Coğrafiya dərsləri (Dərs 19)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 435
Səs ver:
(səs: 0)
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır.

Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir. Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir.

Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-30 kilometr məsafədə uzanır. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə doğru 200 metrə qədər yüksəlir.

Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də vulkan mənşəli Savalan dağıdır. Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur.

Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir.

Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb.

Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir. Azərbaycanın coğrafi yeri, onun dağlıq və düzənlik relyefinin atmosfer proseslərilə qarşılıqlı əlaqə və təsiri nəticəsində bir neçə iqlim tipləri yaranmışdır.

Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir.

Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27°C-dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur.

Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq

keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur.

Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır.

Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır.

Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur -32°C, illik mütləq maksimum temperatur isə +43°C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır.

Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir.

Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri