"Torpaq uğrunda ölən varsa, Vətəndir..." - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 14 276
Səs ver:
(səs: 7)
Tarix boyu yağılar ana vətənimiz Azərbaycanımıza göz dikiblər, torpaqlarımızı zəbt etməyə, sərvətlərimizi talamağa fürsət gözləyiblər. Fəqət onların niyyətləri həmişə gözlərində qalıb. Yurdumuzun igid övladlan məmləkətin çətin anlarında ayağa qalxıblar, «Torpaq uğrunda ölən varsa, Vətəndir» deyib silaha sarılıblar, döyüş meydanlarında misilsiz şücaətlər göstəriblər. Bədnam qonşularımız ermənilərin 1988-ci ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək uğrunda başladıqları elan olunmamış müharibə Vətənin igid övladları üçün növbəti sınaq oldu...
Sizə bir igid şəhid döyüşçü haqqında söhbət açmaq istəyirəm: Elgün Dağbəyi oğlu İsmayılov. Onun həyat yolu ilə məni atam tanış edib.
...Elgün ismayılov 1974-cü ildə Bakı şəhərində doğulub, Bakıdakı 3 saylı orta məktəbi, Bakı Politexnik Texnikumunu bitirdikdən sonra 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub, «Azərbaycan» qəzetində çalışıb.
Qısa tərcümeyi-halından göründüyü kimi, Elgün də həyatını başqa istiqamətdə qura bilərdi. Hələ çox gənc idi Elgün. Çoxları kimi, onun da qəlbində min bir arzu göyərirdi. Ali məktəbi bitirmək, uğurları ilə onu böyüdüb boya-başa çatdıran valideynlərini sevindirmək...
Lakin cəbhə bölgəsindən gələn acı xəbərlər onu bərk narahat edirdi. Düşmən bir neçə istiqamətdə ordumuzun müqavimətini qıra bilmişdi. Məktəb illərində yay tətilini keçirdiyi Qubadlı indi təhlükə altında qalmışdı. Atası - tanınmış jurnalist Dağbəyi ismayılov da neçə vaxt idi ki, dinclik nə olduğunu bilmirdi. Qələmi silahla əvəz etmişdi. Tez-tez Bakıdan rayonun könüllü özünümüdafiə batalyonunun ehtiyacı üçün silah-sursat apanr, çox vaxt da günlərlə səngərdə qalıb düşmənə qarşı vuruşurdu. Belə ağır məqamda Elgün necə rahat dayana bilərdi? Şirin uşaqlıq xatirələrinin bağlı olduğu yurdun nisgili onun vətənpərvər qəlbini daim sızladırdı. içindən gələn bir səs deyirdi: Əlinə silah al, torpağın müdafiəsinə qalx!
Yox, Elgün daha Bakıda qala bilməzdi. O, könüllü surətdə ordu sıralarında xidmətə getməyi qərara aldı. Atası növbəti dəfə cəbhə xəttindən qayıdanda Elgün qəti qərarını ona da bildirdi. Dağbəyinin ata qəlbi bir an sarsıldı, boyuna baxıb qürrələndiyi oğlunun uşaqlığı gözləri önündə canlandı, istədi etiraz etsin, lakin «yox» kəlməsini dilinin ucundan geri qaytardı. Bilirdi ki, Elgün torpaq təəssübkeşidir, qərarını dəyişməyəcək.
Az vaxtdan sonra Elgün artıq cəbhə bölgəsində idi. Onun döyüş yolu Füzuli rayonundan başlayıb. O, Horadiz qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb. Sonra Elgünün xidmət göstərdiyi 172 saylı briqada Kəlbəcər bölgəsinə - Murova göndərilib. Elgün Murovda kəşfıyyat bölüyünün tərkibində xidmət göstərirdi. Artıq dağların sərt təbiətinə öyrəşmişdi, bütün cığırlara bələd idi. Tez-tez düşmən arxasına keçir, qarşı tərəfin mövqeyi, texnika parkı, silah-sursat anbarları barədə əhəmiyyətli «dil» gətirirdi. Hər dəfə onun gətirdiyi «dil»i öyrənən döyüşçülərimiz düşmənə gözlənilməz zərbələr endirirdilər. 1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində keçirilən növbəti əməliyyat zamanı isə Elgün düşmən snayperinin gülləsinə tuş gəldi. O gün təbiət də ağladı gənc döyüşçünün ölümünə. Murova güclü qar yağdı...
Elgün kimi mərd övladların itkisi nə qədər acı olsa da, təsəlli yerimiz də var. Bu gün Azərbaycanın hər şəhərində, kəndində, məktəbində onun yüzlərcə, minlərcə davamçıları yetişib. Biz üstündə gəzdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz gözəl Vətənə özümüzü əbədi borclu sanırıq. Torpağa sevgi, düşmənə nifrət bizi döyüş meydanlarına çəkir, Vətənə əlimizdən gələn köməyi göstərməyə, şəhidlərimizin qisasını almağa sövq edir. Bu bizi bir an da olsun sakit buraxmayan, varlığımızı silkələyib təlatümə gətirən, hər bir Vətən oğlunu və qızını yumruq kimi birləşdirən bir istəkdir.
Qarı düşmən sel kimi çağlayan, göy gurultusu kimi gurlayan bu el gücünün qarşısında tab gətirə bilməyəcək. Vətənin igid övladları erməniləri vurub torpaqlarımızdan kənara atacaq, Azərbaycanın tarixi sərhədlərini bərpa edəcəklər. O gün mütləq gələcək, özü də lap tez gələcək! Bir yaz səhəri doğacaq yurdumuza, üfüqdə al günəş şəfəq saçacaq. Qələbə müjdəsindən Vətənin üzü güləcək...
(səs: 7)
Şərhlər: 0
Baxılıb: 14 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri