Əfsanə Rəvanın kiçik müsahibəsi

Şərhlər: 3
Baxılıb: 1 906
Bölmə: Maraqlı / Şeirlər
Səs ver:
(səs: 0)
Gən yazar Əfsanə Rəvanın kiçik müsahibəsi və şeirlərini təqdim edirik:

- Oxucu Əfsanə Rəvanı hansı şeiri ilə tanımalıdır və nəyə görə?

- Nə qədər şablon səslənsə də, bütün şeirlərim əziz və doğmadı. Çünki hər biri özündə ayrı hissi, duyğunu, yaşantını daşıyır. Fikrimcə, bu sualın cavabını oxucu daha yaxşı verə bilər. İstərdim, o, şeirimdə özündən nələrisə tapa, hansısa misramda "bu, mənəm" - deyə bilsin. Onda hiss edərəm ki, deməli, həmin şeir alınıb, o şeiri qazanmışam. Hələlik bu mənada "Amma bağışladım baxışlarına" şeirimi misal göstərə bilərəm. Dediyim fikirləri bu şeirim haqqında daha çox eşitmişəm.

- Ən çox kimlərdən bəhrələnirsiniz?

- Ədəbiyyat elə sahədir ki, burada dayanmağa, kitabdan, xüsusən, poeziyadan ayrı düşməyə "icazə" yoxdur. Təbii ki, istedaddan əlavə, mütaliə mütləqdir. Şeir yazmazdan əvvəl oxuduğum şairlərdən nələrsə götürürdüm, bəzən özüm də bilmədən bənzəməyə çalışırdım. Amma zamanla istedad cilalanır, yolunu tapırsan. Bir zaman bənzəmək istədiklərin, sonradan bəhrələndiklərin olur. Ümumilikdə hər kəsdən oxumağa çalışıram. Ən çox Ramiz Rövşəni, Bəxtiyar Vahabzadəni, Məmməd İsmayılı oxuyuram. Son dövrlərdə isə Rəşad Məcidin şeirləri diqqətimdədir. Onu hər oxuyanda yeni nəsə kəşf edirəm, bunun yaradıcılığımda iz qoyacağına da əminəm.

- Şeirlərinizə daha çox məhəbbət mövzusu hakimdir. Yüz illərdən bəri işlənən bu mövzuda yeni nə deyə bilirsiniz?

- Niyə elə fikir formalaşıb ki, şair yeni nəsə deməyə borcludur? Şair olanı və ya deyilmişi öz üslubunda, tərzində yenidən deyə bilməzmi? Məhəbbət uşağından böyüyünə hər kəsin həyatının mərkəz nöqtəsidir. Söhbət, əlbəttə, yalnız əks cinsə münasibətdən getmir. Şeirlərimdə hansısa mövzu haqda yeni nəsə deməyə yox, öz sözümü deməyə çalışıram.

- Paytaxtdan kənarda yaşayırsınız. Bu, yaradıcılığınızın inkişafı və imzanızı tanıtmaq baxımından sizə əngəl olmurmu?

- Təəssüf ki, olur. Şəkidə yaşayıram. Tez-tez Bakıya gəlib-getməyim də alınmır. Çox təəssüf, Azərbaycan ədəbi mühiti yalnız paytaxtda formalaşıb. Regionlarda vəziyyət ürəkaçan deyil. Əgər imzanı tanıtmaq, ədəbi mühitin içərisində olmaq, yaradıcı şəxslərlə tanış olmaq istəyirsənsə, gərək tədbirlərdə, toplantılarda iştirak edəsən. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi gənclər üçün çox gözəl şərait yaradıb. Gənc Ədiblər Məktəbi hazırkı ədəbi mühitə neçə-neçə istedadlar bəxş edib və edir də. Ancaq təəssüf ki, bu, ancaq Bakıdadı, regionda yaşayan gənclər də məsafə qət edib gəlməli olurlar. Öz adıma darılmıram, əksinə, mənəvi zövq alıram. Amma bəzən müəyyən səbəblərdən gələ bilməyəndə insan kədərlənir, nəyisə itirdiyini zənn edir.

- Hansı planlarınız var?

- Üzərimdə çox çalışıram ki, oxucuların qarşısına bundan da yaxşı şeirlərlə çıxım. Qismət olsa, yaxın gələcəkdə şeirlərimi kitab halında çap etdirməyi düşünürəm. Gələcəklə bağlı ümidlər və arzular çoxdur.

Gəl
Payız oldu yağışlara qoşuldum,
İslatdı e ömrü payız həsrətin.
İnsaflı ol, bu baharla bircə gəl,
Yoxluğunla barışmağım çox çətin.

Hicranını qürbət qədər uzaq tut,
Vüsalını bir ömürlük pay eylə.
Gəl, ay ömrüm gəl, sevindir sən məni,
Xoşbəxtlərin sırasına tay eylə.

Dərdin boyda evin ola, o evin,
Tək başına dar gələ hər otağı.
Daha mənə bəs eyləmir xəyalın,
Vallah-billah doldurmur e yatağı.

Saçlarımın qarğışına keçərsən,
Çiynin üçün darıxdırma bu qədər.
Allah haqqı bilmirsən nə çəkirəm,
Allah haqqı yeyir məni bu kədər.

Bilsəm sənə mənsiz xoşdu susaram,
Eybi yoxdu qalib gəlsin yoxluğun
Barışmaram bu qismətlə amma ki,
Bəs eyləyər mənə sənin sağlığın

Vüsal tək
Məndən sənə qədər darıxan yolun,
Qısalt məsafəsin biz ki, yaxınıq.
Özümü itirdim gəl, qurban olum,
Gəl, məni toparla qoyma dağınıq.

Addım-addım uzaqlaşıb gedənim,
Bir addım at, mən darıxan qədəri.
Gözləməkdən keyiyibdir bədənim,
Gəlməyənim, varmı bundan bətəri?

Qoy iz salsın əllərinin qabarı,
Arada bir taleyimə sığal çək.
Tanrı, mənə bexş eylə eşq nübarın,
Şirin olsun dadmadığım vüsal tək.

Tutasan əlindən ayrılıqların
O dəyən saçları kəsib atasan,
Səni tək buraxıb getdiyi yerdə,
Tapasan özünü hər kəsdən uzaq,
Bütün cümlələrin bitdiyi yerdə.

Səni ürəyindən atdığı kimi,
Atasan gözündən, sına qüruru.
Deyəsən-,,günahın, qəbahətin çox,
Bacarsan danla hey, qına qüruru."

Qayıdıb dönəsən üzü payıza,
Qisasın alasan ayrılıqların.
Zəhləsin tökəsən sənə qoşulub,
Dərdinə ağlayan, boz buludların.

Açasan qolunu qaça üstünə,
Çoxdan gözlədiyin ölüm mələyi.
Tutub əllərini həbs eyləyəsən,
Bəxti qara yazan zalım fələyi.

Amma bağışladım baxışlarına
Qəbahət özünün, günah özünün,
"Bağişla" söyləmək belə çətindi?
Sənin ayrılığa varmış dözümün,
Qürurlu dayanmaq xasiyyətindi.

Yenə, ilk addımı məndən umursan,
Yenə,gözləyirsən "barışaq?" deyim,
Bu sevən qəlbimi niyə qırırsan?
Sənin mənə qarşı yoxmu istəyin?

Həmişə günahsız olduğum halda,
Səni sevdiyimçün əyilmişəm mən.
Daha yorulmuşam inan bu yolda,
Bu eşqə qurbanmı, deyilmişəm mən?

İnan ki, dəyməzsən qədirbilməzim,
Səninçün tökdüyüm göz yaşlarına.
Deyərdim "bir ömür üzün gülməsin",
Amma bağışladım baxışlarına

Cəmilə MƏMMƏDLİ
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri