmətə, qaranlığa baş əyməz, qış soyuğuna, buz soyuqluğuna bürünməzlər. Analarımız, bacılarımız, qızlarımız öz ismətləri, ədəb-ərkanları və igidlikləri ilə tanınmışdır. Bizim kişi qeyrətli Tomrislərimiz, Burla xatunlarımız, Nigarlarımız, Həcərlərimiz var. Onlar ərlər kimi vuruşmağı da, düşmənə qarşı qəzəbli, amansız olmağı da, böyüklər, ağsaqqallar və ağbirçəklər önündə yaşınmağı da, həya eləməyi, hörmət gözləməyi də bacarmışlar.

Qeyrətlidir oğlun, qızın,
Müjdəsisən xoş bir yazın,
Qoy aşıq kökləsin sazın,
Ana Vətən! Azərbaycan!

Ana diyarım Azərbaycan! Tarixini xəyalımda canlandırarkən heyrətlənirəm. Cavanşirlər, Babəklər, Nəbilər, Mehdilər, Həzilər yadıma düşür. Əgər keçmişimi vərəqləməsəm, bu günümü də duya bilmərəm.
Ana Vətənim! Sənin başın nələr çəkməyib?! Həmişə yağıların iştahından keçən yağlı tikə olmusan. Səni müharibə meydanına çeviriblər. Amma sən hər şeyə sinə gərmisən. Ovladların canını sənə qurban verib, lakin səni əyilməyə qoymayıblar.
1918-ci il mayın 28-də sənin də üzünə azadlıq günəşi doğdu. Sənə kəc baxan gözlər bu günəşin işığından qamaşdı, xəbis ürəklər parçalandı. Lakin heyiflər olsun ki, 23 ay çəkdi müstəqilliyimiz. Anamız Vətən «qırmızı imperiya»nın müstəmləkəçi siyasətinin qurbanı oldu. Zaman-zaman sərvətlərimiz kənara daşındı, nemətlərimiz qəsb olundu.

Ağrın bizim oldu, dadın özgənin,
Axdın ciblərinə yadın, özgənin.
özün Odlar yurdu, odun özgənin,
Ay mənim vətənim, Azərbaycanım!

Nə yaxşı ki, sarsılmadıq. Yetmiş ildən sonra qanlar bahasına da olsa, öz istiqlalımıza qovuşduq, üçrəngli bayrağımızı yenidən yüksəklərə qaldırdıq. Bu gün biz başımız üzərində dalğalanan bayrağı fəxrlə seyr edib, onu qaldıranlara «əhsən!» deyir, onların yolunu davam etdirəcəyimizə, müstəqil və suveren Azərbaycan uğrunda canımızdan belə keçməyə hazır olacağımıza söz veririk.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri