Coğrafiya dərsləri (Dərs 21)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 301
Səs ver:
(səs: 0)
Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)

Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar–qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa Şərq ölkələrinin tükənməz var-dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya, Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin ortalarına qədər olan tarixi dövrü əhatə edir.

Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir. Məhz bu dialektik əlaqə baxımından Böyük coğrafi kəşflərin əsas məqamlarının tarixinə daha geniş yer verilmişdir.

Böyük coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində önəmli rol oynamışdır. Həqiqətən də, "Böyük" adına layiq görülən bu kəşflər planetimizdə bəşəriyyətin bütün inkişaf tarixi boyu baş vermişdir. Heç bir dövrün coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dünyanın müqəddəratında belə fövqəladə əhəmiyyət kəsb etməmişdir. Bir neçə dənizçi və səyyahlar nəslinin ciddi cəhdlərilə oykumenin (məlum olan torpaqlar) sərhədləri genişləndirildi: dünya özünün yeni rənglərlə bərq vuran bütün müxtəlifliyi ilə göz önündə canlandı.

Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə məhdudlaşırdı ki, bu da bütün qurunun cəmi 1/4 hissəsini əhatə edirdi. Bu dövrdə insanlar yaşayan bütün materiklərin konturları müəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri istisna edilməklə), dəniz səthinin geniş sahələri tədqiq edilir: hərçənd ki, Amerika, Afrika, Asiya və xüsusilə Avstraliyanın daxili rayonları hələlik öyrənilməmiş qalırdı. Məhz Böyük coğrafi kəşflər sayəsində Avropaya indi hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tütün gətirilmişdir.

Avropada gedən sosial proseslərə də bu kəşflərin təsiri xeyli güclü olmuşdur. Ticarət yolları təcili surətdə Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişirdi. Nəticədə bir ölkə sönürdü, digərləri isə tarixin ön sahəsinə çıxırdı. Kəşflər, həmçinin, vahid dünya bazarının yaradılmasına köməklik göstərdi. Müstəmləkələrin amansız istismarı gələcəkdə bir sıra ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının daha sürətlə yüksəlməsinə şərait yaratdı.

Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi. Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur.

Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya, etnoqrafiya və s.) üçün zəngin material verdi.

Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən orta əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı.

Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki-Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.

Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.

Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur. Böyük coğrafi kəşflər dövrü X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır.

O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika limanı olan Suyetanın Portuqaliya tərəfindən alınmasında iştirak etmişdir. Hələ orada olarkən öyrənir ki, bu şəhərdən cənuba - Böyük səhranı kəsib keçən və qızılla zəngin olan ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir.

Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı çıxan mütəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri göndərilirdi.

Okean qarşısında qorxu hissi insanlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun keçilməz maneəyə çevrilirdi. Henrix Dənizçi adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Ümid burnunu keçməyin qorxu xofunu məhz onun yetişdirdiyi dənizçilər aradan qaldırdılar. Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış öyrənirdilər. Henrix Dənizçinin yetişdirmələri isə bu prosesi sürətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hündür dağlar görür, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona görə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir.

1470-1473-cü illərdə portuqaliyalılar Qvineya körfəzinin sahillərini mənimsəməyə başlayırlar və bu zəngin yerlərə müxtəlif adlar verirlər: Fil Dişi Sümüyü sahilləri, Qızıl sahil, Gölə sahil və s.

İlk dəfə 1441-ci ildə buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir çox ekspedisiyaların başlıca məqsədi rüsvayçı və qeyri-insanı qul ovu idi, belə ki, qul alveri böyük gəlir gətirirdi. Qvineya körfəzindən cənuba hərəkət edən portuqaliyalılar sahilin görkəmli yerlərində daş sütunlar-padranlar qoyurdular. Onun yuxarı hissəsi xaç şəklində olurdu, üzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə çıxan dəniz səyyahının adı yazılırdı.

Padranlar gələcək dəniz səyahətləri üçün oriyentir (mayak) rolunu oynayırdı və Portuqaliyanın bu yerlərin kəşflərində olan üstünlüklərini sübut edirdi. Hindistana yol axtaran Diaş Bartolomeu (1450-1500) ilk dəfə 1487-1488-ci illərdə Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmən burnu "Fırtına burnu" adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan "Fırtına burnu"-nu "Ümüd burnu" adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi və doğrudan da, bundan on il sonra Vasko da Qamanın səyahəti bu ümidi doğrultdu.

Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Çinə qərb dəniz yolunun axtarılması ideyası yetişirdi. Bu ideya antik coğrafların ideyaları ilə tanışlıq əsasında yaranan ümumi coğrafi baxışlar idi.

Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)
Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.

Onun ikinci səyahəti (1493-1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü). Üçüncü səyahəti (1498-1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur. Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi. Dördüncü səyahəti zamanı (1502-1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır. Kolumbun hələ sonuncu səyahəti başa çatmamış, 1497-ci ildə İspan dövləti tərəfindən yeni torpaqların mənimsənilməsinə icazə verilir və buraya avropalıların–konkistadorların böyük axını başlayır. Tarixçilərin qeyd etdiyi kimi, "onlar buraya əllərində xaç və ürəklərində qızıla olan hərisliklə gəlirdilər".

Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım sürətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha sonra isə Portuqal gəmiləri gedirdi.

Varlı İspan gəmi sahibləri 1499-1500-cü illərdə Ameriqo Vespuççinin iştirakı ilə cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər.

1500-cü ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır, buranı o Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) üçün üzməyə başlayırlar. Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başçılığı ilə 1497-ci ildə Hindistana dəniz yolu açmaq üçün qərbə gəmilər göndərir. Kabot Kolumbdan əvvəl Şimali Amerika materikində (ehtimal ki, bu yerlər Nyufaundlend adası və Labrador yarımadası imiş) olmuşdur. Beləliklə, məlum olur ki, normanlardan sonra Şimali Amerikanı həqiqi kəşf edən Kabot olmuşdur. 1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gördüyü yerləri Şərqi Asiyanın – Çin sahilləri hesab edir. Dünyada ən zəngin balıqçılıq rayonlarından biri olan Böyük Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.

1513-cü ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib keçir və ispanların çoxdan axtardıqları cənub dənizini (Sakit okeanı) kəşf edir.

Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yüksək inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir. Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi işğal olunub İspaniya dövlətinə birləşdirilir.

Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin güclü imperiyasını tuturlar.

İspaniya konkistadorları tarixdə görünməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar və böyük acgözlüklə sərvətlərini qarət edirdilər.

Fransanın Yeni Dünyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini öyrənir, Hudzon çayını kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cü ildə fransız səyyahı Jak Kartye həmin dəniz keçidini axtararkən Nyufaundlendi və Müqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Müqəddəs Lavrentiya çayı ilə yuxarı–hazırkı Monreal şəhəri olan yerə köçkünlər gətirmiş və 1541-ci ildə Kvebekin bünövrəsini qoymuşdur.

Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara artıq bəlli idi; onlar Cənubi Amerikanın ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen, Missuri çayları hövzələrinə daxil olmuşlar. İngilislər və fransızlar isə Şimalı Amerikanın şərq, orta və şimal hissələrini tədqiq etməyə başlamışlar.

Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır. Kolumb hələ də bilmirdi ki, «Yeni Dünyanı» Asiyadan böyük okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya adaları deyildir.

Lakin bir az sonra Kolumbun müasirləri və davamçıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər məlum olmayan nəhəng materikin ilkin cizgilərini görürlər. Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Bütün qitələrdən təkcə biri real adamın şərəfinə Amerika adlandırılmışdır. Bu adam Ameriqo Vespuççi idi.

Coğrafiya tarixçiləri arasında Ameriqo Vespuççinin (1451-1512) səyahətləri haqqında müxtəlif fikirlər vardır. Dürüst məlumatlara görə o, 1501-1502-ci illərdə portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçürmüşdür. Əlbətdə, bir dəniz səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni Dünya Ameriqo Vespuççinin adı ilə adlandırılmışdır. Ona əbədi şöhrət gətirən işlər tamamilə başqa yönlü olmuşdur.

Vespuççiyə qədər heç kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin müşahidəsini aparmamışdır. Ona görə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb yox, məhz Vespuççi gəlmişdir. O yazırdı ki, bu ölkələri Yeni Dünya adlandırmaq lazımdır. Bu dünya haqqında bizim nəsillərin indiyə qədər heç bir təsəvvürləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq çoxdan müəyyən edilib ki, Asiya şimal yarım kürəsində yerləşir və ekvator materik xəttini heç bir yerdə kəsmir. Halbuki, yeni kəşf olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.

Ameriqo Vespuççiyə şöhrət qazandıran digər səbəb onun Avropaya göndərdiyi məktublar olmuşdur. O zaman yeni coğrafi kəşflərə Avropa oxucuları böyük maraq göstərirdilər, lakin belə məlumatlar çox az verilirdi: dəniz səyyahlarının hesabatları nadir hallarda çap olunurdu, məzmunu quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya hökuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların çapına qadağa qoymuşdu. Belə bir məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə Ameriqo Vespuççi tərəfindən yazılmış çox səmimi və maraqlı məktublar Avropada sürətlə yayılmağa başlayır. Onun göndərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşünası Martin Valdzemüller özünün 1507-ci ildə yazdığı "Kosmoqrafiyaya giriş" kitabında ilk dəfə "Amerika" adını çəkir.

İlk dəfə bu ad Ameriqo Vespuççinin öyrəndiyi ölkələrə (Venesuela, Braziliya və bütövlükdə cənubi Amerika) şamil edilirdi. Sonralar Herard Merkador 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil etmişdir və beləliklə də bu ad başqa coğrafiyaşünaslar tərəfindən təkrar olunmuş, qlobus və xəritələrdə yazılıb əbədiləşdirilmişdir.

Qaldı ki, Hindistana dəniz yoluna, onun Açılmasında portuqaliyalılar ispanları qabaqlayırlar, Kolumbun kəşfləri Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir.

1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469-1524) başçılığı altında Hindistana ekspedisiya göndərir. Afrika sahillərindəki əks səmt küləkləri və cərəyanlarından yan keçmək üçün onun gəmiləri əvvəlcə qərbə dönərək sahildən xeyli aralı üzməyə başlayır və yalnız sonra şərqə istiqamət götürərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, yelkənli gəmilərin Lissabondan Ümid Burnuna qədər tez və rahat üzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Ümid burnunu dolanaraq Hind okeanına çıxır. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn- Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş- qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə–Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil dünya ticarəti tarixində də önəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox Atlantik okeanı–Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.

Vasko da Qama 1502-ci ildə top-tüfənglə yenidən Hindistana gəlir. Kəlkədə şəhərini dağıdır və böyük var-dövlətlə vətənə qayıdır. Bu ekspedisiya təkcə Hindistanın yox, həm də Hind-Çin və İndoneziyanın zəbt və talan olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə və Yaponiyanın Kyusuyu adasına qədər gedib çıxırlar və bu ölkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.

Belə bir vəziyyətdə Amerikanı kəşf etdikdən sonra orada acı bibərdən başqa heç nə tapa bilməyən ispanlar durub gözləyə bilməzdilər ki, Hindistan ədviyyatının ticarəti təkcə portuqaliyalıların əlində olsun. Bu da öz növbəsində İspaniyanın hakim dairələrini ədviyyat ölkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına vadar edir.

Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.

Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.

Magellanın başçılığı altında həyata keçirilən Birinci Dünya səyahətinin müəyyən iqtisadi səmərəsi olmasa da, tarixdə böyük coğrafi nəticələr qazanmışdır. Yeni iqtisadi baxımdan əsas ədviyyat verən ölkələr–Hindistan və digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan Yerin kürə şəklində olması qəti sübuta yetirildi; Vahid Dünya okeanının mövcudluğu müəyyənləşdirildi və vaxtilə Ptolemeyin də müdafiə etdiyi "kontinental", yəni qurunun daha geniş sahə tutması baxışları özünü doğrultmadı. Həm də gec də olsa, bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər İspaniyaya 8 sentyabr, bazar günü gəlib çıxmışdılar, gəminin gündəliyində isə şənbə idi.

Qısa dövrdə–cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır.

Böyük Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq müəyyən edildi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri