İnsan insanın dostudur - İnşa

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 8 658
Səs ver:
(səs: 3)
İnsan  üçün ən müqəddəs hisslərdən biri də dostluqdur. Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. Dostluq insanların könül sərvəti, qəlb nemətidir. Dostluq insanları bir-birinə yaxınlaşdıran qızıl körpüdür, qırılmaz əlaqədir.  

Dostluqdan min kitab yazılsa azdır,
Onun al bayrağı götürməz ləkə.
Dostluq könüllərdə səslənən sazdır,
Ucalır onunla bu el, bu oba.
 
Dostluğu heç nəyə bənzətmək olmaz. O, dənizə, ümmana bənzər, daim coşar, çağlayar, insanları qəhrəmanlığa, fədakarlığa səslər. Dostluq dedikdə insanların bir-birinə olan saf və təmiz münasibəti, pak sevgisi başa düşülür. Dostluq dedikdə Usta Zeynal sədaqəti, Mirzə Cəlal cəsarəti, Mehdi Hüseynzadə qəhrəmanlığı yada düşür. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Dostsuz insan dirəksiz dama bənzər. İnsan üçün əsl dost qədər qiymətli heç nə yoxdur. Kimsə  qorxudub özünə tabe etmək olar. Lakin heç vaxt zor yolu ilə dost qazanmaq olmaz. Dost qazanmaq üçün sən özün də  yaxşı dost olmalısan. Çünki, atalar demişdir: "Dost-dosta tən gərək, tən olmasa gen gərək.”
 
Mənim də çoxlu dostlarım var və mən onların xətrini çox istəyirəm. Lakin mənim əsl dostum Mahir adlı sinif yoldaşımdır. Biz bir-birimizi çox gözəl başa düşür, əsl dostlar kimi münasibət saxlayırıq.Mahirin mənim xoşuma gələn əsas cəhəti onun təmiz qəlbli, açıq ürəkli olması və sözü üzə deməsidir. Mahir mənim də səhvlərimi üzümə deyir. Lakin mən bundan nəinki incimirəm, əksinə, bir dost kimi ona daha da yaxınlaşıram. Çünki əsl dost heç vaxt öz dostunun eybini gizlətməz, onun özünə deyər ki, bu eyibləri düzəltsin. Atalar deyiblər ki, " Dost üzdə, düşmən arxada danışar.” Həqiqi dost odur ki, dostunun nöqsanına göz yummasın, onun qüsurlarını üzünə desin. Dahi şairimiz Nizamı Gəncəvi özünün " Leyli və Məcnun” poemasında Məcnunun atasının dili ilə deyir: ” Dostun güzgüsü ən yaxşı dostdur. Güzgü öz həqiqi varlığı ilə eyibləri göstərir ki, sən onları yuyasan.”

Dostsuz həyat insan üçün çox ağırdır. Sədaqətli, etibarı və vəfalı dost insan üçün ən böyük xəzinədir. İnsan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Bu fikrimi sübut etmək üçün yenə dahi Nizamidən misal gətirmək istəyirəm. Şair "Xosrov və Şirin” poemasında dost yardımı haqqında, dost və yoldaşsız həyatın çətinliyi haqqında belə yazır:                                

Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız,
Dünyada yoldaşsız Allahdır yalnız
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.

Dostluq, mehribanlıq ən gözəl nemətdir. Mən istərdim ki, bütün insanlar dost, yoldaş olsunlar, hamı bir-biri ilə səmimi və mehriban rəftar etsin.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 8 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri