Şəhidlər xiyabanı - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1492
Səs ver:
(səs: 0)
XX əsrin sonu bizlərə heç gözləmədiyimiz halda, müharibə, acı, kədər, dəhşət gətirdi, atasız qalmış övladların, oğulsuz qalan anaların fəryad səslərini eşitməli olduq. Torpaqlarımız qəsb olundu, oğullarımız, qızlarımız qurban getdi. Bizi əzdilər, lakin...
Sındıra bilmədilər. Sınmamışıq. Bəli, bu gün Vətənimizin başı üzərində dolaşmaqda olan qara buludları qovacağımız, torpaqlarımızı yağı düşmənlərdən, sərvətlərimizə diş qıcayan xəbis ürəklilərdən biryolluq xilas edəcəyimiz gün uzaqda deyildir. Od oğlu - Azərbaycan övladı «İntiqam! İntiqam!» - deyərək ayağa qalxacaq, düşməndən oğul itirmiş anaların, ərini, sevgilisini itirmiş qız-gəlinlərimizin, atasız qalan uşaqların qisasını alacaqdır. Uzun illər başı bəlalar çəkən, torpaqları qarış-qarış qayçılanan Azərbaycanımızın vahidliyi, müstəqilliyi uğrunda onun hər bir övladı «uf» demədən canını qurban verməyə hazırdır. Budur Vətən övladının məqsədi, amalı.
Vaxt gələcək hələ ömrümüzün yaşanmamış illərində indi işlətdiyimiz «müharibə, qaçqın, didərgin» kəlmələri dilimizdə az-az səslənəcəkdir. Amma...
Bizim, eləcə də bizdən sonra gələcək nəsillərin bu dünyada dili söz tutandan ta məzar evinədək, yaddaşından silinməyəcək bir söz vardır ki, bu da «şəhidlər» kəlməsidir.
Şəhidlər - bu günümüzün qeyrət salnaməsi, qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələridir.
Şəhidlər - qəlbimizdə yüzillik əsarət, köləlik zəncirini qırıb dağıdan igidlər, elimizin-obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarlarıdır.
Şəhidlər - bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də fəxrimiz, örnəyimizdirlər.
Şəhidlər - ölümləri ilə ölümsüzlüyə qovuşan el igidləri, Vətən qızlarıdır. indi bu cəsur insanlar Dağüstü parkda, «Şəhidlər xiyabanı» adlanan məzarıstanda uyuyurlar. Bu yer indi xalqımızın and yeri, səcdəgahıdır.

Başımız üstündə çaxan ildırım
Nakam ölənlərin odu, ahıdır,
Şəhid oğulların yatdığı bu yer,
İndi xalqımızın səcdəgahıdır.

Bura şəhidlərin əsas yeridir,
Qoynunda neçə qız, oğul gizləyir.
Haydı, ər oğullar, qisas yeridir,
İndi Vətən bizdən hünər gözləyir.
Öz mərd ölümləri ilə torpaqlarımıza azadlıq toxumu səpən şəhidlərimizin əziz xatirəsi qərinələr ötsə də, yaşayacaq, əbədi xatirələrdə qalacaqdır. Vətən yolunda şəhid olan qəhrəmanlar heç vaxt unudulmur və onların xatirəsi əbədidir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri