Səssiz pıçıltı

Şərhlər: 4
Baxılıb: 1 810
Səs ver:
(səs: 1)
"Lənətə gələsən, yenə başlandı!" Bu gün də Universitetdəki işindən icazə alıb evə gəldi, çarpayısında uzanıb gözlərini tavana dikərək düşüncələr girdabında vurnuxmağa başladı.
Bir tək fikir üzərində qurdalanırdı. Hər şeydən əl çəkib uzaqlaşmaq, tənhalığa sığınmaq, şəhərdən başını götürüb qaçmaq, qaçmaq. Ancaq hara qaçaydı? Dünyadan qaçış varmı? Bəlkə heç qaçmayaydı, xanənişin olaydı? Ağrıları da keyimişdi elə bil, əvvəlki köz basmalar kimi ağrımırdı, bezdirici, iyrəndirici bir şeyə çevrilmişdi. Yaxşı şeylər barədə düşünməyə çalışdı. Yaddaşında tələbəlik illəri xatirəsi oyandı. Heç unutmur o zamankı anları. Həyatın "bəxş etdiyi" mənəvi acılardan, uzunmüddətli depressiyadan saçları da tökülmüşdü (tələbə yoldaşları bunu zarafatla "çox oxumağın zərərləri" kimi adlandırırdılar). Ancaq, doğurdan da, çox oxuyurdu və olduqca məlumatlı, bilikli idi. Qrup yoldaşlarının çoxu üzdə ciddi görünməyə çalışsalar da, yanlarından gəlib keçəndə ardınca xısın-xısın pıçıldaşıb gülürdülər, öz aralarında məsxərəyə qoyurdular. Onun bu halını həqiqi mənada anlayanlar gülmürdülər, əksinə daha çox hörmət edir, ondan məlumatlar əldə etməyə çalışır, maraqlı müzakirələrə qəsdən cəlb edirdilər. Oğlanlardan biri zarafata salıb ona "Saçları elmə qurban getmiş dahi", bəzən də "Canlı ensiklopediyamız təşrif buyurdu" deyirdi. Hətta bir dəfə seminar zamanı onunla müəllim arasında əməlli başlı böyük mübahisə düşmüşdü. Tərs kimi də həmin gün seminarda bütün qruplar birləşmişdi, hər kəs bu mübahisənin şahidi olmuşdu. Mövzu barədə müəllimin danışdıqları ilə kifayətlənmədiyini bildirib özü ən incə detallarına qədər müxtəlif mənbələrdən izahlar gətirmişdi. Bunu heç də müəllimlə müqayisədə özünü üstün göstərməsi ilə deyil, mövzuya olan dərin marağından, tutqusunu aşa bilmədiyindən etmişdi. Müəlimin üz ifadəsini heç bir tələbə unutmamışdı. Bir anda nəyə uğradığının fərqinə varan müəllim ayağa qalxıb tələbəsini yüksəkdən alqışlamışdı, hətta gözlərində xəfif göz yaşları da görünmüşdü. Bu göz yaşlarının xəcalətdən, yaxud həqiqətən tələbəsinə görə sevincdən yaranan göz yaşları olmasını ayırd etmək çətin idi. O hadisədən sonra fakültədə həm müəllimlər, həm də digər tələbələr onunla yaxından maraqlanmağa başlamışdılar. Həmin illər maddi-mənəvi çətinliklərlə dolu olsa da, onun həyatında elmə, kitablara bağlı olan ən həvəsli çağları, maraq dolu dövrləri idi. Dərslərindən əlavə, günə bir elmi əsər və gün sonu yorğunluğunu çıxarmaq üçün "desert" kimi bir ədəbi əsər oxuyub başa çatdırırdı. Bəzən bu səbəbdən gecələr yuxusuz qalırdı, səhərə yaxın cəmi iki-üç saat yata bilirdi. Yuxudan oyanıb dərsə getmək üçün hazırlaşanda güzgüdə gözlərininin qırmızılığından özü də eymənirdi. "Eh, harda qaldı o coşğun günlər? İndi elmi işlərimi bitirə bilmək üçün tanış həkimdən dərmanlara qədər alıb istifadə edəcək vəziyyətə gəlmişəm. Saçlarım yerinə qayıtsa da, əvəzində heç tükənməyəcək zənn etdiyim oxuyub-yazmaq, yaratmaq qətiyyətim azalıb. Bəzən kişilər kimi içki içib siqaret çəkmək kimi vərdişlərə qurşanmaq istəyirəm, təki irəliləyə bilim, bezginlik, təngəgəlmişlik məni tərk etsin. Amma yox, olmur, belə şeylərə əyilmək "Qaş düzəltdiyin yerdə vurub göz çıxarmaq" kimi olur.


Telefon zəngi onu düşüncələrindən ayırdı. Çarpayısının yanındakı kiçik tumbanın üstündən telefonunu qaldırıb baxdı, birinci kursdan başlayaraq illərdir ona xeyirxahlıqla yoldaşlıq edən, sirdaşı, həmdəmi, əziz dostu Cəmil idi. Valideynləri vəfat etdikdən sonra Rənanın şıltaq, ərköyün davranışlarına qatlanan yeganə insan idi Cəmil. "Of, Cəmil, səndən qaçış yoxdur. Məzara girsəm, ordan da çıxaracaqsan ki, çıx, tez elə, yarım qalmış işlərini tamamla!". Telefonu könülsüz şəkildə açdı.
- Rəna, hardasan, ay qız? Səni axtarmaqdan tövşəyən ata dönmüşəm! Evə getmisən? Yenə nə oldu? Gedəndə bir xəbər eləməzlər? 
- Salam, Cəmil, xoş gördük! Bir nəfəs al. Evdəyəm, işdən icazə almışam. 
- On beş dəqiqə sonra sizdə olacağam! - deyib cavab da gözləmədən telefonu bağladı. 
Rəna istəksiz ayağa qalxdı, bir az da söylənə-söylənə mətbəxə keçib çaydanı ocağın üstünə qoydu. "Eeee, indi gəlib yenə başlayacaq da. Elə bil anamdır. Əşi, sənə nə var e, niyə işimə davam etmirəm! Bəzən elə əsəbləşirəm ki, bütün nəyim var Cəmilin üstünə tökmək istəyirəm, ancaq özümü saxlayıram ki, onu üzməyim. Ondan başqa bu şəhərdə yaxın kimim var?". 
Otağa keçib masaya göz gəzdirdi. Yenə dilxor oldu, gör nə zamandır masanın örtüsünü dəyişmirdi. Elə bil yaşlı qadının evidir. Otağın görünüşü onu bir az da bezginləşdirdi. Əvvəllər bu qədər biganə qala bilmirdi. Ən pisi də o idi ki, bu halından qopa bilmirdi, indi yenə də masa örtüsünə baxdı və dəyişmədi. Dolabdan armudu stəkan-nəlbəkiləri çıxarıb masanın üzərinə qoydu, mətbəxə keçib çaydanı ocağın üstünə qoyarkən qapının zəngi çalındı. Rəna asta addımlarla yaxınlaşıb qapını açdı. Sürətini hələ də yavaşlatmayan Cəmil sual dolu baxışları ilə içəri daxil oldu. Yolüstü aldığı badamburaları da Rənaya uzatdı.


- Həmişəki kimi düşüncəlisən, dostum. Gəl, əyləş, çayımızı bir azdan dəmləyəcəyəm,-deyərək halsız olduğunu sezdirməməyə çalışdı. 
- Nələr baş verir, Rəna? Eyni həftədə iki dəfə işdən icazə almağında mühüm bir səbəb olmalıdır. Xahiş edirəm, yalan-palan uydurmayasan, xasiyyətimi bilirsən. 
- Deyirəm, Allah mənə necə acıyıbsa, erkən vəfat etmiş valideynlərimin əvəzinə onların yerini boş buraxmayan dost bəxş edib. Yüngül baş ağrılarım var, narahatlığa dəyməz. 
- Sən beləsən də, qədirbilməzin biri, get çayımızı süz gətir hələ, limonu da unutma! Sualıma doğru cavab verməsən, burdan gedən deyiləm. "Aşıq Ələsgərin qədrini bilsən, yerin var göz üstə, gəz, qadan alım!", deyib Cəmil az əvvəlki əsəbi halını yumşaqlığa bürüməyə çalışdı.
Rəna üzünə candərdi təbəssüm qonduraraq mətbəxə çay süzməyə getdi. Bu halı təbii ki, diqqətli həmdəminin nəzərindən qaça bilməzdi. Geri qayıdanda yenidən soruşdu:
- Rəna, dərdin nədir sənin? Bəlkə ciddi bir xəstəliyin var?
- Hər şeyə görə qayğılanma, Cəmil, sağlamlığım təhlükədə deyil. Sadəcə son zamanlar baş ağrıları narahat edir məni, çox yoruluram və qərara gəlmişəm artıq elmi işimə davam etməyim. 
- Necə yəni davam etməyim? Dəli olmusan? Bura qədər gətirib-gətirib, sonunda buraxırsan demək istəyirsən? Baş ağrıların üçün xəstəxanaya müayinəyə gedək də. Günü sabah mən özüm aparım səni. 
- Eynilə doğru anlamısan. Bura qədər gətirmişəm, daha doğrusu, birlikdə gətirmişik, artıq yetər mənimçün. Karyerada növbəti yüksəlişi istəmirəm.
- Deyirəm də, bu icazə almalar, sayıqlamalar boşuna olmamalıdır! Rəna, verdiyin qərarın nə qədər axmaq olduğu haqqında bir balaca da olsa, düşünmüsənmi? Bir tək baş ağrısı, yorğunluğa görə illərlə çəkdiyin zəhmətin üstündən qalın qara xətt çəkmək olar? 
- Axmaq qərar deyil, Cəmil. Bundan artığını bacarmıram. Başa düş, sən zorla sövq etməklə deyil bu iş, mən bu qədərəm. Sənin xəyalındakı dostun çoxdan dəyişib. 
- Of, of, çatladacaqsan bu gün məni! Siz qadınlar hamınız beləsiniz! Bir işi sona qədər çatdırmaq niyyətiniz, qüvvətiniz, təpəriniz olmur. Bir işi başlayırsız, görürsüz, görürsüz, ən ciddi məqamına gəldikdə, Ya Allah, deyib asanlıqla vaz keçə bilən məxluqlarsınız! Bu xüsusiyyətinizi bir anlaya bilsəm! İcazənlə bir siqaret çəkəcəyəm.
- Yox, olmaz! Onsuz da başım ağrıyır, bir tərəfdən o da təsir etməsin.
- Bağışla. Əsəbimdən bilmirəm nə edim.
- Çayını içsən, keçər.
- İstəmirəm çayını da! Ümumiyyətlə, sənin bu zəifliyinə mat qaldım! Təəccüb içindəyəm, bu cür axmaq məğlubiyyət görməmişdim. Amma yox, niyə ki, siz qadınlardan gözlənilən hərəkət idi, bunu təxmin etməli idim. Səfeh mənəm ki, sənin gələcəkdə Akademiyaya doktoranturaya qəbul ola bilməyin üçün özümü dağa-daşa salırdım. Bu da nəticəsi! 
- Əsəbiləşmə. Cəmil. Doğrudur, bir dost kimi sənin karyeramda əziyyətin çox böyükdür. Bugünkü gərginliyin də bunun sübutudur. Qərarımı anlamağa çalış. Mən davam edə bilmirəm. Gücüm yetmir. 
- Artıq bir kəlmə də eşitmək istəmirəm! Bu gün bütün sinirlərimin saplarını tək-tək gərdin! Mənə bundan sonra nə zəng elə, nə də axtar! 
- Cəmil, dayan. 
Rəna ardınca səslənsə də, Cəmil acığından coşmuş dəlilər kimi yeyin addımlarla qapını çırpıb çıxdı. 
Rəna qapının çırpılması ilə eyni anda gözlərini yumub açdı, masanın üstündə içilməmiş çaylara baxıb köksünü ötürdü, gözləri doldu, ancaq ağlaya bilmədi, tez ayağa qalxıb pəncərənin yanına keçdi. Pərdəni aralayıb aşağıya baxdı, Cəmilin binadan uzaqlaşmasını görmək istəyirdi. "Yəni, doğurdan, küsüb getdi? Dostunu bu cür tərk etdi? Eh... haqlıdır getməkdə, mənim kimi dost olar? Cəmil hələ igiddir, belə dosta uzun zamandır səbr edir, hər nazına dözür".
Onsuz da neçə gecədir ərşə çəkilmiş yuxusu bu gün Cəmillə olan dartışmadan sonra təmamən yox oldu. Səhərə qədər çarpayısında tərpənmədən uzanıb gözlərini pəncərədən tavana əks olunmuş işıqlı kölgələrə dikərək düşündü. Bir ara başının şiddətli ağrısından qalxıb ağrıkəsici həbi içdi. Axşamkı "çay mərasimi"-ndən sonra mədəsinin boş olması da onu narahat edirdi. Ancaq ağrılarına artıq öyrəşmişdi. Bir neçə ay əvvəl xəstəxanada müayinə olunmuşdu. Həm ruh halında, həm də sağlamlığı ilə bağlı ciddi problemləri var idi. Yorulmuşdu, heç bir problemlə-fiziki, mənəvi, elmi-heç bir şeylə məşğul olmaq istəmirdi. Süstləşmişdi. Bütün bunları əziz dostu Cəmildən gizlədirdi. Ona qarşı böyük haqsızlıq edirdi, ancaq bu halı ilə ona yük olmaq da istəmirdi. 
Səhər açılanda qapının zənginə səksəndi. "Bu vaxtı kimdir, görəsən, yəqin qonşulardan biri olacaq"-deyərək ağır-ağır addımlarla qapıya tərəf getdi. Qapının gözcüyündən baxanda Cəmili görüb heyrətləndi. Əvvəl qapını açmaq istəmədi, düşündü ki, qoy gəldiyi kimi də geri qayıtsın, həm məni yenidən əsəbiləşdirməsin, həm də bu halımı görüb bir daha kədərlənməsin. Həmdəki belə hərəkəti Cəmilə rəva bilmədi, az əvvəlki amansız düşüncəsindən vaz keçərək qapını açdı. Cəmil müqəssir bəndələr kimi içəri daxil olub Rənanın qızarmış gözlərinə, yıpranmış halına baxdı, dünənki hərəkətinə görə ürəyində özünü o ki var azarladı. 
- Bağışla məni, Rəna. Dünən sənə çox qəzəbləndim. Qərarına qarşı hörmətsiz, hirsli axmaq kimi davrandım. Əlbəttə, sən nə cür istəyirsən, o cür də olsun. Bu haqda artıq səni bir də sıxma-boğmaya salmayacağam. 
- Mənim bütün ərköyünlüklərimə, şıltaqlığıma dözən, can dostum, sirdaşım. Heç səni kimi dostdan da küsmək olar? Təbii ki, çəkdiyin əziyyətlərə görə əsəbiləşməkdə haqlısan. Ancaq Cəmil, səndən bir xahişim var. Məni günü sabah kəndimizə, nənəmin yanına apararsan? Nə olar, dostum, apar məni. 
- İlin-ayın bu vaxtında kənddə nə işin var, ay Rəna? Yenə başladın uşaqlıq eləməyə?
Rəna üzgün baxışlarını aşağı dikdi. 
- Sadəcə bir neçə günlüyə getmək istəyirəm. Kənd havası alıb, nənəmlə görüşüb qayıdacağam yenə işimin başına. Həm də havalar sən deyən o qədər də soyuq deyil ki, əsl mən istəyən payız havasıdır. 


- Nə bilim, bir düşünüm. İşin-gücün belə qızğın vaxtında görüm necə edirəm. Sən də gözümə belə birtəhər dəyirsən, bəlkə kəndə getmək əvəzinə həkimə gedək?
- Yox, kəndə getsəm, həkimlərə getməkdən daha faydalı olacaq mənimçün.
- Yaxşı, amma bir şərtlə, orda yeni qəfil qərarlar və uşaqca davranışlar barədə eşitmək, bilmək istəmirəm. Geri qayıtdığında yenidən elmi işinə davam edəcəksən! Razılaşdıqmı? 
- Söz.
- Elə isə əşyalarını, çantalarını hazırla, sabah ardınca gələcəyəm.
Növbəti gün Cəmil Rənanı kəndlərinə, nənəsinin yanına qoyub şəhərə qayıtdı. Rəna gəldiyi andan etibarən bütün ağrı-acılarını, bədənindəki, beynindəki yorğunluğun çıxdığı hissinə qapıldı. 
Rənanın nənəsinin evi aralarından ensiz dağ çayının qolu axan iki təpədən birində idi. Təpələrdəki evlər rastgələ yoxuş yuxarı tikilmişdi. Rəna oturduğu yerdən həm qarşı təpədəki ağaclara bürünmüş kəndin digər hissəsini, yamacların aşağısında axan çayı, həm də təpənin arxasından görünən dağları seyr edirdi. Təbiət bu yerdən heç bir gözəlliyini əsirgəməmişdi. 
Ən sevdiyi mövsümdə kəndin məftun edən mənzərəsinə baxmaqdan həzz alır, yarpaqların qırmızı, sarı, yaşıl çalarlara büründüyü təbiət şəklindən möhtəşəm cazibə duyurdu. Payız öz-özlüyündə dərin xəyali və fəlsəfi məna daşıyan bir fəsildir. Bəlkə elə buna görədir ki, məşhur rəssamlar və bəstəkarlar, şairlər öz əsərlərini daha çox məhz bu fəsildə yaradıblar. Rəna bu anda Edvin Frederik Çörç, H.A. Brendekilde, Klod Mone kimi rəssamların payız təsvirlərini gözünün önünə gətirdi. Həmin əsərlərdəki təbiət mənzərələri ilə canlı-canlı baxdığı təbiətin özünün natural təsvirini zehnində tutuşdurdu. "Ah, Tanrım, hərəsinin öz yeri, öz gözəlliyi var". Cibindən telefonunu çıxarıb musiqi siyahısı bölməsini açdı, qulaqlığı qulağına keçirib Çaykovskinin "İlin fəsilləri" seriyasından "Payız nəğməsi" (Oktyabr) musiqisini dinlədi. "Cəmil burada olsaydı, bircə yanında Puşkin, Ramiz Rövşən çatmır, deyib istehza edəcəkdi" bir anlıq fikrindən keçirdi və güldü.
Havanın təmiz, xoş ətri, valehedici mənzərə və həzin musiqinin verdiyi zövqdən başı hərlənən Rənanı nənəsinin səsi ayıltdı. 
- Sənə qurban, gözəl balam, evə niyə keçmirsən? Gəldiyindən bəri bir şey də yeməmisən, nəsə səni nasaz görürəm, gözüm su içmədi bu dəfəki halından. 
- Mənim şirin nənəm, buralar üçün o qədər darıxmışam ki, baxmaqdan doymuram. Narahat olma, hər şey qaydasındadır. 
- Hə, rəhmətlik atan da, anan da elə idilər, ay bala. Nə zaman gəlsəydilər, saatlarla bu mənzərəyə tamaşa edirdilər. 
- Nənə sənə qurban, Rəna, o səni gətirən oğlan Cəmil var ha, onunla niyə ailə qurmursan? Maşallah, yaraşıqlı, ağıllı baladır, özü də bir-birinizə yaraşırsınız. Məgər səni sevmir?
Rəna birdən elə qəhqəhə ilə güldü ki, gülüşündən özü də səksəndi.
- Ay nənə, zavallı Cəmil dostluğuma güclə dözür, deyirsən yəni ömürlük səbr ağacıma çevrilsin? 
- Eh, ay bala, nə bilim, ürəyimdən keçirdiyimi dilimə gətirdim də. İstəyirəm, səni xoşbəxt görüm, sonra gedim o tərəfə. Bir də ki, qızla oğlan uzun müddət dost ola bilməz, bizlər belə şey görməmişik. 
- Mənim gözəl, qayğıkeş nənəm,-onu qucaqladı, kürəyini oxşadı-o baxır dostluğun niyyətinə. Cəmilə çox borcluyam, valideynlərsiz günlərimdə dəstək olub. Hər şey yaxşı olacaq, sən heç ürəyini sıxma. 
- Di yaxşı, kövrəltmə məni,-nənənin gözləri doldu-dəstəmazım pozulmamış gedim axşam namazını qılım. Sən də çox oturma, gözəl balam, hava sərinlədi, soyuqlayarsan.
- Yaxşı, ay nənə, nigaran qalma. 
Cəmilin Rənanı kəndə qoyub qayıtmağından dörd gün keçmişdi. Bir kafedə Universitetdən olan iş yoldaşları ilə birlikdə nahar edirdi. Birdən telefonu zəng çaldı. Telefonu açanda aydın olmayan, ta uzaqlardan gələn bir səs eşitdi. Rənanın nənəsi idi. Cəmil yoldaşlarından üzr istəyərək masadan qalxdı, bir kənara çəkilərək səsi diqqətlə dinləməyə çalışdı. Nənə güclə eşidiləcək səslə Rənanın qəfil huşunu itirib yıxıldığını və kənd uşaqlarının onu rayon xəstəxanasına apardıqlarını xəbər verdi. Cəmil özünü ələ almağa çalışsa da, bacarmadı, çətinliklə nənəyə "Elə bu dəqiqə yola çıxıram"- deyə bildi. 
Axşamdan xeyli keçmiş Cəmil Rənanı şəhər xəstəxanasına gətirə bildi. Xəstə hərtərəfli müayinə edilib lazımi testlər, təhlillər aparıldıqdan sonra palataya yatırıldı. Həkim Cəmilə bildirdi ki, burada gözləməsin, testlərin nəticələri sabah hazır olacaq. Rəna iynələrin təsirindən halsızlaşıb yatsa da, həmin gecə Cəmil üçün ən üzüntülü, qayğılı gecə oldu. Ürəyinə dammışdı ki, nəsə yaxşı xəbər almayacaq. Yenə də ümidlə sabahı gözlədi, siqaretlərinin hamısını tək-tək bitirdi. Canı elə sıxılmışdı ki, heç cürə yuxuya gedə bilmədi. Səhərin uyğun saatında tələsərək ilk gördüyü iş Rənanın palatasına gəlib onu yoxlamaq oldu. Dostunun bənizi solğun, naxoş, zəif halını görüb məyus oldu, amma büruzə verməməyə çalışdı və həmişəki zarafatlarından etdi:
"Xəstə Qasım deyir qalmadı tabım,
Qızılgültək çəkilibdir gülabım." 
- Nə oldu mənim naz-nazı dostuma? Kəndə bunun üçün getmişdin? Eşitmirsən də məni. 
Rəna qüssəli gülümsədi. Bir şey söyləməyə çalışsa da, halsızlıqdan özünü toparlaya bilmədi.
- "Başını buladı, gözündən güldü; 
Güləndə qadası canıma düşdü".-Cəmil çox sevdiyi Aşıq Ələsgərdən sitatla davam etdi.
- Yaxşı ki, getdim, Cəmil, ürəyim açıldı. 
- Artıq yeni qərarımız var. Səni düz üç aylıq məzuniyyətə göndərəcəyik, xəstəxanalıq olmuş dostla işləyə bilmərik. 
- Eh, Cəmil, ən çox sənin bu zarafatların üçün darıxacağam.
- Hara səfər edirsən ki, darıxasan da? Məzunyyətə birlikdə gedəcəyik! 
Bu zaman palatanın qapısında Rənanı müalicə edən həkim və tibb bacıları göründülər. Cəmil üzr istəyərək palatadan çıxdı. Həkimlə görüşüb xəstənin test, təhlil nəticələri barədə dediklərinə diqqətlə qulaq asdı. Tibb bacısının uzatdığı kağızları aldı. Qulağı həkimdəykən ötəri ilk səhifədə başda iri qalın hərflərlə yazılmış "Malign beyin şişləri" sözlərini oxuyunca ayaqları sanki yerdən qopdu. Başı hərlənməyə başladı. Artıq həkimin nə dediyini eşidə bilmirdi, qulaqları qəribə uğultu ilə doldu, sadəcə başını sallamaqla danışılanları təsdiqləyirmiş kimi hərəkətlər etməyə çalışdı. 
Həkim lazımi izahat və tövsiyələrini etdikdən sonra xəstə ilə sonra görüşəcəyini bildirib ayrıldı.
Cəmil əlində test nəticələri olan kağızlarla palata qapısına yaxınlaşıb hənirsiz, diqqət çəkmədən içəriyə baxdı. Rəna tibb bacısı ilə asta, ancaq elə mehriban danışırdı ki, gözlərində zəif işıq parlayırdı. Gecə vurulan keyləşdirici iynələrin təsiri, deyəsən, azalmışdı.


Cəmil o qədər sarsılmışdı ki, yanında istənilən bir söz deyilsəydi, özünü saxlamayıb uşaq kimi ağlayacaqdı. Buna görə də bir müddət içəri keçə bilmədi. Kənara çəkilib stullardan birində oturdu. Ürəyində Allahla danışırdı.
- İlahi, bütünümlə çırpınıram, mənə kömək elə.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri