Piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.
Son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayında kəskin artım
müşahidə olunur. 1980-ci ildə onların sayı 857 milyon nəfər idisə,
2013-cü ildə artıq 2 milyarda yüksəlib. Bu, təxminən dünya əhalisinin
üçdə biri qədərdir.
Qadızlar.Biz AzərTAc-a istinadla xəbər verir ki, təkcə 2010-cu ildə
piylənmədən yaranan fəsadlar səbəbi ilə 4 milyona yaxın insan həyatını
itirib.
Son zamanlar dünya əhalisi oturaq həyat tərzi sürür, bundan əlavə "fast
food”, şirin içkilər və yüksək kalorili digər yeməklər də artıq çəkinin
yaranmasına səbəb olur. Buna görə də piylənmə bir çox ölkələrdə əhalinin
sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.
Proqnozlara görə, müvafiq tədbirlər görülməsə, vaxt keçdikcə vəziyyət
daha da pisləşəcək. "Global Burden of Disease” təşkilatının yeni
tədqiqatı piylənmənin yüksək səviyyəsinin müşahidə edildiyi ilk 10
ölkəni müəyyənləşdirib. Kök insanların sayına görə mütləq liderlik ABŞ-a
məxsusdur: 78 milyon nəfər (yaşlı əhalinin 33 faizi). Sonrakı yerləri
müvafiq ardıcıllıqla bu ölkələr tutur: Çin – 46 milyon (4,4 faiz),
Hindistan – 30 milyon (3,8 faiz), Rusiya – 28 milyon (24,1 faiz),
Braziliya – 22 milyon (16,2 faiz), Meksika – 20 milyon (26,9 faiz),
Misir – 18 milyon (35,9 faiz), Almaniya – 16 milyon (24,3 faiz),
Pakistan – 14 milyon (13,6 faiz) və İndoneziya – 11 milyon (6,8 faiz)
nəfər.
Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ildə ABŞ-ın yaşlı əhalisinin tən yarısı köklükdən əziyyət çəkəcək.
Tədqiqatın nəticələrinə görə, həmçinin müəyyən edilib ki, piylənmənin və
onunla bağlı fəsadların müalicəsinə xərclənən vəsait ümumilikdə ildə 48
milyard dollardan 66 milyard dollara qədər arta, 2030-cu ildən sonra
isə əmək qabiliyyətinin azalması ilə əlaqədar iqtisadiyyata dəyən zərər
ildə 390-580 milyard dollar təşkil edə bilər.