Öləziyən ulduzlara baxıram

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 312
Səs ver:
(səs: 1)
Telefonda dedilər ki, Zeynəb ölüb. Elə bil onun ölüm xəbərini hansısa saytdan oxudum. Sürətlə hərəkət edən maşın yol kənarındakı bariyerə çırpılıb. Mətbəxə keçib özümə çay süzdüm. Şokaladı soyuducudan çıxarıb stakanın yanına qoydum.

Tamam boş-bekar idim. Telefonda bir neçə sosial şəbəkəyə girib statuslara, xəbərlərə baxdım. Şokoladı dişləyib ağzımda əritdim, nəfis dad dilimin üstünə yayıldıqca xoşhallanırdım. Pəncərədən sərin avqust küləyi içəriyə dolub tüklü bədənimi, ayaqlarımı sığallayırdı. Tumancaq balkona çıxıb çayımı udumlayaraq şəhərin sakit panoramasını izlədim.

Onlar kəndimizə köçəndə mən hələ uşaq idim. Zeynəbin üç qızı vardı, ən böyüyü mənimlə yaşıd olardı. Əri özündən on yaş böyük idi. Kənddə deyirdilər ki, guya indiki ərini sevidiyinə görə birinici ərini atıb ona qaçıb.

Zeynəbin əri kənddə çobanlıq edirdi. Özü də uşaqların birini arxasına atır, ikisini də yanında götürüb tarlaya gedirdi. Kimin pambığı, bağ-bostanı varsa, alaqları təmizləyib pul qazanırdı.

Onlardan kənar durardıq. Elə bil nəsə bizdən fərqli idilər. Düzünü desəm, onlardan iyrənirdim. Zeynəb məni öpmək istəyəndə üzümü tutub qaçırdım. Böyük qızı Rənanın burunundan həmişə fırtıq axardı. Həyət-bacalarından tör-tökünütü əksik olmazdı. Bir də ləhcələri... Onların ləhcələrini yamsılayıb gülərdik. Uzaqdan Zeynəbin gəldiyini görüb dil çıxarır, onun ləhcəsində bəzi sözlər deyib gülüşürdük. Zeynənbsə heç bir şey olmamış kimi gülə-gülə çıxıb gedirdi. Nəyə gülürdü, niyə gülürdü bilmirdik.

Zeyəb öldü. Onun sir-sifətindən xatirimdə qalan qıp-qırmızı yanağı, birdə gülərkən bir-birindən aralı olan dişlərinin mirvari kimi ağarmağı idi. Yəqin, əri onun qırmızı yanağında nəsə tapmışdı, ya da o zamanlar çox da dərk etmədiyim ətli bədəninə vurulmuşdu. Hər nə idisə yaman sevgi idi, hamıdan ayrılıb bizim kəndə yerləşmişdilər. Tanımadıqları, onlara yad olan və həmişə yad qalacaq bir torpağa ayaq basmışdılar.

Zeynəbin əri hər axşam içib səhərə qədər gəyirərdi. Arabir qoyun-quzunu haylayırmış kimi yüksək səslə hayqırır, tüklü sinəsini qaşıya-qaşıya otluqların arasına uzanardı. Onlar üçün elə bil hər şey sərbəst idi. Bütün qınaqları, rişxənd dolu nəzərləri bir kənara atıb, bu kənddə tamam tənhaymış kimi yaşayırdılar.

Zeynəbin ağlamağını heç cür təsəvvür edə bilmirəm. Nə desən, nə soruşsan, ya gülər ya da gülümsəyərdi. Mənə elə gəlirdi ki, sanki onda nəsə çatışmır. Nə əri, nə də özü kitab-dəftər üzü görməmişdilər. Məktəb də, təhsil də veclərinə deyildi. Uşqların heç birini məktəbə göndərmədilər. Məktəb müdiri də onları məktəbə gətirməkdə maraqlı deyildi. Elə bil onlara görə məsuliyyət daşımırdı. Eşitdiyimə görə, deyirmiş ki, onların başında bit filan olar, başqa uşaqlara da keçər. Mənsə fikirləşirdim ki, birdən Rənanı mənim yanımda otuzdurarlar, oda fırtığını mənim tərəfə sürtər və mənim əlim də bir lomba fırtığa batar.

Çox keçmədən Zeynəbin əri öldü. Artıq mən də, onu qızı Rəna da böyümüşdük. Dul və üç qızla birlikdə kənddə tək yaşamaq elə də asan deyil. Rənaya tamahım düşmüşdümü, düzünü desəm, bilmirəm. Amma onu görəndə nəsə qəribə bir hissə bürünürdüm, elə bil boğulurdum. Harada qabağıma çıxsa, tez qaçıb uzaqlaşırdım.

Bizim kənd dul qadınların adına söz çıxarmaqda mahir idi. Amma onun haqqında belə bir şey eşitmədim. Bəlkə də, kənddəki kişilər onunla yatmağı özünə ar bilirdi, adlarına söz çıxmağını istəməzdi. Bəlkə də, Zeynəbin Şireykə bənzər görünüşü erotik ab-hava yarada bilmirdi. Səbəb hər nə idisə Zeynəb baradə pis-yaxşı heç bir şey danışılmazdı. Mənsə Rəna haqqında ehtirasımı qıcqlandıracaq yuxular görürdüm, tər-su içində oayanardım.

Sonralar eşitdiyim ki, Rəna kiməsə qoşulub qaçıb. Ortancıl qızını da qonşu kəndin çobanı bəyənib almışdı. Bizim kənddən kiminsə onlarla evlənməyini təssəvvür edə bilmirdim.

Son vaxtlar tək yaşayırdı. Balaca qızı da harasa çıxıb getmişdi. Özü isə bir qarın çörək üçün kənddə yaşayan varlı bir adamın inəklərini sağırdı. Həmin adam elə Sovet vaxtından adlı-sanlı bir adam idi. Ferma-kolxoz vaxtlarında insanları gətirib həyət-bacasında bir qarın çörəyə işlədərdi. İndi də Zeynəbin ehtiyacı olan ərzaqları alır, qarşılığında bütün inəklərini ona sağdırırdı. Deyilənə görə, ölümü də buna görə olub, inək Zeynəbi bunuzuna keçirib yerə çırpıb. Zeynəb elə oradaca keçinib.

Yüngülcə əsən meh boğanağı bir balaca üfürüb balkondan uzaqlaşdırır, ürəyim dondurma istəyir. Paltarımı geyinib marketə düşməyə tənbəllik edirəm. Külək havada süzülən salofanı üzümə yapışdırır. Lənətə gələsən, görəsən, hansı əclaf bunu küçəyə atıb.

Zeynəbin meyidini evlərinə getiriblər. Qonşu kənddəki qızı xəbəri eşidən kimi qaçıb evlərinə gəlib. Anasını belə görəndə ah-nalə edib ağlayıb. Onu gətirən sahə polisi və icra nümayəndəsi deyib ki, Zeyəbin fermada təzyiqi qalxıb, beyninə qan sızıb. Qızı saçlarını yolub, deyib ki, anamı o adam öldürüb, cəzasını çəksin, amma qulaq asan olmayıb, təzyiqi qalxıb, vəssalam. Həmin günün gecəsi bir-iki nəfərin iştirakı ilə aparıb basdırıblar.

Deyirlər, insanların sayı qədər göydə ulduz var. Səmaya baxıb ulduzları saymağa başlayıram. Başım gicəllənir. Bəzi ulduzlar çox uzaqdadır, işığı öləziyib. Bəzi ulduzlarsa lapma kimi işıldayır. Ulduzlara əsəbiləşirəm, onları söyürəm. Mənə indi ürəyimi sərinlədən dondurma lazımdır, bir də səhər açılsın, dənizin isti qumu.

Qəfər Rüstəm
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri