Elektron Biznes - Elektron maliyyə mənbələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 086
Səs ver:
(səs: 1)
 
 
Statistik məlumatlara görə dünyanın ən inkişaf etmiş ölkələrində ən böyük gəlirlər informasiya texnologiyalarından (İT) əldə edilir. Daha böyük gəlirlər isə, internet üzərindən həyata keçirilən reklamlar vasitəsi ilə əldə edilir. Buna əyani misal olaraq, dünyada informasiya-kommunikasiya texnologiayaları sektorunda ən çox gəliri olan şirkət kimi tanınan Google korporasiyasını göstərmək olar. Bu şirkətin yaranma tarixinə qısa nəzər salsaq görərik ki, Google fəaliyyətə başlayanda genişmiqyaslı layihələr həyata keçirmək üçün investisiya yatırmaq iqtidarında olmayıb. Sadə dildə desək, dünyanın nəhəng İT şirkəti hər şeyi sıfırdan başlayıb. Amma çox keçmir şirkət internet üzərindən reklam yaymaqla məşğul olur ki, bu da uğurlu fəaliyyətin başlanğıcı olur. Bildiyimiz kimi, bütün dünyaya öz gəlirləri ilə meydan oxuyan Microsoft şirkəti də bir İT korporasiyasıdır. Hətta Microsoft-un rəhbəri Bill Qeyts dünyanın ən zəngin adamıdır. Bütün bunları sadalamaqda məqsədimiz internet vasitəsi ilə pul qazanmağın mahiyyətini açmaqdır. Artıq bu bir aksiomadır ki, internetin inkişafı insanlar üçün yeni imkanlar açır. Texnologiyalar əsrində elə asan pul qazanmağın da ünvanı internetdir.

İnternet vasitəsi ilə evdən çıxmadan pul qazanmaq mümkündür


 Artıq evdən çıxmadan pul qazanmaq dünyanın bir çox ölkələrində adət halını alıb. Mühasiblərdən tutmuş, tərcüməçi və sadəcə şəbəkə marketinqi ilə məşğul olanlaradək evdə iş görənlərin sayı artır. Mütəxəssislər bu prossesin getdikcə genişlənəcəyini bildirirlər.

Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bəzi şirkətlər var ki, öz məhsullarını satış mərkəzləri vasitəsi ilə deyil, daha çox şəbəkələr vasitəsi ilə yaymağa üstünlük verirlər.

Xüsusilə internetin geniş yayılması indiyədək mümkün olmayan bəzi işləri də evdən çıxmadan görməyə imkan verir. İşədüzəltmə firmalarına evdə mühasibat işləri aparanlar da müraciət edir. Eyni vaxtda bir neçə şirkətin sənədləri ilə məşğul olan belə mühasiblər həftədə 1-2 saat işləməklə ayda hər şirkətdən 150-250 manata qədər pul alırlar. S.Məmmədov hesab edir ki, evdə yaxşı pul qazanmaq olur: «Elə işlər var ki, evdən çıxmadan 1000-1500-2500-3000 manat qazanmaq olur. Məsələn, hüquqşünaslar, mühasibat işi. Bu insanlar sifariş yerinə yetirirlər, evlərində kompyuterin arxasında tədqiqatlarını aparırlar. Məhsulunu da on-line göndərir». Evdə işin üstün cəhətlərinə gəlincə, əvvəla işə getmək üçün yolpulu və vaxt itirmirsən, evdar qadınlar paralel olaraq ev işlərini yerinə yetirə bilir, adi adamlar isə işi sadəcə rahat görürlər. Bu üsul firmalara da sərf eləyir, işçi az olduğuna görə, belələri nisbətən kiçik, yəni ucuz ofislə kifayətlənirlər, qənaət olunan pul isə işçinin maaşına əlavə olunur.


Məlumat üçün bildirək ki, indi dünyada 100 milyonlarla insan evdə işlə məşğul olur.


Çox istəyən azdan da olar

 Bu məsələnin digər tərəfi, necə deyərlər, internetin imkanlarından istifadə etməklə halal pul qazanmağın yolu. Amma son zamanlar internet vasitəsi ilə, lotereya oyunlarının keçirilməsi, malların alqı-satqısı prossesləri geniş vüsət alıb. Məlumdur ki, hazırda bir çox ölkələrdə internet mağaza və ya Elektron Ticarət sistemi inkişaf edib. Yəni istənilən istehsalçının istehsal etdiyi məhsulu istehlakçıya virtual şəkildə satmaq imkanı var. Dünyanın istənilən yerindən sifariş verməklə istədiyin məhsulu əldə etmək mümkündür. Elektron Ticarət sistemi dünyada uğurla sınaqdan çıxmış sistem hesab edilir. Hətta hesablamalar göstərir ki, virtual mağazalar ənənəvi mağazalardan daha çox gəlir gətirmək qabiliyyətinə malikdir. Bundan başqa, fiziki şəxsin belə ən adi sayılan sayt yaratmaqla da gəlir əldə etməsi mümkündür. Məsələn, son zamanlar, «Google» reklamları adı altında bir çox saytlarda müxtəlif reklamlarla rastlaşırıq və hər birimizin az da olsa marağına səbəb olur. Bu, GoogleAdSence sistemi vasitəsi ilə həyata keçirilir. Həmin sistemə qoşulmaq üçün heç bir sayta məhdudiyyət qoyulmur. Bu sistemdə qeydiyyatdan keçən hər bir sayt, bloq və sosial şəbəkə Google-un reklamlarını yerləşdirmək hüququ qazanır. Reklam yerlərində hansı reklamın yerləşdirilməsi isə, Google-un öz istəyindən asılıdır. İnternet-resursu ziyarət edənlər həmin reklamın üzərinə kliklədikdə sayt sahibinin hesabına pul yığılmağa başlayır. Reklam üzərinə daha çox klikləmək daha çox pul əldə edilməsi mənasına gəlir.

Amma asan yolla pul qazanmaq istəyərkən, fırıldağın da qurbanı olmamaq üçün diqqət etmək lazımdır. Çünki, sizin kimi digərləri də asan yolla pul qazanmaq niyyətindədir. Bunlar internet fırıldaqçılarıdır. Müşahidələr göstərir ki, son zamanlar belə fırıldaqların sayı artıb.

Mütəxəssislər bildirir ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən Elektron ticarət haqqında Qanuna uyğun olaraq, satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran məqamlarda pul köçürmələri həyata keçirilməməlidir.

Qeyd olunanlardan belə bir nəticəyə gəlmək mümkündür ki, asan yolla olsa belə, hər şeyin başında insan əməyi və zəkası dayanmalıdır. Sənə aid olmayan, necə deyərlər, göydən düşmə fürsətdən yararlanmağın sonu uduzmaqdır.

Müəllif: Zamirə İlqar
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri