Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik.
Bu
rənglər bizə yaraşır, bizi rahatladır. Biz düşünmürük ki, rənglər bizim
üzümüzün təravətli, gözlərimizin gözəl görsənməsinə, hətta bəzən
vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. Biz sadəcə bu
rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik.
Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim
rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci
tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə
insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası
konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir.
Qara
rəngən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox
sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda
müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir,
insanda həyəcan hissi yaradır. Ona görə də hökümət və dövlət maşınları
adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin
forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox
ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və
vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş
formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzdə simpatiya
cazibədarlığı vurğulayın. Amma həddini aşmayın.
Ağ
rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət,
inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı
şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər
istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız
olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan
göstərir və üzdəki qırışları gizlədir. İdeal uyğunluq isə ağ-qaradır.
Qırmızı
rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüş və
alovlu əjdaha simvolu sayılır. Əgər siz qırmızı köynək və ya don
geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf
olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə
cəlb edir.
Narıncı
rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu
söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi
qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər.
Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi
kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və
yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir,
optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa, onlar aqressiv
deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Sarı
rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu
rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal
qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin
psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı
isə özünə inam və güvən hissi mənasındadır.
Yaşıl
rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə
və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı
yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı.
Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi
adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi
sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan
insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl
rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır.
Özünüzü başqa cür hiss etdirir.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Göy rəngi sevən insanlar yaxşı dost olurlar.
Mavi etibar,
təmkin və hörmət rəngidir, səma və ya dəniz ilə assosiasiya olunur.
Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Geyimdə qəhvəyi
rəngə özünə inanan, dürüst və sadə insanlar üstünlük verir. Bu cür
insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.
Psixologiya cəhətdən insan boz geyinərkən
şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli
olaraq lazımsızlığı və heç vaxt birinci olmayacağını düşündürən
keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı
rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq
şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə
fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
Beləliklə
biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da
var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin
dediyi kimi "Bacarıqla seçilmiş rəng çalarları və rəng uyğunluğu
insanın sinir sisteminə yaxşı təsir edə bilər”.