Səməd Vurğunun «Mən tələsmirəm» şeirində insanın yaşamaq arzusunun ifadəsi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 061
Səs ver:
(səs: 0)
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Səməd Vurğun öz şeirlərində insanın duyğularını, müxtəlif psixoloji anlarda keçirdiyi hissləri son dərəcə səmimiyyətlə və böyük sənətkarlıqla qələmə almışdır. Şairin əsərləri ilk növbədə həyatiliyi, xəlqiliyi və dilinin axıcılığı ilə fərqlənir.
Bu cəhətdən onun ömrünün son illərində yazdığı «Mən tələsmirəm» şeiri də səciyyəvidir. Həyata bağlılıq, yaşamaq və yaratmaq istəyi bu şeirin əsas qayəsini təşkil edir. Şair sanki yaşın üstə yaş gəldikcə ömrün qüruba doğru endiyini hiss edir. Bu, təbii ki, bir vaxtlar doğma Azərbaycana xitabən «Ayrılarmı könül candan» deyib özünü Vətənlə canbir, qəlbbir sanan, ana yurdun təbiətjni çox sevən, onun başı qarlı dağlarına, sıx meşələrinə, gen çöllərinə vurğun kəsilən həssas qəlbli şairi mütəəssir etməyə bilməzdi. Həyatla onun arasındakı məsafənin qısalmasından kədərlənən şair nisgilli duyğuların təsiri altında bir neçə şeir yazmışdır. S.Vurğunun bu qəbildən olan əsərlərindən biri - «Şair, nə tez qocaldın sən» adlı şeiri barədə fikir bildirən digər böyük söz ustadımız Rəsul Rza yazırdı: «Kim bu şeiri diqqətlə oxuyubsa, o asanlıqla fəlakət yaxınlığında nigaranlıq çəkən insan üçün təbii olan buradakı kədəri aydın duyar. Lakin buna baxmayaraq, şeirin həyatla sıx əlaqəsini, həyatla sıx bağlılığını da görər».
Bu sözləri bütünlüklə «Mən tələsmirəm» şeirinə də aid etmək olar. «Mən tələsmirəm» deməklə həyat eşqi vulkan tək püskürən, qəlbi dağ çayı tək coşub çağlayan şair ömrün sona yaxınlaşması ilə əsla barışmır, S.Vurğun həyatda çox şeyi görüb-götürüb, dünyanı dərk edə-edə saç ağardıb. Lakin ilham pərisi yenə də onunladır. Dostlarına müraciət edən şairin hələ bu dünyada insanlara deməyə çox sözü var. Buna görə də o, gecənin uzanmasını, səhərin gecikməsini arzulayır, oxucunu vaxtın qədrini bilməyə, ömrün külək kimi tez ötməsinə imkan verməməyə çağırır.
«Mən tələsmirərm şeirini oxuyanda düşünürsən: həyat həqiqətən onu sevənlərin, ondan ilham alanlarındır. S.Vurğun da həyata adi nəzərlərlə baxmırdı. O, gördüklərindən kam alır, sevinc hissi keçirirdi. Sevgilisi ilə həmsöhbət olan şair ona ritorik sual verir:

Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!

Bununla şair demək istəyir ki, həyat insan üçün ömrün bütün çağlarında şirindir. Təki ürəkdə həyat eşqi güclü olsun, arzular tükənməsin.
S.Vurğunu çox haqlı olaraq təbiət şairi adlandırırlar. Onun həyatsevərliyi təbiətə münasibətdə daha qabarıq şəkildə özünü büruzə vermişdir. Şair Azərbaycanı qarış-qarış gəzmiş, təbiətlə sıx təmasda olmuş və öz duyğularını şeirlərə köçürmüşdür. Təsadüfi deyildir ki, S.Vurğunun təbiət mövzusunda yazdığı şeirlər ilk növbədə səmimiliyi ilə diqqəti cəlb edir. Şair «Mən tələsmirəm» şeirində də ana təbiətə vurğunluğunu, böyük məhəbbətini şirin dillə, incə poetik vasitələrlə ifadə etmişdir. S.Vurğun üçün, bəlkə də, ən böyük kədər elə təbiətdən ayrılmaq olardı. Şairin ovçu dostuna müraciətini oxuduqda bir daha aydın olur ki, onun təbiətə məhəbbəti ötəri bir hiss deyil, şairin qəlbində doğma təbiətin hər otuna, hər çiçəyinə belə böyük sevgi vardır. S.Vurğun bu duyğularını bir uşaq səmimiyyəti ilə dilə gətirərək yazır:

Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm
Nanələr, reyhanlar inciyər məndən,
Güllərin yarpağı tökülər dən-dən...

Şeirin finalı da kifayət qədər maraqlıdır. Şair nisgilli anlarında həmişə ona sirdaş olmuş qələminə üz tutaraq yazır:

Omrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm.
Mən tələsmirəm,
Mən tələsmirəm!

Bu, həyata vurğun şairin yaşamaq istəyinin poetik ifadəsidir. Lakin hələ sağlığında ikən ölməz əsərləri ilə əbədiyaşarlıq qazandığını yaxşı bilən S.Vurğunun yaşamaq istəyi yalnız fiziki anlamda başa düşülməməlidir. Böyük şair yaşamaq istəyini dilə gətirərkən ilk növbədə taledən yazıb yaratmaq, ömür kitabını yeni-yeni əsərlərlə daha da zənginləşdirmək üçün möhlət istəyirdi.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri