Zəhra Əkrəmin kiçik musahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 323
Bölmə: Maraqlı / Şeirlər
Səs ver:
(səs: 0)
Gənc yazar Zəhra Əkrəmin kiçik müsahibəsi və şeirlərini Qadınla.Com saytı olaraq təqdim edirik:

- Zəhra Əkrəm özünü oxuculara necə təqdim edər?

- Mən Orucova Zəhra Əkrəm qızı. 24 yaşım var. Ağlım kəsdiyi andan saya bilməyəcəyim qədər şeirlər yazmışam. Həyatımın hər anı şeirdən ibarətdir. Amma ən gözəl şeirlərim iki övladımdır.

- Deyirlər, şeir şairin övladıdır. İki övladınızdan sonra ən çox sevdiyiniz şeiriniz hansıdır?

- "Bəyaz arzularımın siyah telli şahzadəsi". Bu şeir ən çox sevdiyim şeirimdir.

- Qələminizdən ilk şeiriniz neçə yaşınızda süzülüb?

- Əslində, uşaq ikən yazırdım. Amma yazdıqlarımın nə olduğunu bilmirdim.
2006-cı ildə, 11 yaşımda ikən qardaşıma yazdığım cümlələri müəlliməmə oxuyanda, müəlliməm "Ay nə gözəl şeirdir" demişdi. Onda bilmişdim ki, yazdıqlarım, sən demə, şeir imiş. (gülür)

- Zəhra Əkrəmi göstərin desələr, hansı şeirinizi nişan verərsiniz?

- "Zəif deyilsən, qadın!" şeirimi.

- "Zəif deyilsən, qadın!" deyən Zəhra Əkrəmin qadınlar haqqında deyilmiş fikirlərdən ən çox bəyəndiyi hansıdır?

- Mənim ən çox sevdiyim, şeirlərindən böyük zövq aldığım şair Ramiz Rövşənin qadınlar haqqında dediyi möhtəşəm bir fikri var: "Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik." Bu fikir qadınlar haqqında deyilmiş ən gözəl fikirlərdəndir.

- Hansısa bir şeiri oxuyanda "Kaş, bunu mən yazardım" dediyiniz vaxtlar heç olubmu?

- Yox. Olmayıb elə bir şeir. Amma olub ki,
hansısa şeiri oxumuşam və demişəm ki, "Əsla yaza bilməzdim bunu".

- "Nəğməli təbəssüm" deyən Zəhra Əkrəm üçün kimin təbəssümü nəğmədir?

- Hal-hazırda körpələrimin.

- Hansı daha gözəl nəğmədir? Yağışın səsi, yoxsa suların şırıltısı?

- Sular da yağışla qidalanır. Hər suda yağış var. Yağışdan parça var.

- Son olaraq oxuculara sözünüz?

- Dəyərli zamanından vaxt tapıb məni oxuyan hər kəsə təşəkkürümü bildirirəm.
Bir də, Aynur, sənə sonsuz təşəkkürlər. Düz deyirlərmiş ki, şairi ən yaxşı şair anlayar. Belə gözəl suallar üçün çox sağ ol.

Gəl, gözünü sevdiyim!
Bir gün Günəş doğanda Günəşin saçağıyla
ömrümə sabah kimi...
Gəl,gözünü sevdiyim, bir gecə Ay çıxanda
Ayın işıqlarıyla könlümə mübah kimi.
Gəl,gəl yardım et Günəşə səhərləri açmağa.
Bax,sənsiz gücü çatmır.
Gəl,yardım et qəlbimə,kədərlərdən qaçmağa.
Kədər onu yaşatmır.
Gəl ,gözünü sevdiyim.
Bir gün külək əsəndə arasına sığış,gəl!
Gəl ,gözünü sevdiyim!
Qalmasın darağın da -nəyin varsa yığış,gəl
!İstəyirsən, bu qış gəl!
Göydən qarlar yağanda şaxtadan qorunmağa,
Əllərin üşüyəndə köksümdən qor ummağa!
Gəl!Gəl,ay mənim ömrümü yollarına sərdiyim!
Gəl,hər sabah uğruna ulduzları dərdiyim.
Gəl,gözünü sevdiyim,
Bir gün gözəl gözlərin xəyallara dalanda.
Gəl, həsrətin cəlladı boynum üstə qalanda.
Nə vaxtsa təsadüfən gözün göyə baxanda
görsən durna qatardır.
Bil ki sənin yolunu səbirsizcə gözləyən
biçarə biri vardır.
Demirəm :"durnayla gəl!"
Deyirəm :" Dur, Ayla gəl" ,elə bu gecəyarı.
Ay bilir necə yarı, özləmişəm ,mən yazıq.
Eşitdiyim hər səsdə, aldığım hər nəfəsdə
"bəlkə gələrsən" deyə gözləmişəm mən yazıq. Gəl,gözünü sevdiyim.
Elə indicə dur ,gəl. Səssiz,gizlicə dur,gəl.
Olmasın kimsə əngəl.
Kölgəndən də gizli gəl.
Gəl,gözünü sevdiyim.
Sən elə gizli gəl ki, nə pişik asqırmasın,
Nə də itlər hürməsin.
Aman,kimsə görməsin!
Nə vaxt yağsa yağış,gəl.
Damcılardan yapış gəl.
Bir gün yağış yağanda göyqurşağı sayağı.
Gəl ! Gəl, gözünü sevdiyim,
Həyatımdan çəkilsin bu hicranın ayağı!

Kaş ömrümdə bircə gün mən bulud olsam,
və həmin gün dayanmadan hey yağdırsam yağışları.
İllər ilə gözlərimdən ürəyimə axıb dolan gözyaşlarım qarışsa kaş yağışlara.
Heç kimsələr söyləməsə :"sus! Ağlama!"
Kaş ömrümdə bircə gün mən şimşək olsam...
Dişlərimin arasında sıxıb -sıxıb doğradığım sözlərim var. Batır mənə o qırıqlar.
İllər boyu ürəyimə basdırdığım hıçqırıqlar
bəslənərək gözyaşımla bu gün artıq fəryad olub.
Kaş mən bu gün şimşək olsam.
Dəli kimi çaxsam,çaxsam...
Düşünməsəm fəryadımla kim qorxacaq?
Düşünməsəm hər çaxanda səpələnən qığılcımla
kiminsə canı yanacaq.
O bircə gün özümdən bir başqasını düşünməsəm...
Dəniz olmaq nə gözəldir!
Ağlasa da gildir - gildir, kim deyər ki :"daha bəsdir!"
Kim görər ki axı onun axıtdığı gözyaşların?!
Kaş ki mən də dəniz olsam.
Coşsam,coşsam,dalğalansam...
Azad etsəm içimdəki o kükrəyən fırtınanı.
Düşünməsəm kim boğular?
Nə aşar,nələr dağılar?
Yormasa kaş ürəyimi olacaqlar.
Ləpələri sahilimə çırpa - çırpa,
qisas alsam illər boyu məni çırpan bu həyatdan.
Kaş ömrümdə bircə gün mən külək olsam.
Hey çırpılsam sərsəri tək bura -ora.
Çıxıb getsəm kimsələrin olmadığı uzaqlara.
Qayıtmasam daha geri.
Qərarıma ömrüm boyu bircə dəfə
heç kimsələr qarışmasa.
O gün heç kim durdurmağa çalışmasa.
Desələr ki : "axı bunun düşünməyə beyni yoxdur. Eşitməyə qulağı yox, dönməyə ayağı yoxdur!
Axı artıq küləkdir o..."
Ya da kaş ki bir gün deyil, bircə saat
Hər kəs dönüb mən olsalar.
Həyat ilə savaşımda məğlub oldum -anlasalar.
Kaş görsələr çiynim üstə görülməyən o yükləri.
Ürəyimdə qalaq - qalaq təpələnib dağa dönmüş nalələri. Kaş ki sıxsa onların da boğazını susduqlarım.
Hər gün bir-bir asdıqlarım arzular var ürəyimdə.
İntihar etməyib onlar.
Əllərimlə mən asmışam.
Ürək deyil artıq ora.
Kaş görsələr məzarlıqdı.
Kaş ki artıq anlasalar.
Kaş ki hər kəs bir gün deyil, bircə saat mən olsalar.

Hazırladı: Aynur Haqverdi
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri