Müntəzəm olaraq qida rasionumuza daxil etdiyimiz yumurtanın
sağlamlıq üçün dəyəri haqqında çox şeylər bilsək də, yumurta qabığındakı
faydalardan yəqin ki, çoxları xəbərsizdir.
Amerika və Hollandiya
alimləri yumurta qabığını rəsmi kiliniki sınaqdan keçirərək, aşkar
ediblər ki, o ideal və təbii kalsium mənbəyidir. Bununla yanaşı, yumurta
qabığının tərkibi insan orqanizmi üçün vacib olan fosfor, maqnezium,
kalium, natrium, dəmir, mis, silisium, amin turşuları və digər
komponentlərlə zəngindir.
Yumurta qabığı orqanizm tərəfindən olduqca asan mənimsənilir.
Tərkibinə görə yumurta qabığı insanın sümüklərinə və dişlərinə oxşayır. O
beyin hissədə olan sümüklərdə qan hücəyrələrinin istehsalında fəal
iştirak edir.
Yumurta qabığı ürək və göz əzələlərinə müsbət təsir göstərərək onları möhkəmləndirir.
Sinir sistemi üçün də yumurta qabığı xeyirlidir.
Həmçinin qəbzlik zamanı yumurta qabığı effektli təsirə malikdir.
Dırnaqları və saçları kövrək olanlar üçün yumurta qabığı əvəzolunmaz təbii dərman vasitəsidir.
Mədədə olan ağrılardan qurtulmaq üçün 10 gün ərzində gündə bir dəfə
yeməkdən qabaq yumurta qabığından istifadə etmək problemi aradan
qaldırır.
Hələ qədim vaxtlardan xalq təbabətində böyrəklərdə və sidik kisəsində
daşları parçalamaq üçün yumurta qabığından istifadə ediblər. Bunun üçün
üzüm şirəsinə yumurta qabığı əlavə olunur və gün ərzində 10 qram qəbul
edilir.
Kiçik yaşlı uşaqlar üçün yumurta qabığı olduqca faydalıdır. Kalsiumla
zəngin olan yumurta qabığını bir yaşdan başlayaraq uşaqların qida
rasionuna daxil etməklə onlarda sümüklərin inkişafı və möhkəmlənməsi
təmin olunur.
Azyaşlı uşaqlarda rast gəlinən raxit xəstəliyinin müalicəsində yumurta qabığını təbii dərman saymaq olar.
Bəs yumurta qabığını istifadəyə necə hazırlamalı?
Bunun üçün çiy yumurta isti suda sabunla yuyulur, axar suda yaxşıca
yaxalanır. Sonra yumurtanın ağı və sarısı boşaldılır, qabıqlar yenidən
yuyulur. Yuyulmuş qabıqlar 3-4 saat ərzində isti otaqda saxlanılaraq
qurudulur. Günəş şüaları altında qabıqların qurudulması məsləhət
görülmür. Quruduqdan sonra üyüdücüdə toz halına düşənə qədər üyüdülür.
Uşaqlar üçün istifadə olunacaq yumurtanın qabığını qurutmamışdan qabaq 5 dəqiqə qaynar suda saxlanılması tövsiyə edilir.
Hazırlanmış yumurta qabığını 1-2 qram sıyıqlara, kəsmiyə, süzməyə əlavə
etməklə istifadə etmək olar. Yaxud həmin miqdarda yumurta qabığının
üzərinə 1-2 damcı limon şirəsi əlavə edib qəbul etmək də olar.
Yumurta qabığından istifadə etdikdə kənd yumurtasına üstünlük
verilməlidir və orqanizmin fərdi xüsusiyyətlərini, bu vasitə ilə müalicə
uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.