Yuxular nadir hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir
Əksər insanlar yatarkən gördükləri qeyri-adi yuxulardan qorxuya
düşürlər. Gün ərzində baş verən hadisələr, yaxud illər əvvəl yaşanılan
hər hansı bir travmanın izləri, gecə-gündüz düşündüyümüz problemlər,
məsələlər adətən gecə yuxusunda da yaxamızı buraxmır. Nəticədə yorğun və
narahat keçən gecənin sabahısı insan yorğun, əzgin, kefsiz oyanır. Gecə
qorxuları insanlarda zaman-zaman get-gəlli olur, kimisində isə
ardı-arası kəsilmir. Yaşlılar belə qorxuları edilən cadu, qarğışlara
bağlasalar da, cavanlar üçün daim görülən qorxulu yuxuların səbəbi
psixoloji pozğunluq və yorğunluqdur.
Əslində qorxulu yuxular nədir?
Niyə insanlar belə yuxular görürlər?
Həqiqətən edilən cadu və bu kimi əməllərin insan yuxusuna təsiri varmı?
Alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi
məqamlar tam aydınlaşmayıb. Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb
alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə
çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin
nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun
ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına
gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və
bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.
İnsan ömrünün 3/1-ni yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər
yatdığımızda yuxu görürük. Alimlərin araşdırmaları göstərib ki, sən
demə, yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya uzanır və
gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə
başlayır, insan yuxuya gedir. Alimlərin fikrincə, yatmaq üçün qəbul
olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur.
Onlar hesab edirlər ki, təbii olaraq yuxuya getmiş hər bir insan
yatdıqdan sonra mütləq yuxu görür. İnsanların çoxu yuxuları ağ-qara
gördüklərini söyləyirlər. Daim yorğun və başı hər hansı mövzu ətrafında
fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular
gördüklərini söyləyirlər. Əksərən onlar fikirləşdikləri məsələni
yuxularında da görürlər. Belə yuxuları yozmaq mümkün deyil.
Hacı Kamilin sözlərinə görə, pis yuxu yoxdur. Yetər ki, yuxunun
yozulması düzgün olsun. Hər insan yuxu yoza bilmədiyi üçün deyilən hər
bir sözə də inanmaq lazım deyil. Pis yuxu görmək mütləq pis hadisə ilə
qarşılaşılacaq anlamına gəlmir:
"Qurani-Kərimdə bildirilir ki, ilk dəfə yuxu yozmaq neməti Yusif
peyğəmbərə verilib. Onun yozduğu yuxular aydın, çin çıxıb. Ondan sonra
zamanla yuxu yozumu bir peşə halına gəlib. Yuxular mələkdən və şeytandan
gələn yuxu olaraq 2 yerə bölünür. Təbii ki, birinci görülən yuxular
aydın, təmiz yuxulardır. İndi satışda yuxu yozumları kitabları satılır.
Yuxuda görülən 1 detalla tamamilə yuxunu yozurlar. Lakin yuxunu yozmaq
yuxudakı bütün detalları bilməklə mümkün ola bilər. Daim qorxulu yuxu
görən insanlar isə daxilən iztirab çəkən, yaxud günah işləyən
insanlardır. Bütün yuxulardan Allaha sığınmaq lazımdır. Yuxuların
gələcəkdən bir mesaj, yaxud xəbərdarlıq olması ehtimalları da var, amma
heç kim bilə bilməz ki, bu hansı yuxudur".
Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, yuxu insanın yaşından
asılı olaraq dəyişir. 2-3 yaş arasında olan uşaqların qorxulu yuxu
görməyi təbii bir haldır. 6 aylığı keçmiş hər bir uşağın belə yuxular
görüb ağlayaraq oyanması təbiidir. Uşaqların xəyal gücü bu yaş
ərəfəsində inkişaf etdiyindən yuxuların görülməsi normal haldır. Oyanan
uşaqları sakitləşdirmək və yenidən yuxuya vermək lazımdır: "Böyüklərdə
olan qorxulu yuxuların səbəbləri isə tamamilə ayrıdır. İnsan ya travma
keçirir, bunun təsirindən ayrıla bilmir, ya nədənsə bərk narahatlığı
olur. Əsəbləri gərgin olur, ya da parasomniyalar olur. Parasomniyalar
yuxu pozğunluqlarıdır. Bu pozğunluqlar aradan qaldırılmadığı müddətcə
yuxu qarışdırmaları, qorxulu yuxuların görülməsi davam edəcək".
Bəzən insanlar başlarının altına bıçaq, qaşıq bu kimi əşyalar düzərək
bununla qorxulu yuxu görülməsini qarşısının alınacağını güman edirlər.
Amma bunun elmi bir sübutu olmadığını deyən həmsöhbətimiz bunu
insanların uydurması və psixoloji olaraq özlərini sakitləşdirmək üsulu
sayı.
Psixoloqlar bu fikirdədir ki, daim qorxulu yuxu görən insanlar bundan
çox rahat yolla qurtula bilərlər. Belə ki, görülən yuxu ilə üzləşmək
lazımdır. Daim o yuxunu yenidən görüb qorxacağını düşünən insanlar məhz
həmin yuxudan qurtula bilmirlər. Qurtulmağın ən yaxşı yolu isə xeyirə
yozmaqdır. Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətən daha çox
qorxulu yuxu görürlər. Daim görülən qorxulu yuxular davamlı olaraq
narahat edərsə, bu zaman nevropatoloqa müraciət etmək vacibdir.
Qeyd edək ki, qəbul edilən dərmanlar da yuxuların qarışmasına səbəb ola
bilər. Xüsusən antidepresant dərmanlar nadir hallarda yuxuları qorxulu
edə bilir. Cəmiyyətdə görülən qorxulu yuxulara qarşı həssaslıq
mövcuddur. Əksər insanlar düşünür ki, məhz belə yuxular gələcəkdən hər
hansı bir işarə olar. Lakin yadda saxlamaq lazımdır ki, yuxular nadir
hallarda baş verə biləcək hadisələrin xəbərçisi ola bilir. Görülən hər
yuxunun mütləq çin olacağını gözləmək sadəlövlükdur. İnsanın psixoloji
vəziyyətinə nəzər yetirmədən onun yuxularını yozmaq yanlış istiqamətə
yönləndirmək deməkdir.