Pul əl çirkidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 903
Səs ver:
(səs: 1)
Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur

Hər kəs varlı olmaq istəsə də, pulu arzulamaq, bu haqda danışmaq, pulun çoxdursa, bunu göstərmək cəmiyyət tərəfindən mənfi xüsusiyyət kimi qarşılanır. Pul haqqında çox danışan, pul arzuladığını açıq şəkildə göstərən insanlara "pulgir" deyir, ünvanlarına müxtəlif ifadələr işlədirlər. Pulu çox olan insanlarasa cəmiyyətdə bir paxıllıq olur, qısqanclıq yaranır. Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur. Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, insanlar arasında pulun çoxluğunu demək, başqalarının gəlirlərini hesablamaq, pul üçün işlədiyini, pulun həyatınızda əsas motivasiya rolunu oynadığını söyləmək etik qaydalara uyğun deyil: "Kimsə qazana bilirsə, ətrafdakılar onun üzünə gülsə də, özləri bunu bacara bilmədiyi üçün həmin şəxsə xoşagəlməz hisslər, paxıllıq, hətta nifrət hissi də bəsləyirlər". R.Rzayeva qeyd edib ki, pul insana rahat yaşaması üçün lazım olur: "Əksər kasıb ailədə dünyaya göz açmış və pulsuzluğun acısını çəkmiş insanlar yetkin olduqda bütün güclərilə bu vəziyyətdən çıxmağa çalışır. Belə insanlar uşaqlıqdan pulun xoşbəxtlik gətirəcəyini zənn edərək xəyallarla yaşayır. Onların psixologiyasında "pulum artdıqca, xoşbəxt günlərim də artacaq" fikri o qədər möhkəmlənir ki, istədiyinə çatmayınca bu illüziya bitmir. Onlar varlı həyat uğrunda mübarizə aparmaqdan qorxmur, bütün güclərini, bacarıqlarını pul qazanmağa yönəldir. İstədiyinə çatdıqda xoşbəxt olmasalar belə, yenidən kasıb olmaqdan çox qorxurlar. Çünki ehtiyac içində keçən həyatın necə olduğunu yaxşı bilirlər". Psixoloqun sözlərinə görə, adətən orta maddi imkanı olan ailədə böyüyənlər puldan qorxur, pulla bağlı mövzulara ehtiyatla yanaşır. Onlar kasıbçılıq üzündən əziyyət çəkməyib, tələbləri ödənilib. Onlar çox pul qazanmağın nəyə görə lazım olduğunu başa düşə bilmir. Pulu xoşbəxt həyatın əsas açarı kimi görmür. Bu cür fikirlərlə yaşadığı üçün onlar çox vaxt orta maddi durumu olan adam kimi də qalır, bunda pis bir şey görmürlər. "Düzdür, bəzən xəyallardan çox bahalı maşın, ev və ya zinət əşyası keçə bilər. Amma bunu özünə dərd etmir, sahib olduqları ilə qane olub xoşbəxt yaşaya bilirlər. Onlar üçün pul sakit həyat, ehtiyaclarını ödəmək üçün sadəcə vasitədir. Belə adamlar qəfildən çox pul qazansalar, onların sakit həyatı, qayda-qanunları pozula bilər. Onların yeni məqsədləri, fərqli həyat tərzləri yarandığı üçün həyatdan narazı, bədbəxt adama da çevrilərlər". Maddi durumu orta olanlar nadir hallarda sahibkarlıqla məşğul olur, çox pul qazanmaq üçün özünü yorur. Bu, onlar üçün lazımsız görünür, sakit həyata üstünlük verirlər. Onlar üçün rahat olan mühitdən çıxmaqdan çox qorxurlar. Bəzi insanlar üçün puldan qorxması ciddi problemə çevrilir. Onlara yüksək maaşlı iş, gəlirli layihələr təklif etsələr də, bundan boyun qaçırır, özünü əziyyətə salmaq, adət etdikləri həyat tərzindən uzaqlaşmaq istəmir. Bacarıqları olsa da, səy göstərmirlər. Müsahibimizə görə, pula qarşı qorxusu olanlar anlamalıdır ki, pulun çoxluğu yalnız narahatlıq, yeni həllini gözləyən problemlər, işlər deyil, yeni sevinc gətirən imkanlar da yaradır. Pul ilə özlərini daha çox çətinliklərdən sığortalayacaqlar. Həmsöhbətimiz onu da qeyd edib ki, puldan qorxanlar pulları olduqda onunla necə rəftar edəcəklərini bilmirlər. "Qəfil çoxlu pul qazandıqda sevinclə yanaşı çaşqınlıq, qorxu keçirir. Həmin pulu kiməsə borc verməyə, bağışlamağa heyifləri gəlir, xərcləməkdən qorxur, pulu necə istifadə edəcəklərini bilmirlər. Pulu yığmaq da onlara qorxulu gəlir. Pulun dəyərinin düşməsindən, itməsindən, oğurlanmasından ehtiyat edirlər". Rzayevanın dediyinə görə, bəzən uşaqlara pul istəməyin, pul haqqında danışmağın pis olduğunu deyirlər. "Pul əl çirkidir" prinsipi ilə tərbiyə olunan uşaqlarda ona və bu haqda danışan uşaqlara özlərindən asılı olmadan mənfi hisslər yaranır. Onlar özlərində pul qazanmaq istəyini hər cür boğmağa çalışır. Pul qazanmaq istədiklərini bildirməkdən utanır. "Belə adamlarla söhbət zamanı "Mən pula görə işləmirəm" kimi sözlər eşitmək olar. Onlar bir növ pulu özlərinə qadağa edib" deyən psixoloq bildirir ki, pul qazanmaq istəyindən utanmaq lazım deyil. Lakin hər şeyi pul ilə ölçmək də bədbəxtçilikdir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri