"Vətəni sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 869
Səs ver:
(səs: 1)
Dünyada nə qədər ölkələr, nə qədər məmləkətlər var! Hər xalqa da öz ölkəsi, öz vətəni əzizdir. Mənim də öz vətənim var və mən bütün qəlbimlə Odlar yurdu Azərbaycanıma bağlıyam, onunla nəfəs alıram, onunla yaşayıram. Candan artıq sevirəm ana torpağımı, ata yurdumu - Azərbaycanımı! Çünki mənim Vətənimin adi bir torpaq parçası, sadəcə bir ərazi deyil, yer üzünün ən qədim mədəniyyət ocaqlarından biridir. Yüz min illərlə hesablanır Azərbaycan torpağında ömür sürmüş ən qədim insanın - Azıx adamının yaşı. Dünyanın hər yerindən olan çox görkəmli alimlər uzun axtarışlardan sonra hamılıqla belə bir yekdil nəticəyə gəlmişlər ki, Azıx adamları «dönyanın ən qədim sakinləri»dirlər. Bu torpaq mənim Azərbaycanımdır.

Odlaryurdu Azərbaycan! Canımsan,
Vətənimsən, vicdanımsan, qanımsan.
Heysiyyətim, məniiyimsən mənim sən,
Sevincimsən, şənliyimsən mənim sən.
Səninlədir yaşayışım, varlığım,
Yaşayıram qoynunda mən,
Sənsən - bütün varlığım!
Azərbaycan! Mənim Odlar yurdum! Doğma vətənim!

Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, bu günüm, sabahım, əbədiyyətimdir. Bu ulu torpaq babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir, atalarımızın Vətən övladına candan əziz yadigarıdır. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş ata-babalarımızın qanından yoğrulmuşdur. Vətən hər bir kəs üçün müqəddəsdir, əzizdir. Bizim hər birimizin damarlarından axan qan ana vətənimizin südüdür, bizi boya-başa çatdıran onun nemətləridir. Görkəmli şairimiz Abbas Səhhətin dediyi kimi:

Südüdür kim, dolanıb qanım olub,
O, mənim sevgili cananım olub.
Bəslərəm gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə Vətən.

Ana Vətən! Sən mənim şan-şöhrətim, namusum, qeyrətim, əyilməz vüqarımsan. Qürurumu, mənliyimi səndən alıram, mənim əziz vətənim. Sən mənim varlığım, mövcudluğumsan, ana yurdum Azərbaycan. Sənsiz mən bir heçəm, elim-günüm, yurdum-yuvam, bəxtim-taleyim, gücüm-qüdrətim, arxam-dayağım, əbədiyyətim, Azərbaycan! Böyük şairimiz Səməd Vurğunun dahiyanə bir şəkildə vəsf etdiyi Azərbaycan!

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən öz ana vətənim Azərbaycanı çox sevirəm və bilirəm ki, Vətən bizdən hünərlər gözləyir. Lazım gəlsə, mən vətənim uğrunda, ana yurdum Azərbaycan uğrunda canımdan da keçməyə hazıram.

Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri