“Xarı Bülbül” haqqında məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 247 116
Səs ver:
(səs: 302)
"Xarı Bülbül” Şuşanın milli simvoludur. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Bu çiçəklər əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da dağlarda uzun müddət qalır.
Vətən bağı al-əlvandır.
Yox içində "Xarı bülbül”,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nigah diplomatiyası” deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül”ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.
"Xarı Bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı müalicə əhəmiyyətli bitkidir. "Xarı bülbül”dən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.
"Xarı Bülbül” rəvayəti xalqın yaddaşında
Rəvayətə görə bir gün bulbul öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.
Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə-yeksan edərmiş.
Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:
_ Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi:
_ Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bulbul sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bulbul yanında olsaydı…
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır. Gül Xarı bülbül görkəmində güllər açır. Həmin Xarı bülbül gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.
(səs: 302)
Şərhlər: 4
Baxılıb: 247 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri